Heydər Əliyev Fondu ilə Vatikan Apostol Arxivi rəqəmsal konservasiya üsullarının öyrənilməsi və tətbiqinə dair yeni razılaşma sənədi imzalayıblar
Genişlənən əməkdaşlığın davamı olaraq bugünlərdə Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında yeni razılaşma əldə olunub. Belə ki, ?ondla Vatikan Apostol Arxivi arasında rəqəmsal konservasiya üsullarının öyrənilməsi və tətbiqinə dair yeni razılaşma sənədi imzalanıb.
Heydər Əliyev Fondu adından sənədi Vatikanda səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Vatikan Apostol Arxivi adından isə arxivin prefekti Rokko Ronzani imzalayıblar.
Heydər Əliyev Fondunun Vatikanda reallaşdırdığı çoxsaylı layihələr
Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti yalnız ölkə daxilində həyata keçirilən layihələrlə məhdudlaşmır. Azərbaycanın Birinci vitse-prezidenti, fondun rəhbəri Mehriban xanım Əliyeva daim xoş məramdan çıxış etməklə beynəlxalq həmrəyliyin möhkəmlənməsini, ayrı-ayrıı ölkələrlə humanitar əməkdaşlığın genişlənməsini hədəfləyən təşəbbüslər irəli sürür və onların yüksək səviyyədə icrasına nail olur. Beləliklə də, fondun ölkə hüdudlarından kənarda sərgilədiyi fəaliyyətlər Azərbaycanın xarici siyasət kursunun coğrafiyasının genişlənməsinə, onun səmərəliliyinin artmasına öz müsbət təsirini göstərir və dünyada respublikamızın dostlarının sayını artırırır.
Bu baxımdan Heydər Əliyev Fondu ilə Vatikan arasında bərqərar olan geniş əməkdaşlıq əlaqələri də təqdirəlayiqdir. Hər iki tərəfin istəyi və səyləri sayəsində getdikcə daha da möhkəmlənən qarşılıqlı əlaqələr artıq kifayət qədər geniş gündəliyə malikdir. Yeri gəlmişkən, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva 2025-ci il oktyabrın 16-17-də Vatikanda rəsmi səfərdə olub. Bəhs olunan rəsmi səfəri zamanı Azərbaycanın Birinci vitse-prezidenti Roma Papası XIV Leo, Müqəddəs Taxt-Tacın Dövlət katibi kardinal Pietro Parolin və digər yüksəksəviyyəli rəsmilərlə görüşüb. Görüşlərdə Fondun bərpa layihələri, elmi araşdırmalar, mədəni mübadilə, Azərbaycandakı Katolik Kilsəsinin fəaliyyəti və Bakıda ikinci Katolik Kilsəsinin tikintisi ilə bağlı hazırlıq işləri müzakirə olunub. Roma Papası XIV Leo Azərbaycanın bu əməkdaşlığının dinlərarası və sivilizasiyalararası dialoqa töhfəsini xüsusi vurğulayıb.
Həmin səfər zamanı Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin rəsmi açılışı da keçirilib. Bununla diplomatik təmsilçilik daha da möhkəmləndirilib.
Cari ilin sentyabr ayında isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva növbəti dəfə Vatikana səfərə gələrək burada Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad, Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani, Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə səmərəli görüşlər keçirib.
Sentyabrın 29-da Müqəddəs Taxt-Tacda həmçinin “Səmavi dinlər” layihəsi çərçivəsində iudaizm, xristianlıq və İslam dinlərinə həsr olunmuş Azərbaycan xalçaları sərgisinin açılış mərasimi keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Daha bir mühüm məqam ondan ibarətdir ki, Heydər Əliyev Fondu Azərbaycanın bütün dünya miqyasında həyata keçirdiyi genişməzmunlu humanitar diplomatiyaya uyğun olaraq Vatikanda bir sıra layihələri yüksək səviyyədə həyata keçirib. Xatırladaq ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Layihənin icrası uğurla təmin edilib.
Fondun Vatikanda reallaşdırdığı layihələrdən biri də Müqəddəs Kommodilla katakombalarının bərpasını əhatə edir. Yuxarıda bəhs olunan səfər çərçivəsində Birinci vitse-prezident və ailə üzvləri Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar.
Anlaşma Memorandumunun davamı
Yeni razılaşma Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası və Arxivi arasında 2025-ci il sentyabrın 10-da imzalanmış Anlaşma Memorandumunun davamıdır. Qeyd edək ki, tarixi və mədəni irsin qorunması və təbliği istiqamətində mühüm fəaliyyət həyata keçirən Vatikan Apostol Arxivi 650-dən çox arxiv kolleksiyasını, ümumilikdə 85 xətti kilometr uzunluğunda arxiv materiallarını özündə birləşdirir.
Bu zəngin irsin qorunması və gələcək nəsillərə çatdırılması məqsədilə Arxiv məlumatların ehtiyat nüsxələrinin saxlanılması üçün nəzərdə tutulan infrastrukturun yenilənməsi və gücləndirilməsi istiqamətində iş aparır. İmzalanmış razılaşma bu istiqamətdə əməkdaşlığa, rəqəmsal konservasiya üsullarının öyrənilməsi və tətbiqində birgə fəaliyyəti ehtiva edir və regionumuzun, xüsusilə də Azərbaycanın tarixi, mədəniyyəti və keçmişinə dair mühüm materialların araşdırılması, rəqəmsal mühafizəsi və gələcək nəsillərə çatdırılması baxımından yeni imkanlar yaradır.
Bununla yanaşı, gənc Azərbaycan mütəxəssisləri üçün təlimlərin təşkili, tarixi materialların qorunması sahəsində təcrübə mübadiləsi, birgə elmi tədqiqatların aparılması, Arxiv tərəfindən təşkil olunan proqramlarda iştirak və bu istiqamətdə görülən işlərin davam etdirilməsi məsələləri də müzakirə olunub.
Proqram çərçivəsində Vatikan Apostol Arxivinin tarixi bölmələri və oxu zalları ilə tanışlıq olunub, həmçinin Vatikan Apostol Kitabxanasında Papa XIV Leonun cari ilin 14 sentyabr tarixində açılışını etdiyi “AQVA” sərgisinə baxış keçirilib.
Daha sonra Vatikan Apostol Kitabxanası və Arxivinin rəhbəri Arxiyepiskop Covanni Çezare Paqatsi ilə görüş keçirilib. Görüşdə gələcək layihələr və əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Monsinyor Paqatsiyə 2027-ci ildə Vatikan Dövlət Qubernatorluğu, Müqəddəs Pavel kilsəsi və digər Vatikan qurumları ilə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə məlumat verilib.
Səfər çərçivəsində “Bambino Gesu” Pediatrik Xəstəxanasının prezidenti Tiziano Onestinin təşəbbüsü ilə görüş keçirilib. Geniş tərkibli görüşdə səhiyyə sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr, eləcə də Azərbaycanla əməkdaşlığın perspektivləri müzakirə olunub və yeni razılaşmalar əldə olunub.
Səfər çərçivəsində əldə olunmuş razılaşmalar və keçirilmiş görüşlər Azərbaycan ilə Vatikan arasında mədəni irsin qorunması, elmi tədqiqatlar və səhiyyə sahələrində mövcud əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mübariz ABDULLAYEV