AMEA-da akademik Aslan Aslanovun 100 illik yubileyi qeyd olunub

Tədbir görkəmli filosof-alim, Əməkdar elm xadimi, akademik Aslan Aslanovun 100 illik yubileyinə həsr edilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Elmi sessiyanı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademik Aslan Aslanovun ölkəmizdə fəlsəfə elminin inkişafına böyük töhfələr verdiyini vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, filosof-alimin estetika üzrə əsərləri dövründə aktual olduğu kimi, bu gün üçün də müasir və əhəmiyyətlidir.

İsa Həbibbəyli akademik Aslan Aslanovun həm də dünya fəlsəfi-estetik irsinin milli mühitdə araşdırılması və təbliğində mühüm rol oynamış görkəmli filosof olduğunu deyərək, onun antik yunan filosofu Aristotelin “Poetika” əsərini Azərbaycan dilinə tərcümə etməsini, ona geniş “Ön söz” və elmi şərhlər yazaraq nəşr etdirməsini Azərbaycan elmi-fəlsəfi mühiti üçün əlamətdar hadisə kimi səciyyələndirib. Bildirib ki, Aslan Aslanovun həm Aristotel, həm də “Poetika” kitabı haqqında yazdığı müqəddimə və elmi şərhlər onun dünya fəlsəfi fikrinə, Aristotel təliminə nə qədər dərindən bələd olduğunu aydın şəkildə nümayiş etdirir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, filosof-şair Aslan Aslanovun yaradıcılığı Azərbaycan ədəbiyyatı və musiqi mədəniyyəti ilə də sıx bağlıdır.

Filosof-alimin AMEA-nın inkişafındakı xidmətlərindən də bəhs edən akademik İsa Həbibbəyli onun uzun illər Fəlsəfə və Hüquq İnstitutuna uğurla rəhbərlik etdiyini, həmçinin Akademiyanın Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq Bölməsinin akademik-katibi olduğunu xatırladıb.

Sonra Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov filosof-alimin mənalı həyat yolu və çoxşaxəli fəaliyyətindən danışıb. Bildirib ki, Aslan Aslanov fəlsəfi bilikləri insanların gündəlik düşüncə və mənəvi dünyasına yaxınlaşdırmağa çalışıb, bu istiqamətdə yazdığı əsərlərlə Azərbaycan elmi fikrinin zənginləşməsinə töhfələr verib.

Aslan Aslanovun poeziyasının xüsusiyyətlərindən bəhs edən akademik Rafael Hüseynov onun yaradıcılığında gözəllik anlayışının xüsusi yer tutduğunu bildirib. O, alimin şeirlərindəki estetik düşüncənin onun fəlsəfi baxışları ilə vəhdət təşkil etdiyini qeyd edib.

Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə “Akademik Aslan Aslanov – filosof, şair, elm təşkilatçısı”, həmin institutun Estetika şöbəsinin müdiri professor Adil Əsədov “Azərbaycanda estetika elminin ilk himayəçisi və görkəmli nümayəndəsi”, İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyeva “Milli estetik fikrin Aslan Aslanov dəyəri” və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, kulturoloq, sənətşünas-tənqidçi Əbülfəz Babazadə “Akademik Aslan Aslanovun estetik irsinin XXI əsrdə aktuallığı” mövzusunda məruzələrlə çıxış ediblər.

Digər çıxışlarda Aslan Aslanovun çoxşaxəli yaradıcılığından, yüksəkixtisaslı kadrların hazırlanmasındakı rolundan söz açılıb.

Sonda Aslan Aslanovun nəvəsi Lenay Seidəli-Zadə babasının xatirəsinə göstərilən yüksək hörmətə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Tədbir çərçivəsində akademik Aslan Aslanovun əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.