Rusiya ölkəmizdə birgə sənaye zonası yaratmaq istəyir

Rusiya ölkəmizdə birgə sənaye zonası yaratmaq istəyir

Tərəflər qarşılıqlı ticarətin artırılması perspektivlərini dəyərləndirib

İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Rusiya ilə sənaye və ticarət sahələrində ikitərəfli əməkdaşlıq imkanları nəzərdən keçirilib. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, tərəflər arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Ticarət, investisiya, maliyyə, nəqliyyat, kənd təsərrüfatı, energetika, turizm və humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti olduqca qənaətbəxşdir və hədəflər üzrə nəzərdə tutulan layihələrin icrası daha yaxşı perspektivlər vəd edir. Tərəflər qarşılıqlı ticarətin artırılması və iki ölkənin işgüzar dairələri arasında tərəfdaşlığın inkişaf etdirilməsi perspektivlərini dəyərləndiriblər.

Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Roman Çekuşov isə ölkələrimiz arasında sənaye, o cümlədən maşınqayırma, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə işbirliyinin genişləndirilməsi imkanlarının artrılmasını və birgə sənaye zonasının yaradılması təşəbbüsünü irəli sürüb.

İnvestisiya əməkdaşlığının müsbət dinamikası

Qeyd edək ki, Azərbaycan ilə Rusiya arasında sənaye sahəsində səmərəli əməkdaşlıq həyata keçirilməkdədir. “SOCAR Polymer” layihəsi,

Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin həyata keçirilməsi qarşılıqlı sərmayə yatırılması sahəsində əhəmiyyət kəsb edir.

Azərbaycan-Rusiya münasibətlərinin əsas istiqamətlərindən biri ticarət-iqtisadi əməkdaşlıqdır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4,9 milyard dollara çatıb. Eləcə də kənd təsərrüfatı məhsulları üzrə ticarətin dinamikasının artması Rusiya bazarının Azərbaycan qeyri-neft ixracının əsas istiqamətlərindən biri olaraq qaldığını təsdiqləyir. Hazırda Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, ticarət evləri mexanizmi tətbiq olunur. Azərbaycan məhsulları “Made in Azerbaijan” vahid stendi ilə Rusiyada keçirilən “Worldfood”, “Prodexpo”, “MosBuild” sərgilərində nümayiş etdirilir.

İnvestisiya əməkdaşlığının müsbət dinamikası da xüsusi əhəmiyyət kəsb edir. Rusiyanın Azərbaycana yatırdığı ümumi investisiyaların həcmi 10,5 milyard dolları, o cümlədən qeyri-neft sektorunda 2,9 milyard dolları ötüb. İnvestisiya əməkdaşlığı müsbət dinamika nümayiş etdirir və Azərbaycanda 1400-dən çox Rusiya şirkəti fəaliyyət göstərir. Eyni zamanda, Azərbaycan investisiyalarının da Rusiya iqtisadiyyatında mövqeləri möhkəmlənir, sanatoriya, sənaye və istehsal layihələri uğurla icra olunur.

“Şimal-Cənub” Dəhlizi hər iki tərəf üçün strateji əhəmiyyət daşıyır

Azərbaycan və Rusiya regionun coğrafiyasını dəyişən müasir nəqliyyat marşrutlarında sıx tərəfdaşdır, nəqliyyat-logistikanın aparıcı arxitekturasına çevrilmiş “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı təkcə bu, iki ölkə üçün deyil, digər partnyorlar üçün də strateji əhəmiyyət daşıyır. Hazırda iştirakçı ölkələr bu dəhliz üzrə infrastrukturun modernləşdirilməsi və rəqəmsallaşdırması yönündə iradəli addımlar atmaqdadır, bu isə bölgədə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Dəhlizlə 2028-ci ildən etibarən Azərbaycan ərazisindən illik daşımaların həcminin azı 5 milyon ton, sonrakı mərhələdə isə 15 milyon ton səviyyəsinə çatdırılacağı gözlənilir.

Yeri gəlmişkən, nəqliyyat-logistika imkanlarının şaxələndirilməsi məqsədilə bir müddət əvvəl tərəflər arasında avtomobil nəqliyyatı üçün elektron beynəlxalq yük qaiməsinin (e-CMR) tətbiqi üzrə şəraitin yaradılmasına dair “Yol Xəritəsi”nə dair sənəd imzalanıb. Sənəd ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsini, qarşılıqlı investisiyaların təşviqini, eləcə də müxtəlif sahələr üzrə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Zəngəzur dəhlizi Rusiya üçün də əhəmiyyət daşıyır

Rusiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan sənaye layihələrində təmsil olunmaqdadır. Rus şirkətləri “Araz Vadisi İqtisadi Zonası”nda “KamAZ” servis mərkəzini yaradıb və sənaye zonasının imkanlarını genişləndirmək niyyətindədir. Bölgədə qurulan Zəngəzur dəhlizi də Rusiya üçün mühüm əhəmiyyət daşıyır. Bu, müasir infrastruktur rusiyalı sürücülər üçün rahat olacaq. Onlar yükləri İran, Naxçıvan və Türkiyə istiqamətində daha səmərəli şəkildə daşıya biləcəklər. Hesab edirəm ki, bu layihə bütün iştirakçı ölkələr üçün qarşılıqlı fayda verəcək və regional əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.

E.CƏFƏRLİ