İqlim böhranı bəşəriyyəti hansı fəlakətə aparır?
İnsanlıq tarixində ilk dəfədir ki, bütün dünya eyni təhlükəylə üz-üzədir, amma bu təhlükəyə qarşı mübarizədə vahid mövqeyə gələ bilmir. Bir ölkədə meşələr yanır, digərində çaylar quruyur, başqa bir yerdə şəhərləri sel basır. Fermerlər məhsullarını itirir, insanlar içməli su tapmaqda çətinlik çəkir, dənizlərin səviyyəsi dəyişir. Bütün bunların fonunda dövlətlər neft və qazdan imtina etməyin iqtisadi nəticələrini, enerji bazarındakı rəqabəti və özlərinin milli maraqlarını müzakirə edir. Planetin temperaturu yüksəlir, siyasətin qərar vermə sürəti isə hələ də çox aşağıdır.
İnsanlar iqlim dəyişikliyini çox vaxt uzaq gələcəyin problemi kimi təsəvvür edirlər. Sanki söhbət bir neçə onillikdən sonra baş verəcək hadisələrdən, buzlaqların əriməsindən, okean səviyyəsinin yüksəlməsindən və gələcək nəsillərin qarşılaşacağı çətinliklərdən gedir. Halbuki iqlim böhranı artıq gələcəyin xəbəri deyil, elə günü bu gün kənd təsərrüfatına, ərzaq qiymətlərinə, içməli su ehtiyatlarına, şəhərlərin təhlükəsizliyinə, insanların sağlamlığına və dövlətlərin iqtisadiyyatına təsir göstərir. Ən narahatedici məqamsa budur ki, iqlim dəyişikliyi təkcə havanın istiləşməsi demək deyil, bu, bütöv təbiət sisteminin tarazlığının pozulmasıdır. Temperatur yüksəldikcə su dövranı dəyişir, bəzi ərazilərdə quraqlıq güclənir, digərlərində intensiv yağıntılar və daşqınlar artır. İsti hava dalğaları insan sağlamlığına təhlükə yaradır, meşə yanğınları genişlənir, kənd təsərrüfatında məhsuldarlıq risk altına düşür. Bir sözlə, iqlim böhranı təbiətin sərhədlərini aşaraq social-iqtisadi böhrana çevrilir.
Termometrin göstərdiyi rəqəmlər həyəcan siqnalıdır
Dünya Meteorologiya Təşkilatının (WMO) 9 noyabr 2026-cı ildə açıqladığı iqlim hesabatı vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Hesabata görə, 2015-2026-cı illər müşahidələr tarixində ən isti 12 illik dövr kimi qeydə alınmağa doğru gedir. 2026-cı ilin yanvar-sentyabr aylarında qlobal orta temperatur sənayedən əvvəlki dövrün (1850-1900) orta göstəricisindən təxminən 1,47 dərəcə yüksək olub. Sonrakı aylarda güclənən El-Ninyo hadisəsinin temperaturu daha da artıracağı gözlənir. Bu rəqəmləri düzgün anlamaq vacibdir. Paris Sazişində nəzərdə tutulan 1,5 dərəcə həddi bir ilin temperatur göstəricisinə yox, uzunmüddətli qlobal istiləşməyə aiddir. Lakin ayrı-ayrı illərdə bu həddin aşılması və bir neçə ilin orta göstəricisinin də 1,5 dərəcəni keçməsi təhlükənin nə qədər yaxınlaşdığını göstərir.
Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin 11 noyabr tarixli qiymətləndirməsinə əsasən, 2026-cı ilin sənayedən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcədən artıq isti keçəcəyi artıq demək olar ki, qaçılmazdır. 2023-2026-cı illərin dördillik orta temperaturunun da bu həddi aşacağı gözlənir. Həmin qurumun məlumatına görə, 2026-cı ilin oktyabr ayında qlobal orta səth temperaturu 15,35 dərəcəyə çataraq sənayedən əvvəlki orta göstəricini 1,75 dərəcə üstələyib. Bu, müşahidələr tarixində ən isti oktyabr ayı olub. Bəs 1,5 dərəcə niyə bu qədər vacibdir? Çünki temperaturun hər əlavə artımı təbiətdəki riskləri gücləndirir. İsti hava dalğalarının daha tez-tez və daha intensiv baş verməsi, buzlaqların əriməsi, dəniz səviyyəsinin yüksəlməsi, ekosistemlərin zədələnməsi və bəzi ərazilərdə su qıtlığının dərinləşməsi ehtimalı artır. Söhbət planetin bir gündə məhv olmasından getmir; söhbət insanların yaşamaq, işləmək, qida və su əldə etmək imkanlarının getdikcə çətinləşməsindən gedir.
El-Ninyo: təbiətin xəbərdarlığı daha da güclənir
2026-cı ilin iqlim gündəliyində xüsusi yer tutan məsələlərdən biri də El-Ninyo hadisəsidir. Bu, Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturunun dövri olaraq yüksəlməsiylə bağlı təbii iqlim hadisəsidir. El-Ninyo dünyanın müxtəlif bölgələrində yağıntıların, temperaturun və hava şəraitinin dəyişməsinə təsir göstərə bilir. Ümumdünya Meteorologiya Təşkilatının (World Meteorological Organization - WMO) məlumatına görə, El-Ninyo 2026-cı ilin avqustundan etibarən güclənib və dekabr ayında rekord səviyyəyə yaxınlaşa bilər. Bu hadisə 2027-ci ilə qədər dünyanın müxtəlif bölgələrində güclü istilər, quraqlıq və intensiv yağıntı risklərini artıra bilər. Eyni zamanda dünya okeanlarının istilik ehtiyatı və qlobal dəniz səviyyəsi müşahidələr tarixində rekord göstəricilərə çatıb. El-Ninyo iqlim dəyişikliyinin özü deyil, təbii iqlim hadisəsidir. Lakin insan fəaliyyəti nəticəsində artıq isinmiş planetdə baş verəndə mövcud istilik yükünü və ekstremal hava risklərini daha da gücləndirə bilər; başqa sözlə, təbii hadisəylə insan fəaliyyəti nəticəsində yaranan uzunmüddətli istiləşmə bir-birinin təsirini artıra bilər. Dünya bu gün yalnız daha isti yaylara hazırlaşmır, planetimiz daha mürəkkəb hava şəraitinə, su ehtiyatlarının qeyri-sabitliyinə, kənd təsərrüfatında risklərin artmasına və infrastrukturun daha ciddi sınaqlarla üzləşməsinə hazır olmalıdır.
COP31: dünya liderləri Antalyada nəyi müzakirə edirlər?
Məhz belə bir vaxtda BMT-nin İqlim Dəyişikliyi üzrə 31-ci Konfransı - COP31 9-20 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçirilir. Bu ilki konfransın əsas məsələləri əvvəlki illərdə verilmiş vədlərin icrası, istixana qazı emissiyalarının azaldılması, iqlimə uyğunlaşma, maliyyə dəstəyi və fosil yanacaqlardan asılılığın azaldılmasıdır. Türkiyə konfransa ev sahibliyi, Avstraliya isə danışıqlar prosesinə rəhbərlik edir. COP konfransları sadəcə dövlət başçılarının və nazirlərin çıxış etdiyi tədbirlər deyil; burada dünyanın təxminən 200 ölkəsi iqlim siyasətinin gələcək istiqamətlərini müzakirə edir. Söhbət enerji istehsalından tutmuş sənayeyə, nəqliyyatdan kənd təsərrüfatına, maliyyə sistemindən şəhərsalma siyasətinə qədər geniş sahələrə təsir göstərən qərarlardan gedir. Ancaq bu ilki müzakirələrdə də ciddi ziddiyyətlər var. Bəzi dövlətlər neft, qaz və kömürdən asılılığın azaldılması üçün daha konkret öhdəliklər tələb edir, digər ölkələr belə öhdəliklərin iqtisadiyyatlarına, sənayelərinə və enerji təhlükəsizliyinə mənfi təsir göstərə biləcəyini bildirir. “Reuters”-in 14 noyabr tarixli məlumatına görə, BMT-nin iqlim məsələləri üzrə rəhbəri Saymon Stil danışıqların ikinci həftəsinə keçildiyi bir vaxtda ölkələri ən çətin məsələlər üzrə sürətlə razılığa gəlməyə və prosesi süni şəkildə ləngitməməyə çağırıb. Agentliyin məlumatında neft və qaz istehsal edən, eyni zamanda bu resurslardan geniş istifadə edən bəzi ölkələrin fosil yanacaqlardan uzaqlaşmaqla bağlı yeni və konkret hədəfləri qəbul etməkdə tərəddüd keçirdiyi bildirilir. Bu ziddiyyətin səbəbini anlamaq olar: neft və qazdan asılı dövlətlər üçün enerji keçidi yalnız ekoloji məsələ deyil, büdcə gəlirləri, iş yerləri, sənaye, ixrac, milli təhlükəsizlik və geosiyasi təsir məsələsidir. Bir ölkə bu gün elektrik enerjisinin böyük hissəsini kömürdən alırsa, həmin sistemi qısa müddətdə dəyişmək onun iqtisadiyyatına ciddi xərc yarada bilər. İnkişaf etməkdə olan ölkələr isə haqlı olaraq soruşur: sənayeləşmə dövründə böyük həcmdə karbon emissiyası yaratmış zəngin dövlətlərlə hələ inkişaf etməkdə olan ölkələrin üzərinə eyni məsuliyyət qoyulmalıdırmı? Məhz buna görə iqlim danışıqlarının ən çətin mövzularından biri maliyyə məsələsidir.
Böhranın pulunu kim ödəməlidir?
Təsəvvür edək ki, bir ada dövləti okean səviyyəsinin yüksəlməsi səbəbindən yaşayış ərazilərini itirir. Başqa bir ölkədə quraqlıq kənd təsərrüfatını məhv edir. Üçüncü dövlətdə güclü daşqınlar yolları, körpüləri və yaşayış evlərini dağıdır. Bu ölkələrin bir çoxunun qlobal emissiyalarda payı böyük sənaye dövlətləriylə müqayisəyə gəlməz, lakin iqlim dəyişikliyinin nəticələrini onlar daşımalı olur. İnkişaf etməkdə olan ölkələrin əsas tələbi budur: iqlim böhranına daha çox “töhfə” vermiş və maliyyə imkanları geniş olan dövlətlər iqlimə uyğunlaşma, təmiz enerji və fəlakətlərdən sonra bərpa üçün daha ciddi maliyyə dəstəyi göstərməlidir. Bu yardımın kredit şəklində verilməsi də mübahisə doğurur, çünki təbii fəlakət nəticəsində iqtisadiyyatı zərər çəkmiş ölkə yeni borc götürərək özünü bərpa etməyə məcbur qala bilər. Beləliklə, iqlim böhranının yaratdığı zərər həmin ölkənin borc yükünü daha da artırır. “Associated Press”-in COP31-in başlanmasıyla bağlı materialında inkişaf etməkdə olan dövlətlərin zəngin ölkələrdən iqlimə uyğunlaşma və fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün daha aydın maliyyə öhdəlikləri tələb etdiyi vurğulanır. Əslində, iqlim maliyyəsi xeyriyyəçilik məsələsi kimi təqdim edilməməlidir; bu, qlobal problemin həlli üçün ortaq məsuliyyət məsələsidir. İqlim böhranı sərhəd tanımır. Bir ölkənin emissiyaları digər ölkələrin hava sisteminə, su ehtiyatlarına, kənd təsərrüfatına və sağlamlığına təsir göstərə bilər. Deməli, onunla mübarizə də yalnız ayrı-ayrı dövlətlərin ümidinə buraxıla bilməz.
Neftdən imtina etmək asandırmı?
Dünya niyə qərar verə bilmir?
İqlim müzakirələrinin ən mürəkkəb tərəfi fosil yanacaqlarla bağlıdır. Neft, qaz və kömür hələ də dünya iqtisadiyyatının əsas enerji mənbələrindəndir. Elektrik stansiyaları, sənaye müəssisələri, nəqliyyat, istilik sistemləri və bir çox istehsal sahələri bu resurslardan asılıdır. Bir tərəfdən atmosferə buraxılan istixana qazlarının azaldılması zərurəti artır, digər tərəfdən dünya iqtisadiyyatının enerji tələbatı yüksəlməkdə davam edir. Enerji qiymətlərində kəskin artım ailələrin xərclərinə, müəssisələrin istehsalına və dövlətlərin iqtisadi sabitliyinə təsir göstərir. Buna görə də enerji keçidi yalnız ekoloji məqsədlərlə yox, enerji təhlükəsizliyi və sosial ədalət prinsipləriylə birlikdə həyata keçirilməlidir.
COP31-də Türkiyənin gündəmə gətirdiyi əsas təşəbbüslərdən biri qlobal elektrikləşmənin genişləndirilməsidir. Bu yanaşma nəqliyyatın, istilik sistemlərinin və sənayenin elektrik enerjisinə keçidini sürətləndirməyi nəzərdə tutur. Lakin “Reuters”-in məlumatına görə, təklif olunan yanaşma istifadə edilən elektrik enerjisinin mütləq bərpa olunan mənbələrdən istehsalını tələb etmir. Bu isə tənqidçilərin narahatlığına səbəb olur: əgər elektrik enerjisi yenə kömür və qaz hesabına istehsal edilərsə, sadəcə elektrikləşmə emissiyaları lazımi səviyyədə azaltmaya bilər. Bu, çox vacib məqamdır. Elektrikli avtomobilin istifadəsi yalnız onun enerjisi təmiz mənbədən istehsal ediləndə iqlim baxımından daha böyük üstünlük yaradır. Günəş və külək enerjisiylə işləyən elektrik şəbəkəsi ilə kömürdən asılı elektrik sistemi eyni nəticəni vermir. Deməli, məsələ yalnız neftdən-qazdan imtina etmək deyil; əsas məsələ onların yerini hansı enerji mənbələrinin, hansı sürətlə və hansı iqtisadi şərtlərlə tutacağıdır.
Digər tərəfdən, ABŞ-ın COP31 danışıqlarında iştirak etməməsi də müzakirələrin siyasi mənzərəsinə təsir göstərir. “Associated Press” və “Reuters”-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası iqlim danışıqlarında iştirakdan ardıcıl olaraq ikinci il kənarda qalıb. Bu, dünyanın ən böyük iqtisadiyyatlarından və ən böyük emissiya mənbələrindən birinin qlobal iqlim danışıqlarında iştirak etməməsi baxımından mühüm məsələdir. Beləliklə, dünya iqlim böhranına qarşı mübarizədə elmi baxımdan zəruri olan addımları bilsə də, siyasi və iqtisadi maraqlar ortaq qərarların qəbulunu çətinləşdirir.
Xəzər dənizi: Azərbaycan üçün görünən təhlükə
İqlim böhranı haqqında danışarkən Azərbaycanı problemdən kənarda təsəvvür etmək mümkün deyil. Ölkəmiz qlobal istiləşmənin nəticələrindən, su ehtiyatlarının azalmasından, yağıntı rejiminin dəyişməsindən, quraqlıqdan və Xəzər dənizinin səviyyəsindəki dəyişikliklərdən təsirlənir. Xüsusilə Xəzərin səviyyəsinin enməsi artıq yalnız ekologiya mütəxəssislərinin müzakirə etdiyi məsələ deyil. Bu proses limanlara, gəmiçiliyə, balıqçılığa, sahil infrastrukturuna, turizmə və dəniz ekosisteminə təsir göstərə bilər. Azərbaycanda su ehtiyatları və iqlim dəyişiklikləri ilə bağlı problemlər beynəlxalq elmi ictimaiyyət tərəfindən fəal araşdırılır. 2026-cı ilin oktyabr ayında “Journal of Water and Climate Change” elmi jurnalında “Xəzər dənizinin Azərbaycan sektorunda iqlim meyilləri və onlarla əlaqəli atmosfer sirkulyasiyası indeksləri” adlı elmi məqalə dərc olunub. Müəlliflər Janar Naurozbayeva, Zaur İmrani və başqaları elmi araşdırmada Azərbaycanın Xəzər sektorunda 1981-2024-cü illər üzrə iqlim və su göstəricilərini təhlil ediblər. Tədqiqatda həmin dövrdə orta illik hava temperaturunun təxminən 1,6 dərəcə yüksəldiyi, 1991-2024-cü illərdə çayların ümumi axımının 1961-1990-cı illərlə müqayisədə 24 faiz azaldığı göstərilir. Müəlliflər sahil xəttinin geri çəkilməsi və su balansının dəyişməsi ilə bağlı ciddi nəticələrə diqqət çəkirlər. Xəzərin səviyyəsinin azalması bir neçə səbəbin qarşılıqlı təsiriylə bağlıdır: burada temperaturun yüksəlməsi nəticəsində buxarlanmanın artması, yağıntıların və çay axımının dəyişməsi, eləcə də hövzəyə daxil olan suyun miqdarı mühüm rol oynayır. Xəzər qapalı su hövzəsi olduğundan ona axan və ondan buxarlanan su arasındakı tarazlıq dəniz səviyyəsinə birbaşa təsir göstərir. Bu prosesin nəticələri təkcə sahil zolağının görünüşünün dəyişməsiylə məhdudlaşmır, limanların fəaliyyəti, gəmiçilik marşrutları, balıq ehtiyatları, sahilboyu yaşayış məntəqələri və sənaye infrastrukturu da risklə üzləşə bilər. Xəzər dənizinin səviyyəsinin azalması Azərbaycanla yanaşı Qazaxıstan, Rusiya, Türkmənistan və İran üçün də ortaq regional problemdir. Bu səbəbdən Xəzərin qorunması yalnız ekoloji məsələ kimi yox, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələsi kimi də nəzərdən keçirilməlidir.
COP29-dan COP31-ə: Azərbaycanın qarşısında hansı imkanlar var?
Azərbaycan 2024-cü ildə COP29-a ev sahibliyi etməklə beynəlxalq iqlim diplomatiyasının mərkəzində yer aldı. Bakı konfransı zamanı enerji saxlanması və elektrik şəbəkələri, yaşıl enerji zonaları və dəhlizləri, hidrogen enerjisi kimi istiqamətlərdə bir sıra təşəbbüslər irəli sürüldü. Bu təşəbbüslərin əsas məqsədi bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirmək və ölkələr arasında yaşıl enerji əməkdaşlığını genişləndirmək idi. Azərbaycanın bu sahədə imkanları da az deyil: ölkənin bərpa olunan enerji mənbələri üzrə texniki potensialı quruda 135 giqavat, dənizdə isə 157 giqavat qiymətləndirilir. Bu potensialın iqtisadi baxımdan reallaşdırılması üçün investisiya, infrastruktur, elektrik şəbəkələri və texnologiya tələb olunur.
Azərbaycanın milli iqlim öhdəliklərində 2035-ci ilədək istixana qazı emissiyalarının 1990-cı illə müqayisədə 40 faiz azaldılması hədəfi müəyyən edilib. Bu məqsədin reallaşdırılması enerji istehsalının şaxələndirilməsini, bərpa olunan enerji layihələrinin genişləndirilməsini, sənayedə enerji səmərəliliyinin artırılmasını və nəqliyyat sistemində daha təmiz texnologiyaların tətbiqini tələb edir. Enerji keçidi ölkəmizin mövcud iqtisadi maraqları nəzərə alınmaqla həyata keçirilməlidir. Neft-qaz sektoru hələ də iqtisadiyyatın, ixracın və dövlət gəlirlərinin mühüm hissəsini təşkil edir. Buna görə də məqsəd bir sahəni qəfil dayandırmaq yox, iqtisadiyyatın gələcək dəyişikliklərə hazır olmasını təmin etməkdir. Enerji resurslarından gələn gəlirlərin bir hissəsinin yeni texnologiyalara, su infrastrukturuna, kənd təsərrüfatına və yaşıl sənayeyə yönəldilməsi uzunmüddətli dayanıqlıq baxımından əhəmiyyətlidir. COP29-un Azərbaycana verdiyi beynəlxalq təcrübə də bu istiqamətdə istifadə olunmalıdır. COP31-də müzakirə edilən iqlim maliyyəsi, uyğunlaşma, emissiyaların azaldılması və enerji keçidi məsələləri Azərbaycanın milli maraqlarıyla birbaşa bağlıdır.
İqlim böhranı gələcəkdə müharibələrə səbəb ola bilərmi?
İqlim dəyişikliyinin ən təhlükəli nəticələrindən biri onun mövcud sosial və siyasi problemləri daha da dərinləşdirməsidir. Su ehtiyatları azalanda kənd təsərrüfatı çətinliyə düşür. Məhsuldarlıq aşağı düşəndə ərzaq qiymətləri arta bilər. İş yerləri azalanda insanlar başqa ərazilərə köçməyə məcbur qala bilərlər. Bu proseslər zəif idarə olunan regionlarda sosial gərginliyi və siyasi qeyri-sabitliyi gücləndirə bilər. Lakin su və ərzaq qıtlığı, əhali artımı, yoxsulluq və zəif dövlət institutları bir araya gələndə mövcud münaqişələrin daha da mürəkkəbləşməsi mümkündür. Buna görə iqlim təhlükəsizliyi artıq yalnız ekoloqların deyil, müdafiə və xarici siyasət qurumlarının da gündəliyinə salınır. Transsərhəd çayların bölüşdürülməsi, su anbarlarının idarə olunması və kənd təsərrüfatı üçün su təminatı gələcəkdə dövlətlər arasında daha ciddi müzakirə mövzusuna çevrilə bilər. Bu baxımdan Cənubi Qafqazda su diplomatiyası, məlumat mübadiləsi və ortaq ekoloji monitorinq sistemləri xüsusi əhəmiyyət daşıyır.
İqlim böhranının həlli üçün texnologiyalar artıq mövcuddur. Günəş və külək enerjisi, enerji saxlama sistemləri, elektrik nəqliyyatı, ağıllı şəbəkələr, suya qənaət edən suvarma texnologiyaları, meşələrin bərpası və erkən xəbərdarlıq sistemləri real imkanlar yaradır. Problem bütün bu imkanların kifayət qədər sürətlə və geniş miqyasda tətbiq edilməməsindədir. Dövlətlər bir tərəfdən iqlim öhdəlikləri götürür, digər tərəfdən fosil yanacaq istehsalına və istifadəsinə davam edir. Beynəlxalq konfranslarda emissiyaların azaldılmasından danışılır, amma ölkələr iqtisadi maraqlarıyla ekoloji məsuliyyət arasında seçim etməkdə çətinlik çəkir. Zəngin dövlətlər maliyyə və texnologiya imkanlarına malikdir, lakin inkişaf etməkdə olan ölkələr həmin imkanlardan bərabər səviyyədə yararlana bilmir. Bu ziddiyyət aradan qaldırılmadan iqlim siyasətində ciddi nəticə əldə etmək çətin olacaq. Planetin temperaturu diplomatik bəyanatları gözləmir. Buzlaqlar beynəlxalq danışıqların yekun sənədini gözləmir. Quruyan çaylar növbəti COP konfransının başlanmasını gözləmir. İnsanların içməli suya, ərzağa və təhlükəsiz yaşayış mühitinə ehtiyacı var.
İqlim böhranı bəşəriyyətə çox sərt bir həqiqəti xatırladır: təbiətlə siyasi saziş bağlamaq mümkün deyil. Dövlətlər bir-biriylə danışıqlar apara, qərarları təxirə sala, öhdəlikləri dəyişə bilər, ancaq atmosferə buraxılan qazları sərhəddə tutub saxlamaq mümkün deyil. Bir ölkənin iqtisadi marağı üçün verilən qərarın ekoloji bədəlini başqa ölkənin uşaqları, fermerləri və gələcək nəsilləri ödəyə bilər. Dünya bu gün seçim qarşısındadır: ya iqtisadi inkişafı təbiətin imkanlarıyla uzlaşdıracaq, ya da qısamüddətli qazanc naminə gələcək nəsillərin yaşayacağı planetin təhlükəsizliyini riskə atacaq. Bəlkə də gələcəyin ən böyük faciəsi bəşəriyyətin başqa planetdə yaşamağa hazırlaşdığı halda öz planetində yaşamaq üçün zəruri şəraiti qoruya bilməməsindən doğacaq. İnsanlıq Marsa getmək üçün milyardlarla dollar xərcləyir, kosmosun dərinliklərini araşdırır, süni intellektlə yeni dünyalar qurmağa çalışır, amma yer üzündə içməli suyun, təmiz havanın və münbit torpağın qorunması naminə ortaq qərar verməkdə hələ də çətinlik çəkir. Bəlkə də bir gün kosmosa göndərdiyimiz aparat yad planetdə həyat izi axtardığı vaxt özümüzə belə bir sual verməli olacağıq: biz başqa dünyalarda dirilik suyu tapmağa çalışarkən yaşadığımız dünyanı, onun həyat qaynağını qorumağı niyə bacarmadıq?..
Kəramət Qənbərov,
Beynəlxalq hüquq üzrə ekspert