Uzun illər müstəmləkəçilik və hərbi müdaxilədən əziyyət çəkən Vyetnam xalqı öz milli azadlıq və istiqlal mücadiləsini uğurlu sonluqla başa çatdıraraq müstəqil dövlətçiliyini bərqərar etməyə nail olmuşdur. Uzun illər yaşanan əzab-əziyyətli dövr sabitlik və rifahla əvəz olunub. Dayanıqlı sabitlik mərhələsində özünün inkişaf yolunu müəyyən edən Vyetnam dövləti Azərbaycanı yaxın dostu və həmrəylik tərəfdaşı seçməklə uzunömürlü tərəqqi arxitekturasını möhkəmləndirib. Vyetnamın müharibədən sonrakı bərpa və inkişaf proseslərində, xüsusilə də, neft-qaz sənayesinin qurulmasında Azərbaycanın əvəzsiz dəstəyi olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 43 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri, keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin artması ilə yanaşı, Vyetnam xalqının Azərbaycanla faydalı münasibətlərinin formalaşmasında müstəsna rol oynayıb.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında bərabər hüquqa və yaxın dostluğa əsaslanan münasibətlərin yeni səhifəsi açılıb. 2014-cü ildə Prezident İlham Əliyevin Hanoya səfəri zamanı iki dövlət arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub, ardınca Vyetnam Prezidentinin Bakıya rəsmi səfəri əməkdaşlıq üçün yeni təməllər yaradıb. Eləcə də, Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın müstəqil dövlətimizə gerçəkləşən ilk səfəri və imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqələrinin çoxşaxəli inkişafına dərin hüquqi bünövrə yaradıb.
Ticari döviyyələrin artırılması, investisiya qərarları, logistika bağlantıları...
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin müasir vəziyyətini şərh edərkən bildirib ki, hər iki tərəf siyasi dialoqun və iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi üçün davamlı səylər göstərir, eyni zamanda, investisya imkanlarının artırılması yollarını müzakirə edir. Tərəflər iqtisadi münasibətlərin inkişafına xüsusi önəm verir və bu istiqamətdə qarşılıqlı təşviqedici addımlar atılır. Bu stimullar ticari mübadilələrin artmasına öz töhfəsini göstərir. 2025-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 153 milyon dollar olub. Ticarət dövriyyəsində 152 milyon dollar Vyetnamdan idxaldır. 2026-cı ilin ilk 9 ayında isə ölkələr arasındakı ticarət dövriyyəsi 136 milyon dollardan çox olub. Həmin müddətdə də əsas ağırlıq Vyetnamdan idxal üzərində qurulub. Mövcud potensial bundan qat-qat böyükdür və iqtisadi mübadilələrin artırılması sahəsində əlavə qərarların qəbul edilməsi nəzərdə tutulur. Xüsusilə də Azərbaycanın Vyetnam bazarlarına daha geniş şəkildə çıxışı, ixracının artırılması imkanlarının reallaşması üçün dərin bazar tədqiqlərinin aparılması planlaşdırılır. Bu sahədə nəqliyyat bağlantıları, xüsusilə də Orta Dəhliz mühüm rol oynaya bilər. Asiyanın müasir nəqliyyat arteriyası olan Yeni İpək Yolu və Orta Dəhliz Azərbaycandan Vyetnama və əks istiqamətdə yükdaşımalar üçün sərfəlidir. Tərəflərin texnoloji transfer və digər innovativ sahələr üzrə də əməkdaşlıq imkanları da yüksək qiymətləndirilir.
Ənənəvi enerji dostluğu müasir mərhələdə
İki dövlətin iqtisadi sahədə əlaqələrinin inkişafına da ənənəvi enerji dostluğu öz mühüm impulslarını verib. Azərbaycan hələ ötən əsrin 70-80-ci illərindən Vyetnamla neft-qaz sahəsində əməkdaşlıq üçün əsaslı sütunlar qurub, 5 minə yaxın vyetnamlı tələbə yüksək ixtisaslı kadr kimi ölkəmizin təhsil ocaqlarında yetişib. Hazırda onlar Vyetnamda məsul dövlət orqanlarında çalışırlar. Eyni zamanda, Azərbaycanın məşhur neft sənayeçiləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında birbaşa rol oynayıblar. 1981-ci ildə yaradılan SSRİ-Vyetnam “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru olan azərbaycanlı Cəlal Məmmədov və digər azərbaycanlı mütəxəssisilər böyük əmək sərf ediblər. Müstəqil Azərbaycanın Vyetnamın neft sənayesinin inkişafında yenə də öz köməyini əsirgəməməsi, 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında imzalanmış müqavilə iqtisadi həmrəylik ruhundan qaynaqlanır.
Ötən il imzalanmış mühüm sənədlər, o cümlədən, energetika və müdafiə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumları, SOCAR-la Vyetnam Milli Sənaye - Enerji Qrupu (“PetroVietnam”) arasında razılaşma neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlığı nəzərdə tutur. Eləcə də, elm, texnologiya, innovasiya və rəqəmsal inkişaf sahələrində memorandum və digər sazişlər Azərbaycan- Vyetnam əlaqələrinin yeni inkişaf hədəflərini əks etdirirr. Birgə səylərin artırılması nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı öz səmərəsini verəcək.
E.CƏFƏRLİ