Böyük Britaniyanın Hertfordşir qraflığının Borehamvud şəhərində Azərbaycanın zəngin mədəni irsinə, dini tolerantlıq və multikulturalizm ənənələrinə həsr olunmuş “Azərbaycana xoş gəlmisiniz” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Müqəddəs Mixail və Bütün Mələklər Kilsəsində təşkil olunan tədbirdə müxtəlif dini və mədəni icmaların nümayəndələri bir araya gəliblər.
Tədbirdə din xadimi, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı keşiş Luiza Kollins, Hertsmir Boro Şurasının üzvü Alfa Börd Kollins və Böyük Britaniyadakı Azərbaycan diasporunun nümayəndəsi Aqşın Kərimov çıxış ediblər.
Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə oktyabrın 26-dan 31-dək Azərbaycana səfər edən Luiza Kollins və Alfa Börd Kollins VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib, eləcə də ölkədəki müxtəlif kilsələrdə görüşlər keçiriblər.
Çıxışçılar Azərbaycana səfərləri ilə bağlı təəssüratlarını bölüşərək ölkədəki dini və mədəni müxtəliflikdən, müxtəlif dini icmaların sülh və qarşılıqlı hörmət şəraitində birgəyaşayışından danışıblar. Azərbaycanın beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə verdiyi töhfə xüsusi vurğulanıb.
Azərbaycan diasporunun nümayəndəsi Aqşın Kərimov çıxışında qeyd edib ki, dini etiqadından və mədəni mənsubiyyətindən asılı olmayaraq, insanları sülh, dostluq, qarşılıqlı hörmət və anlaşma kimi ümumbəşəri dəyərlər birləşdirir. O, bu cür təşəbbüslərin müxtəlif icmalar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Tədbir çərçivəsində Azərbaycanın mədəni irsini və dini müxtəlifliyini əks etdirən təqdimat nümayiş etdirilib, ənənəvi Azərbaycan musiqisi səsləndirilib. İştirakçılara ölkədə müxtəlif dini icmaların dinc yanaşı yaşamasının tarixi ənənələri haqqında məlumat verilib.
Qeyd olunub ki, Azərbaycana səfərləri zamanı Luiza Kollins və Alfa Börd Kollins Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri ilə də görüşərək qurumun xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin inkişafı istiqamətində fəaliyyəti ilə tanış olublar.
Tədbirin təşkilatçıları səfərin təşkilinə, proqramın əlaqələndirilməsinə və Azərbaycanın mədəni, dini və sosial müxtəlifliyi ilə yaxından tanış olmaq üçün yaradılan imkanlara görə Diasporla İş üzrə Dövlət Komitəsinə, o cümlədən qurumun sədri Fuad Muradova təşəkkürlərini bildiriblər.
Vurğulanıb ki, tədbirin əsas məqsədi Britaniya ictimaiyyətini Azərbaycanın multikultural dəyərləri və dini tolerantlıq ənənələri ilə daha yaxından tanış etmək, iki ölkə xalqları arasında dostluq münasibətlərini və müxtəlif icmalar arasında mədəniyyətlərarası dialoqu gücləndirməkdir.