Fransada dövlət qulluqçuları yenidən aksiyalara hazırlaşırlar

Fransada dövlət qulluqçuları yenidən aksiyalara hazırlaşırlar

Fransanın dövlət sektorunda fəaliyyət göstərən səkkiz həmkarlar ittifaqı dekabrın 1-nə yeni aksiya elan edib. Təşkilatlar hökumətdən əməkhaqlarının artırılmasını və işçilərin alıcılıq qabiliyyətinin qorunmasını tələb edirlər.

AZƏRTAC xəbər verir ki, CGT, FO, CFDT, UNSA, FSU, Solidaires, CFE-CGC və FA-FP kimi həmkarlar ittifaqları birgə bəyanatla çıxış edərək, dövlət qulluqçularını dekabrın 1-də ümummilli etiraz aksiyasına çağırıblar. Onlar ölkə üzrə mümkün olan bütün yerlərdə aksiyalarda iştirak etməyin vacibliyini bildiriblər.

Həmkarlar ittifaqlarının nümayəndələrinin fikrincə, hökumətin son açıqlamaları əməkdaşların narazılığını aradan qaldırmayıb. Onların fikrincə, indeks göstəricisinin dondurulmuş qiyməti artırılmadığı təqdirdə, 5,8 milyon dövlət qulluqçusunun alıcılıq qabiliyyəti azalmağa davam edəcək.

Bəyanatda diqqətə çatdırılıb ki, hökumətin elan etdiyi tədbirlərə baxmayaraq, 600 mindən çox işçi minimum əməkhaqqısı yalnız əlavə kompensasiya hesabına çatacaq.

Dekabrın 1-də keçiriləcək tətil hökumətə həmkarlar ittifaqlarının mövqeyinin dəyişmədiyini bir daha xatırlatmaq məqsədi daşıyır. Təşkilatlar indeks göstəricisinin dondurulmasının dərhal aradan qaldırılmasını, əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını, inflyasiyaya uyğun indeksləşdirilməsini və karyera pillələrinin yenidən qiymətləndirilməsini tələb edirlər.

Bundan əlavə, onlar dövlət sektorunda əməkhaqqı cədvəllərinin yenilənməsini, dövlət xidmətlərinin gücləndirilməsini, qadınlar və kişilər arasında əməkhaqqı və peşə bərabərliyinin təmin olunmasını istəyirlər.

Həmkarlar ittifaqları sosial təminatın maliyyələşdirilməsi ilə bağlı qanunların vətəndaşların dövlət xidmətlərindən istifadə hüquqlarını qorumasını, xəstəlik məzuniyyətinin ilk gününə görə ödənişsiz müddətin ləğvini və adi xəstəlik məzuniyyətində dövlət qulluqçularına əməkhaqqının 100 faizinin ödənilməsini də tələb edirlər.

Hökumət və həmkarlar ittifaqları arasında növbəti görüşün dekabrın 11-də Matinyonda keçirilməsi nəzərdə tutulur.