İraq OPEC-dən neft hasilatı üzrə kvotasının artırılmasını istəyir

İraq OPEC-dən neft hasilatı üzrə kvotasının artırılmasını istəyir

İraq neft hasilatı üzrə yuxarı həddin artırılması ilə bağlı OPEC ilə danışıqlar aparır.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə ölkənin neft naziri Basim Məhəmməd Xudeyr Kərkük şəhərində keçirilən mətbuat konfransında bildirib.

“İraqın hasilat kvotasının artırılması üçün OPEC ilə danışıqlar aparırıq. Ölkəmiz 50 ildən artıqdır ki, ciddi çətinliklər və müharibələrlə üzləşib. Buna görə də ümid edirik ki, OPEC-ə üzv ölkələr İraqın mövcud şəraitini nəzərə alacaqlar”, - deyə iraqlı nazir qeyd edib.

Xudeyrin sözlərinə görə, təşkilatın təsisçi üzvlərindən biri olan İraq infrastrukturunu bərpa etməli və vətəndaşlarının yaşayış şəraitini yaxşılaşdırmalıdır. Bu səbəbdən ölkənin neft hasilatı üzrə kvotasının artırılmasına və ona xüsusi yanaşma göstərilməsinə ehtiyac var.

Məlumata görə, OPEC üzv ölkələrin neft hasilatı potensialını qiymətləndirmək üçün kənar şirkət cəlb edib. Araşdırmanın nəticələri gələcəkdə hasilat kvotalarının müəyyənləşdirilməsi zamanı istinad göstəriciləri kimi istifadə olunacaq. Daha yüksək hasilat potensialına malik olması təsdiqlənən ölkə isə daha çox neft hasil etmək imkanı əldə edəcək. Üzv ölkələrin hər biri bu ay ərzində özünə aid qiymətləndirmənin nəticələri ilə tanış olub.

İraq sifariş edilmiş qiymətləndirmənin nəticələrini qəbul etməyib. Belə ki, araşdırmada ölkənin maksimum neft hasilatı potensialı gündəlik 5 milyon bareldən aşağı müəyyən edilib. Bununla razılaşmayan neft naziri Xudeyr OPEC-ə məktub göndərərək İraqın gündəlik 5,2 milyon barel neft hasil etmək imkanına malik olduğunu bildirib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və tərəfdaş ölkələr noyabrın 29-da keçiriləcək onlayn iclasda hasilat hədəflərini müəyyənləşdirərkən bu qiymətləndirmələrin nəticələrindən istifadə etməyi planlaşdırırlar. Alyans 2027-ci il üçün hasilat hədəflərinin müəyyənləşdirilməsinə hazırlıq məqsədilə hər bir üzv ölkənin texniki baxımdan nə qədər neft hasil edə biləcəyini araşdırır.

İraq bu ilin əvvəlində ölkəyə kifayət qədər yüksək hasilat kvotası ayrılmayacağı təqdirdə OPEC-dən çıxmaq məcburiyyətində qala biləcəyini bəyan etmişdi. Lakin Bağdad sonradan bu mövqeyindən geri çəkilib. Həmin vaxtadək isə Birləşmiş Ərəb Əmirlikləri artıq təşkilatı tərk etmişdi.