Azərbaycan-Vyetnam: Strateji tərəfdaşlığa əsaslanan, milli maraqlara söykənən əməkdaşlıq...

Son illər Cənubi Qafqazın inkişaf trayektoriyası beynəlxalq aləmin diqqətindədir. Azərbaycanın bölgədə formalaşdırdığı yeni reallıqlar və bu reallıqların nəticə etibarı ilə yeni nizama verdiyi töhfələr təqdir edilir. Təsadüfi deyil ki, dünyanın aparıcı siyasi-iqtisadi mərkəzləri, dövlətləri və təşkilatları Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduqlarını həm əyani surətdə bildirirlər, həm də apardıqları siyasətlə nümayiş etdirirlər. Azərbaycan isə regional təhlükəsizliyə verdiyi töhfələrlə gələcək iqtisadi-siyasi nizamın dayaqlarını daha da möhkəmləndirir. Şərq-Qərb tranziti üzrə ən mühüm logistik mərkəz olaraq Azərbaycan qlobal ticarətin inkişafına, siyasi inteqrasiyanın keyfiyyətinə xüsusi rəng qatır. Nəticə etibarı ilə, Avrasiyanın yeni iqtisadi nizamının formalaşmasında oynadığımız rol həm iqtisadi, həm də siyasi körpü kimi qlobal əlaqələrin güclənməsinə töhfə verir. Bakı bu gun Avropanı Uzaq Şərqə qovuşduran yolun inkişafına töhfə verir. Bu isə həmin regionlardakı ölkələrin iqtisadi inkişafı üçün mühüm perspektivlər yaradır.

To Lam: Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim

Vurğulandığı kimi, Azərbaycan həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama son səfəri zamanı diqqət mərkəzində olan məsələlər, müzakirə mövzuları bir daha Azərbaycanın apardığı siyasətin çoxşaxəli olduğunu təsdiqləyir. Bakı bu gün qitələrarası əlaqələrin möhkəmlənməsində əsaslı rol oynayır və bu, Vyetnamın timsalında ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Noyabrın 21-də Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasının Prezidenti To Lam ilə geniş tərkibdə görüşü zamanı Vyetnam dövlət başçısı bildirib ki, biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik: “Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim. Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik”.

Strateji tərəfdaşlıq münasibətlərdə yeni mərhələ yaradır

7 may 2025-ci ildə Vyetnamla strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın iştirakı ilə əldə olunan razılaşma iki ölkə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Sənədin əhəmiyyəti yalnız siyasi dialoqun dərinləşdirilməsi ilə məhdudlaşmır. Energetika, neft-qaz sənayesi, müdafiə, rəqəmsal texnologiyalar, innovasiya, nəqliyyat və ticarət sahələrində əməkdaşlıq üçün geniş imkanlar açılır. Xüsusilə SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlıq enerji sahəsində qarşılıqlı maraqların reallaşdırılması baxımından perspektivlidir. Azərbaycanın regionlararası nəqliyyat-logistika imkanları Vyetnam şirkətləri üçün Avropa və Mərkəzi Asiya bazarlarına çıxışda əlavə üstünlüklər yarada bilər. Eyni zamanda Vyetnam Azərbaycanın Cənub-Şərqi Asiyada iqtisadi və siyasi əlaqələrini genişləndirməsi üçün mühüm tərəfdaşdır. Bu əməkdaşlıq Azərbaycanın çoxşaxəli xarici siyasətinin coğrafi miqyasını genişləndirməklə yanaşı, milli maraqlara əsaslanan yeni iqtisadi tərəfdaşlıq imkanları formalaşdırır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi naharda çıxış edən Prezident İlham Əliyev də strateji tərəfdaşlığın əhəmiyyətinə toxunub. Dövlət başçısı bildirib ki, Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır: “Keçən il hörmətli Prezident cənab To Lamın ölkəmizə dövlət səfəri zamanı qəbul edilən “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat” ikitərəfli əlaqələrimizi keyfiyyətcə yeni pilləyə qaldırdı”.

Geniş tərkibdə görüşdə çıxış edən Vyetnam Prezidenti To Lam bildirib ki, 2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir: “Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır”.

Beynəlxalq platformalarda qarşılıqlı dəstək

Hər iki ölkə bir sıra beynəlxalq platformalarda da bir-birini dəstəkləyir. Bakı-Hanoy münasibətlərində qarşılıqlı dəstək xüsusi rol oynayır Azərbaycan Prezidenti İlham Əliyev geniş tərkibdə görüşdə çıxış edərək bildirib ki, əməkdaşlığımız bir çox sahələri əhatə edir və biz beynəlxalq aləmdə güclü qarşılıqlı əlaqəyə malik olduğumuz üçün çox şadıq: “AQEM Zirvə Görüşündə yüksəksəviyyəli iştirakınız üçün Sizə minnətdarıq”.

Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əlaqələrimizin inkişafında roluna toxunulub, yeni əməkdaşlıq mexanizmlərinin müəyyənləşdirilməsi baxımından bu səfərlərin rolu vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT, Qoşulmama Hərəkatı, AQEM və digər təsisatlar çərçivəsində əməkdaşlığından, həmçinin Azərbaycanla ASEAN arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərindən bəhs olunub. Vyetnamın Xəzər regionu və Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının qurulmasında Azərbaycanın rolunun və dəstəyinin önəmi qeyd edilib.

İqtisadi əməkdaşlıq və enerji tərəfdaşlığı yeni investisiya perspektivləri yaradır

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığının mühüm istiqamətlərindən birini iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi və qarşılıqlı investisiyaların təşviqi təşkil edir. Hər iki ölkənin iqtisadi potensialı və mövcud imkanları bu əməkdaşlığın çoxşaxəli inkişafı üçün əlverişli zəmin yaradır. Xüsusilə neft-qaz sektorunda SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, 2023-cü ildən etibarən Azərbaycandan Vyetnama neft tədarükükü artıb. Tərəflər neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, hasilat, emal, neft-kimya sənayesi, texniki xidmətlər, eləcə də mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü imkanlarını nəzərdən keçirirlər. Bütün bunlar Vyetnamın enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, Azərbaycanın enerji ixracı coğrafiyasının genişlənməsinə xidmət edir. Digər mühüm istiqamət nəqliyyat-logistika əlaqələridir. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutları üzərindəki mövqeyi Vyetnam yüklərinin Avropa və digər bazarlara daşınması üçün yeni imkanlar açır. 2026-cı ilin ilk doqquz ayında Vyetnamla bağlı tranzit daşımalarının bir neçə dəfə artması bu potensialın reallaşdığını göstərir. Eyni zamanda, ROX Group ilə bərpaolunan enerji layihələri, qarşılıqlı investisiyaların təşviqi və qeyri-neft ticarətinin genişləndirilməsi əməkdaşlığın yeni iqtisadi məzmununu formalaşdırır.

Qeyd edək ki, geniş tərkibdə görüşdə də enerji sahəsində, o cümlədən neft-qaz və enerji təhlükəsizliyi, bərpaolunan enerji, iqtisadiyyat, investisiyalar, turizm, təhlükəsizlik, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq, parlamentlərarası münasibətlər, nəqliyyat-logistika, aviasiya və mədəniyyət əlaqələri ilə bağlı məsələlər müzakirə olunub. Azərbaycanın bərpaolunan enerji, o cümlədən külək və Günəş enerjisi sahələrində böyük potensialının olduğu bildirildi. Həmçinin infrastruktur layihələri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Trans-Xəzər marşrutunun əhəmiyyəti vurğulandı. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

P.İSMAYILOV