Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Əbdul Həmidi fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Səfir Əbdul Həmid ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan xalqının Pakistana böyük hörmət və ehtiramın şahidi olduğunu deyib. Pakistanlı diplomat səfir kimi fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri müttəfiq ölkələr arasında olan münasibətlər kimi qiymətləndirib və əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Səfir Əbdul Həmidin ikitərəfli münasibətlərimizin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirən dövlətimizin başçısı ona gələcək fəaliyyətində uğurlar arzulayıb.