Beynəlxalq rəqəmsal reytinqdə rekord nəticə Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 38-ci yerə yüksəlib

Beynəlxalq rəqəmsal reytinqdə rekord nəticə Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində 38-ci yerə yüksəlib

Azərbaycanın BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (E-Government Development Index – EGDI) üzrə 36 pillə irəliləyərək 194 ölkə arasında 38-ci yerə yüksəlib. İki ildən bir dərc olunan hesabatda ölkələrin rəqəmsal hökumət sahəsində inkişaf səviyyəsi üç əsas komponent – Onlayn Xidmətlər İndeksi (OSI), Telekommunikasiya İnfrastruktur İndeksi (TII) və İnsan Kapitalı İndeksi (HCI) üzrə qiymətləndirilir. 2026-cı ildə hesabatın metodologiyası təkmilləşdirilərək həyat hadisələrinə əsaslanan xidmətlər, vətəndaşların rəqəmsal proseslərdə iştirakı, hökumətin rəqəmsal infrastrukturu, elektron hökumət savadlılığı və dövlət xidmətlərində süni intellektin tətbiqi kimi istiqamətlər də qiymətləndirməyə daxil edilib.

Azərbaycanın EGDI göstəricisi 2024-cü ildəki 0,7607 baldan 2026-cı ildə 0,8847 bala yüksəlib. Bu, iki il ərzində 16,3 faiz artım deməkdir. Həmin dövrdə dünya üzrə orta göstəricinin artımı 4,6 faiz təşkil edib. Nəticədə Azərbaycan “Çox Yüksək Elektron Hökumət İnkişafı” alt-indeksi V3 altqrupuna daxil olub. Bu altqrupda Kanada, Çin, Yaponiya, Avstriya, Türkiyə və Özbəkistan kimi ölkələr də təmsil olunur.

 

Onlayn Xidmətlər İndeksi üzrə dünyada 11-ci yer

 

Azərbaycanın ən yüksək nəticə göstərdiyi istiqamət Onlayn Xidmətlər İndeksidir. Ölkəmiz bu göstərici üzrə 56 pillə irəliləyərək dünyada 11-ci yerə yüksəlib və Böyük Britaniya, İslandiya, ABŞ, Kanada və Norveç kimi inkişaf etmiş ölkələri qabaqlayıb. İndeksin xidmətlərin təqdim edilməsi altindeksi üzrə ölkəmiz dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdədir. Qeyd edək ki, xidmət təqdimatı altindeksində Azərbaycan dünya üzrə EHİİ göstəricisinə görə 8-ci mövqedə olan Estoniya ilə 10-cu yeri bölüşür.

Xüsusilə xidmətlərin təqdim edilməsi altindeksi üzrə Azərbaycanın dünyada 10-cu, institusional çərçivə üzrə isə 1-ci yerdə qərarlaşması diqqətəlayiqdir. Bu nəticələr dövlət xidmətlərinin rəqəmsal platformalar üzərindən təqdim edilməsi, xidmətlər arasında inteqrasiyanın genişləndirilməsi və istifadəçi ehtiyaclarına uyğun rəqəmsal həllərin inkişafı baxımından mühüm göstəricidir.

Telekommunikasiya İnfrastruktur İndeksi üzrə də müsbət dinamika qeydə alınıb. Azərbaycanın bu indeks üzrə göstəricisi 2024-cü illə müqayisədə 9,4 faiz artıb. Dünya üzrə orta artım isə 2,1 faiz təşkil edib. Qiymətləndirmədə rəqəmsal identifikasiya, dövlət portalları, qurumlararası məlumat mübadiləsi, açıq məlumatlar və təhlükəsiz rəqəmsal platformalar kimi istiqamətlər də nəzərə alınıb. Azərbaycan bu komponent üzrə Türkiyə və Ermənistanı qabaqlayıb.

İnsan Kapitalı İndeksi üzrə də əhəmiyyətli irəliləyiş əldə olunub. Belə ki, Azərbaycanın göstəricisi 0,7233 baldan 0,8067 bala yüksələrək 11,5 faiz artıb. Ölkəmiz bu indeks üzrə Çin və Ermənistanı qabaqlayıb. İnsan kapitalının qiymətləndirilməsi zamanı əhalinin təhsil səviyyəsi ilə yanaşı, rəqəmsal dövlət xidmətlərindən istifadə imkanları və elektron hökumət savadlılığı da nəzərə alınır.

 

Yeni rəqəmsal uğurlara çatmaq üçün hədəflər

 

Beləliklə, ölkəmizin E- hökumətin inkişafı sahəsində əldə etdiyi əhəmiyyətli nəticədir. Azərbaycanın Elektron hökumət sahəsində əldə etdiyi irəliləyiş rəqəmsal dövlət xidmətlərinin inkişafı, telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi və insan kapitalının gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların nəticəsidir. Azərbaycanın irəliləyişi “myGov” platformasının inkişafı, rəqəmsal identifikasiya və sənədləşmə imkanlarının genişləndirilməsi, dövlət qurumları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, Hökumət Buludunun inkişafı, rəqəmsallaşma sahəsində koordinasiyanın gücləndirilməsi, eləcə də rəqəmsal inkişaf və süni intellekt üzrə strateji təşəbbüslərlə əlaqələndirilir.

Hökumətin növbəti mərhələdə əsas ambisiyası və prioritet Onlayn Xidmətlər İndeksi üzrə əldə edilmiş yüksək nəticənin qorunması ilə yanaşı, rəqəmsal infrastrukturun və insan kapitalının inkişaf tempinin artırılmasıdır. Bu istiqamətdə Azərbaycanın vahid rəqəmsal arxitekturasının formalaşdırılması, “Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi və Rəqəmsal İnkişaf Şurasının yaradılması qeyd edilən hədəflərə çatmağa imkan verəcək, Azərbaycanın beynəlxalq rəqəmsal inkişaf reytinqlərində mövqeyinin daha da güclənməsinə səbəb olacaq.

E.CƏFƏRLİ