İxrac hesablaşmaları qaydası təkmilləşdirilir

İxrac hesablaşmaları qaydası təkmilləşdirilir

Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmana əsasən, ixracda hesablaşmaların tənzimlənməsi ilə bağlı əlavə tədbirlər və 24 iyun 1997-ci il tarixli fərmanla təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilib. Sənədə əsasən, ixrac olunan mallardan əldə olunmuş vəsaitin Azərbaycana köçürülməsi, ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələrinə dair məlumatların vahid elektron sistemdə əks olunması, bu sahədə nəzarət və məsuliyyət tədbirləri nəzərdə tutulur.

İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri, Dövlət Gömrük Komitəsi (DGK) isə xarici ölkələrə malların ixracı üzrə hesablaşmaların aparılması qaydalarına dair hazırladığı təklifləri Mərkəzi Banka (MB) təqdim edəcək. MB isə həmin təkliflər əsasında ixrac hesablaşmalarının aparılması qaydalarını müəyyənləşdirəcək.

Nazirlər Kabineti isə ixrac olunan malların müqabilində əldə edilən vəsaitin Azərbaycandakı müvəkkil banklara köçürülməsinə dair  hesablaşma və məsuliyyət tədbirlərini təkmilləşdirən qərar verəcək.

Məlumatlar “İntellektual gömrük” sistemi vasitəsilə ötürüləcək

Qaydalara əsasən, ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə Dövlət Gömrük Komitəsi nəzarət edəcək. Bu məqsədlə ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri daxil olmaqla, mallar barədə müvafiq məlumatların “İntellektual gömrük” informasiya sistemi vasitəsilə müvəkkil banklara ötürülməsi təmin ediləcək. Müvəkkil banklar isə ixrac müqavilələri üzrə əldə edilmiş vəsaitin hesablara daxil olması, habelə vaxtında köçürülməməsi barədə məlumatı üç iş günü ərzində həmin informasiya sistemi vasitəsilə Komitəyə təqdim edəcək.

Beləliklə, ixrac olunan malların müqabilində əldə edilmiş vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə birbaşa Dövlət Gömrük Komitəsi nəzarət edəcək.

Eyni zamanda, bu prosesdə Mərkəzi Bankı bütün zəruri məlumatlarla təmin edəcək. 

Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Mərkəzi Banka ötürülməsini təmin edir. Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı MB tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 iş günü ərzində Mərkəzi Banka ötürür. MB müvəkkil banklardan daxil olmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin bank hesabına köçürülmədiyini təsdiqlədiyi halda ixracatçılar barədə dərahl nəzarət tədbirləri görülür. Yəni, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank idxal-ixrac əməliyyatlarından daxil olunan  valyutanın hərəkətini birgə izləyir. Bundan sonra həmin sistem davam etdirilməklə daha çevik və təkmil nəzarət sxemi qurulacaq.

İdxal-ixrac əməliyyatlarında yeni tənzimlənmə

“Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na əsasən, ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin qanunvericiliyə uyğun olaraq 180 gün ərzində ölkəyə gətirilməsi təmin olunmalıdır. Bəzi hallarda ixracatçıların fürsətçilliyi valyutanın ölkədən kənarda qalmasına səbəb olur ki, bu da idxal-ixrac qaydalarının pozulması deməkdir. Gömrük və bank statistikası təsdiq edir ki, bəzən ixracın dəyəri valyuta köçürmələrinin ölkəyə tam qaytarılmadığına dəlalət edir. Bəzi fiziki şəxslər və sahibkarlıq subyektləri ixrac etdikləri mal və xidmətlərin real ixrac dəyərinə uyğun həmin vəsaiti geri qaytarmır, müxtəlif sahələrə yönəldərək faktiki olaraq öz mənfəətləri naminə Azərbaycanın pul siyasəti hədəflərinə, valyuta tənzimlənməsi qaydalarına qarşı çıxırlar. Bütün bu hallar gömrük və bank məlumatlarının əlaqələndirilməsində yeni yanaşmanı, əməliyyatlarla bağlı proseslərə nəzarətin daha da gücləndirilməsini zəruri edir.

Yeri gəlmişkən, ixracda yeni həllərin tətbiqi məqsədilə bir müddət əvvəl Gömrük Məcəlləsində də dəyişikliklər edilib. Dəyişikliklər idxal-ixrac əməliyyatlarında müasir tarif və qeyri-tarif tənzimlənməsi tədbirlərinin daha geniş tətbiq olunması, Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərinin rəqabət qabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yük axınlarının cəlb edilməsi, yükdaşımaların keyfiyyətinin yüksəldilməsi, yüklərin çatdırılma müddətinin azaldılması, gömrük sistemində mövcud olan müasir texnologiya və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində risklərin avtomatlaşdırılmış idarəetmə sisteminin daha da təkmilləşdirilməsinə xidmət edir. Eləcə də, gömrük nəzarətinin risk əsasında həyata keçirilməsi, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətində təhlükəsizliyin təmin edilməsi, xarici ticarətin asanlaşdırılması, gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi əsas məsələlər kimi müəyyənləşib.

Gömrük bəyannaməsi sadələşdirilir

İnstitusional islahatlar çərçivəsində bəyannamə sisteminin təkmilləşdirilməsi də mühüm yer tutur. Belə ki, Azərbaycan gömrüyündə bəyannaməçinin, mal sahibinin, səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan malların və nəqliyyat vasitələrinin yoxlanılması barədə tərtib olunan aktın 2 iş günü ərzində təqdim edilməsi nəzərdə tutulur. Eyni zamanda, gömrük auditinin, o cümlədən kameral və səyyar gömrük auditinin aparılmasının xüsusiyyətlərinin tənzimlənməsi, gömrük rəsmiləşdirilməsinin bəyannaməçinin seçimi və gömrük orqanlarının razılığı ilə digər yerlərdə də aparılması, qısa idxal bəyannaməsinin beynəlxalq təcrübəyə uyğun olaraq ləğvi müddətinin tənzimlənməsi də yeniliklər sırasındadır.

E.CƏFƏRLİ