Si Cinpinin partiya quruculuğu ideyaları dünya siyasi partiyalarının inkişafı üçün mühüm istiqamətlər verir

Lu Mey

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri

26-29 oktyabr tarixlərində 20-ci çağırış Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beşinci plenumu keçirilib. Bu plenum Çin Kommunist Partiyasının yaranmasının 105-ci ildönümü və Çin millətinin böyük dirçəlişinin həyata keçirilməsinin mühüm mərhələsi ilə üst-üstə düşən olduqca mühüm toplantı oldu. Plenumda “Partiyadaxili idarəetmənin hərtərəfli sərtləşdirilməsinin ardıcıl şəkildə irəlilədilməsi ilə bağlı bir sıra mühüm məsələlər haqqında ÇKP MK-nın Qərarı” nəzərdən keçirildi və qəbul edildi, Si Cinpinin partiya quruculuğu ilə bağlı ideyaları isə plenumun kommunikesinə daxil edildi. Böyük əhəmiyyət kəsb edən bu məqam bütün dünyada geniş diqqət cəlb edib. Qərarda yoldaş Si Cinpinin rəhbərlik etdiyi ÇKP MK-nın partiyanın və dövlətin möhkəmləndirilməsi istiqamətində nümayiş etdirdiyi tarixi təşəbbüskarlıq tam şəkildə əks olunub. Bu Qərar yeni dövrdə partiyanın idarə olunması və möhkəmləndirilməsi sahəsində yeni perspektivlərin açılması, eləcə də etnik mənsubiyyətindən asılı olmayaraq ölkədəki bütün xalqların birləşdirilməsi və onlara rəhbərlik edilməsi yolu ilə güclü dövlət quruculuğunun və Çin modernləşməsi vasitəsilə Çin millətinin böyük dirçəlişinin hərtərəfli irəlilədilməsi baxımından mühüm praktiki və uzunmüddətli aparıcı əhəmiyyətə malikdir.

Çin Kommunist Partiyası Çin xalqının xoşbəxtliyini təmin etməyə və Çin xalqının böyük dirçəlişini həyata keçirməyə çalışan, eyni zamanda bəşəriyyətin tərəqqisi və bütün dünyanın ümumi rifahı naminə fəaliyyət göstərən bir partiyadır. ÇKP yeni tipli beynəlxalq münasibətlər əsasında ümumi cəhətləri qoruyub saxlamaqla fərqliliklərin qəbul edilməsini, qarşılıqlı hörməti, bir-birindən öyrənməyi və təcrübə mübadiləsini nəzərdə tutan yeni tipli partiyalararası münasibətlərin formalaşdırılması istiqamətində səylər göstərir. Si Cinpinin partiya quruculuğu ilə bağlı ideyaları Çin reallıqlarından çıxış edərək və bütün dünyanı əhatə edərək, təkcə uzun müddət hakimiyyətdə olan marksist partiyanın öz mütərəqqi mahiyyətini və saflığını necə qoruyub saxlaması, uzunmüddətli hakimiyyətini necə təmin etməsi və Çin modernləşməsi prosesinə necə rəhbərlik etməsi ilə bağlı prinsipial suallara dərindən cavab vermir, həm də son bir əsrdə görülməmiş qlobal dəyişikliklər şəraitində dünya sosialist hərəkatının inkişafına, qlobal partiya idarəçiliyinə və bəşəriyyətin siyasi sivilizasiyasının tərəqqisinə Çin töhfəsi verir, Çin müdrikliyini və Çin həll yollarını təqdim edir. Bütün bunlar bütün dünya üçün böyük və uzunmüddətli əhəmiyyətə malikdir.

Birincisi, bu ideyalar partiyanın ideoloji cəhətdən möhkəmləndirilməsi və onun nəzəri potensialının gücləndirilməsi üçün yeni bir nümunə təqdim edir. Möhkəm idealların və əqidənin formalaşdırılmasını partiyanın ideoloji quruculuğunun ilkin vəzifəsi hesab etmək, partiyanı ardıcıl olaraq onun innovativ nəzəriyyəsi ilə silahlandırmaq, ideoloji baxımdan birləşdirmək və möhkəmləndirmək Si Cinpinin partiya quruculuğu ilə bağlı ideyalarının mühüm müddəalarından biridir. Son illərdə ÇKP nəzəri innovasiyaları fasiləsiz şəkildə irəlilədərək, 3000-dən çox partiya məktəbi əsasında mərkəzi səviyyədən yerli səviyyəyədək geniş şaxələnmiş kadr hazırlığı sistemi formalaşdırıb. Partiya müntəzəm olaraq mərkəzləşdirilmiş ümumpartiya təhsil kampaniyaları və digər fəaliyyət formaları həyata keçirməklə bütün üzvlərini ardıcıl olaraq partiyanın innovativ nəzəri bilikləri ilə təmin edir.

İkincisi, bu ideyalar partiyanın təşkilati quruculuğunun möhkəmləndirilməsinin yeni yolunu göstərir. ÇKP ardıcıl olaraq ÇKP MK-nın mərkəzləşdirilmiş və vahid rəhbərliyi prinsipinə sadiq qalır, bütün fəaliyyət istiqamətlərinin ümumi rəhbərliyini və koordinasiyasını təmin edən bir qüvvə kimi partiyanın rəhbər rolunu tam şəkildə üzə çıxarır. Biz ciddi və nizamlı təşkilati sistem yaratmaq sayəsində bütün səviyyələrdə partiya rəhbərliyinin tam həyata keçirilməsini və qəbul edilən qərarların icrasının yüksək səmərəliliyini təmin edirik, partiyanın təşkilati potensialını dövlət idarəçiliyinin səmərəliliyinə çeviririk və ölkənin idarə olunmasının real nəticələri ilə xalqın etimadını və dəstəyini qazanırıq.

Üçüncüsü, onlar partiyadaxili nəzarət və özünənəzarət sahəsində dünya təcrübəsini zənginləşdirirlər. Korrupsiyaya qarşı mübarizədə ÇKP dövlətin yüksəlişi və tənəzzülü, çiçəklənməsi və məhvi kimi tarixi dövrənin çərçivələrindən çıxmağın yolları barədə tarixi suala iki cavab tapıb: “xalqın hökumət üzərində nəzarətini təmin etmək” və “özünütəkmilləşdirmə inqilabı etmək”. Biz partiyadaxili idarəetmənin hərtərəfli sərtləşdirilməsi siyasətini ardıcıl olaraq həyata keçiririk, partiya intizam və dövlət nəzarətinin institusional mexanizmlərini təkmilləşdiririk, misli görünməmiş miqyasda antikorrupsiya mübarizəsinə başlamışıq. “Mərkəzi səkkiz qayda”nın həyata keçirilməsi vasitəsilə partiya və dövlət iş üslubu dəyişdirilib. Biz partiyanın intizamını və iş üslubunu yorulmadan möhkəmləndirir, onun özünütəmizləməsinə, özünütəkmilləşdirməsinə, özünüyeniləməsinə və özünüyüksəltməsinə ardıcıl olaraq nail oluruq.

Dördüncüsü, onlar bütün dünyada sülh və inkişaf naminə ÇKP-nin həll yollarını təklif edir. ÇKP 100 milyondan çox üzvü olan və qlobal təsirə malik dünyanın ən böyük hakim partiyasına çevrilib. ÇKP-nin rəhbərliyi altında Çin iki möcüzəyə - sürətli iqtisadi inkişafa və uzunmüddətli sosial sabitliyə nail olub. Uzun illər ərzində Çinin qlobal iqtisadi artıma verdiyi töhfə orta hesabla təxminən 30 faiz təşkil edib ki, bu da bütün dünyada sülh və tərəqqi işinə böyük töhfə olub. Biz Çin modernləşməsi yolunu uğurla salmışıq, inkişaf etməkdə olan ölkələr üçün modernləşmə yollarının seçimi imkanlarını genişləndirmişik. Sülh, inkişaf, əməkdaşlıq və qarşılıqlı mənfəət bayrağını uca tutaraq, bəşəriyyətin vahid tale icmasının qurulmasını, Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü, Qlobal Sivilizasiya Təşəbbüsünü və Qlobal İdarəetmə Təşəbbüsünü irəli sürmüşük, bütün dünyada sülh və inkişaf işinə getdikcə daha çox müsbət enerji gətiririk.

ÇKP partiyalararası mübadilə və əməkdaşlıq üçün fəal şəkildə qlobal platformalar yaradır, ÇKP ilə dünya siyasi partiyaları arasında yüksək səviyyəli Dialoq, eləcə də ÇKP və dünya siyasi partiyaları liderlərinin Sammitini keçirir, müxtəlif ölkələrin siyasi partiyaları arasında konsensusun formalaşmasına fəal kömək edir. ÇKP dünyanın 170-dən çox ölkəsindən 700-dən çox siyasi partiya və siyasi təşkilatla, o cümlədən Yeni Azərbaycan Partiyası ilə müntəzəm əlaqələr saxlayır, həmçinin partiyalararası kanallar vasitəsilə beyin mərkəzləri və kütləvi informasiya vasitələri arasında müvafiq əməkdaşlıq mexanizmləri yaradır. Bununla da siyasi partiyalar arasında qlobal tərəfdaşlıq münasibətləri şəbəkəsi fasiləsiz olaraq zənginləşir və təkmilləşir, dövlət idarəçiliyi təcrübəsinin mübadiləsi möhkəmlənir və dünyanın bütün ölkələrinin inkişafı və tərəqqisi birgə irəli aparılır.

Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi diqqəti və dəstəyi ilə ölkələrimizin hakim partiyaları arasındakı münasibətlər yüksək intensivliyi, səviyyələrin geniş əhatə dairəsi, məzmun dolğunluğu və formaların müxtəlifliyi ilə seçilir, Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verir. Cari ilin əvvəlindən ÇKP və YAP qarşılıqlı nümayəndə heyətləri mübadiləsini daha da fəallaşdırıb, təcrübə və fikir mübadiləsini möhkəmləndirib, kadr hazırlığı təşkil edib, iki partiyanın gənclər təşkilatları arasında institusional əsasda mübadilələr qurub, həmçinin “partiya plyus” platforması vasitəsilə iki ölkənin beyin mərkəzləri, KİV arasında əməkdaşlığın və humanitar mübadilələrinin inkişafına kömək ediblər. YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇKP MK-nın Beynəlxalq əlaqələr şöbəsinin müdirinin sıx əlaqələri dəstəkləməsi və qarşılıqlı səfərlər etməsi iki ölkə və iki partiya arasındakı münasibətlərin inkişafına güclü təkan verib.

Çin tərəfi iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının gələn il 35 ilinin tamam olmasından istifadə edərək, Azərbaycan tərəfi ilə birlikdə bütün sahələrdə əməkdaşlığın daha yüksək keyfiyyət səviyyəsinə çatmasına, daha geniş sahələrə yayılmasına və daha da dərinləşməsinə, eləcə də Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha böyük inkişafına nail olunmasına kömək etməyə hazırdır.