"Ulduz" jurnalının xüsusi buraxılışının təqdimatı keçirilib
Noyabrın 20-də Sumqayıt şəhərində yerləşən Əli Kərim adına Poeziya Evində "Ulduz" jurnalının böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib. Xüsusi buraxılış AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu,"Təhsil Nəşriyyat Poliqrafiya" MMC və jurnalın birgə layihəsidir.
Tədbirdə Filologiya üzrə elmlər doktoru, Milli Məclisin deputatı Elnarə Akimova, "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan, "Təhsil" nəşriyyatının direktoru Tural Axundov, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Prezidentin fərdi təqaüdçüsü, şair Ofeliya Babayeva, N.Gəncəvi adına Ədəbiyyat İnsititunun alimləri, "Ulduz" jurnalının kollektivi, SDU-nin müəllim və tələbələri, "Ulduz" jurnalının Rusiya təmsilçilərindən Günay Səma Şirvan və Estoniya təmsilçisi Xaqani Qayıblı iştirak ediblər. Tədbiri giriş sözü ilə açan İbrahim İlyaslı Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan xüsusi buraxılış haqda danışıb. Daha sonra "Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Prezident Sərəncamından irəli gələn və buraxılışın hazırlanmasından danışıb. Tədbirdə çıxış edən millət vəkili Elnarə Akimova, eləcə də, Azər Turan, Aygün Bağırlı, İmamverdi Həmidov, Elnarə Zeynalova, Fəridə Əzizova, Könül Hacıyeva, Vaqif Yusifli, Təranə Vahid və digərləri “Xaqan-- zaman, məkan, dövr”, “Xaqani və müasirlərimiz”, “Xaqaninin tədqiqi” vəə s. kimi mövzulara toxunublar. Tədbirin bədii hissəsində incəsənət nümayəndələrinin və qiraətçilərin ifaları maraqla dinlənilib.