Bəzi şəhərlər var ki, insan onları sadəcə sevir, bəzi şəhərlər isə insanın həyatının, taleyinin, xatirələrinin ayrılmaz hissəsinə çevrilir. Mənim üçün Ağdam məhz belə bir şəhərdir. Ağdam mənim doğulduğum, dünyaya göz açdığım, uşaqlığımın ən gözəl illərini yaşadığım, həyatımın ilk addımlarını atdığım doğma ata yurdumdur. Mənim üçün Ağdam coğrafi məkan deyil, bir ömürlük xatirə, mənəvi bağlılıq, uşaqlıq həsrəti və heç vaxt bitməyən bir sevgidir.
Bu şəhərlə bağlı xatirələrimin hər biri mənim üçün əzizdir. Ağdamın küçələri, məhəllələri, həyətləri, insanları, qonşuluq münasibətləri, uşaqlıq dostlarım, ailəmin doğma ocağı bu gün də yaddaşımda yaşayır. Bəzən düşünürəm ki, insanın uşaqlığı harada keçibsə, onun qəlbinin bir parçası da həmişə orada qalır. Mənim qəlbimin bir parçası isə Ağdamda, doğulduğum evdə, uşaqlıq illərimin keçdiyi küçələrdə qalıb.
Hələ də xatırlayıram, birinci sinfə getdiyim günü... Təhsil həyatımın ilk səhifəsi 1 nömrəli Ağdam şəhər tam orta məktəbində açılıb. İlk dəfə məktəb çantası götürməyim, məktəbin qapısından içəri daxil olmağım, sinif otağında əyləşməyim, müəllimimin səsini eşitməyim, ilk hərfləri öyrənməyim yaddaşımdan heç vaxt silinməyən xatirələrdir. O illərdə bəlkə də anlamırdım ki, insanın həyatında məktəbin, müəllimin, sinif yoldaşlarının və doğma şəhərin nə qədər böyük mənəvi əhəmiyyəti var. İndi isə illər keçdikdən sonra həmin günlərin, həmin anların necə qiymətli olduğunu daha dərindən dərk edirəm.
Bu gün Ağdam haqqında danışarkən gözümün önündə təkcə şəhərin küçələri deyil, həm də uşaqlığımın mənzərələri canlanır. Bir zamanlar qaçıb-oynadığımız həyətlər, dostlarımızla görüşdüyümüz küçələr, doğmalarımızla bölüşdüyümüz sevincli günlər, ailə süfrəmizin ətrafında yaşanan xoş anlar... Bunlar insanın yaddaşından heç vaxt silinmir. İllər ötür, insan böyüyür, həyatın müxtəlif sınaqlarından keçir, amma uşaqlıq xatirələri heç vaxt qocalmır.
Təəssüf ki, həyatın elə bir dövrü yaşandı ki, mənim kimi minlərlə Ağdam sakini doğma şəhərindən, ata-baba ocağından, uşaqlıq xatirələrindən ayrı düşdü. İnsan öz doğma evindən uzaqda yaşaya bilər, başqa şəhərdə həyatını davam etdirə bilər, ailə qura, övlad böyüdə bilər. Ancaq doğulduğu torpağa bağlılığını, orada keçirdiyi günləri, uşaqlıq xatirələrini özündən uzaqlaşdıra bilməz. Çünki Vətən sevgisi insanın yaddaşında deyil, həm də qəlbində yaşayır.
Ağdamın işğal altında olduğu illər mənim üçün də doğma şəhərimin həsrəti ilə keçən illər idi. Bəzən insanın bir küçə, bir həyət, bir məktəb üçün bu qədər darıxa biləcəyini yalnız həmin hissləri yaşayanlar anlaya bilər. Doğulduğun şəhərin adını çəkəndə kövrəlmək, onun haqqında danışanda uşaqlıq illərinə qayıtmaq, bir zamanlar addımladığın küçələri xəyalında canlandırmaq tamam başqa bir duyğudur.
Bu gün Ağdamın azadlığı haqqında danışarkən həmin uzun illərin həsrətini, ayrılığın ağrısını və yenidən qovuşmağın sevincini birlikdə xatırlayıram. 20 Noyabr 2020-ci il Azərbaycan tarixində Ağdamın azad edilməsi ilə əlamətdar bir gün kimi yaddaşımıza həkk olundu. Bu tarix təkcə bir şəhərin işğaldan azad olunması deyil, həm də illərlə doğma yurdunun yolunu gözləyən insanların qəlbində ümidlərin yenidən canlanması demək idi.
Ağdamın azadlığı dövlətimizin qətiyyətli siyasətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birliyinin və illərlə davam edən mübarizənin tarixi nəticələrindən biridir. Bu hadisə bir daha göstərdi ki, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi Azərbaycan xalqı üçün sadəcə siyasi məsələ deyil, milli yaddaşın, tarixi ədalətin və gələcək nəsillər qarşısında məsuliyyətin ifadəsidir.
Bu gün Möhtərəm Prezident Cənab İlham Əliyevin rəhbərliyi ilə Ağdamda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərini izləyərkən doğma şəhərimin gələcəyinə böyük ümidlə baxıram. Yeni yolların çəkilməsi, yaşayış məhəllələrinin salınması, məktəblərin, sosial obyektlərin, mədəniyyət və ictimai infrastrukturun yaradılması Ağdamın yenidən həyata qayıdışının göstəricisidir. Mənim üçün bu quruculuq işlərinin hər biri xüsusi məna daşıyır. Çünki söhbət sadəcə yeni binalardan və küçələrdən deyil, mənim doğulduğum şəhərin yenidən canlanmasından gedir.
Ən böyük arzularımdan biri isə öz övladlarımla bağlıdır. Bu gün üç övladım var və mən onların da bir gün doğma Ağdamımızda yaşamasını, bu şəhərin gözəlliyini, tarixini və mənəvi dəyərlərini yaxından tanımasını ürəkdən arzulayıram. Xüsusilə istəyirəm ki, vaxtilə mənim ilk təhsil aldığım 1 nömrəli Ağdam şəhər tam orta məktəbində övladlarım da təhsil alsınlar.
Təsəvvür edirəm ki, bir gün övladlarımın əlindən tutaraq həmin məktəbin qapısından içəri daxil olacağam. Onlara öz uşaqlığımdan danışacağam, vaxtilə hansı sinifdə oxuduğumu, hansı müəllimlərdən dərs aldığımı, məktəb illərində hansı xatirələri yaşadığımı söyləyəcəyəm. Bəlkə də həmin məktəbin dəhlizlərində dayanıb öz uşaqlığımı yenidən xatırlayacağam. O zaman mənim üçün ən böyük xoşbəxtlik öz övladlarımın vaxtilə mənim keçdiyim təhsil yolundan keçməsini görmək olacaq.
İstəyirəm ki, övladlarım da Ağdamın küçələrində böyüsünlər, məktəbdən evə qayıdarkən doğma şəhərin küçələrindən keçsinlər, dostlar qazansınlar, uşaqlıq xatirələri yaratsınlar. Onlar da bir gün öz övladlarına Ağdam haqqında danışsınlar. Mənim onlara danışdığım xatirələri öz həyat təcrübələri ilə zənginləşdirsinlər. Çünki doğma torpağa bağlılıq yalnız sözlə deyil, həmin torpaqda yaşamaqla, onu tanımaqla, qorumaqla və gələcək nəsillərə sevdirməklə formalaşır.
Digər bir böyük arzum isə illərdir dost-tanışlarımı, yaxınlarımı, doğmalarımı Ağdamda qonaq etməkdir. İstəyirəm ki, bir gün dostlarımla birlikdə doğma şəhərimin küçələrini gəzək, onları uşaqlığımın keçdiyi yerlərə aparım, vaxtilə yaşadığım evin, oxuduğum məktəbin, xatirələrimdə yaşayan məkanların qarşısında dayanıb keçmişdən danışım.
İstəyirəm ki, dostlarımı doğma ata yurdumda özüm qarşılayım, öz evimdə süfrə açım, Ağdamın qonaqpərvərliyini onlarla bölüşüm. Birlikdə çay içək, söhbət edək, köhnə günləri yada salaq. Onlara deyim ki, bax, mənim uşaqlığım bu küçələrdə keçib, mən bu məktəbdə oxumuşam, bu torpaqda doğulmuşam. İstəyirəm ki, dostlarım Ağdamın yalnız tarixini deyil, mənim həyatımda tutduğu yeri də hiss etsinlər.
Mənim üçün əsl qayıdışın mənası da elə budur: doğma evin qapısını açmaq, ailə üzvlərini həmin evdə bir araya gətirmək, övladlarının doğma torpaqda böyüməsini görmək, dostlarını ata yurdunda qonaq etmək və illərlə ürəyində yaşatdığın arzuları gerçəkləşdirmək.
Böyük Qayıdış mənim düşüncəmdə yalnız insanların öz doğma yurdlarına köçürülməsi ilə məhdudlaşmır. Böyük Qayıdış həm də həyatın, ənənələrin, mədəniyyətin, ailə dəyərlərinin, məktəb zənglərinin, uşaq səslərinin, qonşuluq münasibətlərinin və doğmalığın həmin torpaqlara qayıtmasıdır. Bir şəhərin həqiqətən dirçəlməsi onun küçələrində insanların yaşaması, məktəblərində uşaqların təhsil alması, həyətlərində ailələrin toplaşması, evlərində işıqların yanması ilə ölçülür.
Düşünürəm ki, bizim nəslin üzərinə düşən mühüm vəzifələrdən biri də doğma torpaqlarımızın tarixini, yaşadığımız çətinlikləri və qayıdış sevincini gələcək nəsillərə çatdırmaqdır. Övladlarımız bilməlidirlər ki, Ağdam sadəcə xəritədə bir şəhər adı deyil. Ağdam tarixdir, mədəniyyətdir, milli yaddaşdır, doğmalıqdır. Bu torpağın hər qarışının öz hekayəsi, hər küçəsinin öz xatirəsi var.
Bu gün Ağdamın yenidən qurulmasını görmək, onun gələcəyinə dair planları izləmək hər bir ağdamlı kimi məndə də böyük sevinc və qürur hissi yaradır. Arzum budur ki, Ağdam yenidən Azərbaycanın ən gözəl, abad, müasir və canlı şəhərlərindən birinə çevrilsin. Ağdamda doğulan uşaqlar doğma şəhərlərini tərk etmək məcburiyyətində qalmasınlar, öz gələcəklərini məhz burada qursunlar. Bir zamanlar ayrılıq yaşayan ailələr bu torpaqda yenidən bir araya gəlsinlər.
Mən Ağdamı yalnız keçmişimlə deyil, gələcəyimlə də bağlayıram. Çünki mənim üçün doğma şəhərimdə hələ yaşanacaq çoxlu gözəl günlər, həyata keçiriləcək arzular və bölüşüləcək xatirələr var.
Bəlkə də insanın həyatda ən böyük xoşbəxtliyi doğulduğu torpağa qayıdıb orada qocalmaq, övladlarının həmin torpaqda böyüməsini, nəvələrinin isə o torpağın küçələrində qaçıb-oynamasını görməkdir. Mənim də Ağdamla bağlı ən böyük arzum məhz budur.
20 noyabr Ağdam şəhəri günü münasibətilə doğma şəhərimdə dünyaya göz açmış, bu torpağın havasını udmuş, uşaqlığını burada yaşamış və qəlbində Ağdam sevgisi daşıyan bütün ağdamlıları ürəkdən təbrik edirəm.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Doğma torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim ehtiramla yaşadılacaq. Qazilərimizə möhkəm cansağlığı arzulayıram.
Doğma Ağdam, sən mənim dünənim, bu günüm və sabahımsan! Sən mənim doğulduğum şəhər, uşaqlığımın ünvanı, qəlbimin ən əziz guşəsi və övladlarıma miras qoymaq istədiyim ən böyük mənəvi dəyərsən.
Yaxın günlərdə inşallah doğma küçələrində övladlarımla addımlamaq, dostlarımı ata yurdumda qarşılamaq və doğma ocağımda süfrə açmaq arzusu ilə...
Kamran Quliyev
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA) üzrə ərazi partiya təşkilatının sədr müavini