Azərbaycan–Vyetnam münasibətləri: tarixi dostluqdan yeni əməkdaşlıq perspektivlərinə

Azərbaycan–Vyetnam münasibətləri: tarixi dostluqdan yeni əməkdaşlıq perspektivlərinə

Azərbaycanın xarici siyasətində qarşılıqlı hörmətə, etibarlı tərəfdaşlığa və milli maraqların uzlaşdırılmasına əsaslanan münasibətlərin inkişafı mühüm yer tutur. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycanın beynəlxalq əməkdaşlıq strategiyasının əsas istiqamətlərini, Vyetnamla münasibətlərin mövcud səviyyəsini və gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoyur.

Dövlət başçısının müsahibəsində Azərbaycan-Vyetnam əlaqələrinin tarixi köklərinə xüsusi diqqət yetirilməsi iki ölkə arasındakı dostluğun möhkəm təməl üzərində qurulduğunu göstərir. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Ulu Öndər Heydər Əliyevin Vyetnama səfəri bu münasibətlərin formalaşmasında mühüm mərhələlər olub. Bu tarixi bağlar sonrakı illərdə qarşılıqlı siyasi iradə və əməkdaşlıq maraqları ilə daha da möhkəmlənərək dövlətlərarası münasibətlərin inkişafına zəmin yaradıb.

Azərbaycan-Vyetnam münasibətlərinin müasir mərhələsi siyasi dialoqun intensivliyi, qarşılıqlı etimad və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi ilə səciyyələnir. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi əlaqələrin yeni inkişaf mərhələsinə yüksəlməsinin göstəricisidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, iki ölkə arasında əməkdaşlıq beynəlxalq platformalarda da uğurla davam edir. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində Vyetnamın nümayiş etdirdiyi prinsipial mövqe də münasibətlərdə qarşılıqlı etimadın əhəmiyyətini artırır.

Müsahibədə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi xüsusi yer tutur. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötəməsi müsbət dinamikanın göstəricisidir. Bununla belə, mövcud rəqəmlər əməkdaşlığın real imkanlarını tam əks etdirmir. Energetika, neft-qaz sənayesi, kənd təsərrüfatı, infrastruktur, tikinti, bərpaolunan enerji və nəqliyyat-logistika sahələri qarşılıqlı investisiyalar və birgə layihələr üçün geniş perspektivlər açır. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və tranzit imkanları Vyetnamın Avropa bazarlarına çıxışında mühüm rol oynaya bilər. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları bu baxımdan yeni əməkdaşlıq imkanlarının reallaşdırılması üçün əhəmiyyətli platformadır.

Azərbaycan-Vyetnam münasibətlərinin mühüm istiqamətlərindən biri də humanitar, təhsil və mədəni əlaqələrdir. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi layihələr, təhsil təşəbbüsləri, mədəni tədbirlər və humanitar dəstək xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət edir. Vaxtilə Azərbaycanda təhsil almış minlərlə vyetnamlı mütəxəssisin öz ölkəsinin inkişafına töhfə verməsi də bu əlaqələrin uzunmüddətli və səmərəli xarakter daşıdığını təsdiqləyir. Mədəniyyət və təhsil sahəsində əməkdaşlıq dövlətlərarası münasibətləri yalnız siyasi və iqtisadi çərçivədə deyil, həm də xalqların bir-birini daha yaxından tanıması müstəvisində inkişaf etdirir.

Prezident İlham Əliyevin müsahibəsi bir daha göstərir ki, Azərbaycan xarici siyasətində dost ölkələrlə münasibətlərin dərinləşdirilməsinə, yeni iqtisadi tərəfdaşlıqların qurulmasına və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verir. Vyetnamla əlaqələrin inkişafı bu strategiyanın mühüm istiqamətlərindən biridir. Tarixi dostluq, qarşılıqlı siyasi dəstək və geniş iqtisadi potensial Azərbaycan-Vyetnam tərəfdaşlığının gələcəkdə daha konkret layihələrlə zənginləşəcəyinə, hər iki ölkənin inkişafına və xalqların rifahına xidmət edəcəyinə əsaslı inam yaradır.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri