Kəlbəcər Azərbaycan xalqının tarixində, milli yaddaşında və mənəvi dünyasında xüsusi yeri olan qədim yurd yerlərimizdən biridir. Möhtəşəm təbiəti, zəngin tarixi, mədəni irsi, saf bulaqları və əsrarəngiz gözəllikləri ilə seçilən bu diyar hər zaman xalqımızın qürur mənbəyi olub. Kəlbəcər Şəhəri Günü yalnız bir şəhərin azad olunmasını xatırladan tarix deyil, həm də uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların ümidlərinin gerçəkləşməsini, tarixi ədalətin bərpasını və Azərbaycan dövlətinin qüdrətini ifadə edən əlamətdar gündür. Uzun illər Kəlbəcər sakinləri öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadılar. Bu həsrət təkcə bir bölgənin insanlarının deyil, bütövlükdə Azərbaycan xalqının ürəyində yaşatdığı ağrı idi. 1993-cü ildə Kəlbəcərin işğal olunması nəticəsində minlərlə insan doğma evindən, torpağından didərgin düşdü. Lakin xalqımız heç vaxt bu torpaqlara olan bağlılığını itirmədi, Kəlbəcərin bir gün yenidən Azərbaycana qovuşacağına inamını qoruyub saxladı.
Kəlbəcərin tarixi taleyindən danışarkən Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasəti xüsusi qeyd etmək lazımdır. Ulu Öndər ölkəmizin ağır sınaqlarla üzləşdiyi dövrdə xalqın birliyini təmin etdi, dövlətimizin gələcək inkişafının möhkəm təməlini yaratdı. Onun müəyyən etdiyi siyasi kurs Azərbaycanın müstəqil dövlət kimi güclənməsində, milli maraqların qorunmasında mühüm əhəmiyyət daşıdı. Bu gün həmin siyasi irs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezidentin qətiyyətli rəhbərliyi, uzaqgörən siyasəti və Azərbaycan Ordusunun gücü nəticəsində ölkəmiz öz tarixi torpaqlarına qovuşmaq məqsədinə nail oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibədə qazanılan tarixi Zəfərdən sonra 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edildi. Bu hadisə xalqımızın çoxəsrlik tarixində mühüm yer tutan, yaddaşlarda daim yaşayacaq böyük qələbələrdən biridir.
Kəlbəcərin azad olunması sadəcə hərbi və siyasi uğur deyildi. Bu, illərlə doğma yurd həsrəti çəkən insanların qəlbindəki nisgilin sona çatması, ata-baba torpaqlarımıza yenidən sahib çıxmağımız demək idi. Bu tarixi Zəfərin əldə olunmasında Azərbaycan şəhidlərinin misilsiz qəhrəmanlığı və fədakarlığı dayanır. Vətənimizin azadlığı uğrunda canından keçən igid oğullarımızın hər biri xalqımızın qəlbində əbədi yaşayacaq. Şəhidlərimizin qanı ilə yazılan bu Zəfər heç vaxt unudulmayacaq, onların əziz xatirəsi daim ehtiramla yad ediləcək. Müharibədə sağlamlığını itirən, ağır sınaqlardan keçərək Vətənə sədaqət nümunəsi göstərən qazilərimiz də xüsusi hörmətə və diqqətə layiqdirlər. Onların qəhrəmanlığı, döyüş ruhu və Vətən sevgisi gələcək nəsillər üçün əsl örnəkdir. Azərbaycan xalqı şəhid ailələrinə və qazilərimizə hər zaman böyük ehtiram göstərir. Çünki bu gün azad və suveren Azərbaycanda yaşamağımız, üçrəngli bayrağımızın bütün ərazilərimizdə dalğalanması məhz onların fədakarlığının nəticəsidir.Bu gün Kəlbəcərdə tamamilə yeni həyatın təməli qoyulur.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bölgədə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Müasir yollar çəkilir, körpülər salınır, elektrik, su və digər kommunikasiya xətləri yenilənir, yaşayış məntəqələri yenidən qurulur. Kəlbəcərin iqtisadi potensialının üzə çıxarılması, turizm imkanlarının inkişaf etdirilməsi, təbii sərvətlərindən səmərəli istifadə olunması istiqamətində mühüm addımlar atılır. Xüsusilə şəhərin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması onun gələcək inkişafı üçün geniş imkanlar yaradır. Kəlbəcərin təbii gözəllikləri, mineral su ehtiyatları, tarixi abidələri və zəngin turizm potensialı bu diyarı gələcəkdə ölkəmizin ən cəlbedici bölgələrindən birinə çevirəcək. Ən mühüm məqam isə uzun illər doğma yurdlarından uzaqda yaşayan kəlbəcərlilərin öz torpaqlarına qayıtması və burada yeni həyat qurmasıdır. Bu qayıdış həm də milli yaddaşımızın, tarixi köklərimizin və mənəvi dəyərlərimizin bərpasıdır.Azərbaycan xalqı bir daha sübut etdi ki, milli birlik, güclü dövlətçilik və qətiyyətli rəhbərlik qarşıya qoyulan ən böyük məqsədlərə çatmağın əsas şərtləridir. Kəlbəcərin bugünkü mənzərəsi məhz bu birliyin və iradənin nəticəsidir. Vaxtilə işğalın ağır izlərini daşıyan bu torpaqlarda indi quruculuq işləri aparılır, yeni yollar salınır, gələcəyə hesablanmış layihələr həyata keçirilir. Kəlbəcər artıq yalnız keçmişin xatirələri ilə deyil, həm də gələcəyin böyük inkişaf perspektivləri ilə yaşayır. Bu şəhərin hər bir küçəsi, hər bir yaşayış məntəqəsi xalqımızın qayıdış əzmini və dövlətimizin gücünü əks etdirir. Kəlbəcərin dirçəlişi Azərbaycanın ümumi inkişafının, ərazi bütövlüyünün bərpasından sonra qarşıya qoyduğu yeni hədəflərin mühüm tərkib hissəsidir.
Kəlbəcər Şəhəri Günü münasibətilə bütün kəlbəcərliləri və xalqımızı ürəkdən təbrik edirik. Bu əlamətdar tarix bizə bir daha xatırladır ki, Vətən sevgisi, doğma torpağa bağlılıq və milli iradə heç bir zaman məğlub edilə bilməz. Kəlbəcərin azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə dərin ehtiramımızı bildiririk. Əminik ki, Kəlbəcər bundan sonra daha da inkişaf edəcək, öz tarixi gözəlliyini qorumaqla müasir Azərbaycanın parlaq şəhərlərindən birinə çevriləcək. Bu gün Kəlbəcər azadlığın, qürurun, qayıdışın və yenidən doğuluşun ünvanıdır. Bu torpaqda dalğalanan Azərbaycan bayrağı xalqımızın əbədi qələbəsinin və müstəqil dövlətimizin sarsılmazlığının rəmzidir.
Qənaət Əsgərov
YAP Kəlbəcər rayon təşkilatının sədr müavini