Bakı-Hanoy strateji tərəfdaşlığı dinamik şəkildə inkişaf edir

Bakı-Hanoy strateji tərəfdaşlığı dinamik şəkildə inkişaf edir

Bakı ilə Hanoy arasındakı diplomatik və dostluq münasibətləri təxminən 70 illik zəngin bir tarixə və sarsılmaz təməllərə söykənir. Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə 19-21 noyabr 2026-cı il tarixlərində bu ölkəyə gerçəkləşdirdiyi rəsmi səfərdən gözləntiləri ifadə etməklə yanaşı, ikitərəfli əlaqələrin tarixi inkişaf yolunun geniş ictimaiyyətə təqdimatında mühüm rol oynadı. Bu dostluğun bünövrəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya tarixi səfəri ilə qoyulmuş, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri ilə əməkdaşlıqda əsl sıçrayışa nail olunmuşdur. Müsahibədə vurğulanan məqamlar göstərir ki, bu tarixi irs üzərində qurulan müasir Bakı-Hanoy dialoqu qarşılıqlı etimada əsaslanır. Prezident İlham Əliyevin sözügedən səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın dərinləşdirilməsinə, eləcə də iqtisadi-ticari, enerji, nəqliyyat-logistika və humanitar sahələrdə yeni əməkdaşlıq üfüqlərinin açılmasına xidmət edir.

Dövlətimizin başçısı İlham Əliyev müsahibəsində bildirdi ki, möhkəm, zamanın sınaqlarından çıxmış dostluğa əsaslanaraq, biz əlaqələrin gücləndirilməsini və qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsini ardıcıl şəkildə davam etdirdik. 2014-cü ildə Vyetnama ilk dövlət səfərim baş tutdu, artıq 2015-ci ilin mayında isə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanq Azərbaycana cavab səfəri etdi. Keçən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi cənab To Lamın Azərbaycana ilk dövlət səfəri dövlətlərarası münasibətlərimizdə yeni fəsil açdı. Aparılan konstruktiv danışıqlar energetika və investisiyalardan müdafiə və kibertəhlükəsizliyə qədər istiqamətlərin geniş spektrini əhatə etdi. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın -Azərbaycan-Vyetnam əlaqələrini keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənədin qəbul edilməsi məntiqi nəticə oldu. Bu səfər tərəfdaşlığın dərinləşdirilməsi və onun praktiki məzmunla zənginləşdirilməsi üzrə qarşılıqlı marağı bir daha nümayiş etdirdi.

Dövlət başçılarının siyasi təmasları ilə paralel olaraq, hökumətlərarası komissiyalar, müvafiq dövlət qurumları və parlamentlərarası dostluq qrupları xətti ilə də səmərəli dialoq aparılır. Bundan əlavə, iki ölkənin hakim partiyaları - Yeni Azərbaycan Partiyası və Vyetnam Kommunist Partiyası arasında sıx əməkdaşlıq inkişaf edir. İkitərəfli dialoqla yanaşı, BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (AQEM) və digər beynəlxalq platformalar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bütün bunlar Bakı ilə Hanoy arasında çoxillik siyasi dialoqun bərabərhüquqluluq və qarşılıqlı maraqlar əsasında dayanıqlı şəkildə dərinləşməsini göstərir.

Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amil əsas rol oynayır. Siyasi münasibətlərin yüksək səviyyəsi iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün münbit zəmin yaradıb. İqtisadi tərəfdaşlığın əsas dayaqlarını sənaye, xidmət, energetika, yaşıl enerji və tranzit-logistika istiqamətləri təşkil edir, Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına marağı isə getdikcə artır. Dövlət başçısı İlham Əliyevin səfər çərçivəsində Vyetnam Prezidenti To Lam ilə keçirdiyi görüşdə də ikitərəfli imkanlara xüsusi diqqət yönəldildi. Görüş zamanı neft-qaz və enerji təhlükəsizliyi, bərpaolunan enerji, investisiyalar, turizm, müdafiə sənayesi, nəqliyyat-logistika, aviasiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Bu çərçivədə əsas istiqamətlər ön plana çıxarıldı.

Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı bütün sahələrdə uğurla inkişaf edir. Qarşıdakı dövrdə əsas hədəf yüksəksəviyyəli siyasi dialoqun yaratdığı əlverişli mühitdən istifadə edərək ticarət dövriyyəsini şaxələndirmək, Orta Dəhliz üzərindən yük axınını artırmaq və yaşıl enerji layihələrini praktik müstəviyə keçirməkdir.

 

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri