Azərbaycan ilə Vyetnam arasında dostluq və qarşılıqlı hörmət ənənələri təxminən yetmiş illik tarixi yola əsaslanır. Bu uzunmüddətli əlaqələr müxtəlif tarixi mərhələlərdən keçərək siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar bağlar baxımından möhkəm zəmin yaradıb. Bu gün isə həmin zəmin üzərində formalaşan əməkdaşlıq yeni strateji məzmun qazanır. Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əlaqələrimizi keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənəd oldu. İki ölkə arasında münasibətlərin tarixi kökləri keçmişin mühüm səhifələrinə dayanır. 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya səfəri və 1983-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Vyetnama səkkizgünlük səfəri dostluq və əməkdaşlıq ənənələrinin möhkəmlənməsində mühüm rol oynayıb. Müstəqillik dövründə bu əlaqələr yeni məzmunla davam etdirilib — 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama ilk dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidenti Çыonq Tan Sanqın Azərbaycana rəsmi səfəri və 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri münasibətlərin dərinləşməsində əlamətdar mərhələlər olub. Məhz 2025-ci ilin mayında qəbul edilmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətləri yeni siyasi müstəviyə çıxararaq tərəflərin qarşılıqlı maraqlar əsasında əməkdaşlığı genişləndirmək iradəsini təsdiqləyib. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnama rəsmi səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibədə də bu sənədin əhəmiyyəti, yüksək səviyyəli siyasi dialoqun davamlılığı və əməkdaşlığın geniş spektri xüsusi vurğulanıb.
Azərbaycan–Vyetnam əlaqələrinin dayanıqlığı təkcə ali səviyyəli görüşlərlə deyil, həm də institusional mexanizmlərlə dəstəklənir. İkitərəfli müstəvidə hökumətlərarası komissiyanın fəaliyyəti, müvafiq nazirlik və qurumların təmasları, parlamentlərarası dostluq qrupları, eləcə də Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq dialoqun praktik məzmununu zənginləşdirir.
Eyni zamanda, Bakı və Hanoy beynəlxalq və regional təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq edir. Birləşmiş Millətlər Təşkilatı (BMT), Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi (AQTİM) kimi platformalarda qarşılıqlı dəstək və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət iki ölkənin çoxtərəfli əməkdaşlığının əsas sütunlarından biridir.
Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin praktiki dəyəri siyasi iradəni real iqtisadi və sahəvi layihələrə yönəltməsindədir. İki ölkə arasında ticarət dövriyyəsinin artması — o cümlədən 2025-ci ildə 150 milyon ABŞ dollarını ötməsi — iqtisadi əlaqələrin genişləndiyini göstərir, bununla belə mövcud potensial daha böyük hədəflərə çatmağa imkan verir.
Tranzit və logistika sahəsində də nəzərəçarpan irəliləyiş müşahidə olunur: 2026-cı ilin yanvar–sentyabr aylarında tranzit daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 000 tondan çox olub. Bununla yanaşı, Vyetnam şirkətlərinin Azərbaycandakı fəaliyyəti genişlənir. Xüsusilə 2026-cı ilin sentyabrında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ROX Group ilə tikinti, infrastruktur, həmçinin günəş və külək enerjisi kimi bərpaolunan enerji sahələrində imzalanmış sazişlər gələcəyə yönəlmiş əməkdaşlığın aydın göstəricisidir. Energetika, investisiya, müdafiə və kibertəhlükəsizlik istiqamətlərində qarşılıqlı araqların uzlaşdırılması münasibətlərin uzunmüddətli perspektivini daha da möhkəmləndirir.
Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan və Vyetnam arasında münasibətlərin tarixi dostluqdan daha dərin, çoxşaxəli və nəticəyönümlü tərəfdaşlığa keçidini əks etdirən mühüm sənəddir. Qarşılıqlı hörmət, bərabərhüquqlu dialoq və ortaq maraqlara söykənən bu əməkdaşlıq yaxın illərdə həm ikitərəfli iqtisadi-ticari və enerji layihələrinin genişlənməsinə, həm də regional səviyyədə yeni əməkdaşlıq imkanlarının açılmasına töhfə verəcək.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri