Müasir Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatması mürəkkəb tarixi və siyasi proseslərin nəticəsidir. Dövlət müstəqilliyinin ilk illərində ölkənin üzləşdiyi çətinliklər göstərdi ki, milli maraqların qorunması, sabitliyin təmin edilməsi və gələcək inkişafın düzgün istiqamətləndirilməsi üçün güclü siyasi liderlik və xalq birliyi əsas şərtlərdəndir. Müstəqilliyin ilk illərində Azərbaycanda siyasi böhran, idarəetmədə zəiflik, iqtisadi çətinliklər və hərbi sahədəki problemlər dövlətçiliyin gələcəyini ciddi təhlükə altına almışdı. Belə bir mürəkkəb şəraitdə 91 nəfər tanınmış ziyalı və ictimai xadimin Ulu Öndər Heydər Əliyevə müraciət etməsi ölkənin siyasi həyatında mühüm hadisəyə çevrildi. Həmin müraciət xalqın güclü rəhbərliyə, milli həmrəyliyə və dövlət müstəqilliyinin qorunmasına olan ehtiyacını ifadə edirdi. Heydər Əliyevin bu çağırışa müsbət münasibəti Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanmasına və Yeni Azərbaycan Partiyasının yaradılması üçün zəmin formalaşmasına səbəb oldu.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması ölkənin siyasi tarixində əlamətdar hadisə kimi yadda qaldı. Partiyanın əsas məqsədi müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi, siyasi sabitliyin təmin olunması və Azərbaycanın inkişafına xidmət etmək idi. Yarandığı gündən təşkilat xalqın iradəsinə, milli dəyərlərə və dövlətçilik prinsiplərinə əsaslanan siyasi qüvvə kimi formalaşdı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkənin gələcək taleyində həlledici rol oynadı. Onun rəhbərliyi ilə Azərbaycanda sabitlik bərpa edildi, dövlət idarəçiliyi möhkəmləndirildi və iqtisadi inkişafın əsasları yaradıldı. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi strategiya müasir Azərbaycan dövlətçiliyinin əsasına çevrildi. Dövlət müstəqilliyinin qorunması, güclü ordu quruculuğu, müstəqil xarici siyasət, milli həmrəylik və sosial-iqtisadi tərəqqi bu strategiyanın başlıca istiqamətlərini təşkil edirdi.
2003-cü ildə İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə həmin siyasi kurs yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət idarəçiliyində müasir yanaşmaların tətbiqi, iqtisadi islahatların genişləndirilməsi və beynəlxalq əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atıldı. İlham Əliyevin 1999-cu ildə Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildə birinci müavini, 2005-ci ildə isə partiyanın Sədri seçilməsi təşkilatın inkişafında da mühüm mərhələ oldu. Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində səsləndirdiyi fikirlər siyasi varisliyin əhəmiyyətini bir daha təsdiqləyirdi. O, İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının xalqın birliyinə və dövlətin inkişafına xidmət edəcəyinə əminliyini ifadə etmişdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan iqtisadi, siyasi və hərbi baxımdan əhəmiyyətli uğurlar əldə edib. Ordu quruculuğu gücləndirilib, iqtisadiyyat modernləşdirilib, sosial proqramlar genişləndirilib və ölkənin beynəlxalq mövqeyi möhkəmləndirilib. Bu inkişafın ən mühüm nəticəsi Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbə xalqımızın birliyini, Azərbaycan Ordusunun gücünü və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini nümayiş etdirdi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin olundu. Xankəndidə və digər ərazilərimizdə Azərbaycan bayrağının ucaldılması dövlətçilik tariximizin mühüm rəmzi hadisəsinə çevrildi.
Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Böyük Qayıdış proqramının həyata keçirilməsi, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yenilənməsi və iqtisadi imkanların genişləndirilməsi Azərbaycanın inkişaf tarixində yeni səhifə açır. Bu layihələr dövlətimizin gücünü və gələcəyə hesablanmış strateji məqsədlərini əks etdirir. Bu gün 760 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası ölkənin siyasi sistemində aparıcı mövqeyə malikdir. Müxtəlif sosial təbəqələrin, xüsusilə gənclərin partiyada təmsil olunması təşkilatın ictimai dayaqlarını daha da genişləndirir. Partiya dövlətçilik ənənələrinin qorunması, milli maraqların müdafiəsi və ölkənin inkişaf strategiyasının dəstəklənməsi istiqamətində fəaliyyət göstərir.
Yeni Azərbaycan Partiyasının fəaliyyətində seçkilər də mühüm yer tutur. Yarandığı gündən prezident, parlament və bələdiyyə seçkilərində iştirak edən təşkilat siyasi proseslərdə fəallığı ilə seçilib. Seçki fəaliyyəti partiyanın cəmiyyətlə əlaqələrinin, təşkilati imkanlarının və ictimai dəstəyinin əsas göstəricilərindəndir.
Partiyanın inkişafında qurultaylar xüsusi əhəmiyyət daşıyır. 2021-ci il martın 5-də keçirilən VII Qurultay təşkilatın fəaliyyətində yeni mərhələnin başlanğıcı oldu. Qurultayda qəbul edilən qərarlar partiyanın strukturunun yenilənməsinə, idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə və yeni siyasi şəraitə uyğun fəaliyyətinin təşkilinə xidmət etdi. 2026-cı il oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən VIII Qurultay da partiyanın siyasi və təşkilati inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilir. Toplantıda Prezident və Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkənin yeni tarixi reallıqları fonunda qarşıda duran vəzifələrə toxunub. Çıxışda milli təhlükəsizliyin gücləndirilməsi, hərbi qüdrətin artırılması, Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin davam etdirilməsi, iqtisadi inkişaf və sosial rifah məsələləri diqqət mərkəzində olub. Eyni zamanda, ideoloji təhlükəsizlik, informasiya məkanının qorunması, Azərbaycan həqiqətlərinin təbliği və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi mühüm prioritetlər kimi qeyd edilib.
Yeni Azərbaycan Partiyasının 34 illik fəaliyyəti Azərbaycanın müstəqillik tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. Bu müddət ərzində ölkəmiz siyasi sabitliyini möhkəmləndirib, iqtisadi potensialını artırıb, beynəlxalq nüfuzunu yüksəldib və ərazi bütövlüyünü bərpa edib. Bütün bu nailiyyətlər milli maraqlara əsaslanan siyasətin və ardıcıl dövlət idarəçiliyinin nəticəsidir. Bu gün Yeni Azərbaycan Partiyası zəngin siyasi təcrübəsi, geniş təşkilati imkanları və ideoloji prinsipləri ilə ölkənin strateji inkişaf hədəflərinin reallaşdırılmasına töhfə verməkdə davam edir. Partiyanın keçdiyi 34 illik yol Heydər Əliyevin dövlətçilik irsinin, Prezident İlham Əliyevin siyasi rəhbərliyinin və Azərbaycan xalqının milli birliyinin mühüm təzahürüdür. Bu tarixi təcrübə ölkəmizin gələcək inkişafı üçün də etibarlı siyasi və ideoloji əsas rolunu oynayır.
Rail Tağızadə
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini