Milli Dövlətçilik İdeologiyasının Sarsılmaz Dayağı

Milli Dövlətçilik İdeologiyasının Sarsılmaz Dayağı

 

Azərbaycan Respublikasının müstəqillik və müasir dövlətçilik tarixində 1992-ci il noyabrın 21-i xalqımızın siyasi həyatında yeni bir mərhələnin, milli qurtuluş və tərəqqi yolunun başlanğıc nöqtəsi kimi əbədi həkk olunmuşdur. Həmin tarixdə Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis konfransı dövlət müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin düşdüyü ağır ictimai-siyasi böhrandan, idarəetmə xaosundan, iqtisadi tənəzzüldən və xarici təcavüz təhlükəsindən xilas olması üçün zəruri olan sağlam, mütəşəkkil və uzaqgörən siyasi qüvvənin yaradılmasına yol açdı. Müstəqil Azərbaycan dövlətinin banisi və memarı, Ümummilli Lider Heydər Əliyevin liderliyi ilə formalaşan bu siyasi təşkilat qısa müddətdə xalqın ümumxalq etimadını qazanaraq milli birliyin və dövlətçilik həmrəyliyinin başlıca mərkəzinə çevrildi. Ulu Öndərin partiyanın tarixi missiyasını və sarsılmaz perspektivini ifadə edən “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” kəlamı təşkilatın keçdiyi şərəfli inkişaf yolunun, bugünkü hakimiyyət qüdrətinin və gələcək nəsillərə ötürülən siyasi irsinin ən dolğun və dərin fəlsəfi formulu kimi öz təsdiqini tapmışdır.

1990-cı illərin əvvəllərində Azərbaycan dövlətçiliyi son dərəcə mürəkkəb və təhlükəli geosiyasi şəraitlə üz-üzə idi. Ölkə daxilində hakimiyyət boşluğu, hüquqi-siyasi qeyri-müəyyənlik, iqtisadi əlaqələrin qırılması, sosial gərginlik və torpaqlarımızın işğal edilməsi müstəqilliyimizin taleyini ciddi sual altında qoyurdu. Məhz belə bir kritik dövrdə ölkənin tanınmış ziyalılarının, ictimai-siyasi xadimlərinin və xalqın səsinə səs verən Ümummilli Lider Heydər Əliyevin razılığı və rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfransının çağırılması tarixi zərurətdən irəli gəlirdi. Təsis konfransında qəbul edilmiş Proqram və Nizamnamə müstəqil, dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu, milli maraqların qorunması, bazar iqtisadiyyatının inkişafı və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi kimi fundamental prinsipləri özündə cəmləşdirirdi. Partiyanın yaradılması cəmiyyətdəki sağlam qüvvələrin vahid siyasi platformada birləşməsinə, xalqın ümid və inamının yenidən dövlətçilik ideyasına yönəlməsinə güclü təkan verdi.

Yeni Azərbaycan Partiyasının “dünəni” müasir müstəqil Azərbaycan dövlətinin xilası, sabitliyin bərqərar olunması və dövlətçilik təsisatlarının formalaşdırılması ilə bağlı olan şanlı və fədakar bir tarixdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra YAP iqtidar partiyasına çevrilərək dövlətin siyasi iradəsinin həyata keçirilməsində mühüm dayağa çevrildi. Atəşkəsin əldə edilməsi, daxili silahlı qarşıdurmaların aradan qaldırılması, dövlət çevrilişi cəhdlərinin qarşısının alınması, 1995-ci ildə ilk milli Konstitusiyanın qəbul olunması və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlayan neft strategiyası məhz bu dövrün siyasi və iqtisadi nailiyyətləridir. Yeni Azərbaycan Partiyası həmin çətin və taleyüklü illərdə xalqın dayağı kimi çıxış edərək Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi, ölkəmizi dərin böhrandan çıxararaq davamlı inkişaf yoluna çıxardı.

Partiyanın “bu günü” isə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış misilsiz tarixi Zəfərlər, suverenliyimizin tam bərpası, nəhəng quruculuq layihələri və ölkəmizin beynəlxalq nüfuzunun görünməmiş yüksəlişi ilə səciyyələnir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu zamanın çağırışlarına uyğun olaraq yaradıcılıqla və qətiyyətlə davam etdirən Prezident cənab İlham Əliyevin sədrliyi dövründə YAP ideoloji, struktur və kadr baxımından daim yenilənərək müasir dövrün ən güclü və mütəşəkkil siyasi qüvvəsinə çevrilmişdir. Məhz bu güclü dövlətçilik iradəsi, iqtisadi müstəqillik, ordu quruculuğu və sarsılmaz xalq-iqtidar birliyi 2020-ci ilin 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbənin və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam təmin olunmasının əsasını yaratdı. Bu gün azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı, sıfırdan salınan şəhər və kəndlər, beynəlxalq nəqliyyat və enerji dəhlizləri, eləcə də Azərbaycanın qlobal humanitar və iqlim diplomatiyasında oynadığı aparıcı rol YAP-ın “bu günü”nün ən parlaq təntənəsidir.

Yeni Azərbaycan Partiyasının “gələcəyi” isə suveren, qüdrətli və dayanıqlı inkişaf edən Azərbaycan Respublikasının qarşıdakı onilliklər üçün müəyyən edilmiş strateji hədəfləri ilə sıx bağlıdır. Partiyanın VII Qurultayında qəbul edilmiş yeni Proqram və yenilənmiş idarəetmə modeli gələcəyin çağırışlarına cavab verən müasir siyasi təşkilatın formalaşdırılmasına, gənc nəslin dövlətçilik ruhunda tərbiyə olunmasına, elmin, rəqəmsal iqtisadiyyatın, “yaşıl enerji” keçidinin və insan kapitalının inkişafına geniş yol açır. Yeni Azərbaycan Partiyası öz sıralarında cəmiyyətin müxtəlif təbəqələrini, ziyalıları, gəncləri, qadınları və peşəkar mütəxəssisləri birləşdirərək milli həmrəyliyin və siyasi sabitliyin əbədi qarantı kimi fəaliyyətini davam etdirir. Tarixi təcrübə göstərir ki, milli maraqlara və dövlətçilik prinsiplərinə sadiq olan siyasi qüvvə zamanın bütün sınaqlarından üzüağ çıxaraq gələcək nəsillərin də etibarlı bələdçisinə çevrilir.

1992-ci il noyabrın 21-də keçirilmiş təsis konfransı müstəqil Azərbaycanın dövlətçilik salnaməsində dönüş nöqtəsi olmaqla yanaşı, xalqımızın birliyini, qurtuluş əzmini və tərəqqi yolunu təcəssüm etdirən böyük siyasi hadisədir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi ilə yaradılmış və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yeni tarixi zirvələrə yüksəlmiş Yeni Azərbaycan Partiyası bu gün öz proqram məqsədlərini uğurla reallaşdıran ümumxalq partiyası kimi fəaliyyət göstərir. “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” müdrik fikri partiyanın keçdiyi şərəfli tarixi yolu, bugünkü qüdrətini və gələcək nəsillər qarşısındakı tarixi məsuliyyətini ən aydın şəkildə ifadə edərək Azərbaycanın əbədi müstəqilliyinə və tərəqqisinə xidmət etməkdə davam edir.

Varis Rüstəmov,

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri