QUBADLI — ZƏFƏRİN VƏ DİRÇƏLİŞİN RƏMZİ

 

        Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edən 25 oktyabr  Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında əbədi yaşayacaq əlamətdar tarixlərdəndir. Bu gün yalnız bir şəhərin işğaldan azad olunmasını deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsini, tarixi ədalətin bərpasını və milli birliyimizin gücünü ifadə edir.

         Azərbaycanın  dilbər  guşələrindən  biri  olan Qubadlı öz zəngin tarixi, füsunkar təbiəti, qədim adət-ənənələri və mərd insanları ilə seçilir.  Bu torpaq xalqımızın milli-mənəvi dəyərlərinin, zəhmətkeşliyinin və Vətənə bağlılığının    canlı təcəssümüdür. Qubadlının adı çəkiləndə göz önündə uca dağlar, yaşıl     meşələr, saf bulaqlar, Həkəri və Bərgüşad çaylarının yaratdığı əsrarəngiz mənzərələr canlanır. Bu gözəlliklər illər boyu bölgənin sakinlərinin həyatına, məişətinə və dünyagörüşünə öz möhürünü vurmuşdur.

        Lakin tarixin ağır sınaqları Qubadlıdan da yan keçməmişdir. 1993-cü il avqustun 31-də rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması minlərlə insanın taleyində dərin izlər buraxdı. Doğma evlərini, ata-baba       ocaqlarını tərk etməyə məcbur qalan qubadlılılar uzun illər yurd həsrəti ilə   yaşadılar. Onların qəlbində bir arzu heç vaxt sönmədi: doğma torpağa qayıtmaq,      öz evlərinin qapısını yenidən açmaq və Vətən torpağında azad yaşamaq.

         Bu arzu 2020-ci ildə gerçəkliyə çevrildi. Sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. Qırx dörd gün davam edən müharibə xalqımızın iradəsini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi.

         2020-ci il oktyabrın 25-də Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etdi. Bu tarixi qələbə xalqımızın yaddaşına sevinc, qürur və tarixi ədalətin təntənəsi kimi həkk olundu. Qubadlının azad edilməsi Vətən müharibəsinin mühüm hərbi-strateji uğurlarından biri olmaqla, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici əhəmiyyət daşıdı.

        Qubadlı uğrunda döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi igidlik və fədakarlıq Vətən sevgisinin ən ali nümunəsidir. Torpaqlarımızın azadlığı naminə canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Qazilərimizin qəhrəmanlığı, əsgərlərimizin şücaəti və xalqımızın birliyi bu qələbənin mənəvi təməlini təşkil edir.

         Prezident  İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə oktyabrın 25-nin Qubadlı Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əhəmiyyətini daha da artırdı. Hər il qeyd olunan bu əlamətdar gün Qubadlının azadlıq salnaməsini yaşatmaqla yanaşı, gələcək nəsillərə vətənpərvərlik, milli həmrəylik və dövlətçilik ruhunun aşılanmasına xidmət edir.

      Bu gün azad edilmiş Qubadlıda bərpa və quruculuq işləri Azərbaycanın gələcəyə yönəlmiş inkişaf strategiyasının mühüm istiqamətlərindən biridir. Dağıdılmış infrastrukturun yenilənməsi, yolların çəkilməsi, yaşayış məntəqələrinin bərpası və sosial obyektlərin yaradılması bölgənin dirçəlişinə xidmət edir. Məqsəd Qubadlını müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirmək, burada təhlükəsiz və firavan həyat üçün zəruri şərait yaratmaqdır.

        Böyük Qayıdış prosesi Qubadlı üçün xüsusi əhəmiyyət daşıyır. Çünki doğma yurda qayıdış yalnız fiziki məkanın dəyişməsi deyil, həm də illərlə ayrılıq yaşamış insanların öz köklərinə, xatirələrinə və milli kimliyinə qovuşmasıdır. Qubadlıda həyatın yenidən canlanması, ailə ocaqlarının bərpası və gələcəyə inamın möhkəmlənməsi Azərbaycanın tarixi qələbəsinin məntiqi davamıdır.

       Qarşıda duran əsas vəzifələrdən biri də bölgənin tarixi-mədəni irsini qorumaq, təbii sərvətlərindən səmərəli istifadə etmək və iqtisadi potensialını inkişaf etdirməkdir. Qubadlının gələcək inkişafı həm yerli əhalinin rifahına, həm də bütövlükdə Şərqi Zəngəzur iqtisadi rayonunun tərəqqisinə mühüm töhfə verəcəkdir.

       Qubadlı Şəhəri Günü hər bir azərbaycanlıya bir həqiqəti xatırladır: Vətən sevgisi, milli birlik və qətiyyət qarşıya qoyulan ən çətin məqsədlərə belə çatmağa imkan verir. Bu tarix həm də müstəqil Azərbaycanın gücünün, xalqımızın sarsılmaz iradəsinin və ərazi bütövlüyümüzün əhəmiyyətinin ifadəsidir.

       Qubadlı öz azadlığına qovuşmaqla yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İndi qarşıda bu qədim yurdu daha da abadlaşdırmaq, onun təbii gözəlliklərini qorumaq, tarixini yaşatmaq və gələcək nəsillərə firavan bir diyar kimi təqdim etmək vəzifəsi dayanır.

 

Gülnaz Rüstəmova

YAP Babək rayon təşkilatının əməkdaşı