Bəzi tarixlər var ki, xalqın yaddaşında sadəcə bir gün kimi deyil, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsi kimi yaşayır. 25 oktyabr Azərbaycan xalqı üçün məhz belə əlamətdar günlərdəndir. Bu tarix Qubadlının işğaldan azad edildiyi, illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində ümid çırağının yenidən alovlandığı və Azərbaycanın Zəfər salnaməsinə daha bir şanlı səhifənin yazıldığı gündür. Bu gün azadlığın rəmzi olan Qubadlı həm də Böyük Qayıdışın, dirçəlişin və gələcəyə inamın təcəssümüdür.
Azərbaycanın qədim yaşayış məskənlərindən olan Qubadlı zəngin təbiəti, əlverişli coğrafi mövqeyi, tarixi-mədəni irsi və zəhmətkeş insanları ilə seçilir. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində rayon 1993-cü il avqustun 31-də işğal olundu. İşğal dövründə şəhər və kəndlər dağıdıldı, tarixi-mədəni abidələrə ciddi ziyan vuruldu, təsərrüfat həyatı iflic vəziyyətinə düşdü. Təxminən 40 min qubadlılı doğma torpağından didərgin salınaraq uzun illər məcburi köçkün həyatı yaşamağa məcbur oldu.
Bununla belə, Qubadlı sakinlərinin doğma yurda qayıtmaq ümidi heç vaxt sönmədi. Azərbaycan dövləti ərazi bütövlüyünün bərpasını əsas milli məqsədlərindən biri kimi müəyyənləşdirərək iqtisadi və hərbi potensialını gücləndirdi, ölkənin müdafiə qabiliyyətini artırdı. Nəticədə 2020-ci ildə başlanan Vətən müharibəsi xalqımızın tarixi arzularının gerçəkləşməsi ilə nəticələndi.
Sentyabrın 27-də başlayan müharibənin hər günü Azərbaycan Ordusunun qəhrəmanlığı, hərbi peşəkarlığı və qələbə əzmi ilə yadda qaldı. Cəbrayıl və Zəngilan istiqamətlərində qazanılan uğurlardan sonra Qubadlı uğrunda döyüşlər başlandı. Dağlıq ərazidə, mürəkkəb relyef şəraitində aparılan əməliyyatlar hərbçilərimizdən böyük cəsarət və peşəkarlıq tələb edirdi. Azərbaycan əsgəri bütün çətinlikləri dəf edərək düşmənin müdafiə mövqelərini yarıb irəlilədi.
Oktyabrın 25-də Qubadlı şəhəri və ətraf kəndlər işğaldan azad edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün Azərbaycan Ordusunun Qubadlı şəhərini azad etdiyini elan edərək bu tarixi qələbəni xalqımıza müjdələdi. Qubadlının azad edilməsi mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Əməliyyat nəticəsində bölgədəki mühüm yüksəkliklərə və kommunikasiya xətlərinə nəzarət imkanları genişləndi, Laçın istiqamətində irəliləmək üçün əlverişli şərait yarandı. Bu qələbə Vətən müharibəsinin sonrakı gedişinə də ciddi təsir göstərdi. Qubadlının azad edilməsindən cəmi iki həftə sonra Şuşa şəhərinin düşmən işğalından xilas edilməsi Azərbaycanın tarixi Zəfərini tamamladı.
Qubadlının azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların fədakarlığı, qazilərimizin şücaəti və Azərbaycan əsgərinin qəhrəmanlığı gələcək nəsillər üçün vətənə sədaqət məktəbidir.
Məhz bu qəhrəmanlıq salnaməsini yaşatmaq, Zəfər tariximizin əhəmiyyətini gələcək nəsillərə çatdırmaq məqsədilə Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü elan edildi. Bu əlamətdar tarix hər il xalqımız tərəfindən böyük qürur və ehtiramla qeyd olunur.
Qələbədən sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Bu gün Qubadlıda həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətimizin bu istiqamətdəki ardıcıl siyasətinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin azadlıqdan sonra Qubadlıya etdiyi səfərlər rayonun gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. 2021-ci il oktyabrın 25-də dövlət başçısının və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Xanlıq–Qubadlı avtomobil yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyası və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksi istifadəyə verildi. Bu layihələr nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, enerji təminatının gücləndirilməsi və dövlət sərhədlərinin təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm addımlar idi.
Sonrakı mərhələdə şəhərin Baş planının hazırlanması, mühəndis-kommunikasiya infrastrukturunun qurulması və yaşayış məntəqələrinin bərpası istiqamətində işlər davam etdirildi. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafını nəzərdə tutan Baş plan 2025-ci ildə təsdiq edildi. Həmin ilin iyunun 16-da şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinə başlanıldı. Eyni zamanda, ikinci yaşayış kompleksinin inşasına hazırlıq işləri aparılır.
Şəhərdə inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın tikintisi də gələcəkdə əhalinin rahat yaşayışı üçün zəruri şərait yaradılmasına xidmət edir. Təhsil, səhiyyə və idarəetmə infrastrukturunun qurulması Qubadlının yalnız fiziki cəhətdən bərpasını deyil, burada davamlı sosial həyatın formalaşdırılmasını hədəfləyir.
Rayonun kəndlərinin dirçəldilməsi də diqqət mərkəzindədir. Xanlıq, Mahruzlu və Zilanlı kəndlərində yeni yaşayış massivlərinin yaradılması Böyük Qayıdış Proqramının mühüm istiqamətlərindəndir. Müasir evlərin tikintisi ilə yanaşı, yolların salınması, elektrik, qaz, su və rabitə xətlərinin çəkilməsi istiqamətində işlər görülür. Məqsəd insanların doğma yurdlarına qayıdaraq təhlükəsiz, rahat və müasir şəraitdə yaşamalarını təmin etməkdir.
Quruculuq prosesinin mühüm mərhələlərindən biri də ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsidir. Təhlükəsizliyin təmin edilməsi həm tikinti işlərinin aparılması, həm də sakinlərin doğma torpaqlarına qayıtması üçün əsas şərtlərdəndir.
Qubadlı yalnız tarixi və strateji əhəmiyyətinə görə deyil, həm də iqtisadi potensialına görə Şərqi Zəngəzur iqtisadi rayonunun mühüm hissəsidir. Rayonun əlverişli təbii şəraiti kənd təsərrüfatı və heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradır. Böyük Qayıdışa dair I Dövlət Proqramında Qubadlının kənd təsərrüfatı və turizm sahələri üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirilməsi nəzərdə tutulur.
Bu istiqamətdə nəqliyyat və enerji infrastrukturunun yenidən qurulması, yaşayış məntəqələri arasında əlaqələrin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi mühüm əhəmiyyət daşıyır. “Qubadlı” gömrük postunun yaradılması da regionlararası əlaqələrin inkişafına və iqtisadi fəallığın artmasına xidmət edən addımlardandır.
Qubadlının gələcək inkişafı üçün əsas məqsəd yalnız dağıdılmış tikililəri bərpa etmək deyil, eyni zamanda, insanların yaşadığı, çalışdığı, təhsil aldığı və öz gələcəyini qurduğu müasir şəhər və kəndlər yaratmaqdır. Tarixi irsin qorunması ilə müasir şəhərsalma prinsiplərinin uzlaşdırılması isə rayonun özünəməxsus simasının gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın tarixi yaddaşında azadlıq, birlik və milli qürur rəmzi kimi yaşayır. Bu tarix bir daha göstərir ki, Azərbaycan xalqının iradəsi, dövlətimizin qətiyyətli siyasəti və Ordumuzun qəhrəmanlığı sayəsində ən çətin məqsədlərə belə nail olmaq mümkündür.
Bu gün azad Qubadlıda aparılan quruculuq işləri Zəfərin davamı, tarixi torpaqlarımızda həyatın yenidən canlanmasının göstəricisidir. Ucalan binalar, salınan yollar, tikilən məktəblər və yeni yaşayış məhəllələri illərlə doğma yurd həsrəti çəkmiş insanların qayıdışına zəmin yaradır.
Qubadlının dirçəlişi həm də Azərbaycanın iqtisadi gücünün, quruculuq imkanlarının və gələcəyə inamının təzahürüdür. Bir vaxtlar dağıntılara məruz qalmış bu torpaqlarda indi yeni həyat qurulur, gələcəyin təməli qoyulur.
Bu gün üçrəngli bayrağımızın dalğalandığı Qubadlı azadlığın və əyilməz iradənin rəmzidir. Qubadlı yenidən öz sakinlərini gözləyir. Doğma yurda qayıdış, şəhərin dirçəlişi və yeni nəsillərin bu torpaqlarda böyüməsi Azərbaycanın tarixi Zəfərinin ən böyük mənəvi nəticələrindəndir.
Qubadlı azaddır, Qubadlı dirçəlir və Qubadlı gələcəyə inamla addımlayır. 25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında əbədi Zəfər və doğma yurda qayıdışın rəmzi olaraq qalacaq.
Pərviz Hüseynzadə
YAP Babək rayon təşkilatının əməkdaşı