YAP Qax rayon təşkilatı bələdiyyə seçkilərində hər bir yer uğrunda mübarizə aparacaq

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatı hər bir bələdiyyə üzvü yeri uğrunda mübarizə aparacaq. Rayon təşkilatının sədri Nizami Əhmədov bildirib ki, qurum tərəfindən 20 bələdiyyəyə 182 nəfərin namizədliyi irəli sürülüb. Onlardan 128 nəfəri ali təhsilli, 55 nəfəri qadın, 56 nəfəri isə gəncdir. İrəli sürülmüş namizədlər üçün lazımi sayda imza toplanıb və sənədlər qeydə alınmaq üçün dairə seçki komissiyasına təqdim edilib.
Bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar rayon təşkilatı tərəfindən fəaliyyət proqramı tərtib edilib, seçki qərargahı yaradılıb. Bələdiyyə üzvlüyünə namizədin təbliği ilə əlaqədar seçicilərlə iş aparmaq üçün hər məntəqə üzrə partiya fəalları, məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilər müəyyənləşdirilib. Təşkilat sədri bildirib ki, partiya üzvləri əmindirlər ki, seçicilər əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləyəcəklər. çünki vətəndaşlar əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına ürəkdən inanır və etimad göstərirlər.