Yeni Azərbaycan Partiyası – Heydər Əliyev dühasından Azərbaycana qalan tarixi miras

Yeni Azərbaycan Partiyası – Heydər Əliyev dühasından Azərbaycana qalan tarixi miras

 

 Azərbaycanın müstəqillik tarixində elə hadisələr var ki, onların mahiyyətini anlamaq üçün yalnız baş verdiyi tarixə nəzər salmaq kifayət etmir. Həmin hadisələrin hansı ictimai-siyasi şəraitdə meydana gəldiyini, hansı tarixi zərurətdən doğduğunu, arxasında hansı düşüncənin və siyasi iradənin dayandığını da araşdırmaq lazımdır. Yeni Azərbaycan Partiyasının yaranması məhz belə hadisələrdəndir. Çünki YAP-ın təsis edilməsi yalnız siyasi təşkilatlanma prosesi deyil, həm də Azərbaycanın dövlətçilik tarixinin mürəkkəb bir mərhələsində meydana çıxan siyasi təşəbbüs, milli məsuliyyət və gələcəyə hesablanmış fəaliyyətin başlanğıcı idi. Bu tarixin mərkəzində isə bütün siyasi fəaliyyəti, zəngin dövlətçilik təcrübəsi və xalq qarşısında daşıdığı məsuliyyətlə Ulu Öndər Heydər Əliyev dayanır. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün müstəqilliyin qazanılması qədər onun qorunmasının da ciddi sınağa çevrildiyi bir dövr idi. Sovet İttifaqının dağılması ilə yaranmış yeni geosiyasi reallıqlar, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, torpaqlarımızın işğalı, ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəetmə böhranı, iqtisadi tənəzzül və cəmiyyətdə artan narahatlıq dövlət müstəqilliyinin gələcəyini sual altında qoyurdu. Belə bir şəraitdə Azərbaycanın siyasi həyatında yalnız mövcud vəziyyəti tənqid edən deyil, ölkənin gələcəyi ilə bağlı konkret baxışları, təşkilatlanma imkanları və siyasi məsuliyyəti öz üzərinə götürmək iradəsi olan yeni siyasi qüvvəyə ehtiyac yaranmışdı. Həmin ehtiyacın ifadəsi olaraq 1992-ci il oktyabrın 16-da Azərbaycanın tanınmış ziyalılarından ibarət 91 nəfərlik təşəbbüs qrupu Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladı. Bu müraciət dövrün ictimai-siyasi mənzərəsini əks etdirməklə yanaşı, ölkənin gələcək taleyi ilə bağlı narahatlıqların və yeni siyasi təşkilatlanma istəyinin mühüm təzahürü idi. Ziyalılar Heydər Əliyevin zəngin siyasi təcrübəsini, dövlət idarəçiliyi sahəsindəki fəaliyyətini və Azərbaycan xalqı qarşısındakı xidmətlərini nəzərə alaraq yeni partiyanın yaradılmasına rəhbərlik etməsini xahiş edirdilər. Ulu Öndərin həmin müraciətə münasibəti də bu tarixin mahiyyətini anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. O, 1992-ci il oktyabrın 24-də “Səs” qəzetində dərc olunan “Yeni müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubunda partiyanın yaradılmasına və ona rəhbərlik etməyə razılığını bildirdi. Bu cavab məktubu sadəcə bir təşəbbüsə verilmiş müsbət cavab deyildi. Sənəddə Azərbaycanın qarşısında dayanan əsas dövlətçilik vəzifələri, müstəqilliyin qorunması, ölkənin ərazi bütövlüyü, Qarabağ probleminin həlli, iqtisadi böhranın aradan qaldırılması, qanunun aliliyinin təmin edilməsi və cəmiyyətin birliyinin qorunması kimi məsələlər öz əksini tapmışdı. Beləliklə, Yeni Azərbaycan Partiyasının yaranması hələ təsis konfransından əvvəl müəyyən siyasi baxış və proqram istiqamətləri ətrafında formalaşmağa başlamışdı. Bu məqamda bir həqiqəti xüsusi qeyd etmək lazımdır: Yeni Azərbaycan Partiyasının yaranma tarixini Ulu Öndərin Naxçıvandakı fəaliyyəti ilə əlaqələndirmədən bütöv şəkildə izah etmək mümkün deyil. Çünki partiyanın təməli məhz Naxçıvanda, Azərbaycanın digər bölgələri ilə müqayisədə daha ağır şəraitdə yaşayan, blokada vəziyyətində olan, hərbi təzyiqlər və sosial-iqtisadi çətinliklərlə üzləşən bir diyarın siyasi mühitində qoyuldu. Həmin illərdə Naxçıvan yalnız öz mövcudluğunu qorumaq uğrunda mübarizə aparmırdı. Burada qəbul edilən bir sıra qərarlar müstəqil Azərbaycanın gələcək dövlətçilik sisteminin formalaşması baxımından da mühüm əhəmiyyət daşıyırdı.

1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi qəbul edilməsi, muxtar respublikanın adından sovet ideologiyasını ifadə edən sözlərin çıxarılması və digər mühüm qərarlar qəbul edildi. 1990-cı il yanvar hadisələrinə siyasi qiymət verilməsi, SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda keçirilməsinə qarşı mövqe, 1991-ci ildə dövlət müstəqilliyi ilə bağlı proseslərə verilən dəstək Heydər Əliyevin həmin dövrdəki siyasi fəaliyyətinin əsas istiqamətlərini təşkil edirdi. 1991-ci il dekabrın 16-da onun təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi haqqında qərarın qəbul olunması da milli birlik düşüncəsinin konkret siyasi addımla ifadəsi idi. Bu hadisələr təsadüfi və bir-birindən ayrı qərarlar deyildi. Onların hər birində milli dövlətçilik, müstəqillik, milli kimlik və ümumxalq həmrəyliyi məsələləri ön plana çıxırdı. YAP-ın yaradılması da həmin siyasi düşüncə və fəaliyyət xəttinin davamı kimi meydana gəldi. Bu mənada Naxçıvanın partiyanın təsis məkanı seçilməsi yalnız təşkilati şəraitlə bağlı məsələ deyildi - həmin məkanın özünün daşıdığı tarixi və siyasi məna da bu prosesə xüsusi əhəmiyyət qazandırırdı.

1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda Bakıdan və Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 550 nəfər təşəbbüs qrupunun nümayəndəsi iştirak edirdi. Təsis konfransında partiyanın yaradılması haqqında qərar qəbul edildi, Proqramı və Nizamnaməsi təsdiqləndi, rəhbər orqanları formalaşdırıldı və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Həmin il dekabrın 18-də isə YAP Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Beləliklə, oktyabr ayında ziyalıların təşəbbüsü ilə başlanan proses noyabrda təsis konfransı, dekabrda isə dövlət qeydiyyatı ilə hüquqi və təşkilati çərçivə qazandı. Bu ardıcıllıq partiyanın yaranmasının kortəbii hadisə deyil, müəyyən siyasi hazırlıq, ictimai təşəbbüs və təşkilati fəaliyyət nəticəsində həyata keçirilmiş proses olduğunu göstərir. Yeni Azərbaycan Partiyasının ilk Proqramında qarşıya qoyulan vəzifələrə nəzər saldıqda onun yarandığı dövrün əsas problemlərini görmək mümkündür. Müstəqil dövlətçiliyin qorunması, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, müharibə vəziyyətindən çıxış yollarının tapılması, iqtisadi böhranın aradan qaldırılması, qanunun aliliyinin və demokratik azadlıqların təmin edilməsi, vahid və bütöv Azərbaycanın qorunması həmin dövrün əsas siyasi prioritetləri sırasında idi. Bu müddəalar partiyanın hansı tarixi şəraitdə yarandığını və qarşısında hansı məsuliyyətin dayandığını aydın şəkildə nümayiş etdirir.

Bu gün Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salarkən, onun arxasında dayanan böyük siyasi təcrübəni, tarixi məsuliyyəti və dövlətçilik düşüncəsini unutmamaq vacibdir. Çünki Ulu Öndər Heydər Əliyevin yaratdığı bu siyasi təşkilat onun zəngin həyat yolunun, Azərbaycan naminə apardığı mübarizənin və gələcəyə hesablanmış siyasi fəaliyyətinin mühüm yadigarlarından biridir. Bu yadigarın dəyəri yalnız keçmişdə qazanılmış tarixi təcrübə ilə deyil, onun sonrakı nəsillərə ötürdüyü dövlətçilik ənənələri və siyasi məsuliyyət anlayışı ilə də ölçülür. Bu mənada YAP-ın tarixi həm də Heydər Əliyev şəxsiyyətinin siyasi tariximizdəki yerinin öyrənilməsi deməkdir. Naxçıvanda yaranan bir siyasi təşəbbüsün ümumrespublika miqyaslı təşkilata çevrilməsi, onun ideya və təşkilati əsaslarının formalaşması, sonrakı mərhələlərdə fəaliyyətini davam etdirməsi Azərbaycanın müstəqillik tarixinin mühüm hadisələrindəndir. Bu tarixi ardıcıllıqda Ulu Öndərin siyasi irsi ilə yanaşı, həmin irsin müasir dövrdə davam etdirilməsi prosesi də xüsusi yer tutur. Ən əsası isə, 21 noyabr 1992-ci ildə Naxçıvanda əsası qoyulan Yeni Azərbaycan Partiyası ilə Ulu Öndər Heydər Əliyevin adı və siyasi fəaliyyəti tariximizin ayrılmaz səhifələrinə çevrilib. Zaman dəyişir, siyasi şərait yenilənir, nəsillər bir-birini əvəz edir, lakin tarixi hadisələrin əhəmiyyəti onları doğuran səbəblər və arxasında dayanan şəxsiyyətlərin xidmətləri ilə yaşayır. Ulu Öndər Heydər Əliyevin YAP-a miras qoyduğu ən böyük dəyər isə partiyanın yaranma tarixi ilə yanaşı, Azərbaycan dövlətçiliyinə xidmət məsuliyyəti, milli maraqlara bağlılıq və müstəqillik düşüncəsidir. Bu irsi öyrənmək, onun tarixi mahiyyətini qorumaq və gələcək nəsillərə çatdırmaq Yeni Azərbaycan Partiyasının tarixinin ən mühüm vəzifələrindən biri olaraq qalır.

 

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı