Yeni Azərbaycan Partiyası - Müstəqil dövlətçiliyin siyasi təməli

Yeni Azərbaycan Partiyası - Müstəqil dövlətçiliyin siyasi təməli

 

Azərbaycan Respublikasının müasir dövlətçilik tarixi, ölkədə ictimaisiyasi sabitliyin bərqərar olması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi və respublikamızın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi bilavasitə Yeni Azərbaycan Partiyasının yaradılması və çoxşaxəli fəaliyyəti ilə sıx bağlıdır. Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanda hökm sürən dərin siyasi-iqtisadi böhran, dövlət idarəçiliyindəki səriştəsizlik, silahlı qarşıdurmalar və Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış xaos şəraitində milli dövlətçiliyimiz məhv olmaq təhlükəsi ilə üzüzə qalmışdı. Belə bir mürəkkəb və taleyüklü tarixi mərhələdə ölkəni düşdüyü ağır vəziyyətdən xilas etmək üçün xalqın iradəsini ifadə edən 91 nəfər tanınmış ziyalının 1992-ci il oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Ümummilli Lider Heydər Əliyevə ünvanladığı müraciət və Ulu Öndərin həmin müraciətə verdiyi tarixi müsbət cavab Azərbaycanın siyasi həyatında yeni bir mərhələnin əsasını qoydu. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində respublikanın bütün bölgələrini təmsil edən 550 nəfər nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması rəsmiləşdirildi. Konfransda partiyanın Proqram və Nizamnaməsi qəbul edildi, Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Yarandığı ilk gündən "dünənin, bu günün və gələcəyin partiyası" kimi ümumxalq etimadı qazanan YAP, Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğu prosesinin aparıcı siyasi qüvvəsinə çevrildi. Məhz bu müdrik siyasi kursun ardıcıl və prinsipial icrası nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısı alındı, ictimai-siyasi sabitlik tam təmin edildi, "Əsrin Müqaviləsi" kimi qlobal enerji və nəqliyyat layihələrinin əsası qoyuldu, ordu quruculuğu və köklü iqtisadi islahatlar istiqamətində fundamental nailiyyətlər əldə olundu. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün müstəqil Azərbaycanın əsas ideoloji dayağını təşkil etməklə dövlət başçısı cənab İlham Əliyevin ardıcıl siyasəti nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Bu çərçivədə Naxçıvanı Azərbaycanın əsas əraziləri ilə birləşdirən və Avropa ilə Mərkəzi Asiyaya birbaşa çıxış yaradan Zəngəzur dəhlizi, Avropanın enerji təhlükəsizliyinin təminatçısı Cənub Qaz Dəhlizi kimi böyük əhəmiyyət kəsb edən strateji layihələr Azərbaycanı yalnız Qafqazda deyil, Asiya və Yaxın Şərqdə önəmli geosiyasi faktora çevirmişdir. Azərbaycanın müasir tarixinin ən şanlı və qürurverici səhifəsi olan 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, yenilməz iradəsi və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində əldə edilən bu misilsiz Qələbə təkcə hərbi-siyasi zəfər deyil, eyni zamanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Yeni Azərbaycan Partiyasının illərdir ardıcıl şəkildə həyata keçirdiyi milli dövlətçilik ideologiyasının təntənəsi oldu. Tarixi Zəfərdən sonrakı dövrdə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında misli görünməmiş genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı, "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində müasir infrastruktur qurularaq on minlərlə keçmiş məcburi köçkünün doğma yurdlarına qayıdışı təmin edildi. Eyni zamanda, suverenliyimizin bərpasından sonra 2024-cü ildə keçirilmiş növbədənkənar Prezident və VII çağırış Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasının qazandığı inamlı qələbələr Azərbaycan xalqının hakim partiyaya və onun Sədrinə olan sarsılmaz etimadını bir daha təsdiqlədi. Ölkəmizdə və regionda yaranmış yeni geosiyasi reallıqlar, dövlət suverenliyinin tam bərpası və müasir dövrün çağırışları fonunda partiyanın qarşısında duran yeni strateji vəzifələrin müəyyənləşdirilməsi məqsədilə 2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayında geniş nitqlə çıxış edən Partiyanın Sədri, Prezident İlham Əliyev VII Qurultaydan ötən beş il ərzində əldə olunmuş tarixi nailiyyətləri hərtərəfli təhlil edərək, Ulu Öndərin siyasi xəttinin dəyişməz qaldığını, lakin yeni dövrün tələblərinə uyğun olaraq taktiki və strateji hədəflərin yeniləndiyini vurğuladı. Qurultayda partiyanın hesabat məruzəsi qəbul edildi, yeni dövrün tələblərinə uyğun olaraq Nizamnaməyə müvafiq dəyişikliklər təsdiqləndi, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibi formalaşdırıldı. VIII Qurultayda dövlətimizin gələcək inkişaf strategiyasının əsas istiqamətləri kimi ölkənin hərbi gücünün və müdafiə qabiliyyətinin daha da artırılması, informasiya məkanında və cəmiyyətdə müasir tələblərə cavab verən ideoloji işin təşkili, xarici siyasətdə fəallığın və prinsipial mövqeyin qorunması, işğaldan azad edilmiş ərazilərin bərpasının və keçmiş məcburi köçkünlərin məskunlaşmasının sürətləndirilməsi, həmçinin əhalinin sosial rifahının davamlı şəkildə yüksəldilməsi prioritet vəzifələr kimi müəyyən olundu. Beləliklə, Ulu Öndərin strategiyası əsasında yaranmış,Cənubi Qafqazın ən böyük və nüfuzlu siyasi təşkilatı olan YAP-ın ideoloji xətti yalnız daxili inkişafı nəzərdə tutmur, bu, Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirən, tranzit-güc kimi formalaşmış dövlət modelinə çevrilməsi üçün də əsasdır. Bu gün Azərbaycan Qarabağ Zəfərindən sonra formalaşmış müasir geosiyasi reallıqlar şəraitində Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha parlaq gələcəyə doğru əminliklə addımlayır.

 

Aygül Xəlilova

YAP Naxçıvan şəhər təşkilatı “Heydər Əliyev prospekti 25”  ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,

Naxçıvan Heydər Əliyev Muzeyinin əməkdaşı