Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Naxçıvan Muxtar Respublikası: Sənaye ilində böyük sənaye potensialı ilə

Naxçıvan Muxtar Respublikası: Sənaye ilində böyük sənaye potensialı ilə

08.04.2022 [09:56]

Cavadxan Qasımov

Naxçıvan Dövlət Universitetinin dosenti,İqtisad üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının müasir müstəqillik illərində əldə etmiş olduğu sosial-iqtisadi uğurlar milli və regional səviyyələrdə etibarlı bazanın formalaşmasında mühüm amilə çevrilmişdir. Bu mənada, bütün regionlar kimi Naxçıvan Muxtar Respublikasının da dayanıqlı və müqavimətli iqtisadiyyatı təşəkkül tapmış və özünün sosial mahiyyəti ilə seçilmişdir. Xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin müəllifi olduğu məhsuldar ideyalar əsasında müasir iqtisadi şəraitin möhkəm dayaqları yaradılmış, istehsal və sosial infrastruktur təminatları gücləndirilmişdir. Bu isə, öz növbəsində, cəmiyyət üzvlərinin artan tələbatlarının qarşılanmasına və rifah göstəricilərinin artan dinamikada mövcudluğuna təminat vermişdir.

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın aparıcı sahəsi olaraq, sənayenin ilbəil inkişaf istiqamətində təşəkkül tapması, burada islahatların düzgün, məqsədyönlü və uzunmüddətli prioritetlər nəzərə alınmaqla həyata keçirilməsinin ifadəsinə çevrilmişdir. Bu sahədəki perspektivlərin əhatəsinin genişlənməsi həm də iqtisadiyyatın sahə strukturunun qarşılıqlı əlaqələndirilməsi baxımından da olduqca əhəmiyyətlidir. Sənaye, kifayət qədər sosial mahiyyətli, dayanıqlılıq göstəricilərinə malik olan, modern idarəetməyə əsaslanan, elmlə texnologiyanın vəhdətinə istinad edən, iqtisadiyyatın digər sahələrinin, o cümlədən, kənd təsərrüfatının paralel olaraq canlanmasına zəmin yaradan sahədir. Qeyd olunanlar əsasında bildirmək olar ki, Naxçıvan Muxtar Respublikası ölkənin milli-iqtisadi quruculuq proseslərində çevik iştiraka malik olmasında məhz sənayenin rolu və çəkisi artmışdır.

Təbii ki, müasir iqtisadi inkişaf mərhələsində muxtar respublikada əsas makroiqtisadi göstərici olan Ümum Daxili Məhsulun (ÜDM) strukturunda ilk yerdə sənayenin təşəkkül tapması məhz bütün sahələrin şaxələndirilmiş inkişafı mühitində mümkün olmuşdur. Keçdiyimiz illər üzrə makroiqtisadi göstəricilərin təhlili göstərir ki, 1995-2021-ci illərdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan ÜDM-nin həcmi 70 dəfəyə yaxın, sənaye məhsulunun həcmi isə 117 dəfədən çox artmışdır. Bunlarla yanaşı, ölkəmizdə 2004-cü ildən etibarən uğurla davam edən regional inkişaf üzrə Dövlət proqramlarının yaratmış olduğu davamlı istehsal mühiti nəticəsində sənaye məhsulunun artımı dinamik xarakterə malik olmuşdur. Belə ki, 2004-2008-ci illərdə sənaye məhsulunun həcmi 6,5 dəfə, 2009-2013-cü illər ərzində 4,1 dəfə, 2014-2018-ci illər ərzində isə 1,1 dəfədən çox təşkil etmişdir. Sənaye sahəsinin hazırkı inkişaf dinamikası geridə qalan illərin çox mütərəqqi bazasının formalaşmasının ifadəsi olaraq çıxış etməkdədir.

Qeyd etmək olar ki, artıq 2021-ci il üzrə Naxçıvan Muxtar Respublikasında istehsal olunan sənaye məhsulunun dəyəri 1 milyard 69 milyon 655 min 700 manat təşkil etmişdir. Təhlillər göstərir ki, muxtar respublikada sənayenin inkişafı makroiqtisadi inkişafın və bu sahədəki məqsədyönlü tədbirlərin hərəkətverici qüvvəsi olaraq, diqqətdə saxlanılmışdır. Eyni zamanda, bu sahənin perspektivliliyi məqsədilə, təsdiq olunan tənzimləmə mexanizmləri daha səmərəli istehsal mühitinin əsaslarını yaratmışdır. Beləliklə də, bir-birini əvəz edən müvafiq illər üzrə sənaye məhsulunun həcmi davamlı artımla müşayiət olunmuşdur.

Artıq geridə qalan illər üzrə Naxçıvan Muxtar Respublikasında həm də şəhər və rayonların sənaye cəhətdən uğurlar qazanmasını da qeyd etmək lazımdır. Müvafiq Dövlət proqramlarının səmərəli icrası müddətlərində hər bir şəhər və rayon sənayeləşmə siyasətindən yetərincə bəhrələnmişdir. Bunu statistik rəqəmlərin təhlili də göstərir.

İqtisadiyyat inkişaf etdikcə, onun milli iqtisadiyyat üzrə prioritetlərin əlçatanlığı üçün rolu və hərəkətverici təsir imkanları da artmaqdadır. Bu sahədə, hazırkı iqtisadi şəraitə xas olan idarəetmənin səmərəli təsisatlarının gücləndirilməsi, həmçinin özəl sektorun artan çəkisi aktuallığı ilə seçilməkdədir. Elə bunun nəticəsidir ki, artıq Naxçıvan Muxtar Respublikası ölkənin sənayeləşmə proseslərinə öz töhfəsini vermiş, xüsusilə də, Sənaye Park və Məhəllələrinin yaradılmasında malik olduğu potensialla əhəmiyyətli yol qət etmişdir. Artıq 13 sentyabr 2019-cu il tarixində Şərur Sənaye Məhəlləsinin yaradılması muxtar respublikanın makroiqtisadi inkişafında yeni keyfiyyət mərhələsinin əsaslarını təşkil etmiş oldu. Şərur Sənaye Məhəlləsi hər şeydən əvvəl yeni və yaradıcı ideyalara əsaslanan sahibkarlıq fəaliyyətinin məhsuldar nəticələrinə, zəruri infrastruktur təminatına, xüsusilə də, məhsulların istehsal olunması və xidmətlərin göstərilməsi proseslərində kiçik və orta sahibkarlıq üçün əlverişli zəmin olacaqdır. Eyni zamanda, muxtar respublikanın sənaye perspektivləri çevik idarəetmə qurumlarına malik olmaqla, ən modern texnika və texnologiyalardan istifadəyə əsaslanmaqla məhsul istehsalının davamlılığına təminat verməkdədir. Həmçinin bu, özəl sektorun perspektivlərini, səmərəli təsərrüfatçılıq fəaliyyətinin yaradılmasını və məşğulluq potensialının artırılmasını təmin etməkdədir. Qeyd etmək lazımdır ki, Şərur Sənaye Məhəlləsinin potensialı əhatəli olacaqdır. Belə ki, orada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və məşğulluğu məsələsinin aktuallığı da nəzərə alınmış və xüsusilə, bitki yağları istehsalı müəssisəsinin yaradılması və xalça fabrikinin qurulması da diqqətdə saxlanılmışdır. Bu isə, hər şeydən əvvəl, Naxçıvan Muxtar Respublikasının müvafiq sahə üzrə idxaldan asılılığının azaldılmasına istiqamətlənmişdir.

İstinad olunan illər üzrə 1,2 dəfə artım olan göstəricilər özəl sektorun inkişafında sənayenin rolunun böyük olduğunu bir daha ortaya qoymuş olur. Ümumiyyətlə, sənaye muxtar respublikanın makroiqtisadi inkişafının çox mühüm göstəricisi olaraq, keçdiyimiz illər üzrə artım dinamikasına xas olmuşdur.

Şəklin məlumatlarından da aydın olur ki, istehsal olunmuş sənaye məhsulunun həcmi geridə qalan illər üzrə çox qısa müddət ərzində artmışdır. 2019-cu ildə isə bu göstərici bir milyard manatı keçmişdir.

Naxçıvan Muxtar Respublikasında sənaye sahəsinin davamlı inkişafı yeni keyfiyyət mərhələsinin göstəricisi olmaqla, eyni zamanda, texnoloji inkişafla və innovasiyalaşma prosesləri ilə paralel olaraq davam etməkdədir. Elə bunun nəticəsidir ki, 2020-ci ilin dekabr ayında Naxçıvan Dövlət Universitetində 2 hektar sahədə Texnologiyalar Parkı yaradılmışdır ki, bu da, elə sənayeləşmə siyasətinin bir mühüm hissəsi olaraq həyata keçirilmişdir. Belə ki, Texnologiyalar Parkı da universitet ilə sənaye müəssisəsinin strateji əməkdaşlığının nəticəsində yaradılır və fəaliyyəti təmin olunur. Bu da onu göstərir ki, muxtar respublikanın sənayeləşmə sahəsindəki uğurlarında ali təhsil şəbəkəsinin də rolu böyükdür.

Bütün bunlarla, Naxçıvan Muxtar Respublikası dövlətin səmərəli regional iqtisadi siyasətində uğurla iştirak etməkdədir. Qeyd olunanlar hazırkı 2022-ci ilin muxtar respublikada “Sənaye ili”  elan olunması üçün əsaslı zəmin olmuşdur. Məhz sənaye sektorunda qarşıdakı dövrlər üzrə həm rəqabətqabiliyyətli, həm də ixracyönümlü məhsul istehsalının təşviqi, həmçinin, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması və uğurların artırılması məqsədilə Tədbirlər Planı təsdiqlənmişdir ki, bu da cari il üçün də hədəflərin daha da əlçatan olmasına təminat vermiş olacaqdır.

Beləliklə, Naxçıvan Muxtar Respublikası milli iqtisadi quruculuq proseslərində daha böyük uğurlarla iştirak etməkdədir. İstər kəndlərin, rayon və şəhərlərin iqtisadi inkişafı, istərsə də istehsal olunan məshulların artım dinamikası bu sahədəki proseslərin məqsədyönlülüyünü bir daha göstərməkdədir. Təbii ki, bu potensialla qarşıdakı inkişaf mərhələlərində daha mütərəqqi uğurlar əldə olunacaqdır.

Paylaş:
Baxılıb: 647 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30