Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AMEA: yeni vəzifələr, köhnə yanaşmalar

AMEA: yeni vəzifələr, köhnə yanaşmalar

21.09.2022 [10:25]

Qafar Cəbiyev,

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor

1. AMEA tənqid hədəfində: əyri nədir, düz nədir?!

Elm bəlkə də ən ciddi fəaliyyət sahəsidir. Əfsuslar olsun ki, son vaxtlar bu sahənin içində olanların da, kənardan olan qeyri-elm adamları arasında da belə bir ciddi fəaliyyət sahəsinə son dərəcə qeyri-ciddi və diletant münasibətdə olanların sayı az qala həndəsi silsilə ilə artmaqdadır. Elm də, bu sahədə çalışanlar da hər tərəfdən haqlı-haqsız basqı və tənqid hədəfinə çevrilib. Düzgün cümlə qurmağı belə bacarmayan bəzi üzdəniraq media mənsubları, elm mətbəxindən əsla anlayışı olmayan siyasətçi və sosial şəbəkə istifadəçiləri elm və elm adamları barədə bəzən elə aşağılayıcı ifadələr işlədirlər ki, onu xalq arasında deyildiyi kimi, bir batman balla da yeyib həzm etmək olmaz.

Fikrimizcə, cəmiyyət həyatında elmin və alimin yerini, rolunu və əhəmiyyətini danmaq ən azı nadanlıq göstəricisidir. Yəni, bəşəriyyət bu günədək sahib olduğu bütün yeniliklərə və nailiyyətlərə görə elmə və alimə borcludur. Həzrəti peyğəmbərimizə aid edilən hədislərdən birində deyildiyi kimi, alimin qələminin mürəkkəbi şəhidin qanından üstündür. Ulu Nizami hələ 8 əsr öncə elmə son dərəcə yüksək dəyər verərək yazmışdır: “Qüvvət elmdədir, başqa cür heç kəs heç kəsə üstünlük eyləyə bilməz”. Amma görün, bizdə elmi və alimi nə günə salıblar?! Başqalarını bilmirəm, amma mən bu mövzuda düşünərkən çox ciddi ürək sarsıntısı içərisində oluram. Yəni, çoxsaylı istedadlı, çalışqan və məhsuldar alimlərimizin günahı nədir ki, ümumi şəkildə olsa belə onların ünvanına söylənilən hər cür aşağılayıcı və təhqiramiz sözlərə hədəf olsunlar?!

Mən yuxarıda “haqlı-haqsız” ifadələrini nə təsadüfən, nə də elə-belə sözgəlişi işlətmədim. Bəli, Milli Elmlər Akademiyası sistemində illərdən bəri kök salmış nöqsanlar, neqativlər, haqsızlıq, sui-istifadə və özbaşınalıq halları ən sərt şəkildə tənqid olunmağa layiqdir. Əgər diqqətli oxucular xatırlayırlarsa, bu sətirlərin müəllifi də hələ aspiranturada təhsil aldığı illərdən başlayaraq Akademiya həyatındakı nöqsanları sərt şəkildə tənqid edənlər içərisində olub. Amma bu tənqidlər müsbətə doğru heç nəyi dəyişmədi. Dəyişən bir o olub ki, tənqid olunanlar tənqid edənləri ən müxtəlif üsullarla sıxışdırmaqla, təzyiq altında saxlamaqla sözün əsl mənasında onlardan qisas alıblar.

Etiraf edək ki, Akademiyanın Rəyasət Heyəti strukturunun düzgün qurulmaması, orada artıq işləmək potensialı qalmayan, xeyli qisminin isə lap elə əvvəldən heç bir potensialı olmayan və tam olaraq məmurlaşmış bürokrat heyətin cəmləşməsi ölkənin elm məbədi hesab edilən bu qurumu indiki acınacaqlı duruma gətirmişdir. Müstəqillik illərində ölkə rəhbərliyi tərəfindən Akademiyada islahatlar aparılmasına dair edilən çağırışlar, AMEA rəhbərliyinin bu istiqamətdəki, sadəcə görüntü effekti yaratmaq xatirinə atmış olduğu kosmetik addımlar, Milli Məclisdə “Elm haqqında” Qanun ətrafında aparılan uzun-uzadı səmərəsiz müzakirələr də nəticə etibarı ilə xalq arasında deyildiyi kimi papağı küləyə verməkdən başqa bir şey olmadı.

Beləliklə, uzun illər ərzində ətalət yuxusunda mürgüləyən, Ramiz Mehdiyevin rəhbərliyi dönəmində intriqaların episentrinə çevrilən və ölkə ictimaiyyətinin geniş dairələrinin haqlı tənqidinə hədəf olan akademiya “boz kardinal” yola salındıqdan sonra daha çox idarəçiliyin büsbütün pozulduğu amorf bir qurum oldu. Bu isə o demək idi ki, AMEA-nı daha bu cür saxlamaq olmaz.

2. Prezident fərmanı - AMEA-nı xilasın yol xəritəsi

Ölkənin elm məbədinin son dərəcə böhranlı duruma düşdüyü belə bir məqamda ölkə prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-cü il tarixli fərmanı elm və təhsil ictimaiyyətimizin gələcək fəaliyyət istiqamətlərinə işıq saçan yol xəritəsi oldu. Fərmana əsasən çoxdan bəri gözlənilən Elm və Təhsil Nazirliyi yaradıldı. Bu fərmanla elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər yeni yaradılmış Nazirliyə həvalə olundu. Fərmana əsasən AMEA-nın tərkibində olan, özü də sırf fundamental elmlər blokuna aid edilən 37 institut və qurum balansında olan dövlət əmlakı ilə birlikdə Elm və Təhsil Nazirliyinin, 3 muzey isə Mədəniyyət Nazirliyinin tabeliyinə verildi.

Doğrusu, uzun illər Akademiya divarları daxilində, həm də təsadüfi və səriştəsiz şəxslərin “rəhbərliyi” sayəsində elmi yaradıcılıqdan daha çox ətalət yuvasına çevrilmiş olan bəzi institut və müəssisələrin indi tabeliklərinə verildikləri nazirliklərin tərkibində tezliklə nə isə xarüqələr yaradacaqları da heç inandırıcı görünmür. Çünki uzun illər ərzində, istər Mədəniyyət Nazirliyi, istərsə də Təhsil Nazirliyi sistemində işlər heç də AMEA-dan yaxşı vəziyyətdə olmayıb. Əksinə, mövcud təhsil sistemində və mədəniyyət müəssisələrinin fəaliyyətində korrupsiya, rüşv?txorluq, sui-istifadə halları və intriqalar daha geniş meydan alıb. Odur ki, həmin strukturlarda da kardinal dəyişikliklərin aparılması, hər yerdə qapı-pəncərələri açaraq korlanmış abu-havanı yeniləmək tələb olunur.

Prezident fərmanının 6.3 və 8-ci bəndlərinə əsasən 3 ay ərzində strukturu və işçilərinin say həddi müəyyən edilməklə AMEA-nın Yeni Nizamnaməsinin hazırlanması nəzərdə tutulur. Beləliklə, Milli Elmlər Akademiyası bundan belə yalnız Humanitar və İctimai elmləri özündə birləşdirən nisbətən yığcam bir elmi qurum olacaqdır. Hesab edirəm ki, fundamental araşdırmalarla məşğul olan institut və bölmələrin Elm və Təhsil Nazirliyinə verilməsi, Humanitar və İctimai elmlər blokuna daxil olan institutların isə AMEA-nın tərkibində saxlanılması olduqca dəqiq düşünülmüş məntiqli bir qərardır. Yaxşı yadımdadır, hələ 21 sentyabr 1993-cü il tarixdə ulu öndər Heydər Əliyev Akademiyada ziyalılarla görüşündə bu məsələyə toxunaraq belə demişdir: “Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi humanitar elmlərdir və xüsusən millətin, xalqın tarixdir. Bu indi bizim üçün xüsusilə vacibdir. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var... Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır”. Məsələyə bu rakursdan yanaşası olsaq, bəli, həqiqətən də tarix, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, memarlıq,  incəsənət və bu kimi elm sahələri daha çox məhz milli kimliyimizi müxtəlif aspektlərdən araşdıran elm sahələridir. Yəni riyaziyyat, fizika, kimya və bu kimi elm sahələri ilə dünyanın bütün nüfuzlu elm mərkəzləri məşğuldur. Azərbaycanın tarixi, dilçiliyi və ədəbiyyatı ilə isə təbiidir ki, əcnəbi elm adamları deyil, məhz Azərbaycanın öz alimləri məşğul olurlar. Bu mənada sırf Humanitar və İctimai elmləri özündə birləşdirən Akademiyanın Milli Elmlər Akademiyası adlandırılması fikrimcə daha məntiqli görünür. İndi baxır bu Akademiya necə qurulacaq. Prezident fərmanının 6.3. bəndinin tələblərinə görə üç ay ərzində Milli Elmlər Akademiyasının yeni strukturu və işçilərin say həddi müəyyən edilməli, onun yeni Nizamnaməsi ümumi yığıncaqda təsdiq olunaraq ölkə başçısına təqdim edilməlidir.

3. AMEA-nın strukturunu, işçilərin say həddini, Nizamnaməsini kimlər və necə hazırlayır?

İndi gəlin görək bu işləri kimlər etməlidir? Artıq qeyd olunan müddətin bir ayı arxada qalıb. Bu müddətdə nə işlər görülüb? Doğrusu, hələlik bu istiqamətdə Akademiya rəsmilərinin ümumi xarakterli açıqlamalarından başqa heç nə məlum deyil. Əslində Akademiyanın əvvəlki rəhbərliyinin prezident fərmanından irəli gələn vəzifələri tələb olunan müddətdə və tələb olunan səviyyədə icra edə biləcəyi də inandırıcı görünmür.

Ardı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 603 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31