Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İsveçin NATO-ya gedən yolunu açmaqdan öncə…

İsveçin NATO-ya gedən yolunu açmaqdan öncə…

11.07.2023 [09:55]

Mübariz FEYİZLİ

Türkiyənin Aİ-yə yolunu açmaq lazımdır

Şimali Atlantika Alyansının (NATO) Vilnüs sammiti ərəfəsində qurumun genişləndirilməsi, xüsusilə də İsveçin və Ukraynanın bu bloka üzvlüyü ilə bağlı müzakirələr daha da intensivləşib. Sammit öncəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı olub. Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin məlumatına görə, telefon danışığında bir sıra digər məsələlərlə yanaşı, Ukraynanın, İsveçin NATO-ya üzvlüyü ilə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. NATO və kollektiv Qərb üçün aktual olan bu müzakirələrin Türkiyə ilə aparılması isə heç də təsadüfi deyil.

Türkiyənin öz şərtləri var

Şimali Atlantika Alyansının genişlənməsinin aktuallığı Rusiya-Ukrayna müharibəsi fonunda daha da artıb. Müharibə başlayandan dərhal sonra bir sıra dövlətlər təhlükəsizliklə bağlı narahatlıqlarını ifadə etdilər və mümkün risklərdən qorunmaq üçün NATO çətiri altında olmaq istəklərini ortaya qoydular. İkinci Dünya müharibəsindən sonra Avropada baş verən bu ən böyük savaşın digər ölkələrə yayılma ehtimalı daha çox NATO-ya daxil olmayan dövlətləri narahat edir. NATO-nun 5-ci maddəsinin yaratdığı təhlükəsizlik çətirindən yararlanmağa ilk olaraq Finlandiya və İsveç qərar verdilər. Finlandiyanın Rusiya ilə 1300 kilometr uzunluğunda ortaq sərhədi var. İsveç isə NATO-ya üzvlüklə bağlı müraciət etməklə 200 illik neytrallıq siyasətinə son qoymuş oldu.

Lakin qeyd olunan ölkələrin NATO-ya üzvlüyünə razılıq vermək üçün Türkiyə müəyyən şərtlər irəli sürdü. Əslində, 1952-ci ildən NATO-nun üzvü olan Türkiyə heç vaxt alyansın açıq qapı siyasətinə qarşı çıxmayıb, əksinə həmişə bunu dəstəkləyib.  Məsələn, qardaş ölkə soyuq müharibədən sonrakı dövrdə - 1999 və 2004-cü illərdə Şərqi Avropa ölkələrinin alyansa qoşulmasını dəstəkləyib.

İsveç və Finlandiyanın üzvlüyünə etiraz etməsinin səbəbi isə bu iki Skandinaviya ölkəsinin Türkiyənin terrorla mübarizəsinə dəstək verməməsi və hətta PKK-nın Suriyadakı qanadı YPG-yə kömək etməsi ilə bağlı olub.

Ötən ilin iyununda NATO-nun Madrid Sammitində Türkiyə, Finlandiya və İsveç arasında baş tutan danışıqlarda bu kimi məsələlər ətrafında müzakirələr aparılıb.  Danışıqların nəticəsi olaraq isə üçtərəfli memorandum imzalanmışdı. Memorandumda öz əksini tapan müddəalara görə, hər iki Skandinaviya ölkəsi PKK və FETÖ üzvləri ilə bağlı ekstradisiya məsələsini aktual saxlamalı və adıçəkilən terror təşkilatı üzvlərinin Türkiyəyə ekstradisiyalarını təmin etməli idilər.

Həmin razılaşmadan sonra Finlandiyanın atdığı addımlar Türkiyəni razı salıb. Qardaş ölkənin razılığı ilə bu ölkənin NATO-ya üzvlük prosesi cari ilin aprel ayında tamamlanıb. İsveçə gəldikdə isə bu ölkə memorandumla razılaşdığı bütün şərtləri yerinə yetirməyə tələsmir, müəyyən manipulyasiyalara əl atır. Eyni zamanda, İsveçdə islamafobiyanın güclənməsinin qarşısını almaq üçün zəruri tədbirlər görülmür. Cari ilin əvvəlindən bəri İsveçin paytaxtı Stokholm düz iki dəfə “Quran”ın yandırılmasına şahidlik edib. 2023-cü il yanvar ayının 21-də sağçı ekstremist Rasmus Paludan Stokholmdakı Türkiyə diplomatik missiyasının qarşısında “Quran”ı açıq şəkildə yandıraraq diplomatik qalmaqala səbəb oldu. Aradan cəmi bir neçə ay ötəndən sonra Stokholmda növbəti oxşar hadisə təkrarlanıb – müqəddəs Qurban bayramı ərəfəsində burada “Quran” yenidən yandırılıb.  Baş verənlər bütövlükdə ksenofobiyanın, dini dözümsüzlüyün  güclənməsinin təzahürüdür.

Təbii ki, bütün bunlar da Türkiyəni İsveçin siyasətindən narazı salır. Türkiyədən gələn açıqlamalardan bəlli olur ki, qardaş ölkənin İsveçə yönəlik bəzi inciklikləri hələ də qalmaqdadır. Bunu Türkiyənin dövlət başçısı C.Baydenlə telefon danışığında da gizlətməyib. R.T.Ərdoğan İsveçin antiterror qanunvericiliyində dəyişiklik edərək düzgün istiqamətdə müəyyən addımlar atdığını, lakin separatçı terror təşkilatı PKK/PYD/YPG tərəfdarlarının bu ölkədə sərbəst şəkildə terroru tərifləyən nümayişlər keçirməyə davam etdiyini, bunun isə qanun pozuntusuna səbəb olduğunu bildirib.  ABŞ və Türkiyənin dövlət başçıları NATO-nun Vilnüs sammiti çərçivəsində ətraflı müzakirələr aparmaq barədə razılığa gəliblər.

Eyni zamanda, Türkiyə Prezidenti R.T.Ərdoğan bu günlərdə ölkəsinin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsinin daha bir şərtini açıqlayıb. “Türkiyənin Avropa İttifaqına gedən yolunu açmaq lazımdır”. Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bu barədə sammitdə də lazımi mesajlar verəcək: “Xalqımızın bizdən gözləntisi var. Siz bizim İttifaqa gedən yolumuzu açın ki, biz də İsveçin NATO-ya önünü açaq”.

Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müxtəlif versiyalar

Şimali Atlantika Alyansının genişlənməsi müharibə tərəfi olan Ukraynanı da əhatə edə bilər. Ukraynanın quruma üzvlüyü ilə bağlı bu ölkənin özündə, ABŞ başda olmaqla kollektiv Qərbdə və NATO-da yekdil mövqe formalaşıb. Ukrayna NATO-ya üzv olmaqla qurumun təhlükəsizlik çətirindən yararlanmaq istəyir. Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, NATO üzvü olmağa ölkənin hər cür əsası var. Bu günlərdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə ABŞ dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. Telefon danışığında NATO-nun Vilnüs sammiti müzakirə edilib. “Biz çalışırıq ki, Vilnüs sammitinin yekun qərarları Ukrayna, NATO və qlobal təhlükəsizliyin qələbəsinə çevrilsin”, - deyə Ukrayna XİN-in məlumatında bildirilir.

Öz növbəsində ABŞ-da müharibədə hərtərəfli dəstək verdiyi Ukraynanın NATO-da təmsilçiliyinə çalışır. ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib ki, Vilnüsdə keçiriləcək sammitinin yekun sənədinə alyansa daxil olmaq üçün Ukraynada islahatların davam etdirilməsi ilə bağlı bənd daxil ediləcək.  “Hazırda NATO kommünikesi, Ukraynanın NATO-ya üzv olmaq istəyi ilə bağlı müddəalar üzərində iş gedir. Düşünürəm ki, Vilnüsdə müttəfiqlər konsensusa gələcəklər. Orada bu islahatların həyata keçirilməsinin davam etdirilməsi prosesindən də danışılacaq”,- deyə Sallivan bildirib.

Kollektiv Qərb Ukraynanın NATO-ya üzvlüyünə “hə” desə də, prosesin nə vaxt baş verməsi hələ də müzakirə predmetidir. Bununla bağlı mövqelər haçalanır. NATO-nun Vilnüs sammiti ərəfəsində Latviyanın Almaniyadakı səfiri Alda Vanaga deyib ki, davam edən münaqişə kontekstində Ukrayna alyansa üzv ola bilməz, lakin Kiyev təhlükəsizlik zəmanəti almalıdır. Diplomat bu barədə şənbə günü “Redaktionsnetzwerk Deutschland” redaksiya birliyinə verdiyi müsahibəsində bildirib.

“Bu, NATO-nun şərq cinahını necə daha yaxşı qoruya biləcəyimizə və Ukraynanın Şimali Atlantika Alyansına necə qəbul olunacağına dair tarixi sammit olacaq. İndi müharibə şəraitində bunu qəbul etmək mümkün deyil, lakin biz Ukraynaya qoşulmazdan əvvəl ona hansı təhlükəsizlik zəmanətlərinin verilə biləcəyini də çox intensiv müzakirə edirik”, - deyə A.Vanaga söyləyib.

“Ukraynanı NATO-ya qəbul etmək üçün münaqişənin bitməsini gözləmək lazım deyil”. Bu fikirləri isə Şimali Atlantika Alyansının keçmiş baş katibi Anders Foq Rasmussen deyib. Fikirlərinə davam edən sabiq baş katib bildirib ki, bu gecikmə təhlükəli nəticələr verə biləcək strateji səhv olardı. Onun fikrincə, münaqişə qeyri-müəyyən müddətədək uzanacaq.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31