Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mən Partiyadan çıxmaq qərarına gəldim...

Mən Partiyadan çıxmaq qərarına gəldim...

13.07.2023 [10:48]

Ulu öndər Heydər Əliyevin bioqrafiyası Azərbaycanın dövlətçilik tarixinin ən əhəmiyyətli səhifələridir. Başqa sözlə, Azərbaycanın müasir dövlətçilik tarixi ilə tanış olmaq istəyən hər bir şəxs Ümummilli Liderin bioqrafiyası ilə yaxından tanış olmalı, xalqa, dövlətə həsr edilən ömrün ən mühüm və həlledici anlarını dərindən öyrənməlidir. Heydər Əliyevin bioqrafiyası siyasətlə məşğul olan hər kəs üçün mühüm bir məktəbdir.

1991-ci ilin iyulunda Heydər Əliyev Kommunist Partiyasının sıralarından çıxdığını bəyan etdi. Bu tarix xüsusi bir əhəmiyyət daşıyır - Heydər Əliyevin partiyadan ayrılması ilə bağlı yazdığı ərizə isə tarixi bir sənəddir. “Heydər Əliyev İli” çərçivəsində “Yeni Azərbaycan” qəzeti olaraq bu tarixi faktı da geniş auditoriyaya təqdim etmək qərarına gəldik. Tanınmış rusiyalı müəllif Nikolay Zenkoviçin “Heydər Əliyev. Tale yolları” kitabından seçmələri oxucularımıza təqdim edirik...

İndiyədək kağızın üstü ilə qətiyyətlə hərəkət edən qələm birdən-birə dayandı. Elə bil, “SSRİ Nazirlər Kabinetinin partiya təşkilatına” başlığını çətinlik çəkmədən yazan o deyildi. İlk sətirdən sonra duruxdu. Qələm kağızın hamar səthindən aralandı və havada asılı qaldı.

Naxçıvanda kiçik mənzildə sadə bir masanın arxasında əyləşən şəxs qələmi vərəqin üstünə qoydu və köksünü ötürdü. Daha yazmağa heyi qalmamışdı. Kədərli düşüncələr bir-birini qovur, qarışıb dolaşıq düşür, bərkiyib möhkəm bir yumağa çevrilirdi. Qəm yumağına...

Dodaqları qurumuşdu. Yayın bürküsündən idimi, yoxsa qəlbini didən iztirablardan?.. Əyləşdiyi köhnə stuldan qalxdı, dar qutuya oxşayan dəhlizə keçdi, soyuq su içdi, amma toxtaya bilmədi. Deməli, iş susuzluqda deyilmiş. Səbəbi keçirdiyi həyəcanda, mənəvi əzabda axtarmaq lazım imiş.

Masanın arxasına qayıdıb yazdığını bir də oxudu: “...Sov.İKP-dən çıxmaq qərarına gəldim...” Xəyal onu 1943-cü ilin sərt günlərinə apardı. Gəncdir, iyirmi yaşı var. Partiya üzvlüyünə namizəd qəbul olunması üçün ərizə yazır. Sevincindən özünə yer tapa bilmir, axı, taleyini möhtəşəm və qeyri-adi bir qüvvə ilə bağlayır. O vaxt heç onun ağlına gələrdimi ki, yarım əsr sonra bax belə bir müraciət yazmalı olacaqdır. Yox, bunu ən qorxulu yuxusunda da görə bilməzdi.

Müraciəti yazan şəxs hansısa sıravi, şüursuz partiyaçı olsaydı, nə vardı ki, hərçənd belələrinin bu məzmunda müraciətlərinə rast gələ bilməzdin, şüursuzları, adətən, partiya orqanlarının təşəbbüsü ilə xaric edirdilər. Elə onun təkcə vəzifələrini sadalamaq adamın nəfəsini kəsir

- Sov.İKP MK Siyasi Bürosunun üzvü, iri respublika partiya təşkilatının uzun illər rəhbəri, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Sov.İKP-nin silahlı dəstəsi olan DTK-nın generalı.

Amma indi Siyasi Büronun keçmiş üzvü, SSRİ Hökuməti Sədrinin keçmiş birinci müavini...

Yazı masasının arxasında əyləşən şəxs acı-acı gülümsədi. Gərgin fikirlər onu əldən salır, əsas mətləbin üstünə gəlməsinə imkan vermirdi.

Bu hərəkətini necə izah edəcək? Qorbaçovdan inciməsi iləmi? “Dəbə” uyğunlaşması, yəni, “rəhbər və istiqamətverici” partiyadan ümidini kəsməsi iləmi? Yoxsa dəyərləri yenidən qiymətləndirməsi, bəzi mətləbləri anlaması ilə? Bəlkə bu, ani bir zəiflik, çətin, uzun yolun yorğunluğudur?

Sonuncu mülahizəni dərhal kənara qoydu. Elə isə onu bu hərəkətə vadar edən nədir? Axı, cəmi bir neçə il əvvəl belə hərəkət mümkün olmazdı, yaxud ağılsızlıq kimi görünərdi.

Kağıza tərəf əyilib yenidən yazmağa başladı. Daha tarix və gələcək nəsillər qarşısında özü üçün ən sərfəli şəkildə görünmək haqqında, demək olar, heç düşünmürdü. Moskvanı tərk etməsi yuxarıdan qadağan olunduğuna görə dəfnində iştirak edə bilmədiyi bacısı Surə xanımın qızı Sənifə Sultanovanın Naxçıvandakı mənzilində sınıq-salxaq masanın arxasında əyləşmişdi. 1991-ci il iyulun 19-u idi. Moskvadan çox uzaq olan Naxçıvanda haradan biləydi ki, cəmi bir ay sonra Sov.İKP-nin aqibəti o cür olacaqdı.

Buna bənzər bir hadisə Leninin də başına gəlmişdi. 1917-ci ilin yanvarında, Fevral inqilabına bir ay qalmış o, Sürixdə xalq evində fəhlə gənclər qarşısında Rusiyada 1905-ci il inqilabının növbəli ildönümü haqqında məruzə ilə çıxış edərkən demişdi: “Biz, qocalar, qarşıdan gələn bu inqilabın həlledici döyüşlərini, bəlkə də, görə bilmədik...” İnqilab isə bir ay sonra başlamışdı.

Bunu, necə deyərlər, sözgəlişi söyləyirəm. Bu, tarixi bir müqayisə, bəlkə də, qəribə təsadüfdür.

Sov.İKP-nin sovet dövrünə aid bütün 74 illik tarixi ərzində ali təbəqənin cəmi dörd üzvü partiyanı könüllü tərk etmişdi. Heydər Əliyev, - köhnə masanın arxasında bir müddət kağıza baxıb qəmli düşüncələrə dalan məhz o idi, - bu siyahıda üçüncüdür.

Sov.İKP-dən könüllü çıxanların birincisi məşhur Kreml inadkarı və qiyamçısı Boris Nikolayeviç Yeltsin idi. Heç bir yüksəkvəzifəli partiya xadiminin cürəti çalmayan hərəkəti ilk dəfə məhz o etmişdi. Bu əhvalat Sov.İKP-nin 1990-cı ildə keçirilən sonuncu, XXVIII qurultayında baş vermişdi.

İyulun on ikisində, qurultayın işinin qurtarmasına bir gün qalmış Sov.İKP MK-nın və Mərkəzi Nəzarət Komissiyasının üzvlüyünə namizədlərin siyahıları müzakirə edilməyə başlandı. MK üzvlərinin yeni tərkibində Yeltsinin də adı vardı. Bu zaman heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Yeltsin əl qaldırıb söz istədi.

- Görürəm, Boris Nikolayeviç öz namizədliyinə etiraz edir? - Qorbaçov inamsızlıqla dilləndi. - Ya da kiminsə namizədliyinə etiraz edir, bilmirəm. Buyurun, Boris Nikolayeviç.

Yeltsin tribunaya yönəldi. Ora çatana qədər salondan hənir gəlmədi. Hamı anlayırdı: indi nəsə olacaq. Heç də yanılmamışdılar.

Yeltsin dedi:

- Çox fikirləşəndən sonra bir qərara gəlmişdim və bu qərar barəsində Sov.İKP-nin XXVIII qurultayından sonra məlumat vermək istəyirdim. Amma bu gün partiyanın Mərkəzi Komitəsinin tərkibinə namizədliyimin irəli sürüldüyünü nəzərə alaraq, belə bir bəyanat verməliyəm.

Salon donub qaldı. Hamının nəzəri natiqə dikildi.

- RSFSR Ali Sovetinin Sədri seçilməyimlə əlaqədar olaraq, - o, sözləri bir-bir aydın tələffüz edə-edə söylədi, - xalq və Rusiya qarşısında çox böyük məsuliyyət daşıdığıma görə, cəmiyyətin çoxpartiyalılığa keçməsini nəzərə almaqla, təkcə Sov.İKP-nin qərarlarını icra edə bilmərəm. Respublikanın ali qanunvericilik orqanının başçısı kimi mən xalqın və onun səlahiyyətli nümayəndələrinin iradəsinə tabe olmalıyam. Odur ki, seçkiqabağı dövrdə götürdüyüm öhdəliklərə uyğun olaraq mən sovetlərin fəaliyyətinə səmərəli surətdə təsir göstərməyə daha çox imkan qazanmaq üçün Sov.İKP-dən çıxdığımı bəyan edirəm. Respublikanın bütün partiyaları və ictimai-siyasi təşkilatları ilə əməkdaşlığa hazıram.

Yeltsinin bəyanatını tərəfdarları alqışlarla qarşıladılar. Əleyhdarları isə hay-küy qaldıraraq qışqırmağa başladılar: “Ar olsun! Satqına ar olsun!” Onlar da, o birilər də başa düşürdülər: presedent yaranmışdır. Öz hərəkəti ilə Yeltsin sanki işarə verirdi: daha partiya biletinin üstündə əsməmək və mövqeyini itirməmək olar. Bəziləri əl çalır, başqaları isə, əksinə, onun hərəkətini məzəmmət və düşmənçiliklə qarşılayanların səsinə səs verirdi.

Bu arada Yeltsin heç kəsə baxmadan ağır-ağır qapıya tərəf addımlayır. Çıxışın yaxınlığında əyləşmiş qurultay nümayəndələri sonralar mənə Boris Nikolayeviçin sifətinin necə bozardığını danışırdılar. Bu məqam tarixi bir fotoşəkildə əks olunub: keçmiş Siyasi Büro üzvlüyünə namizəd və Sov.İKP MK katibi B.N.Yeltsin XXVIII qurultayda partiyadan çıxdığına dair bəyanat verdikdən sonra iclas salonunu tərk edir.

İclasa sədrlik edən Qorbaçov özünü itirdi.

- Budur, bizdə Boris Nikolayeviçin bəyanatı vardır, - deyə vərdiş etdiyi tərzdə birnəfəsə danışmağa başladı, - madam ki, bu bəyanat verilib, qurultay qərar qəbul etməlidir. O, partiyadan çıxdığını bəyan etdi və düşünürəm ki, qurultay, sadəcə, Mandat komissiyasına onun mandatının ləğv edilməsinə dair təklif verməyi tapşırmalıdır...

Qorbaçov var gücü ilə soyuqqanlı görünməyə çalışırdı. Salonda hay-küyü yatırmaq və Yeltsinin partiyadan rüsvayçılıqla çıxarılması üçün ərizənin ilk partiya təşkilatına verilməsini tələb edənlərə cavab vermək üçün əlini qaldırdı:

- Bir dəqiqə. Yoldaşlar, o çıxdığını bəyan etdi. Elə bilirəm, heç bir ilk partiya təşkilatına getməyəcəkdir. Qurultaya gəlincə, biz Mandat komissiyasına tapşırmalıyıq ki, XXVIII qurultayın nümayəndəsi kimi onun mandatına xitam verilməsi, mandatının ləğv olunması barədə qərar layihəsi təqdim etsin. O ki qaldı digər məsələlər, qərarı Yeltsin yoldaş özü qəbul etmişdir. Zənnimcə, siz dəlilləri eşitdiniz. Biz onları nəzərə almalı və buna əsasən hərəkət etməliyik. Aydındır ki, bununla əlaqədar olaraq, onun namizədliyinin siyahıya daxil edilməsi məsələsi də aradan qalxır.

Qorbaçovun uzun illər köməkçisi olmuş Anatoli Sergeyeviç Çernyayev hadisənin baş verdiyi günün axşamı onunla etdiyi telefon söhbəti haqqında danışırdı. O, həmin hərəkətin Yeltsinin “məntiqi sonu” olduğunu söyləyən şefinə cavab verərək demişdi: “Bu addımı lazımınca qiymətləndirməmək olmaz”. Yeltsinin öz təhlükəli hərəkəti ilə ictimaiyyətə və sovetlərə işarə verdiyini, bundan sonra Sov.İKP ilə hesablaşmamağın mümkün olduğunu anlasa da, Anatoli Sergeyeviç bu hadisəyə daha çox Yeltsinin Qorbaçovla şəxsi qarşıdurması zəminində baxırdı. Odur ki, Kreml “dönüyünün“ hərəkətinə qiymət verərkən Çernyayev Yeltsinin nə qazandığını, Qorbaçovun isə nə itirdiyini başa düşməyə çalışırdı.

Çernyayevin fikrincə, Yeltsin bu hərəkəti ilə Qorbaçovun zəifliyini açıb göstərmişdi: yəni, gör partiyanı nə həddə çatdırmışdı ki, belə şeylər baş verə bilirdi. Bir də ki, o, cəmiyyəti sanki belə bir fikrə gətirmişdi: “Partiyanın Baş katibi vəzifəsini əlinizdə saxlamaq üçün siz hamıya diş qıcayırdınız, Yeltsin isə partiyanın üzünə tüpürdü və sizin görməli olduğunuz işi etməyə başladı”.

Qorbaçovla Yeltsin arasında şəxsi ədavət, əlbəttə, vardı və bu amil onların qarşıdurmasında, sözsüz ki, az rol oynamamışdı. Lakin hər şeyi yalnız şəxsi ədavətlə bağlamaq problemi bəsitləşdirmək demək olardı. Problem isə qat-qat dərin və kəskin idi.

Yeltsinin partiyadan çıxdığı gün mənə, - o vaxt Sov.İKP MK-nın İdeologiya şöbəsində işləyirdim, - nüfuzlu Avropa qəzetindən tanış jurnalist zəng vurdu və bu hadisənin şərhini xahiş etdi. Qəlibə uyğun cavabımı iltifatla dinləyib məsələni kəsəsinə qoydu:

- Sizə elə gəlmir ki, cənab Yeltsin öz hərəkəti ilə partiyanın damını saxlayan dirəyi vurub çıxarmışdır?

Yadımdadır, mən qəti etirazımı bildirdim.

Qorbaçovun danımın dirəyini - hə, bununla birtəhər razılaşmaq olar. Amma bütün partiyanın dirəyini? Yox, bu, qeyri-mümkün görünürdü.

Belə düşünən tək mən deyildim. O vaxt biz özümüzə məxsus başqa bir koordinatlar sistemində yaşayırdıq. Elə Çernyayev də qurultaydakı əhvalatı iki liderin şəxsi ədavəti, rəqabəti kimi izah etmişdi.

Ertəsi gün xarici mətbuatın növbəti icmalını gətirib stolumun üstünə qoydular. Mənə zəng vurmuş jurnalistin məqaləsi gözümə dəydi. Qəzeti açıb oxuduqda gözlərimə inanmadım. Məqalədə Yeltsinin Sov.İKP damının altından çıxardığı dirək “çürük” adlandırılmışdı. Hirsimdən nə edəcəyimi bilmirdim.

İndi, üstündən bu qədər ötəndən sonra o qiymət daha qeyri-obyektiv görünmür və xüsusən, iftira təsiri bağışlamır. Yəqin, Köhnə meydandakı binalar kompleksində qürurla əyləşən bizlər çox şeyləri bir cür görürdük, kənardan baxanlar isə tamam başqa cür. Yeltsinin kommunist keçmişi ilə üzülüşməsini tədqiq edərkən belə bir qənaətə gəlirəm ki, bu, Boris Nikolayeviçdən ötrü sadə bir məsələ deyildi. Bu barədə mövcud olmuş səthi təsəvvürlər zaman keçdikcə alt-üst olur. Bəzi dayaz düşünən adamlar güman edirdilər ki, Yeltsin populizm və Qorbaçovla şəxsi ixtilaflar dalğasında “dönük” olmuşdur, hərçənd bu ixtilaflar sovet imperiyasının faciəli aqibətində müəyyən rol oynamışdır.

Partiya rəhbərlərinin bioqrafiyalarının təfərrüatını ilk dəfə dərindən araşdırmış və yeddi nəfər sovet baş katibinin nadir portretlərini yaratmış tarixçi və general Dmitri Volkoqonov XXVIII qurultaydan bir neçə gün sonra Boris Nikolayeviçə görüşü barədə belə danışırdı:

- Bilirsiniz, o mənə nə dedi? Partiyadan çıxdığını bəyan edəndə, elə bil, köksündən nəyi isə qoparıb alıbmış. Bütün gecə gözünə yuxu getməyib...

- Doğrudan da, otuz il üzvü olduğu Sov.İKP-dən ayrılmaq Yeltsin üçün asan ola bilməzdi. Bu, yaşanmış ömrün müəyyən mənada faciəsi, sərt, müəmmalı bir dönüş idi. Axı, partiyaya iyirmi yaşında daxil olan

Şevardnadzedən, Əliyevdən və Yakovlevdən fərqli olaraq, Yeltsin otuz yaşında partiyanın üzvü olmuşdu. Otuz yaş yetkinlik dövrüdür, deməli, seçim şüurlu şəkildə edilmişdi. Ona görə vidalaşmaq da çətin idi.

- Partiyadan çıxma prosedurunun özü də çox mübahisələr doğurmuşdu. Yeltsin səs-küylü formaya üstünlük verdi - partiyadan qurultayda, hamının gözü qarşısında çıxdı. Buna görə bəziləri onu qınayıb pislədilər. Lakin qərar qəbul olunmuşdu və Yeltsin qorxub - çəkinsəydi, daha Yeltsin olmazdı. O, qorxunu paslı bir mismar kimi içində gəzdirən adamlardan deyildi. Nə olsun ki, bu qərara uzun və çətin yolla gəlib çıxmışdı.

Onu yaxından tanıyan silahdaşları söyləyirdilər ki, həlledici məqam yaxınlaşdıqca gözgörəsi həyəcan keçirməyə başlamışdı. Hər gün şübhələr içərisində qovrulurmuş. SSRİ Dövlət Tikinti Komitəsinə “sürgün” dövründən onun köməkçisi olmuş Lev Yevgenyeviç Suxanov rəisinin ən yaxın adamlarını yığıb onlarla necə məsləhətləşdiyini danışırdı.

Əlləri cibində, gərgin bir halda kabinetində var-gəl edərək, bir-bir köməkçilərinə müraciət edirdi. İçəridəkilər Suxanov, İlyuşin, Sareqorodsev, bir də Xarin idi. Suxanov moskvalıydı, qalan üç nəfər isə özününkülər idi, Sverdlovskdan idilər. Suxanov da fikrini söylədi: əgər partiyadan çıxmaq məsləhəıdirsə, bunu hökmən qurultayda etmək lazımdır.

- Hay-küy, əlbəttə, çox olacaq, amma bunun sədası siyasi cəhətdən aydın eşidiləcəkdir. Bir də ki, siz Ali Sovetin Sədrisiniz, ona görə də partiyada üzvlüyünüzü dayandırmağınız məntiqli olar. Elə bilirəm, bu hərəkəti deputatlar da, bütün Rusiya xalqı da düzgün qiymətləndirər.

- Deputatların qurultayını pozmaram ki? - Yeltsin tərəddüd etdi.

Ən çox ehtiyat etdiyi bu idi - axı, o vaxt Rusiya Ali Sovetində kommunistlər üstünlük təşkil edirdilər.

İlyuşin rəisinin şübhələrini artırdı.

- Partiyadan qurultayda çıxmaq olmaz, - deyə öz fikrini bildirdi, - bu, Rusiya parlamentinin deputatlarını qeyzləndirər. Qurultaydan sonra ərizə yazmaq daha yaxşı olar.

İlyuşin aparat adətlərinə dərindən bələd idi. Sverdlovsk vilayətinin komsomol və partiya orqanlarında böyük iş təcrübəsi vardı.

Sverdlovsk Vilayət Komsomol Komitəsinin birinci katibi vəzifəsində İlyuşini əvəz etmiş Sareqorodsev, - o da Sverdlovskdan idi, - onunla razılaşmadı.

- Partiyadan qurultayda çıxmaq lazımdır, - deyə israr etdi.

Yeltsin hamını diqqətlə dinlədikdən sonra özlüyündə götür-qoy etməyə başladı. Qurultaya qalan üç günü dərin sarsıntılar içərisində keçirdi. Yalnız son məqamda qəti qərara gələ bildi. Yazı masasının arxasında əyləşdi və Sov.?KP-dən çıxmasına dair bəyanat yazdı.

Boris Nikolayeviç onu qurultayda oxudu və nümayəndə kimi əyləşdiyi yerə bir daha qayıtmadı. Həmişəlik olaraq nəinki partiyadan getdi, həm də partiyanın öz mövcudluğunu başa vurmaqda olduğu məkanı tərk etdi. Amma o dövrdə partiyanın aqibətinin bu cur olacağını az adam düşünə bilərdi. Deyəsən, belə fikir Mixail Sergeyeviçin də ağlına gəlmirdi...

Bır ildən bir qədər çox vaxt keçəcək və Boris Nikolayeviç Sov.İKP-nin qadağan edilməsi haqqında fərmana nəşə ilə qolaylanaraq, özünə xas əda ilə imzasını qoyacaqdır. Ancaq bu, başqa əhvalatdır.

Sov.İKP-dən zaman etibarilə ikinci çıxan Eduard Amvrosiyeviç Şevardnadze idi. Xatırladım ki, Gürcüstan respublika partiya təşkilatına uzun illər rəhbərlik etmiş bu şəxs fəaliyyətə on səkkiz yaşında, Gürcüstan M.KGİnin rayon komitələrindən birində komsomol işçisi kimi başlamışdı. Vəzifə pillələri ilə sürətlə zirvəyə qalxmışdı: 1978-1985-ci illərdə Sov.İKP MK Siyasi Bürosunun üzvlüyünə namizəd, 1985-ci ilin iyulundan 1990-cı ilin iyulunadək Siyasi Büronun üzvü olmuşdu. 1985-ci ildə hakimiyyətə gələn Qorbaçov onu irəli çəkərək, SSRİ xarici işlər naziri vəzifəsinə təyin etmişdi.

İndi az adamın yadında olar, amma 1990-cı ilin iyulunda Sov.İKP-nin sonuncu, XXVIII qurultayında Eduard Amvrosiyeviç başqaları ilə bərabər, Sov.İKP MK-nın Baş katibi vəzifəsinə namizəd göstərilmişdi. 1990-cı ilin dekabrında SSRİ xalq deputatlarının qurultayında o, “yaxınlaşmaqda olan diktatura təhlükəsinə” etiraz əlaməti olaraq sovet xarici siyasət idarəsinin başçısı vəzifəsindən istefa verdi. Sov.İKP MK-nın üzvü ola-ola, ölkədə Sov.İKP ilə paralel fəaliyyət göstərə bilən partiya yaradılmasının zəruri olduğunu bildirdi. Bu cür bəyanatlardan sonra Sov.İKP-nin Mərkəzi Nəzarət Komissiyası partiya təhqiqatı aparılması haqqında qərar qəbul etdi.

Siyasi Büronun keçmiş üzvünün partiya taleyinə dair sonrakı məlumatlar ziddiyyətlidir. Bir məlumata görə, Şevardnadze Sov.İKP-nin sıralarını könüllü tərk etmişdir. Bəziləri isə iddia edirlər ki, partiyadan xaric olunmuşdur. Bir versiyaya görə, bunu Mərkəzi Nəzarət Komissiyası, başqa bir versiyaya görə, uçotda olduğu ilk partiya təşkilatı etmişdir. Bəs əslində nə baş vermişdir?

Cavabı yalnız səriştəli, etibarlı mənbə verə bilərdi. Axı, son vaxtlar o qədər ədəbiyyat nəşr olunub, “həqiqi dəlillər” dərc edilib, “sənədli filmlər” göstərilib ki, nabələd oxucu lap çaş-baş qalır. İnsanların beynində hər şey qarışıb: uydurma olanla dəqiq olan, gümanla fakt dəyişik düşüb.

Əgər bir çox müasirlərimizin, belə demək olarsa, ümumbəşəri maraq doğuran hadisələr barəsində də dəqiq təsəvvürü yoxdursa, adları büsbütün unudulmuş siyasətçilərdən nə danışmaq olar? Bir misal çəkim. 2006-cı ildə Rusiyada Kosmonavtika günü geniş miqyasda qeyd edilirdi. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi sorğuda isə məlum olmuşdu ki, rəyi soruşulanların 51 faizi Yerin ilk süni peykini hansı ölkənin buraxdığını bilmirmiş, 24 faizi insanın kosmosa ilk uçuşunun dəqiq tarixindən xəbərsiz imiş. Onların arasında elələri də vardı ki, ??? ilk dəfə olaraq Belka və Strelka adlı i?lərin endiyini söyləmişdilər. Doğrudur, belələri bir faizdən az idilər, amma, axı, bu cür adamlar vardı!

Bütün bunlar kosmosun fəth edilməsinin “sirləri” haqqında “sensasiyalı” televiziya verilişlərinin və qəzet məqalələrinin nəticəsidir. Zavallı rusiyalılar! Yalan-doğru o qədər güclü informasiya axını, o qədər ziddiyyətli məlumat seli ilə qarşılaşıblar ki, həqiqətin harada, yalanın harada, düzün hansı tərəfdə, əyrinin hansı tərəfdə olduğunu dəyişik salıblar, bunları bir-birindən seçmək bir çoxları üçün müşkülə çevrilib.

Eyni sözlər yaxın keçmişin siyasi hadisələrinə də aiddir. Necə olsa da, on beş il keçib. Bu dövr ərzində o qədər hadisə baş verib ki, əqli qabiliyyəti ortadan yuxarı səviyyədə olan adamlar da təəccüblə başlarını yelləməli olurlar. Sıravi adamlar haqqında nə demək olar!

Öz-özünü akademik elan edən başbilənlərin, “yeni” elmi cərəyanların banilərinin, hər şeyin bilicilərinin, bütün ağla gələn və gəlməyən orden-medalları, ekzotik elmi qurumlarda üzvlüyü gözə soxan vizit vərəqələri sahiblərinin meydan suladıqları bir dövrdə ən yeni tarixi ondan-bundan eşidib təxmini bilməyən, dost məclislərində dinlədiyi söhbətlərdən öyrənməyən əsl səriştəli adamları tapmaq çox çətindir.

SSRİ Nazirlər Kabinetinin ilk partiya təşkilatına onun müraciətinin mətni nadir tarixi sənəddir. Burada məzmunun inandırıcılığı ilə formanın publisistliyi üzvi surətdə birləşmişdir. Bu, müəllifin siyasi uzaqgörənliyinə, yaranmış şəraiti dəqiq təhlil etməsinə, təfəkkürünün dərinliyinə və itiliyinə, cəmiyyətin inkişafının hansı yolla gedəcəyini qabaqcadan görməsinə inandırıcı sübut olan bir sənəddir.

Vaxt gələcək, həmin sənədi təkcə suveren Azərbaycan Respublikasının ali məktəblərində öyrənməyəcəklər. Heydər Əliyev, başqa heç kəsin bacarmadığı kimi, hamının daxilən dərk etdiyini, lakin bərkdən deməyə cəsarət etmədiyini səmimi və açıq şəkildə söyləyə bildi. Bircə bu gerçək sözlərə diqqət yetirin: “...bizim ölkədə kommunizm eksperimenti, sosializm yolu özünü doğrultmadı, zorakılıqla yaranan və saxlanan respublikaların ittifaqı süquta uğramaqdadır”.

Bunları açıq şəkildə, üstəlik, ilk partiya təşkilatına müraciətdə bəyan etmək üçün nə qədər böyük mərdlik, iradə gücü, vətəndaş cəsarəti lazım idi!

Davamı növbəti sayımızda...

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31