Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bələkdəki körpədən 100 yaşlı babayadək...

Bələkdəki körpədən 100 yaşlı babayadək...

14.02.2024 [10:10]

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Bu seçki digərlərinə bənzəmirdi. Hamı həyəcanlı idi. Ona görə ki, sözügedən seçki ölkəmizin bütün ərazilərini əhatə edirdi. Yəni bu, 44 günlük Vətən müharibəsi  və ötən il həyata keçirilən 1 günlük antiterror tədbirləri nəticəsində torpaqlarımızın düşmən tapdağından  tamamilə azad edilməsi qədər mühüm hadisə idi. Müstəqilliyimiz əldə olunduqdan  sonra biz ilk dəfə olaraq bütöv, tam Azərbaycanda seçkilərə gedirdik. Özü də Prezident seçkilərinə.

Əlbəttə, namizədlərin hər birinin özünə görə seçicisi  var idi. Lakin  bu dəfə rəqiblər arasında kimin seçiləcəyi artıq xalqa sirr deyildi. Yox-yox, fikrimi yanlış anlamayın. Niyə sirr deyildi? Çünki o rəqiblərin biri artıq xalqın inamını yetərincə qazanmış, fəaliyyəti dövründə gözlənilənlərdən də artığını etmiş şəxsiyyət idi.  Hələ seçkilərə hazırlıq gedən dövrdə insanlar öz namizədinin adını çəkinmədən, açıq şəkildə söyləyirdi. Əlbəttə, mətbuat nümayəndəsi olaraq, biz də əhali arasında olur, onların fikirlərini də eşidirdik : “Bu seçki niyə keçirilir ki, biz onsuz da İlham Əliyevi əbədi prezidentimiz seçmişik”, “Biz ən layiqli namizədə- İlham Əliyevə səs verəcəyik”, “Biz övladlarımızın gələcəyini düşünüb İlham Əliyevə səs verəcəyik”, “Mən qalib ölkənin qalib vətəndaşı kimi qalib liderə səs verəcəyəm” kimi fikirlər hər gün, hər yerdə səslənirdi. Hətta seçki günü 12 yaşlı oğlum mən evdən çıxarkən dedi:

- “Ana, olar mən də səsverməyə gedim?”

Güldüm :

- Sən axı balacasan, yaşın çatmır.

O, tutuldu:

-  Noolsun,  axı mən də səs vermək istəyirəm...

Əslində kimin adını deyəcəyini təxmin etmişdim, lakin yenə də maraq üçün soruşdum:

- Getsən kimə səs verəcəkdin ki ?

Oğlumun qırışığı açıldı. Sanki artıq səs vermiş kimi sevinclə dedi:

- Bilmirsən ki? İlham Əliyevə !

Mən onun könlünü alaraq dedim:

- Bax, söz verirəm, budəfəki  səsi məhz sənin əvəzinə verəcəyəm. Həm də sənin seçdiyin namizədə. Oldumu?

Oğlum sevinclə boynuma sarıldı. Mən də onun bir qucaqlıq bədənini köksümə sıxıb üzündən öpdüm. Sağollaşıb qapıdan çıxdım.  

Qürurlu idim. Bilirsiniz niyə? Əslində bu yaşda uşaqlar siyasətlə, seçkilərlə maraqlanmırlar. Onların öz maraqları, əyləncələri olur. Amma Vətən müharibəsi dövründə bütün uşaqlar deyərdim ki, sürətlə böyüdülər. Onlar qalibiyyətin, düşmən üzərində Zəfər çalmağın bütün həzzini yaşadılar. Və bu hiss o qədər böyük, o qədər möhtəşəm hiss idi ki, bir də baxdıq ki, övladlarımız 44 gün içində oyuncaqdan ayrılıb döyüşdən danışır, qələbədən danışır, Prezidentdən danışır, saatlarla televizorun önündə əyləşib Ali Baş Komandanın çıxışını gözləyir, bir-biri ilə bu mövzuda fikir mübadiləsi aparır, ölkə başçısının çıxışları zamanı söylədiyi fikirləri əzbərləyir, yeri düşdükcə işlədirlər. Yəni biz valideyin olaraq onlara kimi sev, kimi sevmə kimi fikir aşılamamışdıq. Bu sevgi, bu ehtiram özü yaranmışdı. Öz müşahidələrinin, öz yaşadıqlarının nəticəsi idi...

Və bu anda dönüb öz uşaqlıq illərimə nəzər salıram. Əslində biz də vaxtsız böyümüşdük. Amma bu, indiki uşaqların  böyüməyindən fərqli idi. Biz yalın ayaqlı, çadırlarda yaşayan, neçəsi gözlərimiz önündə xəstəlikdən ölən, havalanan, ac-susuz, yurd-yuvasız, soyuqdan bədənləri, barmaqları göyərmiş həmyaşıdlarımızı görə-görə böyümüşdük. Biz müharibənin bütün acısını yaşayaraq, bütün zərbələrini dadaraq böyümüşdük...  Elə də böyümək deyirəm ki... Daha doğrusu, “qocalmışdıq”. Biz uşaqlıq yaşamadıq. Biz Xocalı xofu, Xocalı yarası ilə baxdıq irəliyə... Həmin döyüşlərdə canını fəda edən oğulların qanı illərlə yerdə qaldı. Məğlubiyyət iliklərimizə qədər işlədi. Yalnız oxuduğumuz nağıllarda “Simurq quşu”, “Ağ atlı oğlan” kimi obrazlar şüuraltında bizdə ümidli olmağa, xeyirin şər üzərində qələbə çalması üçün imkan yaranacağına inam aşılayırdı...

Bugünkü uşaqlar isə xeyirin şər üzərindəki qələbəsini nağıllardan oxumadılar, onun canlı şahidi oldular. Onların qəhrəmanı nağıllardakı uydurma obrazlar yox, öz canını, sağlamlığını bu torpaq uğrunda fəda edən qəhrəman oğullar və onların başında dayanan böyük lider, sərkərdə idi. Bu sevgi heç bir təbliğatın nəticəsi deyildi. Uşaqdan böyüyə hər kəsin inamını qazanmaq, xalqın liderinə çevrilməyi  bacarmaq böyük səadətdir və xalq öz sevgisini məhz növbəti prezident seçkisində bir daha sübut etdi. Elə uşaqdan- böyüyə sübut etdi...

Hər seçkidə maraqlı anlar yaşanır, xatirəyə çevrilir. Amma əvvəldə qeyd etdiyim kimi, bu seçki daha fərqli idi. Bu seçkidə bir bayram əhval-ruhiyyəsi hiss olunurdu. Bu  seçkidə hər kəsin üzündə qalibiyyətin sevinci var idi...

Fevralın 7-də  redaktoru olduğum, Ağcabədidə çxan “Aran” qəzetinin və onun nəzdində fəaliyyət göstərən “Aran Ağcabədi” internet televiziyasının əməkdaşları müxtəlif seçki məntəqələrinə yollandılar. Seçkilərin gedişatı ilə bağlı həm canlı bağlantımız oldu, həm də günün müxtəlif saatlarında məntəqələrdən reportajlar hazırlandı. Müxbirlərimiz seçki məntəqələrinə gedərkən hamısından xahiş etdim ki, maraqlı anları ötürməsinlər, fotolar çəkib göndərsinlər. Və budur, öncə 100 yaşlı bir babanın - Sahib Abbasovun fotosu göndərildi. Daha sonra elə təxminən mənim oğlumla yaşıd -  11- 12 yaşlı bir oğlanın atası ilə birgə qutuya bülleten atdığını əks etdirən foto gəldi. Səsi ata versə də, bülleteni qutuya oğlu atırdı. Bu fotodan sonra oğlumu səs veridyim məntəqəyə aparmadığım üçün özümü danlamağa başlayırdım ki, daha bir foto göndərildi. Bir baba bələkdəki nəvəsini sevgi ilə bağrına basaraq məntəqəyə, səsvermədə iştirak etməyə gəlmişdi. Əməkdaşların birindən xahiş etdim ki, fotoları dərhal bu başlıqla paylaşsın: “Bələkdəki bəbədən 100 yaşlı babayadək hamımız seçki məntəqələrindəyik”. Əməkdaşımız deyəsən hisslərə çox qapıldığımı hiss edərək bəbə əvəzinə körpə yazmışdı. Olsun, əsas budur ki, doğrudan da, bəbədən babayadək hamı o gün nə isə etməyə çalışırdı.

Məntəqələrdə maraqlı hallardan biri isə seçki bülletenlərindəki qeydlər oldu. Məsələn, bir məntəqədə bir neçə bülletendə namizədlərdən birinin, daha doğrusu,  İlham Əliyevin adının qarşısında seçicinin öz sevgisini ifadə edən “ürək” işarəsi qoyulmuş, birində “Var ol, prezidentim” yazılmışdı. Daha bir bülletenin isə aşağısında bu sözlər qeyd edilmişdi: “Torpaqları geri qaytaran sərkərdə”.

Eşitdiyimə görə, bülletendəki bu kimi qeydlər xarici müşahidəçiləri də kövrəldib və onlar başqa heç bir yerdə, heç vaxt belə hal ilə qarşılaşmadıqlarını bildiriblər.

Bəli, həqiqətən də duyğulu anlardır. Sevgi elə bir hissdir ki, insan onu təkcə yazmaqla, deməklə ifadə edə bilmir, bunun üçün daha çox vasitə axtarır, daha möhkəm səslə car çəkmək istəyir. Biz bir neçə gün öncə ölkəmizdə keçirilən Prezident seçkilərində də bunun şahidi olduq. Şahid olduq ki, xalq öz liderini sevir, ona güvənir, onun arxasında dayanır və bunu hər kəsə bəyan etmək istəyir. Gücünü xalqdan alan lider isə hər zaman qalibdir!

Məhsəti Musa

Paylaş:
Baxılıb: 359 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30