Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 3№-li protokol

3№-li protokol

23.02.2024 [22:28]

Nüvədinin ilhaqından 95 il ötür...

Qədim türk diyarının taleyini mirzoyanlar, sxakayalar həll edib

Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Nüvədinin Ermənistan SSR-yə ilhaqından 95 il ötür.  18 fevral 1929-cu ildə qədim türk diyarı olan Nüvədi SSRİ-nin ilk illərində digər torpaqlarımızla eyni taleyi bölüşdü – zorla Ermənistana birləşdirildi. Nüvədinin Cəbrayıl qəzasından ayrılaraq Ermənistana ilhaqı prosesi həmin illərdə Azərbaycan KP MK-nın birinci katibi Levon Mirzoyanın qərarı və "xeyir-duası" ilə baş tutmuşdu. Nüvədinin taleyinin həll olunduğu iclasın protokollarına nəzər yetirdikdə, iştirakçıların mütləq əksəriyyətinin qeyri-azərbaycanlılardan ibarət olması xüsusi diqqət çəkir...

ZAQAFQAZİYA SOVET FEDERATİV SOSİALİST RESPUBLİKASI FƏHLƏ, KƏNDLİ, QIZIL ORDU VƏ MATROS DEPUTATLARI SOVETLƏRİNİN MƏRKƏZİ KOMİTƏSİ RƏYASƏT HEYƏTİNİN 

19 FEVRAL, 1929-cu İL TARİXLİ İCLASININ 3 №-Lİ PROTOKOLU”

Sədrlik edirdi: Sxakaya M. yoldaş.

İştirak edirdilər:

Zaq. MİK Prezidiumunun üzvləri:

Bünyadzadə D., BağırovM., Dolidze A., Stur V., Tağıyev İ., Şaverdova A., Yaqubov yoldaşlar.

Zaq. MİK Prezidiumu üzvlüyünə namizədlər:

Cavaxaşvili A.,

Torikaşvili E. yoldaşlar.

Zaq. MSİ-dən Rixadze A. yoldaş.

Zaq. İcraiyyə Komitəsindən Şeirenç yoldaş.

Zaq. MİK Prezidiumu katibliyinin müdiri Babayev Q. yoldaş.

Zaq. MİK təşkilat şöbəsinin müdiri Melnikov F. yoldaş.

Zaq. MİK təşkilat şöbəsinin təlimatçısı Əkbərov yoldaş.

Məsləhətçi: Kaçuxaşvili İ. yoldaş.

Eşidildi: Nüvədi, Ernəzir və Tuqut kəndlərinin Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Meğri qəzasına aid edilməsi haqqında.

Qərara alındı: Göstərilmiş üç kənd öz torpaqları ilə Erm.SSR Mığrı qəzasının inzibati idarə etməsinə verilsin.

Həmin sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda baxılıb. Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə “qanunlaşdırılıb”, Zəngilan rayonunun tərkibindən çıxarılmışdır. 1988-ci ilin fevralında Ermənistan SSR-dən azərbaycanlıların son deportasiyasına başlananda nüvədililər respublika rəhbərliyi qarşısında bu fərmanın ləğv olunması barədə dəfələrlə məsələ qaldırmışlar. Lakin istədiklərinə nail ola bilməmişlər.

Nüvədi kəndi ən qədim Azərbaycan kəndlərindən biri idi.

Qeyd etdiyimiz kimi, tədqiqatçı, mərhum Həmzə Əliyevdə (Vəlioğlu) Nüvədi kəndinin tarixinə aid bir neçə yazılı daş var idi. Həmin daşlar Nüvədi – Qarqadaşı abidələrinin Orxon-Yenisey yazılarından xeyli qədim olduğunu bildirir. Həmzə Vəlioğlu Nüvədinin tarixi haqda 1985-ci ildən başlayaraq Azərbaycan mətbuatında da çıxış edərək daşların şəklini və onun üzərində olan yazılar barədə məlumat vermişdir.

Bu yazılar və Orxon-Yenisey yazıları  eyni hərflərlə yazılmışdır. Yazının mətni sübut edir ki, azı 1000-1500 illik tarixə malik olan Nüvədi kəndi bu ərazidə hazırda xarabalığa çevrilmiş Ataman, Anqizet, Qorçinik, Enədir, Sultan Səlim kimi qədim yaşayış məskənlərinin əsasında yaranmışdır.

Nüvədidə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1914-cü ildə isə 1072 nəfər yaşamışdır. 1918-ci ildə Andranımın quldur dəstəsinin əli Nüvədi kəndinə də çatdı.  Gəncə qubernatorunun 303 nömrəli 10 dekabr 1918-ci il tarixli teleqramında deyilir ki, “Zəngəzur qəza rəisinin məlumatına görə, dekabrın 19-da Andıranımın dəstəsi yerli ermənilərlə birlikdə Nüvədi kəndini mühasirəyə aldılar...”

Zəngəzur qəza rəisinin Gəncə qubernatoruna 15 dekabr 1918-ci il raportunda deyilir: “ Qonşu kəndlərin erməniləri müsəlman Aldərə, Mərzə və Tuğut kəndlərini dağıdıb, yandırdılar, Nüvədi və Enədir kəndlərini isə mühasirəyə alıb atəşə tutmuşlar”.

Nüvədi kəndinin güclü müqavimət göstərməsinə baxmayaraq erməni silahlı qüvvələri öz məqsədlərinə çatdılar. Rayonun azərbaycanlı kəndləri kimi nüvədililəri də kənddən çıxarıb qova bildilər. Lakin Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra kəndin əhalisinin təqribən yarısı (662 nəfər) 1922-ci ildə yenidən öz doğma yurdlarına qayıtdı. 1931-ci ildə kəndə qayıdanların sayı 596-ya enmişdir. Rayonda olan ciddi milli ayrı-seçkiliyə baxmayaraq nüvədililər kəndi, təsərrüfatı bərpa etdilər, kolxoz quruldu. Kolxozun öz vəsaiti hesabına kənddə orta məktəb, mədəniyyət evi, kitabxana, məişət xidməti emalatxanası, ambulatoriya, hətta son zamanlarda xalçaçılıq fabrikinin filialı yaradılmışdı.

1988-ci ilin noyabr ayının axırınadək 200 mindən artıq azərbaycanlının Ermənistandan deportasiya olunmasına baxmayaraq hər cür məhrumiyyətlərə sinə gərərək iki il doqquz aydan artıq bir dövrdə Nüvədi bütün Ermənistanda yeganə azərbaycanlı kəndi kimi vətənini qoruyub saxlamış və erməni təcavüzkarlara qarşı mərdliklə mübarizə aparmışdır. Nüvədinin müdafiəsinin təşkilində, əhalinin möhkəm psixoloji-mənəvi müqavimət potensialının möhkəmləndirilməsində bütün nüvədililərə layiq olduqları yüksək qiyməti vermək lazımdır. Hər bir nüvədili bu alınmaz qalanın əsgəri idi. Kolxozun sədri, respublika parlamentinin deputatı Mayıl Amanovun, böyük nüfuz sahibi olan Cəlal Əliyevin, Həsən və Həzi Musayev qardaşlarının, Əhmədəli Əliyevin ağsaqqallıq missiyalarını necə cəsarətlə və qətiyyətlə yerinə yetirdikləri diqqəti xüsusilə çəkirdi. Üç ilə yaxın müddətdə nəhəng imperiyanın məkrli siyasətinə qarşı çıxaraq, doğma yurdu tərk eləməmək adi müqavimət hissləri deyildi.

1991-ci il avqustun 8-də erməni qoşun dəstələri Sovet ordusunun köməyi ilə Ermənistanda olan axırıncı azərbaycanlı kəndinin 1700 (1979-cu ilin siyahıya alınmasına görə)  nəfər əhalisini də öz doğma yurdundan didərgin saldılar. 

Bu, XX əsrdə ermənilərin Nüvədiyə üçüncü hücumu idi. İlk dəfə ermənilər 1905-ci ildə nüvədililərlə geniş döyüşlər aparmış, amma onlarla bacara bilməmişlər. 1918-ci ilin payızında isə nüvədililər ermənilərin hücumlarına davam gətirə bilməyib, Araz çayını keçərək Güney Azərbaycanın Misən kəndinə pənah aparmışlar.

Misəndə o vaxtdan qalmış nüvədililər hazırda böyük nəsil yaratmışlar. 1980-ci illərə qədər bunu Sovet imperiyasından gizlədən nüvədililər, onun zəiflədiyi dövrdə Araz çayı sahillərində, tikanlı məftillər arxasında dayanıb, tez-tez qohumları ilə hal-əhval tuturdular.

Nüvədi ziyalılar kəndi olub, buradan çıxmış alimləri, müəllimləri, həkimləri, aqronomları və s. ziyalıları fəxr edir. Nüvədililərdən 5 nəfər elmlər doktoru, o cümlədən bir nəfər Azərbaycan MEA-nın həqiqi üzvü (Fikrət Əliyev) və bir nəfər müxbir üzvü, 40 nəfərdən çox elmlər namizədi, yüzlərlə ali təhsilli mütəxəssis yetişmişdir.

Nüvədi ziyalılarının xüsusilə ötən əsrin altmışıncı illərindən başlayaraq yetişib cəmiyyətdə daha yüksək yer tutmasında kənd ziyalılarından, bütün ömrünü Nüvədinin inkişafına və çiçəklənməsinə həsr etmiş, ömrü boyu kənddə ya məktəb direktoru, ya da kolxoz sədri vəzifələrində işləmiş 2001-ci ilin sentyabrında dünyasını dəyişmiş Cəlal Əliyevin böyük xidməti olmuşdur. Uzun müddət Mığrı rayon təşkilatlarında müxtəlif məsul vəzifələrdə, sonra isə Rayon Partiya Komitəsinin II katibi işləmiş Həsən Musayevi, hörmətli pedaqoq Həzi Musayevi nüvədililər və Mığrı azərbaycanlıları həmişə xoş xatirələrlə yada salırlar.

Naxçıvanı Azərbaycandan ayıran 46 kilometrlik zolağın 22 kilometri Nüvədinin payına düşürdü. Bu da həmin zolaqda ermənilərin əl-qol atmasına imkan vermirdi. Azərbaycanın rəhbəri Heydər Əliyevin uzaqgörənliyi sayəsində hələ 1980-ci ilin ortalarında Bakıdan Mığrı rayonundan keçmək şərti ilə Naxçıvana həm də hərbi təyinatlı, strateji şose yolu çəkilməyə başlandı. Amma əfsuslar olsun ki, həmin yol vaxtında çəkilib qurtarsaydı, yəqin ki, Mığrı rayonunda indi ermənilər yox idi və bu ərazini çoxdan tərk etmişdilər.

1988-ci ilin sonlarından kənd ziyalıları Azərbaycan rəhbərliyinə tez-tez müraciət edir, müdafiə məsələlərində kömək gözləyirdi. Nüvədiyə müxtəlif təşkilatlar yardım edir, tez-tez gedib-gəlirdilər. Hətta kəndi hamiliyə götürmüş şəhərlər, rayonlar, şirkətlər də var idi. Amma o zamankı Azərbaycan hökuməti kəndin müdafiəsinə heç bir kömək göstərmirdi.

Paylaş:
Baxılıb: 516 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30