Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar

Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar

29.02.2024 [10:24]

Su itkisi yüksəkdir

Fevralın 28-də Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda dinləmələr keçirilib. Dinləmələri parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Aqrar siyasət komitəsi birgə təşkil edib. Dinləmələrdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və digər rəsmilər iştirak edib.

Aqrar siyasət komitəsinin sədri T.Rzayev bildirib ki, dövlətlərarası əlaqələrin pozulması bütün sahələrdə olduğu kimi, dünyanın su təsərrüfatında da ciddi problemlər yaradıb və bu, Azərbaycandan da yan keçməyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə bildirib ki, Azərbaycana Kür çayı vasitəsilə daxil olan suların çox hissəsi Gürcüstan və Ermənistan ərazisində daima çirkləndirilir: “Ermənistan və Gürcüstan hələ də Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konvensiyaya qoşulmayıb. Azərbaycan isə bu sahədə 17 müxtəlif beynəlxalq konvensiyanın, o cümlədən transsərhəd suların mühafizəsi üzrə konvensiyanın iştirakçısıdır. Şirin su ehtiyatlarımızın kiçik bir qismi də Araz çayı hesabına formalaşır ki, bunu da İran və Ermənistan çirkləndirir. Şimaldan-Rusiyanın Dağıstan ərazisindən gələn Samur çayı da normalara uyğun deyil”.

Su ehtiyatı məhduddur

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, Azərbaycanda su itkisi yüksək olaraq qalır və torpaqların şoranlaşmasında bunun xüsusi payı var: “Bu məsələdə obyektiv və subyektiv səbəblər var. Sayğaclaşma hələ də başa çatmayıb, 90 %-dır. Bu səbəbdən abonentlərə verilən su adambaşı kvota ilə - bir nəfərə 5 kubmetr olmaqla hesablanır. Su təsərrüfatı sahəsində uçot və nəzarət işinin təkmilləşdirilməsi həlli vacib məsələ kimi önə çıxmalıdır. Suyun mənbədən götürülməsindən son istehlakçıya qədər bütün mərhələlərdə uçota alınması və dəqiq qiymətləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Həm içməli, həm də meliorasiya suyunda problemlər var”, - deyə o qeyd edib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib ki, Azərbaycanda su ehtiyatı məhduddur. Ölkənin yerüstü su ehtiyatları 30 milyard kubmetrdir ki, bunun da 30 %-i respublikada formalaşır, 70 %-i isə qonşu ölkələrdən daxil olur.

Agentlik rəhbəri bildirib ki, son illər baş verən iqlim dəyişiklikləri səbəbindən respublikamızda yerüstü su ehtiyatları kəskin azalıb, 2022-ci ildə cəmi 17 milyard kubmetr təşkil edib: “Bu, çoxillik planlarımızın 17 %-dir. Bunun da 4,8 milyard kubmetri daxildə formalaşıb, qalanı isə qonşu ölkələrdən daxil olub. Yeni su mənbələrinin yaradılması tələb olunur. Tullantı suların təchizatının yaxşılaşdırılması bizim siyasətin prioritet istiqamətlərindəndir”.

Bundan başqa, sədr deyib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su anbarlarının tikintisi davam etdirilir: “Artıq Xaçınçay və digər su anbarlarının, suvarma kanallarının tikintisi başa çatdırılıb. Şuşa şəhərində içməli su sisteminin yenidən qurulması işlərinə başlanıb. Hazırda Xankəndi, Xocalı, Qubadlı kimi məskunlaşma olacaq ərazilərdə içməli su sistemləri qurulur və bərpa edilir”.

Z.Mikayılov onu da qeyd edib ki, 2023-cü ildə Azərbaycanda içməli suyun 39 %-i, suvarma suyunun isə 50 %-dən çoxu itkiyə gedib: “Son 4 ildə içməli su itkisini 44 %-dən 39 %-ə endirmişik. Amma 39 % qürur duyacaq bir rəqəm deyil. İçməli su ssitemləri üzrə dünyada ideal rəqəm 10 %-dən az sayılır. Yaxın 10 ildə içməli suda itkini 20 %-ə salmağı, 2050-ci ilə qədər isə 10 %-dən aşağıya endirməyi hədəfləyirik. Qonşu Türkiyədə suvarma sistemlərində itki 65 %, içməli suda 30 %-dir. Əslində, bizim 35 milyard kubmetr su balansımız bizə yetərlidir. Biz sadəcə itkiləri azaltsaq, suyun səmərisiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burda şüur, təhsil, maarifləndirmə dəyişilməlidir”, - deyə o qeyd edib.

Çaylarda sululuq artıb

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva bildirib ki, son 10 ilə baxanda bu il Böyük və Kiçik Qafqaz dağlarının suları ilə bağlı yaxşı göstəricilərlə üzləşirik: “Böyük Qafqazın çaylarında sululuq normadan 88 % çoxdur. Keçən illə müqayisədə sululuq 38 faiz bəndi yüksəkdir. Kiçik Qafqaz çaylarında isə sululuq norma göstəricilərindən 35 faiz bəndi artıqdır. Bunlar yaxşı göstəricilərdir, amma bizi sakitləşdirməli deyil. İqlim dəyişikliklərinə əsasən, su ehtiyatlarının gələcək proqnozları nikbin deyil. Buna görə su ehtiyatlarının səmərəli istifadəsi vacib məsələdir”, - deyə nazir müavini vurğulayıb.

Deputat Fəzail Ağamalı bildirib ki, su təsərrüfatı ilə bağlı ayrıca qanun qəbul olunmalıdır: “Müşahidələr göstərir ki, bu gün vətəndaşlarımız sudan səmərəli istifadə etmir, su krantlarını açıq qoyur. Buna görə bu sahədə maarifləndirmə işləri gücləndirilməlidir. Maarifləndirmə işlərinə məhəl qoymayanlar isə qanunvericiliyə uyğun olaraq cəzalandırılmalıdır. Cinayət və İnzibati Xətalar Məcəllələrinə xüsusi maddələr əlavə edilməlidir” , - deyə o qeyd edib.

Deputat Elnur Allahverdiyev isə təklif edib ki, Azərbaycanda dəniz suyunun təmizlənməsində və yaxud çay suyunun filtrasiyasında özəl sektorun iştirakına şərait yaradılmalıdır: “Bu təcrübə bu gün dünyada uğurla sınaqdan keçirilir. Düşünürəm ki, bu, həm dövlətin yükünün azalmasına töhfə verər, həm də prosesin sürətlənməsinə, bizi gözləyən çətinliklərin daha operativ həllinə şərait yaradar. Ölkəmizdə su təchizatı, suya tələbat və yaxud ehtiyaca dair proqnozlar təəssüf ki, o qədər də pozitiv deyil. Qarşıdakı illərdə su qıtlığı ilə üzləşə bilərik. Bu, təbii ki, obyektiv prosesdir, bütün dünyada izlənən tendensiyadır. Azərbaycanın da inkişafda olan ölkədir və bu dünyanın bir parçası olaraq suya tələbatı getdikcə artmaqdadır. Birincisi, əhalimizin sayı sürətlə artır, ikincisi iqtisadiyyat böyüyür, istehsal sahələri genişlənir və bu, həm içməli, həm də texniki suya olan ehtiyacı dəfələrlə artırır”, - deyə o qeyd edib.

Günel ABBASOVA

Paylaş:
Baxılıb: 513 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30