Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İşğaldan azad edilmiş ərazilərdə ekoloji terror

İşğaldan azad edilmiş ərazilərdə ekoloji terror

05.03.2024 [10:30]

Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamda qeyd edilir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

“Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Əsas məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır.

44 gün davam edən Vətən müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatları zamanı 30 ilə yaxın düşmən tapdağında qalan torpaqlarımızı rəşadətli Ordumuz tərəfindən azad edilmişdir.  30 il ərzində torpaqlarımızda, meşələrimizdə, Milli Park və Qoruqlarımızda düşmən əsl vandallıq aktları törətmişdir. Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilmişdir.

Hər hansı bir dövlətdə ekoloji tarazlığın pozulmasına yönəldilən terror aktları ekosidin tərkib hissəsi olub, ekoloji problemlərin yaradılması məqsədini güdür. Ekoloji terrorizmin qarşısının alınmasında əsas məqsəd əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin qorunması və canlıların tələfatına yol verməməkdir.

Ekoloji terror ölkə və ya şəxs tərəfindən digər ölkənin flora və faunasına zərər yetirmək, təbii sərvətlərini məhv etməklə bilərəkdən vurulan ziyandır.

Ətraf mühitə və inkişafa dair Rio-de-Janeyro bəyannaməsinə görə, müharibələr davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərməməlidir. Bu səbəbdən dövlətlər silahlı konfliktlər zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət etməlidirlər. Lakin ermənilər nəinki bu prinsipləri gözləmədi, əksinə onları kobud surətdə pozaraq işğal etdikləri ərazilərimizin təbiətini viran qoydular.

1988-ci ildən başlayaraq ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən Azərbaycana qarşı başlanan müharibə torpaqlarımızın 30 ilə yaxın işğal altında qalması, şəhər və kəndlərin dağıdılması, dinc əhalinin genosidi və eyni zamanda bitki və heyvanlar aləminin məhv edilməsi ilə nəticələndi.  

Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri xarabalığa çevirmək, maddi-mədəniyyət abidələrini Yer üzündən silmək, təhqir etməklə bərabər, həm də yeraltı-yerüstü sərvətlərimizi - mineral su mənbələrini, meşə fondunu (246,217 hektar meşə sahəsi), 152 dövlət təbiət abidəsini, 5 ədəd geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talayıb. Düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini qazanc götürmək məqsədilə məhv edərək yarımfabrikat kimi xarici ölkələrə satıb. Bir fakta diqqət yetirmək lazımdır ki, işğalın son illərində Ermənistanın Qərb ölkələrinə məxsus şirkətlərin köməyilə meşəçilik sahəsində istehsalını 10 dəfə artırması Azərbaycan meşələrinin qırılması hesabına reallaşıb.

Ümumi sahəsi 8 min hektardan çox olan palıd, ardıc, fıstıq, vələs, şam, göyrüc və qozdan ibarət qiymətli və çoxillik sıx meşələrdən ibarət bənzərsiz bir ekosistemin məhv edilməsi endemik biomüxtəlifliyə ən ağır zərbə olub. Bununla da Ermənistan qoşulduğu ekologiya və ətraf mühitlə bağlı beynəlxalq konvensiyaları, o cümlədən, “Ətraf mühitin dəyişdirilməsi üsullarının hərbi və ya hər hansı başqa düşmənsayağı istifadəsinin qadağan edilməsi” haqqında BMT konvensiyasını pozub. Belə ki, flora və faunanın ən qiymətli ağacları ilə zəngin olan Qarabağ meşələri qırılıb və xaricə daşınıb. Yaşıllıq zənginliyinə öyrəşmiş quşlar, heyvanlar bu yerlərdən didərgin düşüb. Təbiətin müvazinəti, balansı pozulub, torpağın erroziyası başlanıb.

Erməni faşistlərinin işğal etdikləri ərazilərdə törətdikləri bu vəhşilik, bu ekoloji terror barədə dəfələrlə həyəcan təbili çalınıb, beynəlxalq təşkilatlar qarşısında məsələlər qaldırılıb, lakin bütün bunlar heç bir nəticə verməyib. Erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqlarında, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib. Həmçinin ölkəmizə qarşı ekoloji terror bununla bitməyib, ermənilər 1999-cu ildən başlayaraq işğal olunmuş ərazilərdə və həmin sahələrə yaxın torpaqlarda yanğınlar törədib. Nəticədə geniş miqyasda torpaq qatı, fauna və flora növləri məhv olub. Belə ki, 2006-cı ildə 63414 hektar, 2007-ci ildə 31097 hektar, 2008-ci ildə 380 hektar, 2009-cu ildə 250 hektar ərazi qəsbkar düşmən  tərəfindən yandırılıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir çox göllər böyük antropogen təsirə məruz qalıb. Göl ətrafında ermənilərin məskunlaşması və göl suyundan suvarma məqsədilə istifadə olunması gölün suyunun tükənməsinə və çirklənməsinə səbəb olurdu. Su ehtiyatlarının çirkləndirilməsi Ermənistanın ekoloji terror siyasətinin əsas təsir elementlərindən sayılır. Bu məsələdə ən vacib sayılan məqam isə Ermənistan ərazisindən gələn və Azərbaycanın içməli su mənbələrini formalaşdıran çayların kimyəvi, bioloji və digər radioaktiv tullantılarla çirkləndirilməsi olmuşdur.

Bütün bunlar qarşısıalınmaz ekoloji problemlər yaratmaqla yanaşı, tək respublikamızın deyil, lokal miqyasda regionun, qlobal baxımdan planetimizin bioloji müxtəlifliyinə vurulan zərbədir.

BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında bu məsələyə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Göründüyü kimi, Ermənistanın həyata keçirdiyi terror siyasəti yalnız şəhərləri, kəndləri və ya orada yaşayan insanları hədəfə almır, həm də ekoloji tarazlığın pozulmasına yönəlib. Bu isə olduqca təhlükəli bir amildir. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan həm də bu hərəkətinə görə, beynəlxalq qanunlar qarşısında cavab verməlidir.

İşğaldan azad edilmiş ərazilərdə ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atılmaqdadır.  Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən,  Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilməkdədir. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənərək təhlükəsiz vəziyyətə gətirilməkdədir.

İşğal olunmuş ərazilərdə erməni işğalçılarının canlı təbiətə və bəşəriyyətə qarşı yönəlmiş əməlləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Avropa Vəhşi Təbiətin və Təbii Ətraf Mühitin Mühafizəsi üzrə Bern Konvensiyasının Baş Katibinə, Biomüxtəliflik üzrə Konvensiyanın İcraçı katibinə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə, Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi üzrə Beynəlxalq Birliyin Prezidentinə rəsmi müraciətlər edilmiş, beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyi çatdırılmışdır.

Məmmədov Teymur Seymur oğlu

Mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti,

I dərəcəli ədliyyə qulluqçusu

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30