Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dünyanı narahat edən aktual məsələlər...

Dünyanı narahat edən aktual məsələlər...

16.03.2024 [10:40]

XI Qlobal Bakı Forumunun panel iclaslarında müzakirə olunub

N.BAYRAMLI

Martın 14-də XI Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib. İlk olaraq  “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclas keçirilib. Birinci panel iclasına İsveçrə Beynəlxalq İşlər üzrə Forumun vitse-prezidenti David Cikvadze moderatorluq edib. O bildirib ki, Azərbaycan Qələbədən sonra prezident seçkilərində çox müdrik seçim edib. Moderator, eyni zamanda, dünyada gərginliyin olduğu bir vaxtda Azərbaycanda sabitliyin hökm sürdüyünü vurğulayıb.

Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi Qlobal Bakı Forumunun yeni üfüqlər açdığını söyləyib. Bildirib ki, dünyanı xilas etmək üçün düşüncə tərzi dəyişməlidir. O qeyd edib ki, Robert F.Kennedi İnsan Hüquqları Fondu bərabərsizliyə, haqsızlığa qarşı hər zaman səsini ucaldır.

Panel iclasında çıxış edən Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi, Birləşmiş Millətlər Təşkilatı Baş katibinin keçmiş müavini, Çinin Almaniyadakı sabiq səfiri Vu Honqbo parçalanmış dünyanı bərpa etməyin ən uyğun yolunun bütün dünya insanlarının birləşməsi olduğunu deyib. “Dünya parçalanır. Bunun qarşısını almağın yollarından biri müxtəliflikdir. Məlumdur ki, bir nəfərin yaratdığı problem yüzlərlə insana sirayət edir. Birləşmiş Millətlər Təşkilatı müsbət istiqamətdə bir sıra tədbirlər həyata keçirir. Ticarətin inkişafı vacib məsələlərdən biridir. Dünyanı bərpa edərək hər kəs bundan bəhrələnməlidir. Çünki yoxsulluq böyük təlatümlərə gətirib çıxara bilər. Mühit təmiz və aydın qurulmalıdır. İqtisadi təşkilatın qarşısında duran vacib məsələlər var. Dünya sülh və əmin-amanlıqla qurulmalıdır. Gələcək üçün bu, vacib amildir”, - deyə xüsusi nümayəndə vurğulayıb.

Hikmət Hacıyev: Azərbaycan heç bir parçalanmanın olmaması mühitində daha çox əməkdaşlığı təşviq edir

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi. Azərbaycan-Ermənistan əlaqələrindəki istiləşməyə hamı şahiddir. Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ermənistanla sülhün bərqərar edilməsində səylərini əsirgəmir. Azərbaycan heç bir parçalanmanın olmaması mühitində daha çox əməkdaşlığı təşviq edir. Azərbaycan öz öhdəliyinin üzərindən layiqincə gəlir. Cənubi Qafqazdakı təcrübəni dünyanın digər bölgələrinə yayılmasına çalışır.

H.Hacıyev qeyd edib ki, hələ də bir çox ölkələr COVID-19-un təsirinin qarşısını tam ala bilməyib. “Azərbaycan peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etmişdi. Beynəlxalq təsisatların öhdəliklərini yerinə yetirməmələri qarşımızda duran problemlərdəndir. Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək. Avropa təsisatları acınacaqlı vəziyyətdədir. Azərbaycan Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Azərbaycana qarşı mənfi hallarla rastlaşırıq”, - deyə o əlavə edib.

Serbiyanın sabiq Prezidenti Boris Tadiç isə bildirib: “Yeni münaqişələrin qarşısını almağa çalışmalıyıq. Bütün vaxtımızı faciədə yaşamalı deyil, çıxış yolları axtarmalıyıq”. Təhsilin əhəmiyyətini qeyd edən sabiq prezident siyasətçilərin təlimatlanmasının vacibliyini vurğulayıb.

Panel iclasında həmçinin İspaniyanın sabiq xarici işlər naziri Ana Palasio, BMT Baş Assambleyasının 75-ci Prezidenti, Türkiyə Böyük Millət Məclisinin üzvü Volkan Bozkır, BMT-nin Sivilizasiyalar Alyansının sabiq ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, Latviyanın sabiq Prezidenti Egils Levits çıxış ediblər.

“Müharibə və sülh: Realpolitikin geri dönüşü”

XI Qlobal Bakı Forumunun ikinci panel iclasında isə “Müharibə və sülh: Realpolitikin geri dönüşü” mövzusunda müzakirələr aparılıb. Panel iclasına Gürcüstanın Baş nazirinin sabiq müavini Eka Tkeşelaşvili moderatorluq edib.

İclasda çıxış edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb üzvü Jelka Tsviyanoviç bildirib ki, Ukrayna və Qəzzada olan müharibələr realpolitikin qayıdışının vacibliyini ortaya çıxarır. “Realpolitikin verdiyi fürsətlərdən yararlanmaq, boşluqları üzə çıxarıb beynəlxalq münasibətləri məqbul istiqamətə çəkməliyik. Beynəlxalq münasibətlər ona dəlalət edir ki, biz öz bacarıqlarımızı, potensial vərdişlərimizi gücləndirməli, təkcə mövcud vəziyyət üçün deyil, gələcək üçün də üfüqləri üzə çıxarmalıyıq. Burada maraqların toqquşması qeyri-sabitliyə yol açır. Beynəlxalq təşkilatlarda siyasəti elə qurmalıyıq ki, orada missiyaların yerinə yetirilməsinə nail olaq. Hazırda cəmiyyət ən çətin taleyüklü dövrünü yaşayır, fərdi və kollektiv seçim arasında qalmışıq. Buna görə narahatlığımızı ifadə edirik. Beynəlxalq aləmdə realpolitikin alətləri işlək olmalıdır, əks halda, hazırkı vəziyyət tənəzzülə səbəb olacaq və həmin tənəzzül daha da dərinləşəcək”, - deyə o əlavə edib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxışında hazırkı beynəlxalq münasibətlər sistemində mövcud böhran və çağırışları anlamaq, habelə onlara cavab vermək üçün birinci növbədə müasir sistemin necə çalışdığını, eyni zamanda, öncəki sistemlərdən necə fərqləndiyini düzgün başa düşməyin vacib olduğunu qeyd edib. Müasir beynəlxalq münasibətlər sisteminin öz milli maraqları, narahatlıqları olan çoxsaylı müstəqil ölkələrdən, yerləşdikləri bölgədə regional aktor, habelə “orta dövlət”ə çevrilən aktorlardan ibarət olduğu reallığının dərk edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Hazırkı beynəlxalq münasibətlər konyunkturunda mövcud beynəlxalq instrumentlərin özünü doğrultmaması fonunda ölkəmizin regional əməkdaşlığın inkişafına, xüsusilə qonşu dövlətlərlə tərəfdaşlığın möhkəmləndirilməsinə əhəmiyyət verdiyi vurğulanıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının Beynəlxalq təşkilatlar üzrə sabiq baş direktoru Hyu Duqan çıxışında bildirib ki, realpolitikdən irəli gələn idealizm daha çox tələyə oxşayır. Bu, dünyanı avtoritar rejimdə işləməyə məcbur edir.

Latviyanın sabiq Prezidenti Valdis Zatlers isə birtərəfli realpolitikin dəyişməli olduğunun vacibliyini diqqətə çatdıraraq deyib: “Bu, balanslaşdırılmış şəkildə olmalıdır. Realpolitiki balanslı şəkildə istifadə etməliyik”.

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım uğurla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsinin İpək yolunun tərkib hissəsi olmaqla yanaşı, realpolitikin nəticəsi olduğunu diqqətə çatdırıb. Həyata keçirilən layihə nəticəsində regionda savaş əvəzinə, iqtisadi əməkdaşlıq yarandığını deyən B.Yıldırım qeyd edib: “Biz bu layihə ilə regiona sabitlik gətirdik. Bu, dünya miqyasında yaxşı bir nümunə ola bilər”.

Azərbaycanın 30 il erməni təcavüzündən əziyyət çəkdiyini vurğulayan Binəli Yıldırım deyib: “Azərbaycanla həmrəyliyimizi nümayiş etdirdik. “Bir millət, iki dövlət” prinsipini rəhbər tutaraq əməkdaşlığımızı gücləndirdik. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasında bütün siyasi iradəmizi nümayiş etdirdik. Artıq Qafqaz regionuna sülh, sabitlik və rifah gəlib. Biz də Cənubi Qafqazda sülhün bərqərar edilməsinin tərəfdarıyıq”.

Çex Respublikasının sabiq xarici işlər naziri Jan Kavan, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, 2007-2012-ci illərdə Serbiya xarici işlər naziri Vuk Yeremiç və  Fransa Senatının üzvü Natali Qule də çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.

“Qlobal idarəetməni düzəltmək”

Forumda növbəti panel iclas isə “Qlobal idarəetməni düzəltmək” mövzusuna həsr olunub. Panel iclası Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziyanın moderatorluğu ilə keçirilib.

Tədbirdə çıxış edən İslandiyanın sabiq Prezidenti Olafur Ragnar Grimsson Bakıda olduğu vaxtda çox aydın çağırışlar eşitdiyini söyləyib. O, beynəlxalq ictimaiyyətin cavablarının düzgün səsləndirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Avropa Mərkəzi Bankının sabiq prezidenti Jan-Klod Trişe çıxışında hazırda dünyada çox həssas dövr olduğunu deyib. Bildirib ki, bu da böhranların yaranmasına səbəb olur. “Biz hələ də onların fəsadlarını yaşamaqdayıq. Qarşıdakı böhranların öhdəsindən gəlmək üçün biz çox fəal işləməliyik.

Panel iclasında, həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti Maria Fernanda Espinoza, Nobel Sülh mükafatı laureatı Məhəmməd Yunus, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının müdafiə məsələləri üzrə köməkçisi Ruvendrini Menikdivela, BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi və İsveçrə Konfederasiyasının sabiq Prezidenti Mişelin Kalmi-Rey çıxış ediblər.

COP29-a və iqlim mövzusuna həsr olunmuş panel iclasları...

XI Qlobal Bakı Forumu ikinci gün də işini panel iclaslarla davam etdirib. “Yaxşı sözlərdən yaxşı hərəkətlərə keçmək: COP29 üçün hansı məqsədlər qoymaq olar” adlı panel iclasına “Fortescue Metals and Fortescue Future İmdustries” şirkətinin İdarə Heyətinin sədri Jan Baderşnayder moderatorluq edib.

Daha bir panel iclas isə “Həyatda qalmağımızı maliyyələşdirmək: İqlim ədaləti” mövzusuna həsr olunub. İclasa Dünya Bankının Şərqi və Cənubi Afrika regionu üzrə sabiq vitse-prezidenti Hafez Qanem moderatorluq edib.

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30