Rusiya Ermənistanda hərbi mövcudluğunu gücləndirir
31.07.2025 [11:29]
102-ci hərbi bazaya niyə silah-sursat daşınır?
Son vaxtlar Rusiya tərəfindən Ermənistandakı 102-ci hərbi bazaya böyük həcmdə hərbi texnika və sursat gətirildiyi bildirilir. Erməni medasının yazdığına görə, hər gün bazaya hərbi yükün olduğu bir neçə təyyarə enir. Tədarüklərin məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür. Versiyalardan birinə görə, Moskva bununla regionda mümkün dəyişikliklərə hazırlaşır. “Hraparak” qəzeti isə yazır ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.
Moskva İrəvana təzyiqləri artırır
Xatırladaq ki, bir müddət əvvəl Ukrayna mətbuatı ölkənin hərbi kəşfiyyatına istinadən belə məlumat yaymışdı ki, Rusiya Ermənistanın Gümrü şəhərindəki hərbi bazasında şəxsi heyətin sayını artırır. Bildirilib ki, burada məqsəd Kremlin Cənubi Qafqaz ölkələrinə hərbi-siyasi təzyiqini artırmaqdır. Əslində, Ermənistanda Paşinyan hökumətinin Rusiyadan üz döndərərək Qərbə meyl etməsi yeni məsələ deyil. İndiyədək rəsmi İrəvanın yürütdüyü siyasət Moskva tərəfindən xoş qarşılanmır. Çünki Rusiya Cənubi Qafqazda özünün forpostu olan Ermənistanı itirməkdən ciddi narahatdır. Digər tərəfdən, “rus NATO”su olan KTMT-nin gələcəyinin sual altına düşməsi narahatlığı da Moskvanı İrəvana qarşı müəyyən addımlar atmağa sövq edir. Çünki Ermənistanın KTMT-dən uzaqlaşması yaxın gələcəkdə presedent yarada bilər ki, bu da təşkilat üçün yaxşı heç nə vəd etmir.
Məlumdur ki, bu yaxınlarda mətbuat konfransı keçirən N.Paşinyan Rusiya ilə münasibətlərin heç vaxt əvvəlki kimi olmayacağını bəyan edərək demişdi: “Amma bu, o demək deyil ki, bizim münasibətlərimiz pis olmalıdır. Təbii ki, Rusiyanın bu və ya digər planlarına dair müəyyən siqnallar var. Açığını desəm, mən bu cür söz-söhbətlərə və qiymətləndirmələrə inanmağa meylli deyiləm, amma hər hansı problem yaranarsa, biz onları rusiyalı tərəfdaşlarımızla müzakirə edəcəyik, həll yollarını tapmağa çalışacağıq”.
Zəngəzur mövzusu Rusiyanı qıcıqlandırır
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edəcəyinə gəlincə, Paşinyan deyib ki, Ermənistanın KTMT-dən çıxmaq ehtimalı bu təşkilatda iştirakını bərpa etməsindən daha yüksəkdir. Bütün bunların ardınca, Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizini ABŞ şirkətlərinə icarəyə verməsi ilə bağlı yayılan məlumatlar Moskvanı daha da qıcıqlandırır. Belə ki, bugünlərdə İspaniyanın “Periodista Digital” nəşri Zəngəzur dəhlizi ilə bağlı sensasion iddia ilə çıxış edib. Nəşrin yazdığına görə, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb. Sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq. Dəhlizin adının “Tramp körpüsü” olacağı iddia edilirdi.
Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq. Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq. Nəşr yazır ki, bu memorandum artıq ölkələr tərəfindən təsdiqlənib və sənədin məzmunu erməni diasporasında yayılıb. Ən diqqətçəkən məqamlardan biri də ABŞ-a məxsus hərbi kontingentin Ermənistan ərazisinə yerləşdirilməsi ilə bağlıdır. Lakin söhbət rəsmi ABŞ ordusundan deyil, təxminən 1000 nəfərlik özəl hərbi şirkətin əməkdaşlarından gedir. Onların güc tətbiq etmək səlahiyyəti olacağı bildirilir. Nəşrin iddiasına görə, bu addım Ermənistanın Fransa və Avropa İttifaqı ilə əlaqələrini də zəiflədə bilər. “Tramp körpüsü” layihəsi fonunda rəsmi İrəvanın Vaşinqtonun təsiri altına düşəcəyi və faktiki olaraq “ABŞ xüsusi təyinatlıları tərəfindən işğal olunmuş ölkəyə” çevriləcəyi vurğulanır. “Periodista Digital” qeyd edir ki, bu layihə İran üçün də ciddi narahatlıq doğura bilər. Çünki dəhlizin reallaşması ABŞ-ı birbaşa İran sərhədlərinə yaxınlaşdıracaq və bu, regionda gərginliyi daha da artıracaq.
Lakin Ermənistan hökuməti bəyanat yayaraq bu məlumatı təkzib edib. Bildirilib ki, məqalədə yazılanların reallıqla heç bir əlaqəsi yoxdur. Bununla belə, rəsmi Moskva öz addımları ilə İrəvana inanmadığını nümayiş etdirir. Gümrüdəki hərbi bazaya əlavə qüvvələrin cəlb olunması da Paşinyan hakimiyyətinə təzyiq vasitəsi ola bilər. Xatırladaq ki, Ermənistanda yerləşən Rusiyanın 102-ci hərbi bazası 1995-ci ildə yaradılıb və bu günə qədər fəaliyyət göstərir. İlkin olaraq Ermənistanla Rusiya arasında hərbi əməkdaşlıq haqqında saziş 25 il müddətinə bağlanıb. 2010-cu ildə Rusiya prezidentinin İrəvana səfəri zamanı müqavilənin müddəti daha 49 il - 2044-cü ilə qədər uzadılıb. 102-ci hərbi baza Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, S-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 4 mindən çox hərbi qulluqçudan ibarət idi. Əgər Moskva həqiqətən də, təyyarələrlə canlı qüvvə və hərbi texnika daşıyırsa, onda bazanın potensialı daha da artmaqdadır.
Məqsəd Paşinyanın devrilməsi də ola bilər
Bəzi erməni ekspertlər hesab edirlər ki, Rusiya tərəfindən 102-ci hərbi bazanın gücləndirilməsi Paşinyanı devirmək məqsədi daşıyır. Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Rusiyanın Ermənistana silah daşıması regional sabitlik baxımından ciddi təhdidlər yaradır. Hazırda Rusiyanın Ukrayna ilə müharibə apardığını və bu səbəbdən də canlı qüvvəyə və hərbi texnikaya ehtiyacının olduğunu deyən İ.Hüseynov qeyd edib ki, buna rəğmən, 102-ci hərbi bazaya silah və texnika daşınması, Rusiyanın hərbi gücünün bir hissəsini Cənubi Qafqaza yönəltməsi suallar doğurur.
Politoloq xatırladıb ki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək: “İstisna deyil ki, Rusiyanın Ermənistanın baş naziri Nikol Paşinyanı devirmə planları dövriyyəyə buraxılıb. Bu, mümkün versiyadır. Hətta Rusiya daha radikal addımlar da ata bilər və İrəvanda buna bir neçə dəfə cəhd edib. Sonuncu belə cəhd kilsə vasitəsilə həyata keçirilsə də, uğursuzluqla nəticələndi”. İ.Hüseynov hesab edir ki, Rusiyanın Ermənistanda hərbi qüvvələrini aktivləşdirməsi mümkündür. “Paşinyan bu yolla da devrilə bilər. Ona görə də, hakimiyyət belə bir təhlükəyə qarşı qabaqlayıcı addımlar atacaq”,-deyə həmsöhbətimiz vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

