Kiyevə təhlükəsizlik zəmanətləri verilir...
21.08.2025 [11:09]
Bu, Ukraynanı növbəti təhlükədən qoruyacaq?
Avqustun 19-da Böyük Britaniyanın Baş naziri Kir Starmerin sədrliyi ilə “İstəklər Koalisiyasının virtual iclası keçirilib. İclasın keçirilməsində əsas məqsəd avqustun 18-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp ilə Avropa liderləri arasında Ukrayna ilə bağlı aparılmış danışıqlar barədə müttəfiqləri məlumatlandırmaq idi. Baş nazir K.Starmer iclasda iştirak edən ölkə rəhbərlərinin diqqətinə çatdırıb ki, ABŞ, Böyük Britaniya və Avropa ölkələri Ukraynada ədalətli və davamlı sülhün təmin edilməsində birgə fəaliyyəti daha da gücləndirəcəklər. Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələyə gəlincə, K.Starmer qeyd edib ki, yaxın günlərdə “İstəklər Koalisiyası”nın üzv ölkələrinin rəhbərləri Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağı təqdirdə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi və atəşkəsdən sonrakı dövrdə bu ölkədə sülh, sabitlik və təhlükəsizliyi bərqərar etmək üçün Avropa ölkələrinin hərbi qüvvələrinin yerləşdirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün amerikalı həmkarları ilə görüşəcəklər. Eyni zamanda iclasda Rusiyaya qarşı növbəti sanksiyaların tətbiq olunması barədə məsələ də müzakirə edilib.
Koşta Zelenskiyə nə deyib?
Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta “İstəklər Koalisiyası”nın üzv ölkələri ilə videokonfransdan dərhal sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb. A.Koşta “X” sosial şəbəkə hesabında qeyd edib ki, o, telefon danışığı zamanı Aİ-nin Ukraynaya dəstəyinin, o cümlədən Rusiyaya qarşı təzyiqlərinin davam edəcəyini vurğulayıb: “Əsas prioritetlərimiz insan ölümlərinə son qoyulması, əsirlərin mübadiləsinin genişləndirilməsi və Rusiya tərəfindən qaçırılan minlərlə uşağın geri qaytarılmasının təmin edilməsidir. Biz Birləşmiş Ştatlarla birlikdə Ukrayna üçün konkret və əsaslı təhlükəsizlik təminatları üzərində işləyəcəyik,” - deyə Koşata vurğulayıb. Aİ-nin rəsmisi, həmçinin bildirib ki, Avropa İttifaqı ABŞ ilə birlikdə Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün növbəti addımlar atmağa hazırlaşır: “Ukrayna xalqını dəstəkləməyə davam etməliyik və genişlənmə prosesini irəli aparmalıyıq. Ukraynanın gələcəyi həm də Aİ üzvlüyünü təmin edən rifah və sabitlikdədir”.
Tramp və Putin bu məsələdə razılığa gəliblər
Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Alyaskada Tramp-Putin görüşündən sonra jurnalistlərə açıqlamasında bildirib ki, hər iki lider Ukrayna üçün güclü təhlükəsizlik zəmanətləri ilə bağlı razılığa gəliblər - o, əlavə edib ki, Putin gələcək sülh sazişində Ukrayna üçün kollektiv müdafiə müddəasının daxil edilməsinə razılıq verib. Qeyd edək ki, Trampın Avropa liderləri ilə son görüşündə də Ukraynanın təhlükəsizliyi ilə bağlı məsələ əsas müzakirə predmenti olub. Görüşdə Tramp və avropalı müttəfiqlər NATO-nun 5-ci maddəsi üslubunda Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə ediblər. ABŞ lideri bəyan edib ki, Fransa, Almaniya və Böyük Britaniya təhlükəsizlik zəmanətləri çərçivəsində Ukraynaya qoşun yeritmək istəyir. “Fransa, Böyük Britaniya və Almaniya öz qoşunlarını Ukraynada yerləşdirmək istəyirlər və bu, Rusiya ilə problem yaratmayacaq,”- deyə Tramp qeyd edib.
Ukraynaya hansı təhlükəsizlik zəmanətləri verilir?
Məsələ ilə bağlı politoloq Tural İsmayılov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri ilk növbədə hərbi, siyasi və iqtisadi dəstəyi əhatə edir. “Buraya müasir silah sistemlərinin uzunmüddətli təchizatı, hava hücumundan müdafiə şəbəkələrinin gücləndirilməsi, kəşfiyyat və texnoloji dəstək daxildir. Bundan başqa, Qərb ölkələri Ukraynanın müdafiə sənayesinə sərmayə yatırmaq və ordusunu NATO standartlarına uyğunlaşdırmaq istiqamətində addımlar atmağı planlaşdırır. Bu zəmanətlərin əsas hədəfi Ukraynanı Rusiya ilə təkbətək buraxmamaq və gələcəkdə mümkün hücumların qarşısını əvvəlcədən almaqdır. Hazırda əsas müzakirə mövzularından biri də budur. Ukraynaya NATO üzvlüyü olmadan kollektiv müdafiə təminatının verilməsi məsələsinə gəlincə, Qərbdə bu məsələ “NATO-nun kölgəsi” adlanan format çərçivəsində müzakirə olunur. Yəni Ukrayna NATO üzvü olmasa belə, bir hücum halında müəyyən ölkələrin dərhal hərbi reaksiya verməsini təmin edən mexanizm işlənib hazırlanır. Bu, əslində NATO-nun 5-ci maddəsinin bir versiyasıdır, amma rəsmi alyans çərçivəsində deyil, ayrıca təhlükəsizlik sazişi çərçivəsində həyata keçirilə bilər. Belə bir format gündəmin əsas mövzularından biridir və gələcək danışıqlarda daha açıq şəkildə ortaya çıxacaq”.
Ukraynada sülhməramlı çətiri altında Avropa qoşunları...
Ekspertin sözlərinə görə, Ukrayna ilə Rusiya arasında müvəqqəti atəşkəs imzalansa belə, bu, bölgədə dərhal sabitlik yaratmayacaq. “Belə ssenaridə Qərbin əsas narahatlığı atəşkəsin davamlılığını təmin etmək olacaq. Bu baxımdan Avropa ölkələrinin təhlükəsizlik qüvvələrinin, yəni bir növ beynəlxalq müşahidə və sülhməramlı kontingentin Ukraynada yerləşdirilməsi ehtimalı mövcuddur. Bu qüvvələrin əsas vəzifəsi Rusiya tərəfindən yeni hücum risklərini önləmək və atəşkəs rejiminin pozulmamasına nəzarət etmək ola bilər,” - deyə T.İsmayılov vurğulayıb.
Ukraynanın silahlandırılması davam edəcək
Ekspert hesab edir ki, Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalansa belə, Ukraynanın silahlandırılması davam edəcək. “Qərb ölkələri yaxşı anlayır ki, Rusiya ilə sadəcə kağız üzərində imzalanan bir saziş Ukraynanı təhlükəsiz etmir. Ona görə də atəşkəs olsa belə, Ukraynanın silahlandırılması davam edəcək. Xüsusilə hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər və pilotsuz uçuş aparatları Ukraynanın gələcək təhlükəsizlik konsepsiyasında prioritet olacaq. Bu, həm də Rusiyanın yeni eskalasiyalarının qarşısını almaq üçün çəkindirici vasitə kimi nəzərdə tutulur”.
Türkiyə də bu prosesdə mühüm rol oynaya bilər
Bu məsələyə gəlincə, T.İsmayılov bildirib ki, Türkiyənin də bu prosesdə xüsusi yeri ola bilər. Onun sözlərinə görə, Ankara həm NATO üzvü, həm də Ukrayna ilə dərin strateji əməkdaşlıq quran ölkədir. “Türkiyə Rusiyaya qarşı sərt sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib. Bayraktar dronları Ukrayna müharibəsində simvolik rol oynayıb və bu, Türkiyənin artıq faktiki təhlükəsizlik zəmanəti verdiyini göstərir. Gələcəkdə Türkiyə rəsmi şəkildə Ukraynanın təhlükəsizlik təminatçıları siyahısına daxil ola bilər. Bu, həm Ankaranın regional təsirini artırar, həm də Qərb üçün mühüm strateji balans yaradar”.
Təhlükəsizlik zəmanətləri uzunmüddətli olacaq?
“Beləliklə, Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri klassik diplomatik sənədlərdən fərqli olaraq daha praktiki, hərbi və uzunmüddətli xarakter daşıyacaq. NATO-ya tam üzvlük yaxın perspektivdə mümkün olmasa da, Ukraynanın müdafiəsi üçün alternativ kollektiv mexanizmlər formalaşdırılacaq. Atəşkəs imzalanarsa, Qərb qüvvələrinin Ukraynada yerləşdirilməsi ehtimalı yüksəkdir. Silahlandırma isə fasiləsiz davam edəcək. Türkiyə isə bu sistemin əsas oyunçularından biri kimi ön plana çıxa bilər,” - deyə T.İsmayılov əlavə edib.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

