Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Münaqişələrin günahsız qurbanları...

Münaqişələrin günahsız qurbanları...

17.07.2026 [09:56]

“Atlas Bey” adlı mülki gəminin azərbaycanlı kapitanının nəşi tapılıb

Dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr  mülki insanlara da ciddi zərər vurmaqdadır. Həm yaşayış məntəqələri, mülki infrastrukturlar, dinc əhali hərbi qarşıdurmanın hədəflərinə çevrilir. Bu baxımdan, mülki gəmiçilik də münaqişələrin qurbanları sırasındadır. Belə ki, xüsusilə Yaxın Şərq, həm də Rusiya-Ukrayna müharibələrində çoxlu sayda mülki gəmilər hücuma məruz qalıb və hücumlar nəticəsində günahsız insanlar həyatını itirib.

Müxtəlif vaxtlarda belə hallardan zərər çəkən azərbaycanlılar da olub. Sonuncu dəfə isə iyulun 14-də  Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin Okean Maritime şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalarkən həmvətənlərimiz zərər görüb. Belə ki, gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, hadisədən sonra ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib.

 Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayaraq, ölkəmizin vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görüb. İyulun 14-də Ukraynanın Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış Atlas Bey mülki ticarət gəmisinin heyətindəki 10 nəfər Azərbaycan vətəndaşı Moldovaya keçməklə Türkiyə üzərindən ölkəmizə yola salınıb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, gəmi kapitanının axtarışı istiqamətində səfirliyimiz tərəfindən Ukraynanın aidiyyəti qurumları ilə birgə müvafiq tədbirlər görülür.

Baş vermiş hadisə ilə əlaqədar Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına çağırış edib. Nazirliyin bəyanatında bildirilir ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir.

Bəyanatda, həmçinin deyilir: “Xüsusilə, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb. Bu çərçivədə, Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırırıq”.

Bununla yanaşı, Xarici İşlər Nazirliyi  rəsmi xəbərdarlıqlara ciddi şəkildə riayət olunmasını və zərurət yarandıqda Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlanılmasını tövsiyə edir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Yeni həmlə..

17 İyul 11:30

Siyasət

Orta güc - ŞƏRH

17 İyul 11:08

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31