Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / İran Avropaya hücum etsə...

İran Avropaya hücum etsə...

21.08.2026 [11:30]

Yaxın Şərqi yeni eskalasiya təhlükəsi gözləyir

Yaxın Şərqdə gedən müharibənin miqyası böyüyə bilər. Belə bir ehtimal isə münaqişənin tərəflərinin artmasına gətirib çıxaracaq. Belə ki, NATO İrandan gələcək  istənilən təhdidi dəf etməyə və müttəfiqlərini müdafiə etməyə hazır olduğunu bildirib. Bu barədə alyansın sözçüsü “Financial Times” qəzetində Tehranın ABŞ ilə münaqişənin gərginləşməsi halında Avropadakı Amerika hərbi obyektlərinə zərbələr endirməyi nəzərdən keçirdiyini bildirən məqaləni şərh edərkən bildirib. Buraya ABŞ-ın təyyarələri yanacaqla doldurmaq üçün Bezmer hava bazasından istifadə etdiyi Bolqarıstan və Britaniya hava bazasının yerləşdiyi Kipr də daxil idi. “Bu ilin əvvəlində NATO hava hücumundan müdafiə sistemləri İrandan Türkiyəyə doğru gedən ballistik raketləri dörd dəfə uğurla zərərsizləşdirib. Müdafiəmiz və çəkindirmə qabiliyyətimiz güclü və təsirlidir”, - deyə NATO sözçüsü cavab olaraq bildirib.

Qeyd edək ki, Bolqarıstan iyul ayında ABŞ-a öz hava bazasından yanacaq doldurmaq üçün istifadə etməyə icazə verib. Britaniya hava bazaları isə Kiprdə yerləşir. İranın xarici işlər naziri Abbas Əraqçı isə ABŞ-a Bolqarıstandakı hərbi bazadan istifadə icazəsinin verilməsindən sonra Sofiya rəhbərliyinə xəbərdarlıq edib. Əraqçı bolqarıstanlı həmkarı ilə görüşündə İran əleyhinə hərbi hücumda hər hansı formada iştirak edən tərəfin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bildirib.

Rutte demişdi - amma indi vəziyyət dəyişib

Xatırladaq ki, “The Wall Street Journal” qəzeti bir müddət öncə İran və ərəb rəsmilərinə istinadən Tehranın Yaxın Şərqdə münaqişənin gərginləşməsi halında bir plan hazırladığını bildirmişdi. Qəzetin mənbələrinə görə, Tehran iyun ayında ABŞ ilə imzalanan memorandumu Vaşinqton və İsrailin yeni bir hücumdan əvvəl vaxt qazanmaq cəhdi hesab edir. Mart ayında NATO-nun baş katibi Mark Rutte bildirmişdi ki, alyans qüvvələri İrana qarşı hərbi əməliyyatlarda iştirak etməyəcək. Bir neçə ay sonra Bloomberg agentliyi yazmışdı ki, əgər İran Hörmüzdə su yolunun blokadasını qaldırmasa, NATO Hörmüz boğazından gəmilərin keçidini təmin etməkdə iştirak imkanını müzakirə edəcək. Avqustun ortalarında ABŞ Prezidenti Donald Tramp yenidən ritorikasını gücləndirərək İranın “sarsıdıcı məğlubiyyətə uğradığını” və Hörmüz boğazının tezliklə ABŞ ərazisinə çevriləcəyini bildirdi. Eyni zamanda, xarici media ABŞ rəsmisinə istinadən Trampın İrana münasibətini dəyişdirdiyini, sonrakı danışıqlardan imtina etdiyini və Tehrana təzyiqin tədricən artacağını vurğuladığını bildirmişdi.

Tehran susur...

Tehran Avropaya qarşı təhdidlərlə bağlı son media xəbərlərinə münasibət bildirməsə də, 19 avqustda İranın ali hərbi komandanlığının sözçüsü general Əli Əbdüllahi Əliabadi ABŞ ilə əməkdaşlıq edən Körfəz ölkələrinə daha bir xəbərdarlıq edərək onları İran ərazisinə hücumların təşkilində Vaşinqtona kömək etməkdə günahlandırıb. Bəyanat Birləşmiş Ərəb Əmirliklərinin İranla bütün ticarət, kommersiya mübadilələri və maliyyə əməliyyatlarını növbəti xəbərdarlığa qədər dayandırmaq qərarından sonra verilib. BƏƏ hakimiyyəti Tehranı ölkəyə iki raket atmaqda ittiham edərək, hücumun dəniz gəmiçiliyini hədəf aldığını iddia edib. İran tərəfi isə bu iddiaları təkzib edib.

Tramp bütün təmasları dayandırdı

Xarici medianın ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə, ABŞ Prezidenti Donald Tramp İrana yanaşmasını dəyişdirib, danışıqlardan imtina edib və Tehrana təzyiqin tədricən artmasını vurğulayıb. Televiziya kanallarının məlumatına görə, Tramp administrasiyanın yüksək vəzifəli rəsmilərinə İranla danışıqları dayandırmaq tapşırılıb. Hesabatda deyilir ki, “Ağ Ev rəsmiləri bu yaxınlarda siyasi müttəfiqlərinə strategiyalarını dəyişdirdiklərini bildiriblər” - “mümkün qədər tez vurmaq”dan “zamanla boğmaq”a keçiblər.

Mənbələrə görə, ABŞ Prezidenti İranla danışıqlar qrupuna Tehranla dialoq aparmamağı tapşırıb. Qeyd edək ki, danışıqlar qrupuna ABŞ prezidentinin elçisi Cared Kuşner, ABŞ vitse-prezidenti J.D. Vens və xüsusi elçi Stiv Vitkoff daxildir. Daha əvvəl Tramp dəfələrlə Tehranla diplomatik səylərin irəlilədiyini və yeni bir razılaşma əldə edilə biləcəyini bildirmişdi.

Avqustun 19-da isə Tramp sosial media platforması Truth Social-da yazıb: “İran İslam Respublikası ilə davam edən və ya planlaşdırılan danışıqlar və ya əlaqələr yoxdur”. ABŞ Prezidenti əlavə edib ki, İrana qarşı dəniz blokadası qüvvədədir və Hörmüz boğazı açıq qalır. Trampın sözlərinə görə, boğazdakı bütün dəniz minaları təmizlənib və ya məhv edilib.

“Reuters” xəbər verir ki, ABŞ artıq minlərlə İran vətəndaşına və şirkətinə sanksiyalar tətbiq edib, lakin Tehran bloklanmış şəxslərin yerini doldurmaq üçün tez bir zamanda yeni qurumlar yaradır. Agentlik bu təcrübəni “köstəbək oyunu” ilə müqayisə edib.

“Reuters” agentliyinin məlumatına görə, Vaşinqtonun İrana təzyiqi artırmaq üçün ən çox ehtimal olunan vasitələrinə bir sıra aparcı ölkələrin neft emalı zavodlarına və əsasən banklarına qarşı sanksiyalar, quru blokadası və ikinci dərəcəli tariflər daxildir. Agentlik qeyd edir ki, İranın xüsusilə Asiya ölkələri ilə iqtisadi əlaqələri ABŞ üçün əsas maneə olaraq qalır. Daha əvvəl ABŞ Maliyyə Naziri Skott Bessent Trampın İranın iqtisadi təcridini “görünməmiş səviyyəyə” qaldıracaq tədbirlər hazırladığını bildirmişdi.

Yaxın Şərqi nə gözləyir?

Xarici siyasi ekspertlərin qiymətləndirmələrinə görə, İranın Avropadakı ABŞ hərbi obyektlərinə zərbə endirməsi ssenarisi reallaşarsa, Yaxın Şərq böhranının coğrafiyası ilk dəfə NATO ərazisinə qədər genişlənə bilər. Ekspertlərin fikrincə, burada əsas məsələ NATO-nun 5-ci maddəsinin avtomatik olaraq İrana müharibə elan etməsi demək olmamasıdır - Maddə silahlı hücum halında kollektiv müdafiə öhdəliyi yaradır, lakin hər bir müttəfiqin bu öhdəliyə hansı formada cavab verəcəyini özü müəyyənləşdirir. Buna görə ilk mərhələdə NATO-nun hava və raketdən müdafiə sistemlərinin gücləndirilməsi, kəşfiyyat mübadiləsi və ABŞ qüvvələrinin qorunması daha real ssenari hesab olunur.

Lakin vəziyyətin gərginləşəcəyi, dolayısı ilə, Körfəzdə yaranan vəziyyətin analogiyasının Avropada yaranması, NATO coğrafiyasına hücum nəticəsində ciddi itkilərin qeydə alınması alyansın cavab zərbələri endirmə ehtimalını kəskin yüksəldir. Bu halda ekspertlər İranın raket infrastrukturu, hərbi komandanlıq mərkəzləri və pilotsuz uçuş aparatlarının bazalarının hədəfə çevrilə biləcəyini istisna etmirlər.

Belə bir inkişaf Yaxın Şərqdə çoxcəbhəli müharibə yarada bilər. İran Körfəzdə, İraqda, Suriyada və Livanda müttəfiq qüvvələri vasitəsilə cavab verməyə çalışa, Hörmüz boğazında enerji və gəmiçilik təhlükəsizliyi daha da pisləşə bilər. Bunun nəticəsində neft qiymətlərinin yüksəlməsi və qlobal enerji bazarında yeni böhran ehtimalı artar.

Ekspertlərin ümumi qənaəti budur ki, belə ssenaridə əsas məqsəd hərbi qələbədən çox eskalasiyanın NATO-İran müharibəsinə çevrilməsinin qarşısını almaq olacaq. Əks halda regional qarşıdurma qısa müddətdə qlobal təhlükəsizlik və iqtisadiyyat üçün sistemli böhrana çevrilə bilər.

SADİQ

Paylaş:
Baxılıb: 65 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31