Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / “3+1” pesrpektivi...

“3+1” pesrpektivi...

21.08.2026 [11:38]

Misir Məkkə sazişinə qoşulacaq?

Yaxın Şərqdə təhlükəsizlik mühitinin sürətlə dəyişdiyi, regional qarşıdurmaların qeyri-müəyyən istiqamət qazandığı bir vaxtda Məkkədə imzalanan Birgə Müdafiə Sazişi yeni strateji reallığın formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Saziş Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə əməkdaşlığını institusional müstəviyə çıxararaq, tərəflərin təhlükəsizlik imkanlarının bir-birini tamamlamasına şərait yaradır. Burada söhbət yalnız hərbi əməkdaşlıqdan deyil, dəyişən regional güc balansına kollektiv cavab mexanizminin formalaşdırılmasından gedir.

Ekspertlərin də qeyd etdiyi kimi, Məkkə sazişi Türkiyənin NATO təcrübəsi və hərbi sənaye imkanlarını, Pakistanın nüvə çəkindiriciliyini və Səudiyyə Ərəbistanının maliyyə-strateji potensialını vahid təhlükəsizlik çərçivəsində bir araya gətirir. Bu baxımdan saziş Yaxın Şərqdə güc balansının yenidən qurulmasına təsir göstərə biləcək mühüm platformadır. Eyni zamanda onun gələcəkdə digər dövlətlərin də əməkdaşlığa cəlb olunması üçün açıq modelə çevrilməsi regional təhlükəsizlik arxitekturasının coğrafiyasını daha da genişləndirə bilər.

Məkkə sazişi hansı siyasi üstünlüklərə malikdir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən imzalanaraq üçtərəfli kollektiv təhlükəsizlik paktına çevrilən sənədə görə, iştirakçı ölkələrdən birinə silahlı hücum bütün alyansa qarşı təcavüz hesab ediləcək. Bu blok güc balansını kökündən dəyişdirən fundamental hərbi və siyasi irəliləyişi təmsil edir. Bundan əlavə, qeyd olunur ki, gələcəkdə bölgədəki digər müsəlman ölkələri də alyansa qoşula bilər. Xüsusilə Türkiyə Misirin qoşulmasına ümid edir. Burada önə çıxan və diqqəti cəlb edən əsas məqam Vaşinqtonun tərəf olaraq bu sazişdə iştirak etməməsidir.   Siasi analitiklərin firincə, bu, ABŞ Prezidenti Donald Trampın siyasi xəttində ən əsas mahiyyəti tutan nöqtə nəzarət sisteminə keçidlə bağlıdır. Məkkə Alyansı, paralel olaraq  Qlobal Cənubun aparıcı dövlətləri Vaşinqtonun birbaşa iştirakı olmadan sabitliyi təmin etmək nümunəsini  ortaya qoyurlar.

Vurğulandığı kimi, saziş imzalanan günündən etibarən Misirin burada iştirakı məsələsi açıq kontekstə çevrilib. Təsadüfi deyildi ki, Türkiyənin xarici işlər naziri Nakan Fidan da bu məsələyə toxunmuşdu və Qahirə üçün qapıların açıq olduğunu qeyt etmişdi. Bu da təsadüfi deyil. Artıq bir müddətdir ki, Yaxın Şərqdə sabitliyin bərpası prosesində Misir Türkiyə və Pakistanla çiyin-çiyinə iştirak edir, istər Qəzza problemi, istərsə də İran-ABŞ münaqişəsi məsələsində Qahirə də vasitəçilər arasında yer alır.

Qahirənin gəlişi hansı yeniliklərə yol açır...

Xüsusilə Qərb mətbuatında yer alan əsas məqam bu alyansın Misirə nə qazandıracağı, Misirin bu alyansa nə verə biləcəyidir. Misirin Məkkə sazişinə qoşulması ilk növbədə Yaxın Şərqdə yeni təhlükəsizlik arxitekturası yarada bilər. Bu haqda xarici media analitiklərə istinadən yazır. Bildirilir ki, Misirin Məkkə Birgə Müdafiə Sazişinə qoşulması perspektivi Yaxın və Orta Şərqdə təhlükəsizlik balansının dəyişməsi baxımından mühüm hadisə ola bilər. Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan sazişə Qahirənin də qoşulması onun coğrafi və hərbi-siyasi çəkisini əhəmiyyətli dərəcədə artıracaq. Çünki Misir ərəb dünyasının ən böyük hərbi potensiala malik dövlətlərindən biri olmaqla yanaşı, Süveyş kanalı, Qırmızı dəniz və Aralıq dənizi arasında strateji mövqeyə sahibdir.

Misirin bu sazişə qoşulması Qırmızı dənizdə gəmiçiliyin təhlükəsizliyi, terrorizm və digər transsərhəd təhdidlərə qarşı mübarizədə də koordinasiyanı gücləndirə bilər. Bununla yanaşı, belə bir əməkdaşlığın hər hansı konkret dövlətə qarşı hərbi blok xarakteri almaması mühüm əhəmiyyət daşıyır. Əks halda, regionda yeni qarşıdurma xətləri yarana bilər.

Əslində proses daha böyük tendensiyanın - Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının regional aktorların iştirakı ilə yenidən qurulmasının tərkib hissəsidir. Misirin iştirakı bu mexanizmə yeni siyasi çəki verərək, Ankara-Ər Riyad-Qahirə-İslamabad əməkdaşlığını regionun ən mühüm geosiyasi platformalarından birinə çevirə bilər.

Bu həm də, Misir üçün strateji çəkisini artırmaq imkanı yaranır. Misirin sazişə daxil olması ilə dəniz təhlükəsizliyi komponentini də güclənə bilər. Başqa sözlə, hazırda Qırmızı dənizdə gəmiçiliyə qarşı təhdidlərin artdığı bir vaxtda Misir özünü tək hiss etməyəcək. Təsadüfi deyil ki, bir müddət əvvəl Türkiyə də Qırmızı dənizdə beynəlxalq təhlükəsizlik səylərində iştirak etmək niyyətini açıqlayıb.

Beləliklə, Misirin Məkkə sazişinə qoşulması ilə alyans Yaxın Şərqin ən ciddi hərbi-siyasi koordinasiya platformalarından birinə çevrilə bilər. Siyasi mütəxəssislər prosesi Yaxın Şərqdə “təhlükəsizliyin regionalizasiyası” prosesinin mühüm mərhələsi hesab edir. Qahirənin iştirakı sazişə həm hərbi, həm coğrafi, həm də siyasi mənada əlavə legitimlik qazandıracaq. Eyni zamanda Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Misirin bir mexanizm daxilində koordinasiyası İslam dünyasının aparıcı dövlətləri arasında daha institusional təhlükəsizlik əməkdaşlığının əsasını qoya bilər.

Məkkə sazişinin hərbi potensialı: Misirin qoşulması nə qazandıra bilər?

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi hərbi imkanları baxımından kifayət qədər ciddi potensiala malik üç dövləti bir araya gətirib. Statistik göstəricilər bu potensialın miqyasını aydın göstərir. Belə ki,  ölkələrin hərbi müdafiə xərclərinə ayırdığı büdcəyə baxsaq, 2025-ci ildə bu rəqəm Səudiyyə Ərəbistanı üzrə 83,2 milyard, Türkiyə üçün 30 milyard, Pakistan üçün isə 11,9 milyard dollar olub. Sazişə qoşulmağa hazırlaşan Misirdə isə bu rəqəm 2,5 milyard dollardır. Paralel olaraq Səudiyyə Ərəbistanının aktiv hərbbçi sayı 247 min, Türkiyənin 481 min, Pakistanın 660 min, Misirin isə 438,5 mindir. Səudiyyə Ərəbistanının arsenalında 917 təyyarə, 1085 tank, Turkiyə ordusunda 1101 təyyarə 2284 tank, Pakistanda 1397 təyyarə, 2677 tank var. Misirdə isə təyyarə sayı 1088-dir.

Hazırkı üçtərəfli formatda Türkiyə texnoloji və müdafiə sənayesi imkanları, Pakistan böyük quru qoşunları, raket və nüvə potensialı, Səudiyyə Ərəbistanı isə maliyyə imkanları, yüksək texnologiyalı Qərb silah sistemləri və strateji coğrafiyası ilə seçilir. Pakistan eyni zamanda müsəlman dünyasının yeganə nüvə silahına malik dövlətidir. Qahirənin sazişə qoşulması üç ölkəni qarşılıqlı müdafiə mexanizmindən çıxararaq Şimali Afrikadan Cənubi Asiyaya qədər uzanan regional təhlükəsizlik platformasına çevirə bilər. Ən mühüm qazanc isə hava hücumundan müdafiə, dəniz təhlükəsizliyi, kəşfiyyat və hərbi logistika sahələrində imkanların birləşdirilməsi olacaq. Misir bu mənada sazişin “əsas coğrafi halqası” funksiyasını yerinə yetirə bilər.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 48 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Unudulmayan faciələr

21 Avqust 11:48  

Analitik

Analitik

İqtisadiyyat

İqtisadiyyat

Gündəm

Gündəm

CNN cavab verəcək!

20 Avqust 11:38

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Əfsanəvi maestro

20 Avqust 09:05

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31