Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Azərbaycanın milli dövlət ideologiyasının müəllifi

Azərbaycanın milli dövlət ideologiyasının müəllifi

11.10.2023 [10:55]

XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövrdür. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan xalqının dövlətçilik tarixində mürəkkəb mərhələlər çox olub. Tarix boyu bütün çətinliklərə rəğmən heç bir qüvvə xalqımızın dövlətçilik arzularını, ənənələrini məhv edə bilməmiş, milli, müstəqil respublika yaratmaq istiqamətində səylər qarşısıalınmaz bir proses olaraq yenidən baş vermişdir. Azərbaycan xalqı keçmişini unutmayıb bu günü ilə qürur duyan və gələcəyə inamla addımlayan xalq olaraq hər zaman tarixin sərt sınaqlarından alnı-açıq çıxaraq yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirib.

1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycanın ilk illərdə yaşadıqları tariximizin qaranlıq səhifələri kimi vərəqlənir. Azərbaycan xalqı müstəqilliyin sevincini yalnız 1993-cü ildən sonra yaşamağa başladı. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə daxili çəkişmələr, Ermənistanın təcavüzü, hakimiyyətdə olan ünsürlərin şəxsi ambisiyalarına xidmət edən siyasətin fəsadları böyük çətinliklər yaradaraq Azərbaycanın taleyini sual altına almışdı. Baş verən proseslər lider amilinin hər bir ölkənin həyatında oynadığı rolun aydın mənzərəsini yaratdı. Ölkəsini, xalqını düşünən Lider hər zaman irəliyə, dövlətinin gələcəyinə doğru addımlayar, xalqı ətrafında sıx birləşdirər. Lakin o illərdə ölkəmizə rəhbərlik edən ünsürləri Azərbaycan dövlətinin, xalqının gələcəyi deyil, özlərinin şəxsi maraqları düşündürürdü. Azərbaycan müstəqilliyini itirmək, bir dövlət olaraq dünya xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Xalqın sabaha ümidi yox idi.

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərini düzgün dəyərləndirmək üçün ilk növbədə Onun hakimiyyətə qayıdışı zamanı mövcud vəziyyəti yada salmaq kifayətdir. Məhz dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, zəngin idarəçilik təcrübəsindən bəhrələnərək həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət nəticəsində Azərbaycan düşdüyü ağır vəziyyətdən xilas oldu. Ulu Öndər Azərbaycanın müstəqiliyinin möhkəmləndirilməsində, bir dövlət olaraq beynəlxalq aləmdə nüfuzunun artmasında, iqtisadi və siyasi müstəqilliyinin təmin edilməsində əsas aparıcı tarixi şəxsiyyət idi. Sabitliyi hər bir inkişafın əsası kimi önə çəkən Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan qısa zamanda sabitlik diyarına çevrildi. Bu reallıq hər kəsə məlumdur ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Müstəqilliyimizin bərpasının ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə əmin deyildilər. Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycanda yaradılan sabitlik bu tərəddüdlərin aradan qalxmasını şərtləndirdi. Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı.  Azərbaycanın qüdrətli, zəngin olmasını və dünyaya Günəş kimi doğmasını arzulayan Ulu Öndər Heydər Əliyevin hər bir addımının əsasında xalqına, dövlətinə bağlılığı, onun gələcəyi üçün çalışması dayanırdı. Müasir müstəqil Azərbaycanın Ümummilli Liderin şah əsəri kimi nüfuz qazanması da özündə bütün bu reallıqları ehtiva edir. O, öz Vətənini sevməklə, bəşəri ideyaların həyata keçirilməsini arzu etməklə bilirdi ki, cəsarətlilik qətiyyət, özünə inam bütün qələbələrin başlanğıcıdır. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü dövlətinə, xalqına bağlılıq, xidmət nümunəsidir. Qardaş Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəlin vurğuladığı kimi, Azərbaycan xalqının bəxti onda gətirib ki, onun Heydər Əliyev kimi lideri var. Şəxsi həyatı, uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın qərinədən artıq tarixini salnaməmizə yazan Ulu Öndər haqqında deyilən “Heydər Əliyev kimi dahilər tarixdə bir dəfə yetişir” kimi sözləri müdrik bir insanın şərəfli ömür yoluna verilən dəyərdir.

Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı hər birimizin həyat amalına çevrilib. Dahi şəxsiyyət bu çağırışı da etdi ki, Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır. Azərbaycanın müstəqilliyini, suverenliyini daimi etmək üçün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıdan bir ideya-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşmək tələb olunur. Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməli, azərbaycançılığı- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir.

Ümummilli Lider Heydər Əliyev hər bir addımında dövlət, xalq, Vətən sevgisini nümayiş etdirirdi. 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış, xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edəndə də, Dağlıq Qarabağda yaranmış münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etirazını bildirəndə də Ona güc, qüvvət verən xalqına bağlılığı, torpaq, Vətən sevgisi idi. Dövlət başçısı İlham Əliyev 1990-cı il 21 yanvar tarixində Ümummilli Liderin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlişini belə xarakterizə edir: “Təbii ki, bu, daim təqibə məruz qalan adam üçün çox təhlükəli addım idi. Lakin atam həmişə prinsipial idi və əsla tərəddüd etmədən baş verənlərə qarşı etiraz etdi. Biz, onun ailə üzvləri də heç bir şübhə və qorxu hissi keçirmədik.  Həmin ağır günlərdə bizim bircə arzumuz vardı: öz xalqımızla birlikdə olmaq, onu dəstəkləmək. Bir il sonra bu arzu baş tutdu. Doqquz illik fasilədən sonra atam öz Vətəninə, Naxçıvana qayıtdı. Onu buraya iki arzu gətirmişdi. Birincisi, şəxsi arzusu, ona rahatlıq verməyən vətəndaş şərəfi. Azərbaycan özünün ən ağır dövrünü yaşayırdı. Onun keçmiş rəhbəri isə çox-çox uzaqlarda idi. İkincisi, atam Azərbaycana xalqın istəyi ilə gəlmişdi. Əgər onun hakimiyyətə birinci gəlişi respublikanın milli dirçəlişinin əsasını qoymuşdusa, ikinci gəlişi haqlı olaraq Milli Qurtuluş Günü kimi qeyd olundu.”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi dövlətçiliyimizin atributu olan himn, üçrəngli bayraq və gerbimizin bərpasını vətəndaşlıq borcu adlandıranda da böyük qətiyyət göstərərək Azərbaycan naminə canından belə keçməyə hər an hazır olduğunu bildirmişdi.

Ümummilli Lider Heydər Əliyev üçün ən böyük sevinc xalq etimadı, Azərbaycanın müstəqilliyi, azadlığı, suverenliyi idi. Qeyd etdiyimiz kimi, Ulu Öndər 1993-cü ildə hakimiyyətə qayıdışı, siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdi və doğma xalıqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacardı.

Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlayır. Öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümüdür.  Geniş bilik və dərin təfəkkür sahibi olan Ümummilli Lider düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Onun milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ulu Öndərin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Dahi şəxsiyyət Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir.

Dahi şəxsiyyətin xidmətləri sırasında hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi qeyd edilir. Onun partiyanın yaradılması ilə bağlı xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının müraciətinə cavabında da dövlətinə, xalqına bağlılığı  aydın ifadəsini tapmışdır. YAP hər zaman qəbul etdiyi qərarları ilə Azərbaycan dövlətinin güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə töhfələr verir. “Güclü dövlət, yüksək rifah” prinsipi partiyanın fəaliyyətinin əsasıdır. 

Ulu Öndər Heydər Əliyevin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə xidmətlərinin miqyası Onun daim qürurla qeyd etdiyi bu fikirlərini xatırlatmağa çağırışdır: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna da nail olmağa çalışıram və çalışacağam”. Dahi şəxsiyyət düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı görmək istədiyi ən yüksək səviyyəyə yüksəltmək üçün möhkəm təməli formalaşdırdı.

Ümummilli Liderin 2003-cü ildə xalqa tarixi müraciəti də özündə dövlətə, xalqa sevgisini əks etdirir. Azərbaycanın gələcəyini düşünən, yaradılan möhkəm təməl üzərində daha yüksək zirvələri fəth etməsini istəyən Ulu Öndər Heydər Əliyev “Bu günlərdə mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib” fikirlərinin davamı olaraq bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

2003-cü il prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq  Prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində  bu vədini verdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.”

Cənab İlham Əliyev atdığı hər addımında Heydər Əliyev siyasətinə sadiqliyini nümayiş etdirir. Uğurlu siyasəti, təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezident İlham Əliyev tarixi Zəfərimizin müəllifi kimi nüfuz qazandı. O, Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətindən, həmçinin özünün Ümummilli Liderin qarşısında verdiyi vədlərdən 17 il sonra, 2020-ci ildə  44 günlük Vətən müharibəsinin hər gününü xalqımıza qələbə sevincini yaşatmaqla noyabrın 8-də  Qarabağımızın tacı Şuşanın işğaldan azad olması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirdi. Rəşadətli Ordumuz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Şanlı Qələbəmizi şərtləndirən amillər sırasında da xalqımızın torpaq, Vətən sevgisi xüsusi qeyd edilir.  Ümummilli Lider Heydər Əliyev bu çağırışı etmişdir ki, Azərbaycanın gələcəyi indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Bu fikirlərin davamı olaraq möhtərəm Prezidentimiz İlham Əliyev bildirir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.

Azərbaycanın hər bir uğurunda torpaq, xalq sevgisi öndə dayanır. Cənab İlham Əliyevin hazırda Azərbaycan xalqının Lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin dağıtdığı işğaldan azad edilən şəhər və kəndlərimizin bərpasını, yenidən qurulmasını uğurla başa çatdırmaq, soydaşlarımızın bu torpaqlara qayıdışını təmin etmək, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı yeni hədəflərə doğru inamla aparmaqdır. Bu hədəflər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.

Səfa Ağayev

YAP İmişli rayon təşkilatının sədri   

Paylaş:
Baxılıb: 781 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30