Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Blinkenin Türkiyəyə səfəri...

Blinkenin Türkiyəyə səfəri...

08.01.2024 [11:03]

Nələr müzakirə edilib?

Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Oktyabrın 7-dən Qəzza qan gölünə çevrilib. Dünyanın bir sıra ölkələrinin çağırışlarına baxmayaraq bölgədə atəşkəs elan olunmayıb. Münaqişə alovlanandan Qərb ölkələrinin rəsmi şəxsləri, xüsusilə ABŞ nümayəndələri İsrailə və region ölkələrinə səfərlər edirlər. Dünya ölkələrinin əksəriyyəti İsraili Qəzzaya hücumu dayandırmağa çağırsalar da, ABŞ Təl-Əvivin yanında olduğunu bəyan edir. Xüsusilə Dövlət katibi Antoni Blinken mütəmadi olaraq regiona səfər edərək müzakirələr aparır. 

Qəzzada münaqişə alovlanandan Blinken Türkiyədə də səfərdə olub. Yanvarın 6-da o, Türkiyəyə növbəti səfərini edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Dövlət katibi Antoni Blinkeni qəbul edib. İstanbulun Vahdettin Köşkündə baş tutan görüş mətbuata qapalı keçirilib. Amma ABŞ  Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bu görüş barədə yazılı bəyanat verib. Bəyanatda bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Dövlət katibi ?ntoni Blinkenlə İstanbulda keçirilən görüşündə Yaxın Şərqdə baş verənləri müzakirə edib. Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər. “Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasını, girovların azad edilməsini, humanitar yardımın genişləndirilməsini və mülki əhali arasında itkilərin azaldılmasını vurğulayıb. Eləcə də regionda dayanıqlı və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyi qeyd olunub”, - deyə bəyanatda vurğulanıb. Ərdoğan və Blinken həmçinin İsveçin

NATO-ya üzvlüyü və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.

Blinken Türkiyə Prezidenti ilə görüşdən əvvəl xarici işlər naziri Hakan Fidanla bir araya gəlib. Görüş ilə bağlı Türkiyə tərəfi açıqlama verib. Bildirilib ki, görüşlərdə iki ölkə arasında münasibətlər ətraflı müzakirə olunub. Qeyd edilib ki, Hakan Fidan həmsöhbətinə ölkəsinin F-16 hərbi təyyarələrini satınalma prosesinin yekunlaşmasını gözlədiyini ifadə edib. İsveçin

NATO-ya üzvlük prosesinə toxunan nazir bununla bağlı yekun qərarı Türkiyə parlamentinin verəcəyini deyib.

İsrail-Fələstin qarşıdurmasının da müzakirə edildiyi görüşdə Fidan bu münaqişə ilə bağlı dərhal atəşkəsin elan edilməsi və bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb. Türkiyəli nazir İsrail ilə Fələstin arasındakı məsələnin tezliklə iki dövlət prinsipi əsasında həlli istiqamətində müzakirələrin başlaması çağırışını təkrarlayıb.

İki dövlət rəsmisi arasında Rusiya-Ukrayna qarşıdurması da müzakirə edilib. Fidan Türkiyənin Qara dənizdə gərginliyə qarşı olduğunu, ölkəsinin Rusiya və Ukraynada istehsal olunan qida məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması üçün göstərdiyi səyləri xatırladıb.

Görüş zamanı Azərbaycan və Ermənistan arasında aparılan danışıqlar, Suriya və İraq kimi regional məsələlər də müzakirə olunub.

Xatırladaq ki, Blinken sonuncu dəfə ötən il noyabrın 6-da Ankaraya səfər etmişdi. Həmin səfər zamanı Fidan ilə Blinken arasındakı görüşdə də Qəzzadakı vəziyyət xüsusi diqqət mərkəzində olmuşdu. Onu da qeyd edək ki, ABŞ Dövlət katibi Blinkenin Ankaraya sözügedən səfəri zamanı qarşılanması Türkiyə mətbuatında çox geniş müzakirə olunan mövzuya çevrilmişdi. Yaxın Şərqdə baş verən silahlı toqquşmaya müxtəlif mövqelərdən yanaşan Ankara ilə Vaşinqton arasında ciddi ziddiyyət yaranıb. Bu səbəbdən ABŞ rəsmisi Ankara hava limanında olduqca soyuq qarşılanmışdı. Hava limanında A.Blinkeni Ankara şəhər valisinin müavini qarşılayıb. Bununla yanaşı, hava limanının işıqları söndürülüb və zəif işıqların fonunda ABŞ-ın Türkiyədəki səfiri A.Blinkenə çıxışın yolunu göstərib. Türkiyə mətbuatı yazır ki, A.Blinken “layiq olduğu formada” qarşılanıb.

Ümumiyyətlə, Türkiyənin mövqeyi ondan ibarətdir ki, Yaxın Şərqdə dərhal atəşkəs elan olunmalı, dinc günahsız insanların ölümünə son qoyulmalıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin ikinci əsrinin ilk hökumət toplantısından sonra xalqa müraciətində bəyan etmişdi ki, “davam edən bu qarşıdurmanın qarşısının alınması bizim əsas vəzifəmizdir. Bunun üçün əvvəlcə atəşkəs elan edilməli, sonra daimi sülhə yolun açılması zəruridir. Bütün əlaqədar tərəflərin iştirakı ilə təşkil ediləcək Fələstin-İsrail Beynəlxalq Sülh Konfransının bunun üçün ən uyğun platforma olacağına inanırıq”. O, Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə, məsuliyyəti öz

üzərlərinə götürməyə hazır olduqlarını bildirib. Türkiyə Prezidenti indiyədək ölkəsindən Fələstinə humanitar yardımlar göndərildiyini, Misirin Rəfah keçid məntəqəsi açıq olduğu təqdirdə, bu yardımların davam edəcəyini deyib.

Yeri gəlmişkən, ABŞ Dövlət katibi Blinken Türkiyədən sonra Yunanıstana səfər edib. O, keçirdiyi görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, regiondakı vəziyyəti də müzakirə edib.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 578 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30