Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Sülh Qalxanı-2026”

“Sülh Qalxanı-2026”

04.02.2026 [08:13]

Azərbaycan ilə BƏƏ arasında strateji hərbi tərəfdaşlıq dərinləşir

Azərbaycan Respublikasının milli təhlükəsizlik strategiyasında ordu quruculuğu hər zaman prioritet istiqamət kimi müəyyən edilib. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan qeyri-sabitlik, regional münaqişələr, geosiyasi rəqabətin kəskinləşməsi və yeni təhlükə mənbələrinin meydana çıxması dövlətləri öz müdafiə imkanlarını daim gücləndirməyə vadar edir. Bu reallıqlar fonunda Azərbaycan yalnız daxili hərbi potensialını artırmaqla kifayətlənmir, eyni zamanda, dost, qardaş və tərəfdaş ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı ardıcıl şəkildə genişləndirir. Birgə hərbi təlimlər bu əməkdaşlığın ən mühüm və praktiki elementlərindən biri kimi çıxış edir.

Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq hərbi təlimlərdə iştirakı ordunun döyüş hazırlığının yüksəldilməsi, yeni taktiki vərdişlərin mənimsənilməsi, müasir hərbi texnologiyaların tətbiqi və qarşılıqlı əməliyyat uyğunluğunun artırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında keçirilən birgə hərbi təlimlər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın hərbi müstəvidə də dərinləşdiyini nümayiş etdirir. 2026-cı ildə planlaşdırılan və icra edilən “Sülh Qalxanı-2026” birgə hərbi təlimi də bu əməkdaşlığın növbəti mərhələsi olmaqla regional və qlobal təhlükəsizlik kontekstində diqqət çəkən hadisədir.

Birgə əməliyyatların planlaşdırılması və icrası...

Qeyd edək ki, “Sülh Qalxanı-2026” Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri arasında keçirilən birgə hərbi təlimlər silsiləsinin növbəti və daha genişmiqyaslı mərhələsi kimi qiymətləndirilir. Təlimin əsas məqsədi birgə əməliyyatların planlaşdırılması və icrası zamanı qarşılıqlı fəaliyyətin artırılması, komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, şəxsi heyətin peşəkarlığının yüksəldilməsi və real döyüş şəraitinə maksimal yaxın ssenarilər üzərində praktiki bacarıqların sınaqdan keçirilməsidir. Fevralın 2-3-də reallaşan təlim çərçivəsində müxtəlif növ qoşunların qarşılıqlı əlaqəsi, müdafiə və hücum əməliyyatlarının sinxron icrası, taktiki manevrlər, xüsusi təyinatlı bölmələrin fəaliyyətinin koordinasiyası, pilotsuz uçuş aparatlarının tətbiqi və kəşfiyyat məlumatlarının operativ mübadiləsi kimi məsələlər üzərində xüsusi diqqət cəmlənib. Müasir döyüş konsepsiyalarına uyğun olaraq hibrid təhdidlərə qarşı mübarizə, kritik infrastrukturun qorunması və qeyri-ənənəvi təhlükə ssenariləri də təlim proqramına daxil edilib.

“Sülh Qalxanı-2026” təlimi həm də onu göstərir ki, Azərbaycan ordusu beynəlxalq standartlara uyğun fəaliyyət göstərmək qabiliyyətinə malikdir və müxtəlif coğrafiyalara məxsus silahlı qüvvələrlə effektiv şəkildə birgə əməliyyatlar həyata keçirə bilir. Bu cür təlimlər təkcə hərbi baxımdan deyil, eyni zamanda, siyasi və diplomatik müstəvidə də mühüm mesaj xarakteri daşıyır.

BƏƏ ilə ikinci böyük hərbi təlim...

Yaxın dost, tərəfdaş dövlətlər sayılan Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlıq uzun illərə söykənən və mərhələli şəkildə inkişaf edən bir prosesdir. İki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında imzalanmış sənədlər bu istiqamətdə hüquqi bazanı formalaşdırıb. İlk mərhələdə əməkdaşlıq əsasən təcrübə mübadiləsi, hərbi təhsil və müşahidə xarakterli fəaliyyətləri əhatə edirdisə, sonrakı illərdə bu əməkdaşlıq praktiki birgə təlimlər səviyyəsinə yüksəlib.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında indiyə qədər də hərbi təlim keçirilib. Ötən ilin oktyabrında ikitərəfli əməkdaşlıq planına əsasən, ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və BƏƏ-nin Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə “Sarsılmaz Tərəfdaşlıq-2025” birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilib. Təlim iştirakçıları real döyüş şəraitinə uyğunlaşdırılmış ssenarilər üzrə qarşılıqlı koordinasiya və idarəetmə bacarıqlarını praktiki olaraq inkişaf etdiriblər. Taktiki fəaliyyətlər zamanı iştirakçılar manevr qabiliyyətini, çeviklik və liderlik vərdişlərini təkmilləşdirərək, eləcə də hər iki ölkənin xüsusi təyinatlılarının təcrübəsindən bəhrələnərək, tətbiq edilən forma və üsulları mənimsəyiblər. Bu təlim zamanı Azərbaycan hərbçiləri həm də BƏƏ ordusunun yüksək texnoloji imkanları ilə tanış olub, eyni zamanda öz döyüş təcrübəsini tərəfdaş ölkə ilə bölüşüb. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycan ordusunun qazandığı real döyüş təcrübəsi bu təlimlərə əlavə dəyər qatıb.

“Sülh Qalxanı-2026” isə bu ardıcıllığın kulminasiya nöqtələrindən biri kimi çıxış edir. Təlimlərin davamlılığı və məzmun baxımından dərinləşməsi Azərbaycan-BƏƏ münasibətlərinin sadəcə, dostluq deyil, strateji tərəfdaşlıq səviyyəsində olduğunu təsdiqləyir.

Ordu quruculuğunun ən mühüm amili...

Azərbaycan Silahlı Qüvvələri hər zaman beynəlxalq statuslu və ya fərqli ölkələrin silahlı qüvvələri ilə birgə təlimlər keçirlər. Ötən il ərzində həm daxili, həm də beynəlxalq formatda bu tip çoxsaylı hərbi təlimlər keçirilib. Bu təlimlər ordunun döyüş hazırlığının artırılması, yeni silah sistemlərinin sınaqdan keçirilməsi və şəxsi heyətin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədi daşıyıb. Xüsusilə komanda-qərargah təlimləri, taktiki manevrlər və qoşun növləri arasında qarşılıqlı fəaliyyətin yoxlanılması əsas prioritetlər sırasında olub.

Məsələn, ötən ilin oktyabrında Özbəkistanın Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan hərbçilərinin iştirakı ilə baş tutan “Birlik - 2025” birgə regional təlimi, ötən ilin noyabrında Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələrinin iştirakı ilə Ankara şəhərində keçirilən “Qafqaz Qartalı - 2025” birgə taktiki-xüsusi təlimi, ötən ilin sentyabrında ikitərəfli hərbi əməkdaşlıq planı çərçivəsində Daşkənddə “Məharət - 2025” kompüter dəstəkli birgə komanda-qərargah təlimi hərbi təkmilləşdirmədə mühüm rol oynayıb. Bu təlimlərdə pilotsuz uçuş aparatlarının geniş tətbiqi, yüksək dəqiqlikli silahların istifadəsi, kəşfiyyat və zərbə elementlərinin inteqrasiyası xüsusi yer tutub. Bu da Azərbaycan Ordusunun müasir müharibə konsepsiyalarına uyğun şəkildə inkişaf etdiyini göstərir. Eyni zamanda, müttəfiq və tərəfdaş ölkələrlə keçirilən birgə təlimlər beynəlxalq əməkdaşlıq imkanlarını daha da genişləndirib.

Sülhün qorunmasına yönələn strateji addım

Birgə hərbi təlimlər, o cümlədən “Sülh Qalxanı-2026” geostrateji baxımdan xüsusi əhəmiyyət daşıyır və müasir təhlükəsizlik mühitində olduqca vacibdir. Hazırda dünyada davam edən və getdikcə dərinləşən konfrontasiyalar, rəqabət və regional münaqişələr fonunda hər bir dövlət öz təhlükəsizlik sistemini güc amili üzərində qurmağa məcburdur.

Azərbaycan bu reallığı düzgün qiymətləndirərək ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması, müasir silah və texnologiyaların tətbiqi, eləcə də beynəlxalq hərbi əməkdaşlığın genişləndirilməsi bu siyasətin əsas sütunlarını təşkil edir. “Sülh Qalxanı-2026” kimi təlimlər bir daha sübut edir ki, Azərbaycan regional təhlükəsizlik arxitekturasında məsuliyyətli və etibarlı aktor kimi çıxış edir. Bu, sülhün qorunmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və mümkün təhdidlərin qarşısının alınmasına yönəlmiş strateji addımlardır.

P.SADAYOĞLU

Paylaş:
Baxılıb: 7 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Mədəniyyət

Baş rejissorsuz...

03 Fevral 08:27

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28