Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 38 gün sonra...

38 gün sonra...

09.04.2026 [09:12]

Yaxın Şərqdə atəşkəs elan olundu

38 gün sonra Yaxın Şərqdə silahlar susub. ABŞ ilə İran arasında danışıqlara vasitəçilik edən Pakistan və digər dövlətlərin apardığı səylər bəhrəsini verdi - tərəflər 2 həftəlik atəşkəs barədə razılığa gəliblər. Xarici medianın yaydığı məlumata görə, Donald Tramp Pakistanla müzakirələrdən sonra atəşkəsi elan edib. Pakistan ABŞ-dan İrana dağıdıcı qüvvələr göndərməməsini istəyib - ABŞ Prezdenti isə bununla razılaşıb. Donald Tramp “Truth” sosial media platformasında yazıb ki, İrana ultimatumu 2 həftə uzatmağa və həmin müddət üçün atəşkəsə razılaşıb. O, bu qərarı Pakistanın Baş naziri Şahbaz Şərif və Ordu rəisi Asim Munir ilə danışıqlardan sonra verib. Tramp qeyd edib ki, ABŞ artıq regiondakı məqsədlərinə çatıb.

Aprelin 10-da İslamabadda...

Beləliklə, aprelin 10-da Pakistanın paytaxtı İslamabadda başlaması gözlənilən ABŞ və İran rəsmiləri arasında danışıqlar birbaşa aparılacaq. CNN-in ABŞ administrasiyasının rəsmilərinə istinadən yaydığı məlumata görə, ABŞ vitse-prezidenti J.D.Vens, prezidentin xüsusi nümayəndəsi Stiv Vitkoff və  Cared Kuşnerin İslamabadda keçirilməsi planlaşdırılan İranla sülh danışıqlarında iştirak etməsi gözlənilir. Məlumata görə, İran tərəfini parlamentin spikeri Məhəmməd Baqir Qalibafın başçılıq edəcəyi nümayəndə heyəti təmsil edəcək. Xarici media İranın xarici işlər naziri Abbas Əraqçının da görüşdə iştirak etmə ehtimalını istisna etməyib. ISNA agentliyinin yaydığı məlumata görə, Qalibafın bu missiyaya rəhbər təyin olunması Tehranın danışıqlara verdiyi yüksək önəmin göstəricisidir, çünki o, ölkənin həm hərbi, həm də siyasi elitasında ən nüfuzlu simalardan biri sayılır.

ABŞ-da dəstək...

ABŞ-da bu razılaşmaya münasibət yekcins deyil - dövlət adminstrasiyası bu razılaşmanı dəstəkləyir və bunu uğur adlandırır. Ağ Evin sözçüsü Kerolayn Livitt ABŞ və İran arasında əldə olunan 2 həftəlik atəşkəs razılaşmasını şərh edərək bunu prezident Donald Trampın uğuru kimi qiymətləndirib. O, sosial şəbəkədə yazıb ki, bu nəticə Trampın rəhbərliyi və ABŞ hərbçilərinin fəaliyyəti sayəsində əldə olunub: “Bu, prezident Tramp və bizim inanılmaz hərbçilərimizin qazandığı ABŞ qələbəsidir”.

Livitt bildirib ki, əməliyyatın əvvəlində Tramp onun 4-6 həftə davam edəcəyini gözləsə də, ABŞ qüvvələri əsas hərbi məqsədləri cəmi 38 günə yerinə yetirib. Onun sözlərinə görə, bu uğur ABŞ-a danışıqlarda üstünlük qazandırıb və nəticədə diplomatik həll yoluna şərait yaradıb.

Amma bu razılaşmanı daha fərqli istiqamətdən dəyərləndirənlər də var - ABŞ Dövlət Departamentinin keçmiş sözçüsü və MKİ-nin (CIA) sabiq əməkdaşı Ned Prays, Tramp administrasiyasının İranla bağladığı yeni müqaviləni və bölgədəki hərbi nəticələri “strateji uğursuzluq” adlandırıb. Prays özünün “X” hesabında paylaşdığı bəyanatda ABŞ-ın böyük itkilər verdiyini, lakin İranın daha əlverişli mövqedə qaldığını vurğulayıb. Ned Praysın fikrincə, artıq müharibənin sonu görünür və nəticələr Vaşinqton üçün ürəkaçan deyil. O qeyd edir ki, İran hələ də Hörmüz boğazına nəzarət edir və buna paralel olaraq ABŞ-ın İran neftinə tətbiq etdiyi sanksiyalar faktiki olaraq ləğv edilib.  Prays vurğulayıb ki, ABŞ bu müddət ərzində nəhəng maliyyə vəsaitləri xərcləyib, ən əsası isə insan həyatlarını (amerikalı hərbçiləri) və beynəlxalq nüfuzunu itirib. Bütün bunların müqabilində isə Tehran rejimi strateji baxımdan daha da güclənib.

İsrail dövləti razıdır, müxalifət isə...

İsrail tərəfindən də eyni vəziyyət hökm sürür. Rəsmi Təl-Əviv ABŞ prezidentinin İrana hücumları dayandırmaq qərarını dəstəkləyir. Baş nazir Benyamin Netanyahunun yaydığı açıqlamada bildirilir ki, İsrail ABŞ-ın “İran təhdidini” neytrallaşdırmaq səylərini dəstəkləyir. ABŞ İranla danışıqlarda İsrailin ortaq məqsədlərinə sadiq olduğunu bildirib.

İsrail müxalifətinin lideri Yair Lapid isə ABŞ, İran və İsrail arasında əldə olunmuş 2 həftəlik müvəqqəti atəşkəs razılaşmasına görə Baş nazir Benyamin Netanyahunu sərt şəkildə tənqid edib. Lapid özünün “X” (keçmiş Twitter) hesabında bu razılaşmanı İsrail dövləti üçün görünməmiş bir rüsvayçılıq kimi qiymətləndirib. “Tariximiz boyu belə bir siyasi fəlakət baş verməmişdi. Milli təhlükəsizliyimizin mahiyyətinə toxunan qərarlar qəbul edilərkən İsrail hətta danışıqlar masasında belə oturmayıb”, - deyə müxalifət lideri vurğulayıb.

Lapid iddia edir ki, Netanyahu hökuməti ABŞ-ın təzyiqləri qarşısında geri çəkilərək İranın bölgədəki hərbi gücünü bərpa etməsinə şərait yaradıb. Müxalifət liderinin bu kəskin bəyanatı İsrail daxilində onsuz da gərgin olan siyasi mühiti daha da alovlandırıb.

Livana şamil olunmadı...

Qeyd edək ki, əldə olunan razılaşma Livana şamil edilmir - bu faktı həm Pakistanın Baş naziri Şahbaz Şərif, həm də İsrail tərəfi təsdiqləyib. İraqdakı İslam Müqaviməti daxilindəki militant şiə qrupları isə həm İraq daxilində, həm də xaricində ABŞ və İsrail hədəflərinə qarşı hərbi əməliyyatlarının 2 həftəlik dayandırıldığını elan ediblər. Məlumat radikalların “Al Arabiya” telekanalında yayımlanan bəyanatında əksini tapıb: “Biz ölkə daxilində və xaricində hərbi əməliyyatların 2 həftəlik dayandırıldığını elan edirik”.

Müzakirə predmetləri açıqlanmır

10 apreldə müzakirə olunacaq məsələlərə gəldikdə isə, tərəflər bu haqda dolğun məlumat yaymayıblar - amma bəzi açıqlamalar nəticəsində müəyyən rəylər formalaşır. Belə ki, ABŞ Prezidenti Donald Tramp AFP agentliyinə verdiyi eksklüziv müsahibədə İranla uzunmüddətli həlli nəzərdə tutan 15 bəndlik yeni bir sazişin mövcud olduğunu və bu bəndlərin əksəriyyətinin artıq razılaşdırıldığını bəyan edib. Tramp aprelin 8-də verdiyi açıqlamada “Bizim 15 bəndlik sazişimiz var, onların çoxu artıq razılaşdırılıb... Baxaq görək, işi sona çatdıra biləcəyikmi”, - deyə bildirib.

Diplomatik mənbələrin sızdırdığı məlumata görə, razılaşdırılmış bəndlərə Hörmüz boğazının tam açılması, neft ixracına qismən icazə verilməsi və müvəqqəti atəşkəsin müddətinin uzadılması kimi strateji məsələlər daxildir.

Nəticə haqda tam ümidverici amillərlə danışılmamasına səbəblərdən biri isə İranın hələ də raket proqramının məhdudlaşdırılması və nüvə obyektlərinə beynəlxalq nəzarətin dərəcəsi ilə bağlı məsələlərə razı olmamasıdır. Tehran tərəfi bu barədə susur - beynəlxalq media yazır ki, İran bu 15 maddəlik planı imzalayacağı təqdirdə nüvə müharibəsi riski də aradan qaldırılacaq. Yayılan məlumatda deyilir ki, atəşkəslə bağlı Vaşinqton və İsrail arasındakı ortaq mövqe nüvə materialları və raket proqramı da daxil olmaqla irəli sürülən tələblərin yerinə yetirilməsinə fokuslanıb. Bildirilir ki, ABŞ xüsusən də Tehrandan “bütün nüvə materiallarını ölkədən çıxarmağı”, uranın zənginləşdirilməsini dayandırmağı və “ballistik raketlər və digər təhlükələri aradan qaldırmağı” tələb edəcəyinit bildirir.

Qələbə, yoxsa “taym-aut”?

Qərb politoloqları isə bu razılaşmanı “təmkinin qalib gələcəyi uzunmüddətli danışıqlar prosesinin ilkin addımı” adlandırırlar. Vurğulanır ki, mənzərə ilkin halda Tramp üçün qismən siyasi qələbə kimi görünür - amma hər şey danışıqların mahiyyətindən, razılaşmanın müddəalarından asılı olacaq. Çünki atəşkəs daimi həll yolu deyil, müvəqqəti bir fasilədir -  təsadüfıi deyil ki, ABŞ prezidenti Donald Tramp dünən Britaniyanın Sky News televiziya kanalına verdiyi müsahibədə Vaşinqton üçün məqbul bir razılaşma əldə edilməyəcəyi təqdirdə İrana qarşı hərbi əməliyyatlara qayıtmağa hazır olduğunu dilə gətirib. “Biz buna çox asanlıqla qayıdacağıq”, - o deyib.

Siyasi təhlilçilər iddia edirlər ki, razılaşma həm də Trampa xoşagəlməz bir seçimdən qaçmağa kömək etdi - qəti eskalasiyadan. Təsadüfi deyildi ki, o, “bütün bir sivilizasiya bu gecə məhv olacaq” deyə bir fikir ifadə etmişdi.

Məsələyə münasibət bildirən siyasi şərhçilər məsələyə yalnız ABŞ-ın irəli sürdüyü plan üzərindən baxılmasını səthi sayır - İranın tələblərinin hansının yerinə yetiriləcəyi də böyük maraq doğurur. Bu plana Amerika qoşunlarının regiondan çıxarılması, İrana qarşı sanksiyaların ləğvi, müharibə ziyanına görə kompensasiya və Hörmüz boğazına nəzarətin saxlanılması daxildir. Trampın bu şərtlərdən hər hansı birinə razılaşacağını təsəvvür etmək çətin olsa da, bu planın tam istisnası qarşıdakı 2 həftəlik danışıqlar prosesinin də hər hansı bir uğur nəticə vəd etmədiyini ortaya qoya bilər.

Beynəlxalq aləm alqışlayır

Danışıqlar prosesinin başlanması üçün atəşkəsin elan edilməsinə razılığın verilməsi beynəlxalq aləm tərəfindən də dəstəklənib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan olunmuş atəşkəsi alqışlayıb. Bu barədə Azərbaycan XİN-in bəyanatında qeyd olunub. Bildirilib ki, Azərbaycan Xarici İşlər Nazirliyi atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir: “Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq. Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır”, - bəyanatda vurğulanıb.

Türkiyə Xarici İşlər Nazirliyi də bu qərarı alqışlayıb və onun tam şəkildə yerinə yetirilməli olduğunu vurğulayıb. “Regiondakı müharibə kontekstində elan edilən müvəqqəti atəşkəsi alqışlayırıq. Müvəqqəti atəşkəsin tam şəkildə tətbiq edilməli olduğunu vurğulayırıq və ümid edirik ki, bütün tərəflər əldə edilən razılaşmaya əməl edəcəklər. Davamlı sülhə gedən yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad yolu ilə mümkündür”, - deyə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Nazirlik qeyd edib ki, Türkiyə ABŞ və İran arasında İslamabadda keçiriləcək danışıqların uğurla başa çatmasını təmin etmək üçün bütün mümkün dəstəyi göstərməyə davam edəcək. Bəyanatda deyilir: “Qardaş ölkəmiz Pakistanı bu prosesdə oynadığı rola görə təbrik edirik və sülhü təşviq edən bütün təşəbbüslərin davam etməsini arzulayırıq”.

Qətər dövləti də ABŞ və İran arasında atəşkəs razılaşmasını alqışlayıb. Qətərin Xarici İşlər Nazirliyi bunu gərginliyin azaldılması istiqamətində ilk addım kimi qiymətləndirib.

Bu razılaşma Vatikan tərəfindən də müsbət qarşılanıb. Papa XIV Leo ABŞ və İran arasında atəşkəsi alqışladığını bəyan edib. Papa qeyd edib ki, müharibə yalnız danışıqlar yolu ilə başa çata bilər. XIV Leo ABŞ və İran tərəfindən elan edilən atəşkəsi “ümid əlaməti” kimi gördüyünü açıqlayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi İrəvanın ABŞ və İranın bütün hərbi əməliyyatları dayandırmaq barədə vacib qərarını alqışladığını bildirib. “Ermənistan ABŞ və İranın bütün hərbi əməliyyatları dayandırmaq barədə vacib qərarını alqışlayır. Biz həmçinin Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndiririk və qəti şəkildə inanırıq ki, bütün həll olunmamış məsələləri həll etmək və Yaxın Şərqdə sülhü qorumaq üçün diplomatiya üstünlük təşkil etməlidir”, - Paşinyan “X” dakı paylaşımında bildirib.

Çin də Yaxın Şərqdə atəşkəsi dəstəklədiyini bəyan edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, Pekin həmişə mübahisələrin siyasi və diplomatik yollarla həllini müdafiə edib. “İlk növbədə, Çin müvafiq tərəflərin işgüzar razılaşmalara çatdıqlarını elan etməsini alqışlayır. Biz Pakistan və digər ölkələrin həyata keçirdiyi vasitəçilik səylərini dəstəkləyirik. Çin həmişə hərbi əməliyyatların erkən dayandırılmasını və mübahisələrin siyasi və diplomatik yollarla həll edilməsini müdafiə edib”, - deyə sözçü qeyd edib.

Diplomat vurğulayıb ki, Çin Yaxın Şərqdə və Fars körfəzi bölgəsində davamlı sülhün əldə edilməsinə töhfə verməyə davam edəcək.

Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen razılaşmanı alqışlayaraq, onun “çox ehtiyac duyulan deeskalasiya gətirdiyini” söyləyib. Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaya Kallas isə “X”da bildirib ki, İran və ABŞ arasında atəşkəs razılaşması uçurumdan bir addım geri çəkilmədir.

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 200 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30