Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hörmüz “düyünü”?

Hörmüz “düyünü”?

09.04.2026 [09:58]

Boğaz uğrunda mübarizə kəskinləşir - Körfəz ölkələri “ofsayd”a düşüb?

ABŞ ilə İran arasında əldə olunan razılaşmanın ən əsas müddəalarından biri Hörmüz boğazının tam, dərhal və təhlükəsiz şəkildə açılması şərtidir. Qeyd edək ki, müharibənin davam etdiyi 38 gün ərzində İran Hörmüz boğazını bağlamışdı. Bu isə nəticə etibarı ilə neft və neft məhsullarının qiymətinin artmasına səbəb olmuşdu.

6 km-lik keçid üçün...

Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən mühüm strateji dəniz keçidlərindən biridir. Bu boğaz Fars körfəzi ilə Ərəbistan dənizi arasında yerləşir və şimaldan İran, cənubdan isə Oman və BƏƏ ilə əhatə olunur. Ən dar hissəsinin eni təxminən 33 kilometr olsa da, gəmiçilik üçün istifadə edilən əsas zolaqlar daha dardır - təxminən 3 kilometr enində iki zolaq.

Hörmüz boğazı dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Dünyada ixrac olunan neftin böyük hissəsi, təxminən 25 faizi məhz bu keçiddən daşınır. Gündəlik təxminən 20 milyon barel neftin buradan keçməsi onu qlobal enerji təhlükəsizliyinin əsas nöqtəsinə çevirir. Xüsusilə Səudiyyə Ərəbistanı, İraq, Küveyt, BƏƏ və Qətər kimi ölkələr üçün bu boğaz əsas ixrac yoludur.

Boğazın siyasi və hərbi əhəmiyyəti də böyükdür. İran burada mühüm nəzarət imkanlarına malikdir və müxtəlif dövrlərdə bu keçidi bağlamaqla hədələyib. Təsadüfi deyil ki, Yaxın Şərq müharibəsi dövründə də bu yaşandı. Bu isə dünya bazarında neft qiymətlərinə ciddi təsir göstərir. ABŞ və digər dövlətlər bölgədə hərbi mövcudluq saxlayaraq gəmiçiliyin təhlükəsizliyini qorumağa çalışır. ABŞ-ın Körfəz ölkələrindəki hərbi bazalarının əsas xidmət sahəsi də məhz keçidlə bağlıdır.

Tarixən də bu ərazi mühüm ticarət və münaqişə zonası olub. Xüsusilə İran-İraq müharibəsi zamanı burada genişmiqyaslı tanker hücumları baş verib. Bütün bunlara görə Hörmüz boğazı həm iqtisadi, həm də geosiyasi baxımdan dünyanın ən həssas və vacib nöqtələrindən biri hesab olunur.

Bütün planların ilk şərti...

Qeyd edək ki, müharibə dövründə vasitəçilər tərəfindən irəli sürülən danışıqlar prosesi üçün də əsas mövzulardan biri məhz Hörmuzlə bağlı idi. İstər ABŞ, istərsə də İran boğazda öz maraqlarını qorumaq üçün bu müddəanı özlərinin sülh planına daxil etmişdilər. Xüsusilə, ABŞ boğazın təhlükəsizliyinin təmini istiqamətində təzyiqlər göstərirdi. İran isə bunun müqabilində geri çəkilməyərək Hörmüzü güzəştə getmək fikrindən uzaq idi. Hazırkı danışıqlar prosesində də ön plana çıxan amil kimi Hörmüz boğazı qeyd olunur. Amma yenə də fikirlər haçalanır. ABŞ qeyd-şərtsiz açılım planında israr edir, İran isə ən pis halda boğazdan keçən gəmilərə rüsum tətbiqi fikrində qəti mövqe nümayiş etdirir. Səbəb aydındır - Hörmüz boğazından keçən gəmilərdən rüsum alınacağı təqdirdə ölkə illik böyük gəlir əldə edəcək. Qeyd edək ki, ötən il bu strateji su yolundan təxminən 32 min gəmi keçib. Hər bir gəmidən 2 milyon dollar rüsum alınacağı təqdirdə, bu, İrana il ərzində 64 milyard dollar əlavə gəlir qazandıracaq. Bu baxımdan da Tehran ABŞ-la apardığı danışıqlarda irəli sürdüyü 10 maddəlik planın tərkib hissəsi kimi rüsum tətbiqi modelini irəli sürür.

Boğaz açıldı - amma 2 həftəlik...

“The Times of Israel” qəzeti adı çəkilməyən yüksək vəzifəli İsrail rəsmisinə istinadən xəbər verir ki, İran qeyd-şərtsiz Hörmüz boğazını açmağa razılaşıb. Rəsmi şəxs iddia edib ki, “İran müharibənin daimi dayandırılması, kompensasiya ödənişləri, sərt sanksiyaların ləğvi və digər tələblərinin heç biri yerinə yetirilməməsinə baxmayaraq, Hörmüz boğazını açır”.

İranın xarici işlər naziri Abbas Əraqçi isə sosial mediada Hörmüz boğazından təhlükəsiz keçidin 2 həftə ərzində mümkün olacağını bildirib. O, qeyd edib ki, bu, İran Silahlı Qüvvələri ilə koordinasiya yolu ilə və texniki məhdudiyyətlər nəzərə alınmaqla həyata keçiriləcək. ABŞ-ın Hörmüz boğazına nəzarəti Tehrana buraxmağa razılıq verdiyi bildirilib. Xatırladaq ki, Abbas Əraqçi daha əvvəl İranın dost hesab etdiyi ölkələrə məxsus gəmilərin Hörmüz boğazından keçməsinə icazə verdiyini açıqlamışdı. O qeyd etmişdi ki, xüsusən də Rusiya, Çin, İraq, Hindistan və Pakistan bu boğazdan istifadə edə bilər. Təsadüfi deyildi ki, Çin Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının Hörmüz boğazı ilə bağlı qətnamə layihəsinə veto qoymuşdu. Bu isə  ABŞ və İsrail tərəfindən güc tətbiqinə icazə verə və ya icazəsiz hücumları qanuniləşdirə biləcək qətnamənin qəbulunu dayandırmışdı. Qeyd edək ki, Tehran əvvəllər Hörmüz boğazını humanitar yardım və zəruri mallar daşıyan gəmilər üçün açmışdı.

Yeni kanal mümkün deyilsə...

Dünyanın əsas neft ixracı xəttinin Hörmüzdən asılılığını ortadan qaldırmaq üçün bir neçə variant belə təklif edilib. Məsələn, ABŞ İranı görmədən Ərəbistan dənizinə keçmək üçün yeni bir kanal tikməyi belə təklif etmişdi. Yeni kanalın 2 min metr uzunluğunu və bir neçə dövlətdən keçməsi nəzərə alınaraq mümkünsüzlüyü irəli sürülmüşdü. Mütəxəssislər bildirmişdilər ki, kanalın dərinliyini təmin etmək mümkün olmayacaq - relyefin qumlaq olması səbəbindən aşınmalar belə baş verə bilər.

Bu isə İran üçün mühüm üstünlükdür. Dünya neft ixracının 25 faizinin keçidinə nəzarət kimi bir alət Tehrana bölgədə əlavə dividend gətirir. Bu səbəbdən də İran boğazdan istifadə üçün rüsum tələb edir. Siyasi şəhçilər Pakistanda aprelin 10-da baş tutacaq danışıqlarda İran ilə ABŞ arasında Hörmüz üzərindən razılaşmanın mümkünlüyünü irəli sürürlər. ABŞ-ın “patronajlığı” altında daşınan yüklər və ya neft məhsulları istisna olmaqla rüsumun tətbiqi mümkün ola bilər. Bu Vaşinqtonun da maraqlarına cavab verir. Həm boğaz üzərindən apardığı ticarət yenə də davam edəcək, daha təhlükəsiz bir şərait yaranacaq, həm də digər Körfəz ölkələri uzərində siyasi təzyiq imkanı qazanacaq. Bu səbəbdən də boğazla bağlı müzakirələrə Körfəz ölkələrinin də daxil olması mümkünləşə bilər.

Starmer Hörmüz boğazı ilə bağlı vəziyyəti müzakirə etməyə gedir

Bu arada Böyük Britaniyanın Baş naziri Kir Starmerin ABŞ-İran atəşkəsindən sonra Hörmüz boğazının daimi açılmasını təmin etmək üçün aprelin 9-da regional liderlərlə danışıqlar aparmaq üçün Körfəz ölkələrinə səfər edəcəyi açıqlanıb. Starmer bildirib ki, əldə edilən atəşkəsi alqışlayıram: “Bu, regiona və dünyaya müəyyən rahatlıq gətirəcək”.

Baş nazir qeyd edib: “Tərəfdaşlarımızla birlikdə bu atəşkəsi dəstəkləmək və qorumaq, onu davamlı bir razılaşmaya çevirmək və Hörmüz boğazını yenidən açmaq üçün əlimizdən gələni etməliyik”.

Kir Starmer münaqişənin davamlı həllinə nail olmaq, Böyük Britaniyanı və qlobal iqtisadiyyatları gələcək təhdidlərdən qorumaq üçün atəşkəsi dəstəkləmək və həyata keçirmək məqsədilə diplomatik səyləri müzakirə edəcək.

Boğazda sıxlıq yaranıb...

Hazırda isə Hörmüz müvəqqəti də olsa, açılıb - amma bir aydan artıqdır davam edən münaqişə səbəbindən gözləyən gəmilər boğazda dramatik vəziyyət yaradıb. “Bloomberg” agentliyinin məlumatına görə, ABŞ və İran arasında əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasından sonra 800-dən çox ticarət gəmisi boğazdan keçmək üçün çıxış yolu axtarıb. “Kpler” analitik mərkəzinin məlumatına görə, körfəzdə 426 neft və yanacaq tankeri, 34 mayeləşdirilmiş neft qazı (LPG) və 19 mayeləşdirilmiş təbii qaz (LNG) tankeri hərəkətsiz qalıb. Digər gəmilər isə konteyner və quru yüklər daşıyıb. Paralel olaraq gəmilərdə qalan təxminən 20 min dənizçinin də ərzaq ehtiyatları azalıb. Qeyd olunur ki, bu 800 gəmi yaxın 48 saat ərzində hərəkətə başlaya bilməsə, dünya bazarında neftin qiyməti rekord həddə - 120-130 dollara qədər yüksələ bilər.

Hörmüzün gəlirləri bərpaya yönələcək?

Hörmüz boğazından əldə olunan gəlirlərin İranın bərpasına yönəldiləcəyi də vurğulanıb. Belə ki, Fars körfəzindəki münaqişə zamanı İrana dəyən zərər maraqlı maliyyə qurumlarının iştirakı ilə yaradılacaq xüsusi investisiya fondundan ödəniləcək. Məlumatı “Fars” xəbər agentliyi  yayıb. Tehranın təqdim etdiyi atəşkəs şərtlərinin tam mətni ilə tanış olan mənbəyə görə, “İranın itkilərinə görə kompensasiya investisiya və maliyyə fondunun yaradılması yolu ilə təmin ediləcək”. Onun strukturu və ya idarəçiliyi barədə hələlik heç bir məlumat yoxdur. Həmçinin bildirilir ki, İranın Hörmüz boğazından keçən gəmilər üçün toplamaq niyyətində olduğu vergilərin bir hissəsi münaqişə zamanı dağıdılmış obyektlərin bərpası proqramları üçün istifadə olunacaq. Agentlik qeyd edir ki, İranın atəşkəs şərtlərində İrana Omanla birlikdə Hörmüz boğazından keçən gəmilərə rüsum almaq hüququ veriləcəyi nəzərdə tutulur.

SADİQ

Paylaş:
Baxılıb: 214 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30