Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Razılaşma baş tutmasa...

Razılaşma baş tutmasa...

10.04.2026 [12:19]

ABŞ-İran atəşkəsindən sonrakı saatlar...

Livan məsələsi mübahisə predmetinə çevrildi

ABŞ ilə İran arasında aprelin 10-na nəzərdə tutulmuş görüşlə bağlı razılaşma pozula bilər. Daha doğrusu, iki ölkə arasında razılaşdırılmış atəşkəs başlamadan yekunlaşmaq kimi bir təhdid yaşayır. Buna ilkin səbəb kimi atəşkəsdən sonra Livana edilmiş hücumlar göstərilir. Belə ki, aprelin 8-də İran ilə ABŞ arasında Pakistanın vasitəsi ilə əldə edilmiş atəşkəs razılaşmasında Livanın istisna olunması müzakirə predmetinə çevrilib. Xatırladaq ki, İsrail ordusunun sözçüsü Nadav Şoşani aprelin 8-də Livanın paytaxtı Beyrutda, eləcə də ölkənin şərqində və cənubunda İran tərəfindən dəstəklənən “Hizbullah”a məxsus 100-dən çox komandanlıq mərkəzinə və hərbi bazaya 10 dəqiqə ərzində zərbələr endirildiyini bəyan edb. Hücumda təxminən 50 İsrail qırıcı təyyarəsi iştirak edib. Livan təhlükəsizlik mənbələri isə 150-dən çox hücum barədə məlumat verib ki, bunların çoxu Beyrutda qeydə alınıb. İsrail ordusunun məlumatına görə, hədəfə alınan “Hizbullah” infrastrukturunun əksəriyyəti yaşayış məntəqələrində yerləşib.

Öz növbəsində, İsrailin müdafiə naziri İsrael Katz video açıqlamasında 2024-cü ilin sentyabr ayından bəri “Hizbullah”a qarşı “ən kütləvi hücum” elan edib. Daha sonra Livanda minlərlə peycer və radio eyni vaxtda partlayıb, onlarla insan həlak olub, yaralanıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin hava hücumları nəticəsində ən azı 182 nəfər ölüb, təxminən 890 nəfər yaralanıb. BMT-nin Baş katibi Antonio Guterreş hücumları qətiyyətlə pisləyərək, onları “uşaqlar da daxil olmaqla yüzlərlə mülki şəxsin ölümünə və yaralanmasına” səbəb olan və mülki infrastruktura zərər verən “kütləvi hücumlar” adlandırıb.

Livanın Baş naziri Nəvaf Salam İsrailin hücumlarının sıx məskunlaşmış yaşayış məntəqələrinə, xüsusən də Beyrutda silahsız mülki şəxslərin həyatına son qoyduğunu bildirib.

İran etiraz edir...

Beləliklə, razılaşmanın ilk günündə baş verənlər tərəflər arasında yenidən fikir ayrılığı yaradıb. İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf tərəfdaşlarla razılaşdırılmış çərçivə sazişinin şərtlərinin pozulması ilə bağlı kəskin bəyanatla çıxış edib. Parlament sədri Livana edilən hücumlar, İranın hava məkanının pozulması və uranın zənginləşdirilməsi hüququnun inkar edilməsini razılaşmanın 3 əsas bəndinin pozulması kimi qiymətləndirib.

Qalibaf bildirib ki, İran tərəfi 10 bəndlik planla bağlı prosesi əvvəldən etimadsızlıqla izləyib və ABŞ gözlənildiyi kimi, danışıqlar masasına oturmazdan əvvəl öz öhdəliklərinə sadiq qalmayıb.

O qeyd edib ki, ABŞ prezidentinin şəxsən işlək baza kimi qəbul etdiyi planın icrası artıq sual altındadır. Sədr vurğulayıb ki, danışıqlar başlamazdan əvvəl prinsiplərin bu dərəcədə tapdalanması mövcud şəraitdə həm qarşılıqlı atəşkəsin, həm də diplomatik təmasların mahiyyətini itirdiyini göstərir.

Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti C.D. Vens Vaşinqtonun İranın nüvə proqramı ilə bağlı mövqeyində dəyişiklik ehtimalını açıqlayıb. Onun sözlərinə görə, əgər Tehran danışıqlarda səmimi və konstruktiv yanaşma sərgiləyərsə, ABŞ uranın zənginləşdirilməsindən tam imtina tələbinə yenidən baxa bilər.

“Top ABŞ-dadır”...

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a açıq və sərt mesaj ünvanlayıb. İranlı diplomat bildirib ki, İran-ABŞ atəşkəs şərtləri artıq aydındır və Vaşinqton seçim etməlidir: ya atəşkəsə sadiq qalmalı, ya da İsrail vasitəsilə davam edən müharibə xəttini seçməlidir. Onun sözlərinə görə, ABŞ bu iki siyasəti eyni anda həyata keçirə bilməz. Əraqçi əlavə edib ki, dünya Livanda baş verənləri, xüsusilə mülki itkiləri diqqətlə izləyir və bu fon ABŞ-ın mövqeyini daha da kritik edir. O vurğulayıb ki, artıq “top ABŞ-dadır” və beynəlxalq ictimaiyyət Vaşinqtonun öz öhdəliklərinə əməl edib-etməyəcəyini müşahidə edir. Nazirin fikrincə, hazırkı mərhələdə veriləcək qərarlar yalnız region üçün deyil, qlobal sabitlik üçün də həlledici rol oynaya bilər.

Vaşinqton Livansız razılaşma istəyir...

Vaşinqton isə Livanla bağlı şərti qətiyyətlə inkar edir - Livanın danışıqlar predmeti olmadığı fikrindədir. ABŞ Prezidenti Donald Tramp deyib ki, İsrailin Livana zərbələrinin dayandırılması şiə “Hizbullah” hərəkatı səbəbindən İranla atəşkəs razılaşmasına daxil edilməyib.

ABŞ-ın vitse-prezidenti C.D Vens də bildirib ki, İranla atəşkəs müzakirə edilərkən ABŞ Tehrana İsrailin Livan ərazisinə hücumlarını dayandırmaq üçün heç bir vəd verməyib: “Düşünürəm ki, bu, bir anlaşılmazlıqdır. İranlılar atəşkəsin Livanı əhatə etdiyini düşünürdülər, amma elə deyil. Biz heç vaxt bu vədi verməmişik.”

ABŞ vitse-prezidentinin sözlərinə görə, İsrail iki ölkə arasında İrana qarşı müharibəyə son qoymaq üçün danışıqların uğurla başa çatmasını təmin etmək üçün “Livanda müəyyən təmkinliliyi qəbul etməyi təklif edib”.

Atəşkəsdə Livan var?  - Pakistan səfiri təsdiqlədi

Qeyd edək ki, Pakistanın ABŞ-dakı səfiri Rizvan Səid Şeyx rəsmi olaraq təsdiqləyib ki, Livan ABŞ, İran və əlaqədar tərəflər arasındakı atəşkəs razılaşmasının bir hissəsidir. Səfir bu barədə CNN-in efirində danışıb. “Əldə edilmiş razılaşmalara və Pakistanın vasitəçilik roluna əsasən, Livan açıq şəkildə atəşkəs razılaşması çərçivəsinə daxil edilib. Bu məsələ tərəflər tərəfindən tam razılaşdırılıb və bu barədə heç bir qeyri-müəyyənlik yoxdur”, - səfir bildirib.

O əlavə edib ki, İslamabad son danışıqlar zamanı atəşkəsin əhatəli olmasının zəruriliyini vurğulayıb və bura Livanda hərbi əməliyyatların tamamilə dayandırılması da daxildir.

Şeyx Pakistan, ABŞ və İran rəsmiləri arasında aparılan danışıqlara işarə edərək vurğulayıb ki, bu məsələnin əleyhinə olan hər hansı yozum ilkin razılaşmanın mətni ilə ziddiyyət təşkil edir.

“Pakistan bu prosesi asanlaşdıran ölkələrdən biri kimi Livanın atəşkəsin əhatə etdiyi bölgələr siyahısında açıq şəkildə qeyd edildiyinin şahidi olub. Biz hesab edirik ki, Livanı əhatə etmədən bu razılaşmanın tam icrası mümkün olmayacaq”, - o sözlərini yekunlaşdırıb.

Fransa Prezidenti Emmanuel Makron da hesab edir ki, ABŞ və İran arasında əldə edilən atəşkəs razılaşması Livana da şamil edilməlidir. O, bunu İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Trampla telefon danışıqlarından sonra X hesabında paylaşıb: “Ümid edirəm ki, atəşkəs Livan da daxil olmaqla, bütün münaqişə meydançalarında münaqişənin bütün tərəfləri tərəfindən tam şəkildə riayət olunacaq. Bu, bu atəşkəsin etibarlı və davamlı olması üçün zəruri şərtdir”. O, əldə edilən razılaşmanın “ən yaxşı həll yolu olmaqla Yaxın Şərqdə təhlükəsizliyi təmin edəcək hərtərəfli danışıqlara yol açmalı olduğuna” əmindir. Fransa prezidenti qeyd edib ki, o, bu məsələni Qətər, BƏƏ, Livan və İraq liderləri ilə də müzakirə edib.

Hörmüz yenidən bağlandı...

İran isə artıq əməli fəaliyyətə keçib - belə ki, İran dövlət xəbər agentliyi “Fars”ın məlumatına görə, Livana endirilən zərbələrə cavab olaraq Tehran Hörmüz boğazından gəmilərin keçidini yenidən bloklayıb. Medianın məlumatına görə, atəşkəsin qüvvədə olduğu bir neçə saat ərzində boğazdan yalnız 2 neft tankeri keçib. Halbuki İran boğazdan gündə 10 gəminin keçməsinə icazə vermək və onlardan ödəniş almaq niyyətində idi. Qeyd edək ki, dünyanın ən vacib neft daşıma arteriyalarından biri vasitəsilə neftin gəmilərlə daşınmasının bərpası Trampın müvəqqəti atəşkəs razılaşmasından əvvəlki son həftələrdə İrana qarşı əsas tələbi idi.

Danışıqlar hansı “sənəd” üzərindən aparılacaq?

Danışıqların hansı “sənəd” üzərindən aparılması məsələsində də fikirlər haçalınır. ABŞ administrasiyası İranla danışıqlar fonunda təqdim olunan ilkin planı kəskin tənqid edib və onu “tamamilə qəbulolunmaz” adlandırıb. Ağ Evin açıqlamasına görə, İran tərəfi əvvəlcə 10 bəndlik plan təqdim etsə də, bu sənəd Prezident Donald Tramp və onun danışıqlar komandası tərəfindən dərhal rədd edilib. Bildirilib ki, həmin plan “hərfi mənada zibil qutusuna atılıb” və ABŞ üçün heç bir şəkildə məqbul sayılmayıb.

Artıq danışıqlarla bağlı ortada yeni plan var. ABŞ tərəfi bu sənədin artıq müəyyən şərtlər daxilində müzakirə üçün əsas yarada biləcəyini açıqlayıb. Bununla yanaşı, Vaşinqton bir daha əsas şərtlərini xatırladıb. Xüsusilə qeyd olunub ki, İranın uranı zənginləşdirməsinə son qoyulması ABŞ üçün dəyişməz “qırmızı xətt” olaraq qalır.

Açıqlamada bildirilir ki, Prezident Donald Tramp İranın maksimalist tələblərini heç vaxt saziş kimi qəbul etməyəcək və bu barədə yayılan iddialar “absurd” xarakter daşıyır.

Ağ Ev eyni zamanda Hörmüz boğazı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. Vaşinqton İran dövlət mediasında səsləndirilən “boğazın bağlanması” ilə bağlı məlumatları təkzib edib və bunun reallığı əks etdirmədiyini vurğulayıb. Bildirilib ki, bu, Tehranın ictimai bəyanatları ilə qapalı danışıqlarda səsləndirdiyi mövqelər arasında ciddi ziddiyyət olduğunu göstərir.

İslamabada kimlər gedir?

Bu arada “Reuters” aprelin 10-da İslamabadda baş tutacaq danışıqlarda tərəfləri kimlərin təmsil edəcəyini açıqlayıb. Bildirilir ki, ABŞ nümayəndə heyətində vitse-prezident C.D. Vens rəhbərlik edəcək - nümayəndə heyətinə isə Stiv Vitkoff və Cared Kuşner daxildir. İran tərəfini isə parlament sədri Məhəmmədbaqir Qalibafın başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Yayılan xəbərlərə görə, görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi də iştirak edəcək.

ABŞ Prezidenti Donald Tramp isə ABŞ və İran arasında mümkün razılaşmaya dair danışıqların bağlı qapılar arxasında aparılacağını bildirib. “ABŞ üçün məqbul olan müqavilənin yalnız bir çox mühüm məqamları var və biz bu danışıqlar zamanı onları bağlı qapılar arxasında müzakirə edəcəyik. Bunlar atəşkəslə bağlı razılaşmamızın əsasını təşkil edən məqamlardır”, o, “Truth Social”da yazıb.

Urana “yox”...

Zənginləşdirilmiş uranla bağlı fikir ayrılığı ətrafında da müzakirə davam etməkdədir. Tehran bu məsələdə qarşı tərəfin mütləq güzəştə getməsini tələb etsə də, Vaşinqton mövqeyindən geri çəkilmir. Belə ki, Pentaqon rəhbəri Pit Heqset Tehranın atəşkəs anlaşmasından çıxa biləcəyi xəbərdarlığı barədə məlumat yayıb. “İran zənginləşdirilmiş uranı təhvil verməsə, ABŞ yenidən zərbə endirə bilər”, - deyə o, xəbərdarlıq edib.

Nazir İranın Trampın ABŞ-ın basdırılmış materialı “qazıb çıxarmaq” üçün onlarla əməkdaşlıq edəcəyi barədə bəyanatına razı olub-olmadığı barədə heç bir məlumat verməyib. Lakin Heqset bildirib ki, İran “bunu bizə könüllü olaraq verəcək”, əks halda ABŞ ötən yay İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsinə “bənzər bir şey” edə bilər. “Biz bu ehtimalı saxlayırıq”, - Heqset əlavə edib. O bildirib ki, İran heç vaxt nüvə silahına malik olmayacaq.

“İrana qarşı hərbi əməliyyatlar bərpa olunacaq”

İrana qarşı hərbi əməliyyatların yenidən bərpa olunması ehtimalı ABŞ dövlət başçısı tərəfindən də təsdiqlənib. Tramp bildirib ki, ABŞ-ın Yaxın Şərqə topladığı hərbi qüvvələr İranla davamlı anlaşma əldə olunana qədər orada qalacaq. Onun sözlərinə görə, ABŞ qüvvələri atəşkəs müqaviləsinin şərtləri tam yerinə yetirilənə qədər İranın ətrafında qalacaq. Ağ Ev rəhbəri vurğulayıb ki, ABŞ gəmiləri, təyyarələri və qoşunları müqavilə tam yerinə yetirilənədək İranın yaxınlığında yerləşəcək. Trampın sözlərinə görə, Tehranla Vaşinqton nüvə proqramı və Hörmüzlə bağlı razılığa gəliblər. O, xəbərdarlıq edib ki, əgər davamlı sülhü təmin edəcək anlaşmaya nail olunmazsa, daha genişmiqyaslı hərbi əməliyyatlar başlayacaq.

SADİQ

Paylaş:
Baxılıb: 185 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30