Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ermənistanda seçkiöncəsi gərginlik

Ermənistanda seçkiöncəsi gərginlik

15.04.2026 [09:32]

Karapetyan açıq şəkildə Rusiya maraqlarını müdafiə etdiyini bildirir

İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi siyasi vəziyyət gərgin hal alır. Qeyd edək ki, hələlik ondan çox siyasi qüvvə, o cümlədən “Güclü Ermənistan” Partiyası, “Ermənistan” bloku, “Vətəndaş Müqaviləsi” Partiyası, “Birlik Qanadları” təşəbbüsü, “Erməni Milli Konqresi” (AMK) seçkilərdə iştirak etmək niyyətində olduqlarını açıqlayıblar. Bu siyasi qüvvələrin sayının seçkiyə qədər azalacağı da istisna edilmir - siyasi qüvvələrin əsasən 2 və ya 3 siyasi qüvvə ətrafında birləşməsi gözlənilir. Xüsusilə, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının, hazırda ən güclü müxalif qüvvə kimi təqdim edilən Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasının və keçmiş prezident Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokunun seçki marafonunu sona qədər izləcəyi proqnozlaşdırılır.

Açıq “mikrafon” - “danışır və icra edir Rusiya”...

Siyasi çəkişmənin daha çox iki siyasi qüvvə - iqtidar və “Güclü Ermənistan” Partiyası arasında gedəcəyi gözlənilir. Xatırladaq ki, Rusiyanın “namizədi” kimi dəyərləndirilən Karapetyan artıq 9 aydır ki, ev dustaqlığındadır. Onun seçkidə iştirakı da hələlik sual altındadır - Ermənistan Konstitusiyasına görə, ölkənin baş naziri Ermənistan vətəndaşı olmalı, Ermənistan pasportu daşımalıdır. Karapetyan isə Rusiya vətəndaşıdır. Eyni zamanda, Karapetyanın seçkiöncəsi kampaniyada əsasən maddi resurslardan istifadə etməsi onu bir addım önə çıxarıb. Belə ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi “işçi” adı altında seçicilərə pul paylandığını aşkarlayıb. Paşinyan isə bunun arxasında Karapetyanın dayandığını bəyan edib.

Bu ayın ilk günündə baş nazir Nikol Paşinyanın Rusiya səfəri zamanı Karapetyanın seçkidə iştirakı məsələsi müzakirə predmeti olmuşdu. Kremldə keçirilən görüş zamanı Putin məhz Karapetyana işarə vuraraq bildirmişdi ki, “Biz çox istərdik ki, bütün bu siyasi partiyalar və siyasətçilər seçkilər zamanı bu daxili siyasi işlərdə iştirak edə bilsinlər. Bilirəm ki, Rusiya pasportu daşıyan bəziləri həbsdədir. Bu sizin qərarınızdır; biz müdaxilə etmirik, amma istərdik ki, hamısı heç olmasa bu daxili siyasi işlərdə iştirak edə bilsin”.

Paşinyan isə cavabında qeyd etmişdi ki, qarşıdan parlament seçkiləri, parlament üzvləri seçkiləri və bu seçkilərin nəticələrinə əsasən, Baş nazirin seçkisidir: “Diqqətinizi yalnız Ermənistan pasportuna malik vətəndaşların bu seçkilərdə iştirak edə biləcəyinə yönəltmək istərdim. Ermənistan Respublikasının Konstitusiyasına görə, Rusiya pasportuna malik insanlar parlamentə və ya baş nazirliyə namizəd ola bilməzlər. Beləliklə, burada heç bir məhdudiyyət yoxdur”.

Beləliklə, seçki həm də böyük güclərin siyasi çəkişməsinə çevrilə bilər. Rusiyanın “adamının” seçkidə iştirakına qanun icazə verməsə, prosesin hansı istiqamətdə inkişaf edə biləcəyi də böyük maraq doğurur.

Seçki Məcəlləsinə yeni dəyişiklik - konstitusiya da icazə vermir...

Vurğulandığı kimi, seçki prosesi artıq “söz atışmasına” çevrilib. Paşinyan bildirib ki, “ilin sonuna qədər milyarderdən evsizə çevrilə biləcək Samvel Karapetyan üçün qorxur”. “Güclü Ermənistan” Partiyasının şura üzvü Narek Karapetyan isə Paşinyanın sözlərinə “Evsiz ruhundan baş nazir olanda nə olar”, - deyə cavab verib.

Göründüyü kimi, Ermənistan Konstitusiyası hazırda Paşinyan üçün olduqca vacib bir istinad nöqtəsinə çevrilib. Müxalifət düşərgəsi isə bildirir ki, məhz  Narek Karapetyanın adı “Güclü Ermənistan” seçki siyahısında birinci yerdə yazılacaq. Onlar həmçinin bildiriblər ki, baş nazir təyin olunana qədər S. Karapetyan artıq Ermənistan Respublikasının vətəndaşı olacaq. İndiki halda isə bu yalnız illüziya kimi görünür - çünki hazırda qanunvericilik məhz Paşinyanın dediklərini “təsdiqləyir”.

Ən mühüm qərarlardan biri isə Ermənistan pardamentinin Seçki Məcəlləsinə əlavə və dəyişikliklər haqqında qanun layihəsini ikinci oxunuşda və tam şəkildə qəbul etməsi olub. Bu dəyişikliyə 67 deputat lehinə, 6 nəfər əleyhinə səs verib. Qanun layihəsinə görə, partiya blokunun adı şəxsi adlarla (xüsusi adlarla) yanaşı, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının adlarını ehtiva edə bilməz.

Rusiyanın “namizədi” sülhə qarşı...

Maraqlıdır ki, Rusiyanın “namizədi” olan Karapetyan “köhnə komanda”nın üzvlərini də cəlb edib. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan da proseslərə qoşulmaq niyyətini ifadə edib. “İndi təməl qoyulduğu üçün ictimai şüurda “kollektiv müxalifət” ideyasını formalaşdırmaq və gücləndirmək vaxtı gəlib çatıb. Artıq söhbət fərdi səylərdən deyil, ortaq məqsəddən gedir. Əminəm ki, bu kollektiv müxalifət seçkilərdə qalib gələcək”.

Karapetyan özü isə başqa bir dövlətin maraqlarını qoruduğunu gizlətmək belə istəmir - o, Paşinyanın Rusiya səfəri zamanı tutduğu mövqedən “qəzəbini” gizlətməyib. Seçicilərə müraciət edən Karapetyan bildirib ki, Paşinyana səs vermək ermənilərə yoxsulluq, ruslarla düşmənçilik, qütbləşmə və iqtisadi çöküş gətirəcək. “Düzünü desəm, bu kiçik qrupun liderinin davranışından qəzəbləndim. Bu, Moskvada rüsvayçılıq idi. Amma daha pisi odur ki, o, ardıcıl addımlarla ölkəmizi geosiyasi münaqişə zonasına çevirdi. Dost Rusiyanı bölgəmizdən sıxışdırmağa çalışmaq nə üçün lazım idi? Onun mövcudluğu heç vaxt Ermənistanın digər güc mərkəzləri ilə əməkdaşlığına və ticarətinə mane olmayıb. Və əminəm ki, bu, gələcəkdə buna mane olmayacaq”, - deyə Karapetyan vurğulayıb. “Güclü Ermənistan”ın sədri xatırladıb ki, bu gün Ermənistanın ən dərin iqtisadi əlaqələri Rusiya ilədir. Xüsusilə, Karapetyan qeyd edib ki, Rusiya Ermənistanı ucuz qazla təmin edir, mövsümi işçiləri məmnuniyyətlə qəbul edir və Ermənistanın kənd təsərrüfatı məhsullarının əhəmiyyətli bir hissəsini alır. “Bəs bütün bunlar dayanarsa, daha da kasıblaşacaq xalqımıza hansı cavabı verəcəksiniz?”,- deyə Karapetyan vurğulayıb.

Karapetyan dolayısı ilə Cənubi Qafqazdakı sülh prosesini yenidən təhdid qarşısında qoyacağını da “vəd edib”. O bildirib ki, Ermənistanın məğlubiyyəti qəbuledilməzdir və Paşinyanın yenidən sülh imzalayaraq ikinci dəfə məğlubiyyət yaşatmasına imkan verməyəcək. 

Beləliklə, Karapetyan Ermənistanı yenidən Rusiya orbitinə qaytaracağını indidən vəd etməyə çalışır. Ermənistan mətbuatı isə bu açıqlamaların Karapetiyanın əleyhinə işləyəcəyini düşünür. Bildirilir ki, Azərbaycanla sülh prosesinin inkişaf etdirilməsi, TRİPP layihəsinin gerçəkləşməsi Ermənistan  üçün vacibdir, bu addımlar ölkəyə olduqca mühüm dividendlər vəd edir.

Mitinqə etiraz - vətəndaşlar Karapetyana qarşı...

Bu arada aprelin 11-də Karapetyanın tərəfdarları İrəvanda mitinq və yürüş keçirib. Azadlıq Meydanında keçirilən mitinq iştirakçıları Respublika Meydanı da daxil olmaqla, İrəvanın mərkəzi küçələrindən keçərək “Samvel - Baş nazir!” və “Samvel Karapetyanla dəyiş!” şüarları səsləndiriblər. Mitinqə etiraz edən vətəndaşlar isə Karapetyanın Ermənistana xoşbəxtlik gətirməyəcəyini bildiriblər. İnsident yaşanmasa da, Karapetyanın tərəfdarları vətəndaşların bu fikirlərinə qarşı aqressiya nümayiş etdiriblər.

SADİQ

Paylaş:
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30