Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Arxadan vurulan “zərbə”...

Arxadan vurulan “zərbə”...

16.04.2026 [09:15]

Avropa ABŞ-ı niyə, neçəyə və kimə satdı?

Son dövrlərdə böyük güclər arasında yaranan bir sıra fikir ayrılıqları, mövqe fərqliliyi artıq klassik müttəfiqlik anlayışını geri plana atıb - hazırda münasibətlər sistemi daha çox qarşılıqlı maraqların dinamik balansı üzərində qurulub. Bu sistemdə dövlətlər arasındakı tərəfdaşlıq sabit və dəyişməz deyil, əksinə, konkret situasiyalara uyğun şəkildə formalaşır və tez-tez transformasiyaya uğrayır. Bunun ən bariz nümunəsi eyni siyasi və müəyyən mənada, iqtisadi blokda təmsil olunan güc mərkəzlərinin bir çox hallarda eyni məsələyə fərqli yanaşma sərgiləməsidir. Xüsusilə Avropa ilə ABŞ arasındakı münasibətlər bu baxımdan diqqət çəkir. Hər nə qədər bu iki güc mərkəzi strateji müttəfiq hesab olunsa da, onların arasında Yaxın Şərqdəki münaqişələr, Qrenlandiya məsələsi, ticarət rüsumları və enerji siyasəti kimi mövzularda ciddi fikir ayrılıqları mövcuddur.

ABŞ-da Donald Trampın yenidən hakimiyyətə qayıdışı bu ziddiyyətləri daha da dərinləşdirib. Onun xarici siyasətdə daha sərt, daha çox milli maraqlara fokuslanan yanaşması Avropa ilə koordinasiyanı zəiflədib. Nəticədə Rusiya-Ukrayna müharibəsi, NATO-nun gələcəyi və enerji təhlükəsizliyi kimi həyati məsələlərdə tərəflər arasında əvvəlki vahid mövqe artıq müşahidə olunmur. Qrenlandiya ilə bağlı səslənən fikirlər isə iki tərəf arasında münasibətlərə “soyuq duş” effekti verib.

3 mərhələli plan: ABŞ bu planın heç bir yerində deyil...

Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazı ətrafında baş verən hadisələr isə bu fikir ayrılıqlarını daha da kəskinləşdirərək demək olar ki, strateji “yol ayrılığı” səviyyəsinə çatdırır. Enerji resurslarının qlobal dövriyyəsində kritik rol oynayan bu region ətrafında yaranan gərginlik həm iqtisadi, həm də geosiyasi baxımdan ABŞ və Avropa arasında fərqli prioritetləri üzə çıxarır.

Rəsmi Parisin aprelin 17-də Hörmüz boğazında naviqasiya azadlığının bərpasına yönəlmiş konfransa ev sahibliyi edəcəyi ilə bağlı məsələ bu fikir ayrıldığının nə qədər ciddi olduğunu göstərir. Yelisey sarayı Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerin konfransa həmsədrlik edəcəklərini bildirib. Qeyd olunub ki, tədbirdə Hörmüz boğazında naviqasiya azadlığının bərpasına yönəlmiş çoxmillətli və sırf müdafiə missiyasına töhfə verməyə hazır olan müharibə etməyən ölkələr bir araya gələcək.

Bu konfransın “özəlliyi” isə ABŞ-ın prosesdə iştirakının olmamasıdır -  Avropa ABŞ-ın iştirakı olmadan Hörmüz boğazını azad etmək üçün koalisiya qurur. Makron bunun “müdafiə missiyası” olduğunu deyir - The Wall Street Journal (WSJ) mənbələrə istinadən xəbər verir ki, Avropa ölkələri ABŞ-ın iştirakı olmadan hərbi əməliyyatlar bitdikdən sonra Hörmüz boğazından gəmiçiliyi bərpa etmək üçün beynəlxalq missiya planı hazırlayır. Təşəbbüs sulardakı minaları təmizləyəcək və gəmiçiliyin təhlükəsizliyini təmin edəcək geniş ölkələr koalisiyasının yaradılmasını nəzərdə tutur. Missiyanın məqsədi gəmiçilik şirkətlərinin etimadını bərpa etmək və vaxtı hələ də qeyri-müəyyən olan münaqişə bitdikdən sonra boğazdan tranzitin bərpasını təmin etməkdir. Fransa bildirir ki, Avropa qüvvələri Amerika komandanlığı altında olmayacaq. Nəşrin məlumatına görə, plan 3 mərhələdən ibarətdir:

- Batmış gəmilərin çıxarılması;

- Boğazın təmizlənməsi;

- Tankerlərin təhlükəsizliyini təmin etmək üçün onlara hərbi müşayiətin təmin edilməsi.

Daha bir maraqlı məqam, Almaniyanın da missiyaya qoşulma ehtimalıdır - Berlin Vaşinqtonun Avropadakı dayaq nöqtəsi sayılsa da, yaxın günlərdə mövqeyini açıqlayacağını bildirib. Beləliklə, həftə sonunda Fransa və Birləşmiş Krallıq bu missiyanın parametrlərini müzakirə etmək üçün bir neçə ölkə ilə onlayn görüş keçirəcək. Bütün bunlar isə bir daha təsdiqləyir ki, beynəlxalq sistem yeni güc balansı mərhələsinə daxil olur və ənənəvi müttəfiqlik münasibətləri yenidən nəzərdən keçirilir.

Avropa daha da “soyuyub”: qaz böhranından sonra, benzin şoku...

Avropanın Hörmüz boğazı ilə bağlı mövqeyinin ABŞ-dan fərqlənməsinin və ya ABŞ-sız çıxış yolu axtarışının arxasında bir sıra ciddi geosiyasi və iqtisadi səbəblər dayanır. Bu fikir fərqliliyinin kökləri isə hələ Rusiya-Ukrayna müharibəsinin ilk mərhələlərinə gedib çıxır. Həmin dövrdə Rusiya tərəfindən Avropaya qaz axınının kəskin şəkildə azaldılması “qoca qitə”ni ciddi enerji böhranı ilə üz-üzə qoydu. ABŞ isə bu boşluğu tam şəkildə doldura bilmədi və təklif etdiyi alternativlər həm qiymət, həm də logistik baxımdan Avropa üçün tam uyğun olmadı. Nəticədə, Avropanın bəzi ölkələri fərdi şəkildə çıxış yolları axtarmağa məcbur qaldı. Məsələn, Macarıstan və Slovakiya kimi dövlətlər Rusiyadan qaz idxalını davam etdirməklə daha praqmatik siyasət yürütməyə üstünlük verdilər. Bu qərarlar o zaman tənqid olunsa da, bugünkü reallıq fonunda daha rasional addım kimi qiymətləndirilə bilər.

Hazırkı vəziyyətdə isə Hörmüz boğazının mümkün blokadası qlobal enerji bazarına birbaşa təsir edir. Neft qiymətlərinin artması Avropa iqtisadiyyatı üçün ciddi risklər yaradır. ABŞ prezidenti tərəfindən benzinin qiymətinin kəskin bahalaşacağı ilə bağlı səsləndirilən proqnozlar isə Avropada əlavə narahatlıq doğurur. Çünki Avropa artıq enerji böhranının nəticələrini yaşamış bir regiondur və yeni şoklara qarşı daha həssasdır.

Bu səbəbdən Avropa ölkələri Hörmüz məsələsinə ABŞ-dan fərqli yanaşaraq problemi alternativ diplomatik və iqtisadi yollarla həll etməyə çalışır. Xüsusilə ABŞ-ın iştirakı olmadan regional və ya çoxtərəfli mexanizmlər vasitəsilə gərginliyin azaldılması ideyası ön plana çıxır. Bu yanaşma həm enerji təhlükəsizliyini qorumaq, həm də ABŞ-dan asılılığı azaltmaq məqsədi daşıyır.

NATO “yarası”: ABŞ nə gözləyirdi, amma nə oldu...

ABŞ-ın davranışının da altında özünün arqumentləri yatır. Belə ki, ABŞ-ın Avropadan əsas gözləntilərindən biri Yaxın Şərqdəki hərbi-siyasi proseslərdə onun yanında yer alması idi. Xüsusilə Vaşinqton mart ayının əvvəlində bu gözləntiləri dolayısı ilə ifadə etmişdi. Lakin hadisələrin inkişafı göstərdi ki, Avropa bu məsələdə ABŞ-la tam həmrəylik nümayiş etdirməyə hazır deyil. Bir sıra Avropa ölkələri, o cümlədən İspaniya və İtaliya, ABŞ və İsrailin İrana qarşı mümkün hərbi addımlarını açıq şəkildə tənqid etdilər. Bu isə Transatlantik münasibətlərdə ciddi çatların yaranmasına səbəb oldu. Avropanın bu mövqeyi təkcə humanitar və ya hüquqi arqumentlərlə izah olunmur. Burada daha dərin siyasi motivlər də mövcuddur.

Analitiklər hesab edirlər ki, Avropa bu situasiyanı öz mövqeyini gücləndirmək üçün bir fürsət kimi qiymətləndirir. İran məsələsində fərqli mövqe sərgiləməklə, əslində, ABŞ-la digər sahələrdə, xüsusilə Qrenlandiya məsələsində mövcud narazılıqlarını dolayı yolla ifadə edir. Bu, diplomatik müstəvidə bir növ “mesaj siyasəti” kimi də dəyərləndirilə bilər.

Eyni zamanda, bu vəziyyət ABŞ-ın NATO-ya münasibətinə də təsirsiz ötüşmür. Onsuz da alyansa skeptik yanaşan Tramp administrasiyası üçün Avropanın bu cür müstəqil davranışı əlavə arqument rolunu oynayır. Gələcəkdə ABŞ-ın NATO çərçivəsində öhdəliklərini azaltması və ya yeni təhlükəsizlik formatları axtarması ehtimalı da bu kontekstdə artır. Təsadüfi deyil ki, Donald Tramp açıq şəkildə bildirib ki, alyans ilə münasibətlər heç də axarında deyil. O, “Truth Social” platformasında paylaşımında NATO müttəfiqlərinin ABŞ-a yardım göstərmədiyini və gələcəkdə də etməyəcəyini bildirib. “NATO bizimlə olmayıb və gələcəkdə də olmayacaq”, - deyə Amerika lideri vurğulayıb. Bu isə güc mərkəzləri arasındakı çəkişmənin əsas səbəbi kimi də göstərilə bilər.

Fransa - İran münasibətləri: “kölgədə” izlər görünmür...

Burada daha çox diqqəti cəlb edən Fransanın “canfəşanlığıdır”. Məsələn, Böyük Britaniya həftə sonu keçiriləcək konfransda ABŞ-ın iştirakını zəruri sayıb - amma Paris birmənalı şəkildə buna qarşı çıxıb. Siyasi təhlilçilərin fikrincə, burada İran-Fransa münasibətləri də əsaslı rol oynayır. Başqa sözlə, Fransanın İranla bağlı mövqeyinin ABŞ-dan fərqli inkişaf etməsi tarixi və iqtisadi amillərlə də sıx bağlıdır. Sirr deyil ki, uzun illər ərzində Fransa ilə İran arasında formalaşmış münasibətlər Qərb-İran əlaqələrindən qismən kənarda inkişaf edib. O da təsadüfi deyil ki, münaqişə başlayandan bəri Fransanın davranışlarını izləyən beynəlxalq media ekspertləri tez-tez Fransanın İranla “tarixi əlaqələrinə” istinad edir, yaddaşı təzələyir. Onlar Fransanın vaxtilə İrandakı İslam inqilabı dövründə müəyyən dolayı dəstəyini ön plana çıxarıb.

Bu münasibətlərin iqtisadi əsasları da mövcuddur - məsələn, İran avtomobil sənayesinin formalaşmasında Fransa şirkətlərinin mühüm rolu olub. İranda istehsal olunan bir çox avtomobil modelləri məhz fransız texnologiyaları və platformaları əsasında yaradılıb. Fransanın “Peugeot” (Pejo) avtomobil şirkəti ilə İran arasındakı münasibətlər uzun illərə söykənən və həm siyasi, həm də iqtisadi əməkdaşlıq nümunəsidir. “Peugeot” ilə İran arasındakı əməkdaşlıq əsasən 1980-1990-cı illərdən etibarən aktiv mərhələyə keçib. Bu dövrdə İranın ən böyük avtomobil istehsalçılarından biri olan “Iran Khodro” ilə tərəfdaşlıq qurulub. “Peugeot” modelləri İran bazarında geniş yayılmağa başlayıb və yerli istehsal xəttinə uyğunlaşdırılıb.

“Peugeot” yalnız 2012-ci ildə - ABŞ və Avropa İttifaqının sanksiyalarını sərtləşdirməsindən sonra İranla əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb. 2015-ci ildən sonra şirkət yenidən İrana qayıdıb.

Bu fakt iki ölkə arasında sənaye əməkdaşlığının səviyyəsini göstərir. Bu kontekstdə Avropanın, xüsusilə Fransanın İranla bağlı daha mülayim və balanslı mövqe sərgiləməsi təəccüblü deyil. Hətta bəzi müşahidəçilər Fransa ilə İranın müəyyən regional məsələlərdə oxşar mövqe nümayiş etdirməsini də bu tarixi əlaqələrlə izah edirlər - maraqlıdır ki, burada Azərbaycan ilə Ermənistan arasındakı ikinci Qarabağ müharibəsindən sonrakı mərhələdə də sərgilənən oxşar mövqeyə toxunulur.

Çin amili - Qərb Şərqə doğru “yol alıb”...

Digər əsas amillərdən biri isə ABŞ-ın hazırda qlobal siyasətdə və iqtisadiyyatda əsas rəqibi olan Çinlə bağlıdır. Siyasi şərhçilər Avropanın ABŞ-dan müəyyən mənada uzaqlaşaraq fərqli mövqe sərgiləməsini qlobal geosiyasi rəqabətlə də bağlayırlar. Sirr deyil ki, ABŞ ilə Çin arasında gedən siyasi-iqtisadi mübarizə bu proseslərin əsas fonunu təşkil edir. Vaşinqtonun Yaxın Şərqə can atması Avrasiyada yeni iqtisadi və logistika konfiqurasiyası yaradaraq Çinin təsirini azaltmağa hədəfləndiyi bildirilir. Hörmüz boğazı ətrafında baş verən hadisələr də bu rəqabətin tərkib hissəsi kimi qiymətləndirilir. Məsələn, blokadanı yararaq keçən gəminin Çinlə əlaqəli olması təsadüfi hesab edilmir. Bu, Çinin regiondakı maraqlarının və imkanlarının göstəricisi kimi şərh olunur.

Avropa isə bu rəqabətdə öz mövqeyini müəyyənləşdirmək mərhələsindədir. Son illərdə Avropa liderlərinin Çinə səfərlərinin intensivləşməsi təsadüfi deyil. Bu səfərlər iqtisadi əməkdaşlığı genişləndirmək və yeni bazarlar əldə etmək məqsədi daşıyırdı.

Hazırkı şəraitdə isə Avropanın müəyyən dərəcədə Çinlə əməkdaşlığa daha açıq olması müşahidə olunur. Bu, bir tərəfdən iqtisadi maraqlarla izah olunur, digər tərəfdən isə ABŞ-dan asılılığı azaltmaq cəhdi kimi qiymətləndirilir. Qeyd edək ki, 2024-2026-cı illərdə Çin və Avropa Birliyi arasında iqtisadi dövriyyə yüksək rəqəmlərlə ölçülür. Çin Aİ üçün əsas tərəfdaş qismində çıxış edir. 2026-cı ilin əvvəlinə dövriyyə kəskin şəkildə artaraq birinci rübdə 212,4 milyard dollara çatıb. Bu rəqəm ticarət dövriyyəsinin ötən dövrdəki müvafiq dövrü ilə müqayisədə 17,6 faiz artım deməkdir. Çinin Aİ-yə ixracı 21,1 faiz, Aİ-dən idxalı isə 10,5 faiz artıb. Hörmüz məsələsində ABŞ-sız koalisiya ideyasının gündəmə gəlməsi də bu strategiyanın tərkib hissəsi kimi görünür.

Qisas “qiyamət”ə qalmadı....

Bir sıra siyasi təhlilçilər ABŞ ilə Avropa arasındakı fikir ayrılıqlarında müəyyən “qisas elementləri”nin də olduğunu iddia edirlər. Son illərdə ABŞ-ın müxtəlif regionlarda apardığı siyasətdə Avropanın maraqlarını kifayət qədər nəzərə almaması bu narazılıqları artırıb. Xüsusilə Tramp administrasiyası dövründə ABŞ-ın qlobal məsələlərdə daha çox təkbaşına hərəkət etməsi Avropanı proseslərdən kənarda qoyub. Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı danışıqlarda belə Avropanın rolunun məhdudlaşdırılması “qoca qitə”də ciddi narazılıq yaradıb - hətta son danışıqların birində ABŞ Avropa nümayəndələrini olduqca nəzakətlə “qovmuşdu”. Avropa bu müharibənin iqtisadi və sosial təsirlərini birbaşa yaşayan tərəf kimi bu danışıqnlarda iştirakı təbii haqqı sayır. Enerji böhranı, inflyasiya və sənaye sektorunda problemlər Avropa ölkələrinə daha çox ciddi təsir göstərib. Buna baxmayaraq, ABŞ-ın prosesi öz nəzarətinə götürməsi və qərarları əsasən təkbaşına verməsi Avropa tərəfindən ədalətsiz hesab olunur.

Bundan əlavə, ABŞ-ın bəzi ölkələrlə yeraltı sərvətlərin işlənməsi ilə bağlı müqavilələrdə Avropanı kənarda saxlaması da narazılığı artırır. Bu, Avropada belə bir fikir formalaşdırır ki, ABŞ strateji müttəfiqlik prinsiplərinə tam riayət etmir. Hörmüzlə bağlı mövqe isə göstərir ki, Avropa qlobal iqtisadi və siyasi proseslərdə daha çox pay almağa çalışır. Başqa sözlə, yeni dünya düzənində yenidən masada söz sahibi olmaq və resurs bölgüsündə iştirak etmək istəyir.

Avropa ikinci planda qalmaq istəmir...

Ümumilikdə, Avropa hazırda özünü yenidən müstəqil güc mərkəzi kimi təsdiqləməyə çalışır. Bu proses ABŞ-ın kölgəsindən çıxmaq və daha balanslı münasibətlər qurmaq istəyi ilə müşayiət olunur. Avropa artıq təkcə ABŞ-ın tərəfdaşı deyil, eyni zamanda onunla bərabərhüquqlu oyunçu olmaq niyyətindədir.

Mövcud münasibətlər sistemi isə hələ də müəyyən mənada ABŞ-ın dominantlığı ilə xarakterizə olunur. Qlobal münaqişələrin həllində əsas söz sahibi kimi çıxış edən Vaşinqton digər tərəfdaşları çox vaxt ikinci planda saxlayır. Bu isə Avropada narazılıq yaradır - nəticədə bəzi “separat” addımların atılması da qaçılmaz sayılır. Avropa dövlətləri hesab edir ki, beynəlxalq mübahisələrin həllindən əldə olunan siyasi və iqtisadi dividendlərdə onların da payı olmalıdır. Onlar qərarların qəbulunda daha aktiv iştirak etmək və nəticələrdən faydalanmaq istəyirlər. Başqa sözlə, Avropa ABŞ-ın başda oturduğu masada yan tərəfdə oturmaq istəmir - ya ABŞ da gəlib Avropa ilə yan-yana oturmalıdır, ya da Avropa da başa keçməlidir. Bu proses həm də qlobal güc balansının dəyişməsinin göstəricisidir.

Ya “daşlar yerinə oturacaq”, ya da ABŞ Avropanı yerində oturdacaq...

Beləliklə,  Yaxın Şərq prosesi ABŞ ilə Avropa arasındakı münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bütün detalları ilə ortaya qoydu:

- Ənənəvi müttəfiqlik modeli artıq əvvəlki kimi effektiv deyil;

- Tərəflər arasında maraq fərqləri getdikcə daha açıq şəkildə ortaya çıxır;

- Enerji təhlükəsizliyi, Yaxın Şərq siyasəti, Çinlə münasibətlər və qlobal iqtisadi proseslər kimi məsələlər bu fərqlərin əsas istiqamətlərini təşkil edir.

Əgər bu fikir ayrılıqları dərinləşməkdə davam edərsə, bu, təkcə Transatlantik münasibətlərə deyil, ümumilikdə qlobal siyasi sistemə təsir göstərəcək. Yeni ittifaqların yaranması, mövcud blokların zəifləməsi və güc mərkəzlərinin yenidən formalaşması ehtimalı artır.

Bu baxımdan, hazırkı proseslər sadəcə, regional gərginliklərin nəticəsi kimi deyil, eyni zamanda, yeni dünya düzəninin formalaşması kimi  də izah olunmalıdır. ABŞ və Avropa arasındakı münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi isə yaxın illərdə beynəlxalq siyasətin əsas müəyyənedici faktorlarından biri olacaq - ən azından, 17 apreldən sonra “daşlar yerinə oturacaq” və ya ABŞ Avropanı yerində oturdacaq...

Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 10 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30