Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qvadelupada növbəti jandarm zorakılığı

Qvadelupada növbəti jandarm zorakılığı

16.04.2026 [10:49]

Fransanın müstəmləkəçiliyi altında olan Qvadelupadan burada sistematik hal alan  polis zorakılığı ilə əlaqədar daha bir xəbər gəlib. Bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) arayışında bildirilib. Vurğulandığı kimi, cari il aprelin 12-də Qvadelupanın Le Mul şəhərində Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində 1 nəfər həyatını itirib. İlkin məlumatlara əsasən, hadisə zamanı şübhəli şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə, həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib. Hadisədən sonra ərazidə vəziyyətin gərginləşdiyi, yerli əhali ilə polis arasında qarşıdurma hallarının baş verdiyi bildirilir.

BTQ-nin dekolonizasiya prosesinə mühüm töhfələri

BMT Baş Assambleyası 1960 - cı il dekabrın 14-də “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” sənədini qəbul etsə də Fransa, Niderland kimi ölkələr keçmişin üzqarası siyasətindən - müstəmləkəçilikdən əl çəkmək istəmirlər. Məsələn, Fransa imperiyasının mənimsədiyi son müstəmləkə ölkələrində (Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayot) və keçmiş müstəmləkə ərazilərində (Seneqal, Əlcəzair) Yelisey Sarayının demokratiya, bərabərlik, qardaşlıq prinsipləri ilə bir araya sığmayan qəddar kolonializm siyasətinin son dərəcə kədərli izlərini görmək mümkündür. Ayrı-seçkiliyə əsaslanan kolonial siyasətindən əl çəkmək istəməyən dövlətlər müstəmləkə əraziləri ətrafında bir növ informasiya blokadası yaradıblar. Azadlıq mübarizəsinə başlayan xalqların səsi amansızcasına boğulur.

Burada Bakı Təşəbbüs Qrupunun cəsarətli fəaliyyəti diqqət çəkir. Məlumdur ki, qurumun yaradılmasına 6 iyul 2023-cü ildə Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Bakıda keçirilmiş dəyirmi masada qərar verilib. Qısa müddətdə BTQ azadlıq mübarizəsi aparan xalqların səsinə çevrilib desək, əsl həqiqəti ifadə etmiş olarıq. Qurum indiyədək Bakıda və ölkəmizin hüdudlarından kənarda müstəmləkəçilikdən xilas olmaq istəyən xalqların nümayəndələrinin iştirakı ilə çoxlu konfranslar keçirib. Vurğulamaq yerinə düşər ki, BTQ-nin bir neçə bəyanatı BMT səviyyəsində yayılıb. Əlamətdar haldır ki, qurum fəaliyyətini getdikcə daha da genişləndirir.

Bu il BTQ-nin təşkilatçılığı ilə müstəmləkəçiliyə həsr edilmiş Virtual Muzeyin rəsmi təqdimat mərasimi keçirilib. Bəhs olunan muzey dünyada müstəmləkəçiliyə və onun yeni təzahürlərinə həsr edilmiş ilk virtual platformadır. BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, qurum dünyada dekolonizasiya prosesinə töhfə vermək səylərini bundan sonra da davam etdirəcək.

İctimai fəallığa çağırış

Qvadelupa artıq 4 əsrdir ki, Fransanın müstəmləkəçiliyi altındadır. Lakin Yelisey Sarayının yüz illikləri əhatə edən nəzarəti yerli əhaliyə  hansısa bir xoşbəxtlik gətirməyib. Sərvətləri talanan Qvadelupanın əhalisi bu gün kəskin içməli su qıtlığı problemi yaşayır. Yeri gəlmişkən, bu barədə BTQ-nin təşəbbüsü ilə Bakıda təşkil olunan tədbirlərdə də həyəcan təbili çalınıb. Qvadelupada yerli əhali həmçinin  milli dilin sıxışdırılmasına kəskin etirazını bildirir.

Bütövlükdə, Yelisey Sarayının müstəmləkə siyasətinin kədərli təzahürlərinin siyahısı çox uzundur. Jandarm zorakılığı bu siyahıda xüsusi yer tutur. BTQ-nin yaydığı arayışda vurğulanır ki, Qvadelupada “Jardarma Zorakılığına Qarşı Birlik” təşkilatının yaydığı bəyanatda hadisə sərt şəkildə tənqid olunub. Bəyanatda Liber Argelier adlı şəxsin hərbi polis tərəfindən əsassız şəkildə açılan atəş nəticəsində həyatını itirdiyi vurğulanmış və bu hadisə “dövlət zorakılığının növbəti nümunəsi” kimi qiymətləndirilir.

Təşkilat hadisəni əvvəlki oxşar ölüm halları ilə əlaqələndirərək bunun sistematik xarakter daşıdığını iddia edib, eyni zamanda, hüquq-mühafizə orqanlarının vəzifələrindən sui-istifadə etdiyini bildirib.

Bəyanatda, həmçinin ədalətin təmin olunması, təqsirli hesab edilən şəxslərin məsuliyyətə cəlbi və bu kimi halların qarşısının alınması məqsədilə ictimai fəallığa çağırış yer alıb.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 34 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30