Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sağlam ətraf mühit sağlam gələcəkdir

Sağlam ətraf mühit sağlam gələcəkdir

23.05.2026 [09:16]

Ekoloji təhlükələrə qarşı mübarizə aparmalıyıq...

Bəzi insanlar düşünür ki, bir ağacın kəsilməsi böyük problem deyil. Lakin unudurlar ki, həmin ağac illərlə havanı təmizləyib, quşlara yuva olub, torpağı eroziyadan qoruyub və səssiz şəkildə insanlara həyat bəxş edib. Buna görə də təbiətdə məhv edilən hər bir canlı əslində insan həyatından qoparılan bir parça deməkdir.

Hazırda dünyada baş verən iqlim dəyişiklikləri, qlobal istiləşmə, meşə yanğınları, quraqlıq, su qıtlığı və hava çirkliliyi artıq təkcə alimlərin araşdırdığı mövzular deyil. Bu, milyonlarla insanın gündəlik həyatına təsir edən ciddi problemlərə çevrilib. Çünki bir ölkədə havaya buraxılan zəhərli tullantının təsiri başqa bir qitədə yaşayan insanların sağlamlığında hiss olunur. Ekoloji problemlər sərhəd tanımır, millət ayırmır və insanlar arasında sosial vəziyyətinə görə seçim etmir. Ona görə də bu məsələlər artıq tək bir dövlətin deyil, bütün bəşəriyyətin ortaq problemi hesab olunur, onların həlli üçün insanların birlikdə hərəkət etməsi zəruri hala çevrilib.

Bu gün ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixində imzaladığı sərəncama əsasən, ölkəmizdə hər il 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri günü kimi qeyd olunur. Təbiətə sevgi və qayğı göstərən, onun həyatımızdakı rolunu dərk edən hər kəs başa düşür ki, bu gün sadəcə ekoloqların deyil, təbiətin keşiyində duran hər kəsin bayramıdır.

Ölkə başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün zəruri vəzifələr müəyyənləşdirilib. Eyni zamanda, biomüxtəlifliyin mühafizəsi, meşəçiliyin inkişafı, yaşıllıqların artırılması və su ehtiyatlarının davamlı idarə edilməsi sahəsində müsbət nəticələr əldə olunub.

Xatırladaq ki, 2023-cü il dekabrın 25-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncam imzalamışdı. Bu sərəncam ətraf mühitə qayğının dövlət üçün hansı dərəcədə prioritet məsələ olduğunu təsdiq edirdi.

Azərbaycan hökuməti iqlim dəyişmələrinə bütün dünyanı narahat edən ən qlobal problemlərdən biri kimi həssas yanaşaraq “yaşıl mühit” quruculuğunda dayanmadan səylərini artrırır. Atmosferdə oksigenin miqdarını artırmağın ən optimal üsulu “yaşıl iqtisadiyyat”ın inkişafına nail olmaqdır ki, hazırda bu istiqamətdə davamlı layihələr icra olunur. Xüsusilə də Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud potensialdan istifadə olunması “yaşıl iqtisadiyyat”a əvəzsiz töhfələr verməkdədir.

Ölkəmiz 2024 ilin noyabr ayında postsovet məkanında ilk dəfə olaraq COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu tədbir də ölkəmizdə “yaşıl ətraf mühit” quruculuğunda töhfəverici rol oynadı.

Paytaxtımız bu il də 17-22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edib. COP29 sübut etdi ki, Azərbaycan regionda yaratdığı reallıqlar fonunda etibarlı tərəfdaş və məsuliyyətli ev sahibi kimi, məsələlərin həllində nəticəyönümlü fəaliyyət ortaya qoymağı bacarır. Bu baxımdan, WUF13-ü COP29-un məntiqi davamı kimi, beynəlxalq ictimaiyyətin respublikamıza artan etimadı və etibarı olaraq dəyərləndirə bilərik. Həm COP29, həm də WUF13 göstərir ki, ölkəmiz bu gün nəinki regional, o cümlədən də qlobal məsələlərin həllində faydalı dialoq məkanına çevrilib və bu proses davamlılığını qoruyub saxlayır.

Sözsüz ki, ətraf mühitlə bağlı çoxsaylı tədbirlərin icrasında yenə də əsas məsuliyyət və yük ekoloqların üzərinə düşür. Sənaye inkişaf etdikcə, elmi tərəqqi artdıqca, yeni-yeni infrastruktur layihələri reallaşdıqca, ekoloqlarımızın qarşısında bunların təbiətə vurduğu zərəri heçə endirmək kimi məsul və mürəkkəb bir vəzifə dayanır.

Azərbaycan ekoloqları bütün imkanlarını vətəndaşların sağlam ətraf mühitdə yaşamasının təmin olunmasına yönəldirlər. Bu peşə sahiblərinin gördüyü işlər çətin, vacib və çoxşaxəlidir. Onların yerinə yetirilməsində hər birimiz bu gün peşə bayramını təbrik etdiyimiz ekoloqların yaxın dostu və köməkçisi olmalıyıq.

Təəssüf doğuran məqamlardan biri də budur ki, bəzi insanlar təbiətə yalnız maddi qazanc mənbəyi kimi yanaşır, meşələri ağac ehtiyatı, çayları sənaye tullantılarının axıdıldığı məkan, heyvanları isə sadəcə istifadə ediləcək canlılar kimi görürlər. Halbuki insan anlamalıdır ki, təbiət ona miras deyil, gələcək nəsillərdən alınmış əmanətdir. Bu əmanəti qorumaq hər bir insanın mənəvi borcudur. İnsanlar bu gün təbiəti düşünmədən məhv etməyə davam etsələr, gələcək nəsillər nə təmiz hava ilə nəfəs ala biləcək, nə saf su içə biləcək, nə də yaşıl meşələrin gözəlliyini görə biləcəklər...

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 14 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31